Məhkəmə qərarları › İş №2-1(3-6)-388/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-388/2026

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-388/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Məmmədova Mədinə Bəxtiyar qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və Həmid Azər oğlu Ağalarovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Məmmədova Mədinə Bəxtiyar qızının qanuni nümayəndəsi Məmmədov Bəxtiyar Nizami oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15579/2025 saylı, 20.11.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-36-3/2-M-10384-48/2025/11291 nömrəli 27.08.2025-ci il tarixli imtina məktubuna əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müraciətə baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcbui köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. 16.04.2009-cu il təvəllüdlü Məmmədova Mədinə Bəxtiyar qızının anası Məmmədova Ülviyyə Rahib qızının qeydiyyatı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, mənzil 22 ünvanında olduğundan məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

2. Azərbaycan Respublikası vətəndaşının AA6611579 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Məmmədova Mədinə Bəxtiyar qızı 16.04.2009-cu il tarixdə anadan olmuşdur.

3. Nizami rayon VVADQ Şöbəsi tərəfindən 29.12.2007-ci il tarixdə verilmiş, AZ-I seriyalı 343226 nömrəli “Doğum haqqında şahadətnamə”yə əsasən Məmmədova Mədinə Bəxtiyar qızı 16.04.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Məmmədov Bəxtiyar Nizami oğlu, ana qrafasında Məmmədova Ülviyyə Rahib qızı qeyd edilmişdir.

4. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 17918201 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Məmmədov Bəxtiyar Nizami oğlu 16.11.1982-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, M.Məmmədov küçəsi, dön – 1, ev 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

5. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 8590077 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Məmmədova Ülviyyə Rahib qızı 20.03.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, mənzil 22 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

6. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 045574 nömrəli, 22.06.2001-ci il tarixli “Məcburi köçkün” vəsiqəsinə əsasən Məmmədov Bəxtiyar Nizami oğlu Ağdam rayonundan məcburi köçkündür.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Məmmədova Mədinə Bəxtiyar qızı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün” statusu və onu təsdiq edə vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16.04.2009-cu il təvəllüdlü olmaqla məcburi köçkün statusuna malikdir və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 72, mənzil 55 ünvanında məskunlaşaraq yaşayırlar. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügedən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi 22.06.2001-ci il tarixli, AA seriyalı, 045574 nömrəli vəsiqədən görünür ki, 1993-cü ildə iddiaçının atasının Ağdam rayonundan məcburi köçkün düşmə faktı təsdiqlənir. Həmçinin qeyd edir ki, Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 153 saylı, 01.09.2025-ci il tarixli arayışdan görünür ki, Məmmədov Bəxtiyar Nizami oğlu məcburi köçkün statusuna malikdir və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 72, mənzil 55 ünvanında yaşayır. Məcburi köççkün olaraq bütün imiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Təəssüflər olsun ki, cavabdeh iddia ərizəsində qeyd etdiyi bu halları araşdırmadan tez-tələsik qərar vermiş və haqsız olaraq imtina vermişdir.

9. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15579/2025 saylı, 20.11.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

11. İddiaçı Məmmədova Mədinə Bəxtiyar qızı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 23.05.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, Həmin Qaydalar iddiaçı 16.04. 2009-cu il tarixdə anadan olandan sonra, yəni 23.05.2013cü il tarixdə qəbul edilmiş və onun vəziyyətini ağırlaşdırmışdır. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsi sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə iddiaçının qanuni nümayəndəsi iddia tələbinə uyğin izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləıri baxımından məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

16. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar ... Bu Qanunun müddəaları 1- ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

17. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. IV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən) 22.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 23.Belə ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsini tələb edir. 24.Cavabdeh orqan isə iddiaçının anası Məmmədova Ülviyyə Rahib qızının qeydiyyatı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, mənzil 22 ünvanı olduğunu bildirərək və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir.

25. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

26. İş materiallarından göründüyü kimi iddiaçının anası Məmmədova Ülviyyə Rahib qızı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14, mənzil 22 ünvanında qeydiyyatdadır.

27. Göründüyü kimi, iddiaçının atasının məcburi köçkün statusuna malik olsa da, anasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı Bakı şəhəri, Nizami rayonudur. Belə olduğu tədqirdə “Azərbaycan Respublikasında məcburi köçkünlərə məcburi köçkün statusu və onu təstiq edən vəsiqənin verilməsinə dair Qaydaların” 4.1.6cı bəndinin 2-ci şərtinə əsasən iddiaçıya qaçqın statusunun verilməsi mümkün deyil.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15579/2025 saylı, 20.11.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı Məmmədova Mədinə Bəxtiyar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15579/2025 saylı, 20.11.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar