Məhkəmə qərarları › İş №2-1(3-6)-372/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-372/2026

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-372/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı "məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17139/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: X7 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladları İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.1977-ci ildə Laxın rayonunda anadan olmuş, 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş, xx.xx.2005-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X9 ilə ailə qurmuş, xx.xx.2006-cı ildə İddiaçı1, xx.xx.2008-ci ildə isə İddiaçı2 adlı 2 övladı dünyaya gəlmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-cı il tarixli qətnaməsinə əsasən, X9 ilə onun arasında olan nikah pozulmuş və hər iki uşaq onun yanında saxlanılmışdır. O, 13 ildir ki, uşaqları tək böyüdür, uşaqların qeydiyyatı onun da qeydiyyatda olduğu Laçın rayonu Birinci Tığık kəndinədir. O, Laçın rayonundan məcburi köçkün olmaqla məcburi köçkün vəsiqəsi vardır, aylıq müavinət alır, övladları isə bu müavinəti almır. O, xx.xx.2025-ci ildə cavabdehə müracət edərək övladlarına bu statusu təsdiq edən məcburi köçkün vəsiqələrinin verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2025-ci il tarixli məktubda övladlarının atasının qeydiyyatının Bakı şəhərinə olmasını əsas götürərəkməcburi köçkün vəsiqələrinin verilməsindən imtina etmişdir. Bundan sonra X7 məhkəməyə ərizə verərək özünün əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə əsl olmayan iddiaçı X7 əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi iddianı qəbul etməmiş və yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 X3 məcburi köçkün statusuna malik olmadığından "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verlməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17139/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıların tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən bəndinə görə, uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası "məcburi köçkün" statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıların anası məcburi köçkün olmaqla Laçın rayonunda pasport qeydiyyatındadır və Bakı şəhərində məskunlaşmışdır. İddiaçının atası məcburi köçkün deyil və ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçıya məcburi köçkün statusunun verilməsi ilə bağlı 2-ci şərt ödənilməmişdir. Oxşar hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-880/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında da qeyd edilmişdir. Qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, ".... iddiaçının atası X1 rayonu Horadiz qəsəbəsi Xanlar küçəsi ev 5 ünvanında qeydiyyatdadır. Füzuli rayonu Horadiz qəsəbəsi 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni "təmas xətti"nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. 1994-cü ildə Horadiz qəsəbəsi işğaldan azad olunduqdan sonra qəsəbə sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Göründüyü kimi, iddiaçının atası X2 daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Füzuli rayonun Horadiz qəsəbəsi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir (39-cü və 43-cü bəndlər). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların valideynləri arasında olan nikahın pozulması və iddiaçıların analarının himayəsinə verilməsi bu halı istisna etmir. Belə ki, tərəflər arasında olan nikahın xitamı, iddiaçıların valideynlərinin valideynlik hüququndan məhrum edilməsi ilə nəticələnmir. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunda məcburi köçkün eyni vəziyyətdə olan kişi və qadınları onların cinsi mənsubiyyətlərinə görə iki fərqli düşərgəyə ayırmır. Qanuna görə bu hüquq və status istər kişi, istərsə qadın üçün eynidir. Deməli, məcburi köçkün sayılmaq üçün fərdin kişi, ya da qadın olması heç bir əhəmiyyət daşımır. Məhkəmənin isə istinad etdiyi "Qaydalar" məcburi köçkün insanları mənsub olduqları cinsi mənsubiyyətə görə qanusuz olaraq fərqli 2 yerə ayırır və bu zaman kişi cinsindən olan məcburi köçkünlərə xüsusi önəm verir, ailədə və cəmiyyət daxilində kişilərin əsas mövqedə olmasını vurgulayaraq sosial tarazlığı pozur. Məhkəmə öz Qərarını verərkən yanlış addım ataraq kişilərin hüquqlarının qadınlardan fərqli olaraq daha yüksək reytinqliyini gündəmə gətirmiş və bununla da bir sıra qanunların, ölkə və beynəlxalq əhəmiyyətli tənzimləmə qaydalarının və hüquqi aktlarının mövqeyinə zidd qərar qəbul etmişdir. Məhkəmə qəbul etdiyi qərarla Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını pozmuşdur. Belə ki, Konstitusiya dövlətin və ya təşkilatın hüquqi əsasını və idarə olunma qaydalarını müəyyən edən fundamental prinsiplər toplusudur. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərar Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərini pozmuşdur. Konstitusiyanın 25-ci maddəsində deyilir: 1) Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 2) Kişi və qadının eyni hüquqları və azadlıqları vardır. Qanunda uşaqlara məcburi köçkün vəsiqələrinin verilməsində atanın məcburi köçkün olması və valideynlərin hər ikisinin qeydiyyatının işğaldan azad olunmuş rayona olmasına dair şərt nəzərdə tutulmamışdır. Məhkəmə bu xüsusda ananın suveren, konstitusion hüquqlarını pozmuş, cinsi mənsubiyyətini əsas götürərək onun uşaqlarına məcburi köçkün vəsiqələri verməkdən qanuna zidd olaraq imtina etmişdir. Bütün bunlara rəğmən bildirilir ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununun diapazonunun genişlənməsinə, onun əhatə və təsir gücünün və səmərəliliyinin artırlmasına xidmət etməli olan məlum qərarlar insanların konstitusion hüquqlarını pozan və məlum qanunları əngəlləyən məhdudiyyətlər yaratmışdır. Məhkəmə mövqeyini bildirməmişdən öncə Qaydaların yaratdığı bu əngəlləri və məhdudiyyətləri görməli, bu məqamlara göz yummamalı idi və nəticədə yeganə düzgün olan qərarı qəbul edərək iddia tələbini təmin etməli idi. Əvəzində Bakı İnzibati Məhkəməsi Azərbaycan Konstitusiyasının və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə məhəl qoymamış, Qaydaların, digər hüquqi tənzimləmə aktlarının qanunlardan üstün olmaması barədə müddəaya göz yumaraq öz ədalətsiz qərarı ilə məlum olan hüquq pozuntusu yaratmışdı. Məhkəmə bilməyə və hüquqi qiymət verməyə borclu idi. Məhkəmə qərar qəbul etməzdən əvvəl iddiaçıların anası X4 məcburi köçkünlük statusunu bu Qaydalar qəbul ediləndən qabaq aldığını nəzərə almalı idi. Məhkəmə bilməli idi ki, qaydalar qayda olaraq qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz, bir sözlə geriyə oxuna bilməz. Eləcə də məlum Azərbaycan Respublikası Qanununda Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə məcburi köçkün vəsiqəsinin verilməsində "Valideynlərindən yalnız atası məcburi köçkün olan" və "Hər iki valideynin qeydiyyatının işğaldan azad olunmuş rayon (şəhər) olması" barədə məhdudiyyətlər tətbiq edilməsi haqqında səlahiyyətlər verilməmişdi. Təəssüf ki, Bakı İnzibati Məhkəməsi cavabdehin bu cür səlahiyyətlərinin olmadığını nəzərə almamış və nəticə etibarı ilə yanlış olan qərar qəbul etmişdir. Bütün bu məqamları məhkəmənin diqqətinə çatdıraraq Bakı İnzibati Məhkəməsinin qərarının qanuna zidd olduğunu, suveren hüquqlarını pozduğunu bildirir və onun ləğv olunmasını israr edirlər. Hesab edir ki, bu qərar böyük ümidlərlə güvəndiyi inzibati orqana bəslədiyi inam və etimadı azaldır və mütləq surətdə ləğv olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul olunmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıların anası onlara məcburi köçkün statusunun və həmin statusu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən isə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə istinad edilməklə iddiaçıların atasının məcburi köçkün statusuna malik olmaması səbəbindən onlara məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçıların anası X7 1992-ci ildə erməni təcavüzü nəticəsində Laçın rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində müvəqqəti məskunlaşmışdır. X4 məcburi köçkün statusu vardır və bu barədə ona Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2004-cü ildə AA seriyalı № 092062 nömrəli məcburi köçkün vəsiqəsi vərilmişdir. İşdə olan AZ-İ 152724 nömrəli "Nikah haqqında şəhadətnamə"yə əsasən, X9 ilə X8 12 iyul 2005-ci ildə nikah bağlamış, nikahdan sonra X8 "Məmmədova" soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 780378 №-li "Doğum haqqında şəhadətnamə"yə əsasən, İddiaçı1 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. X3, anası X7 qeyd edilmişdir. İşdə olan AZ-İİ 226298 №-li "Doğum haqqında şəhadətnamə"yə əsasən, İddiaçı2 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. X3, anası X7 qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ("Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər; Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 3.1-ci bəndinə görə, Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar": 4.1. "Məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. "İnzibati icraat haqqında" Azərabaycan Respublikası Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Aşağıdakı hallara görə məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların anası məcburi köçkün olmaqla Laçın rayonunda pasport qeydiyyatındadır və Bakı şəhərində məskunlaşmışdır. İddiaçının atası məcburi köçkün deyil və ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Hazırkı iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsi üçün "Azərbaycan Respublikasında məcburi köçkünlərə "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın tələblərinə riayət edilməlidir. Birinci instansiya məhkəməsi "Azərbaycan Respublikasında məcburi köçkünlərə "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Qaydaların istinad edilən bəndinə görə, uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası "məcburi köçkün" statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Nəzərə alınmalıdır ki, iddiaçılarda qeyd edilən şərtlər ödənilmir, iddiaçıların anası məcburi köçkün olsa da, ataları məcburi köçkün deyil. İddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, məcburi köçkün statusunun verilməsi ilə bağlı Qaydalar insanların konstitusion hüquqlarını pozan və qanunları əngəlləyən məhdudiyyətlər yaratmamışdır. Konstitusiyada kişi və qadın hüquqlarının bərabərliyi prinsipi qorunur və hazırkı işə dair iddiaçılara münasibətdə qərəzli mövqe mövcud deyil. İnzibati orqanın vəzifəsidir ki, qanun və qaydalarda nəzərdə tutulmuş tələblərə əməl etsin. Hazırkı halda iddiaçılara məcburi köçkün statusunun verilməsi ilə bağlı şərtlər ödənilmədiyindən cavabdeh orqan tərəfindən verilmiş imtina qanuni və əsaslı hesab edilir. İddiaçıların apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların valideynlərinin boşanması və uşaqları illərlə analarının tək böyütməsi uşaqların məcburi köçkün statusu alması ilə bağlı qaydaları dəyişmir və iddiaçıların atalarının valideynlik hüquqlarının məhrum edilməsi ilə nəticələnmir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17139/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar