Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-378/2026 12.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X2 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12387/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq onun pensiyasının məbləği 410.07 manat müəyyən edilmişdir. Yenidən hesablanmaya əsas kimi vətəndaşa xx.xx.2007-ci il tarixində orta aylıq əmək haqqı əsasında yaşa görə pensiya təyin edilmişdir. Lakin, vətəndaşın pensiya işini araşdıran zaman 2004-2006-cı illəri əhatə edən dövrlə bağlı şübhələrin meydana gəlməsinə, vətəndaşın işə daxil olma tarixinin bazar gününə təsadüf etməsinə, həmçinin, xx.xx.2007ci il tarixində işdən azad olmasına baxmayaraq sistemdə pensiya sığorta kapitalının mövcud olmamasına, bu səbəbdən xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməsinin qanunvericiliyə uyğun hesab edilməməsinə, pensiyanın sosial sığorta stajı və pensiya sığorta kapitalı əsasında yenidən hesablanmasına və xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək 11790.85 manat artıqvermənin aşkar edilməsinə, vətəndaşın inzibati icraatla bağlı iclasa dəvət edilməsinə baxmayaraq iştirak etməməsi göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1945-ci ildə anadan olmuşdur. xx.xx.1964-cü ildə əmək fəaliyyətinə başlamış, aşağıda qeyd olunan müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, o, xx.xx.1964-cü il tarixindən xx.xx.1965-ci il tarixinədək Bakı Təmir-X1 mexaniki sexdə 1-ci dərəcəli tornaçı, xx.xx.1969-cu il tarixindən xx.xx.1969- cu il tarixinədək TTK-1,1 saylı trest, "Kür -Arazsutikinti" Baş İdarəsində Qaraj/i 3-cü dərəcəli avtoçilingər, xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək "Kür - Arazsutikinti" Bakı Təmir X1 İDŞ Mühəndis – dispetçer, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək AzSSR Kənd Təsərrüfatı Nazirliyi BTTK-1 Hərəkətin təhlükəsizliyi üzrə mühəndis, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək Meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə Baş İdarənin sənaye müəssisələri trestinin mərkəzi labaratoriyasının TPŞ mühəndisi, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək həmin müəssisədə qeyri-dağıdıcı nəzarət üsulları üzrə texnoloji istehsalat qrupunun rəhbəri, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci tarixinədək "Xüsusi sənayeyaşayış və su təsərrüfatı tikinti idarəsi" Trestində ƏET labaratoriyasının mühəndisi, xx.xx.1978-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək Meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə Baş ldarənin xüsusi sənaye - yaşayış və su təsərrüfatı tikinti idarəsi Trestindən köçürülməklə sənaye şöbəsinin baş müfəttişi, xx.xx.1986-cı il tarixindən xx.xx.1988-ci il taixinədək Meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə Baş İdarənin sənaye müəssisələri trestinin çınqıl-daş karxanası Meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə Baş İdarənin Sənaye müəssisələri trestindən köçürülməklə Tərtər çay sexində baş usta, xx.xx.1988-ci tarixindən xx.xx.1989-cu il tarixinədək Meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə Baş İdarədən keçirilməklə Şorbulaq karxanasında baş usta, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək Sənaye müəssisələri i/b sərəncamına texnoloji şöbənin mühəndisi, xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək "Qobu" Kubik daş kooperativinin sədri, xx.xx.1993-cü tarixindən xx.xx.1996-cı il tarixinədək həmin müəssisədə sənaye müəssisələri istehsalat birliyində mühəndis, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək sənaye müəssisələri birliyinin T.l şöbəsində aparıcı mühəndis, xx.xx.1998-ci il tarixinden xx.xx.2000-ci il tarixinədək SMİB Tİ şöbəsində rəis müavini, xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "Parabank" SKB X5 Limanında yerləşən "Apar-Avia" firmasında Valyuta dəyişmə məntəqəsinde kassir ekspert, xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək 1 saylı "Aqrartikinti" filialında mühəndis vəzifələrində işləmişdir. xx.xx.2007-ci il tarixdə onun 62 yaşı tamam olmuşdur. Həmin tarixdən də ona "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cari ilin iyun ayından pensiyasının məbləği cavabdeh tərəfindən azaldılmışdır. Buna səbəb vaxtilə ona əmək haqqı əsasında təyin edilmiş əmək pensiyasının cavabdeh tərəfindən sığorta stajına əsasən yenidən hesablanması olmuşdur. Cavabdeh pensiyanı yenidən hesablamasını onun xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək əmək fəaliyyəti dövrünün təsdiqini tapmaması ilə əsaslandırır. O, aşağıdakı səbəblərdən cavabdehin pensiyasının sığorta stajı əsasında yenidən hesablanması barədə qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Onun xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək 1 saylı “Aqrartikinti" filialında mühəndis vəzifəsində işləməsi əmək kitabçasında qeyd olunmuşdur. Həmçinin, xx.xx.2007-ci tarixdə ona pensiya təyinatı həmin müəssisədən aldığı 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən aparılmışdır. Bütün bu qeyd olunanlar onun xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək 1 saylı "Aqrartikinti" filialında mühəndis vəzifəsində işlədiyini təsdiq edir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, aparılmış xidməti yoxlama zamanı İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci tarixinədək olan dövrlərlə bağlı əsaslı şübhələr olduğundan müvafiq emək fəaliyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, işə daxil olma tarixi – xx.xx.2002-ci il tarixi bazar gününə təsadüf etdiyindən, həmçinin xx.xx.2007-ci il tarixində işdən azad olmasına baxmayaraq, 01.2006-cı il tarixindən sonra İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində sığorta kapitalı qeydə alınmadığından həmin dövr üzrə onun əmək fəaliyyətinin olması öz təsdiqini tapmamışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən olunmuşdur. Qeyd olunanlara görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən İddiaçı pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2025-ci il tarixində dəvət məktubu göndərilmiş və gəlməyi xahiş olunmuş, buna baxmayaraq İddiaçı qəbula gəlməmişdir. İddiaçıya məxsus pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixinədək 32 il 28 gün sığorta stajı əsasında pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 280,76 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Məlumat üçün bildirirlər ki, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 341,14 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 379,35 manata, xx.xx.2025-ci il tarixindən isə 410,07 manata çatdırılmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12387/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatları
9. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
13. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
15. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-11-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
16. Belə ki, iddiaçı “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini tələb edir.
17. Cavabdeh orqan isə xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının əmək fəaliyyəti dövrünün öz təsdiqini tapmaması və nəticədə artıq ödəmə olduğunu bildirərək, imtina cavabı vermişdir.
18. İşin materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2007-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuş və sonuncu dəfə ona yenidən hesablama nəticəsində 756.23 manat məbləğində müəyyən edilmişdir. Sonradan cavabdeh tərəfindən xidməti araşdırma əsas gətirilərək iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmışdır və sözügedən inzibat çərçivəsində xx.xx.2025-ci il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq iddiaçının pensiya məbləği azaldılaraq 410.07 manat müəyyən edilmiş və 11790.85 manat məbləğində artıqvermə hesablanmışdır. İddiaçıya isə “Müvafiq inzibati aktın qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli məktub ünvanlanmışdır.
21. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 26 fevral 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş 1 saylı "Aqrartikinti" filialında iş dövrü ilə bağlı işə daxil olma tarixi – xx.xx.2002-ci il tarixi bazar gününə təsadüf etdiyi, həmçinin xx.xx.2007-ci il tarixində işdən azad olmasına baxmayaraq, xx.xx.2006-cı il tarixindən sonra İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində sığorta kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən İddiaçı yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmış və ona bu barədə xx.xx.2025-ci il tarixli 3-17-1/2- N-54928/2025 nömrəli məktub ilə məlumat verilmiş, lakin sözügedən məktubun poçt rabitəsi vasitəsilə adıçəkilən şəxsə təqdim olunmasına baxmayaraq vətəndaş inzibati icraatda iştirak etməmişdir. Daha sonra inzibati icraatın yekun nəticəsi olaraq Mərkəzi Filialın xx.xx.2025ci il tarixli qərarı qəbul edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli 3-17-1/2-N- 120653/2025 nömrəli məktub ilə İddiaçı məlumat verilmişdir.
22. Belə ki, cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.
23. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
24. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.
25. Lakin, hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.
27. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
28. Belə ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2007-ci ildə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamış, bununla bağlı sonuncu qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra inzibati orqan inzibati icraat aparmaqla iddiaçını icraata cəlb etməyərək onun iştirakı olmadan xx.xx.2025-ci il tarixində ona təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanması (azaldılması) və artıqvermənin müəyyən edilməsi barədə qərarlar qəbul etmişdir.
29. Odur ki, cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Cavabdeh ehtimal etdiyi yanlışı (fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən etməsi) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır.
30. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
31. Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 33.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12387/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12387/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.