Məhkəmə qərarları › İş №2-1(3-6)-415/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-415/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-415/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək zərərli işlərdə işlədiyi illər qanunvericiliklə nəzərdə tutulmuş qaydada hesablanmaqla ona 60 yaşının tamam olduğu tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illər zərərli peşə fəaliyyəti ilə məşğul olmuşdur. Stajını əmək kitabçası sübut edir və işlədiyi yerlər orada əks olunmuşdur. Iddiaçı işlədiyi bəzi iş yerlərinin arxiv məlumatlarını əldə edə bilmir. O, hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddianın mahiyyəti və arzuolunan nəticədən də aydın olur ki, iddiaçı özü barəsində əlverişli inzibati aktın qəbul edilməsini istəyir. Buna uyğun olaraq iddiaçı güzəştli stajının olub-olmadığını özü sübuta yetirməlidir. Cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərə əsasən bildirmişdir ki, iddiaçının güzəştli iş stajını müəyyən etmək qanunvericiliyin tələblərinə, eləcə də, formalaşmış məhkəmə təcrübəsinə əsasən qeyrimümkündür. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Birinci instansiya məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə münasibətdə bildirilmişdir ki, IPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Iddia ərizəsində hər nə qədər də müvafiq tələbin öhdəliyin icrası haqqında iddia növü kimi olduğu qeyd edilsə də, iddianın mahiyyəti və arzuolunan nəticədən də aydın olur ki, iddiaçı özü barəsində əlverişli inzibati aktın qəbul edilməsini istəyir. Buna uyğun olaraq iddiaçı güzəştli stajının olub-olmadığını özü sübuta yetirməlidir. Cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərə əsasən bildirmişdir ki, iddiaçının güzəştli iş stajını müəyyən etmək qanunvericiliyin tələblərinə, eləcə də formalaşmış məhkəmə təcrübəsinə əsasən qeyrimümkündür. Bundan başqa məhkəmə tərəfindən qəbul edilmiş qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bir çox bölmələrində, o cümlədən “ümumi peşələr” bölməsində “əl ilə elektrik qaynaqçıları” peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Iddiaçının əmək kitabçasında da onun əmək stajı dövrünün demək olar ki, əksər hissəsi əl ilə elektrik qaynaqçısı peşəsi olmuşdur. Bu səbəbdən iddiaçının güşəştli şərtlərlə pensiya hüququ verən zərərli işlərdə çalışması məhkəmədə hər hansı şübhə doğurmur. Məhkəmənin mövqeyinə münasibətdə bildirilmişdir ki, “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinin siyahıda güzəştli vəzifə kimi nəzərdə tutulması iddiaçının işlədiyi vəzifənin güzəştli olması anlamına gəlmir. Ona görə ki, iş üzrə mübahisəli hal vəzifənin güzəştli olub-olmaması deyil də, iddiaçının işlədiyi vəzifənin güzəştli olub-olmaması ilə bağlıdır. Bunun da müəyyən edilməsi üçün iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməlidir. Bundan başqa məhkəmə iddiaçının əmək kitabçasında qeyd olunan hansı dövrlərin güzəştli iş stajına sayılması və güzəştli iş stajının hansı sənədə əsasən nə qədər olması barədə hər hansı araşdırma və əsaslandırma aparmadan yalnız ehtimali olaraq iddiaçının güzəştli iş stajının tamamlanması qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə tərəfindən qəbul edilən qərarda qeyd edilmişdir ki, iddiaçının işlədiyi müəssisələrin hazırda ləğv edilməsi səbəbindən iddiaçının həmin peşələrdə işləməsinə dair güzəştli arayışları təqdim edə bilməməsi onun ziyanına şərh edilə bilməz. Eyni zamanda iddiaçının vaxtilə çalışmış olduğu peşələrin əmək şəraiti şərtləri zərərli xarakter daşıdığından həmin peşələrin zərərli peşələrə aid olması barədə analoji müəssislərin arayışlarına ehtiyac yoxdur. Qeyd olunan mövqeyə münasibətdə bildirilmişdir ki, məhkəmə iddiaçının vaxtilə işlədiyi peşənin zərərəli olmasını qeyd etsə də, bununla bağlı hər hansı sübuta və ya qanunvericilik aktına istinad etməmişdir. Əlavə olaraq mülahizələrinə əsaslanaraq qanunvericiliyə zidd olaraq analoji müəssislərin arayışlarına ehtiyacın olmaması qənaətinə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonrakı ## #### 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - azı 25 il sığorta stajına malik olması; - 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olmuşdur. Belə ki, ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli Qanunu ilə həmin maddə yeni redaksiyada verilərək pensiya kapitalı ilə bağlı tələb çıxarılmışdır. Iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı İddiaçı ##.##.1964-cü il təvəllüdlü olmaqla, iddiaçının ##.##.2024-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. “xxxx” MMC və “xxxx-2A” MMC tərəfindən verilmiş müvafiq vəsiqələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı həmin MMC-də “əl qaynaqçısı” vəzifəsində işləmişdir. Qaz-elektrik qaynaqçılarının ixtisas vəsiqəsinə * nömrəli xəbərdarlıq talonlarının təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı yanğın təhlükəsizliyi texnikumunu keçmiş və məqbulları vermişdir. ИТ-İ ******* nömrəli ##.##.1982-ci il tarixli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı ##.##.1979-cu ildən ##.##.1982-ci ilədək ** saylı TPM təhsil almışdır. O, ##.##.1982-ci ildə “Aznefttexkimzavodtəmir” trestinin * saylı TTIdə quraşdırma sahəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, ##.##.1983-cü ildə Sovet Ordusuna çağırışla əlaqədar işdən azad edilmişdir. O, ##.##.1983-cü ildən ##.##.1985-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmişdir. Iddiaçı ##.##.1986-cı ildə “Aznefttexkimzavodtəmir” trestinin * saylı TTI-də 3-cü dərəcəli elektrik qaynaqçısı olaraq işə götürülmüş, ##.##.1988-ci ildə 3-cü dərəcəli əl qaynağı elektrik qaynaqçısı kimi tarifləndirilmiş, ##.##.1989-cu ildə əl qaynağı elektrik qaynaqçısı peşəsinin 4-cü dərəcəsi verilmiş, ##.##.1991-ci ildə 5-ci dərəcə verilmiş, ##.##.1992-ci ildə 6-cı dərəcə verilmiş və ##.##.2003-cü ildə AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. Iddiaçı ##.##.2003-cü ildə “xxxx” MMC-də 6-cı dərəcə elektrik qaynaqçısı kimi işə qəbul edilmiş və ##.##.2009-cu ildə AR ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. O, ##.##.2009cu ildə “xxxx-2” MMC-də 6-cı dərəcə elektrik qaynaqçısı kimi işə qəbul edilmiş və ##.##.2010-cu ildə AR ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı ##.##.2010-cu ildə “xxxx-2A” MMC-də işə qəbul edilmiş və ##.##.2014-cü ildə AR ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı ##.##.1983-cü ildən ##.##.1985-ci ilədək hərbi xidmətdə olmuşdur. Iddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Işin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini əsassız hesab edir. Iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan * nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının *-**-*F/*-N-****-**-****/**** nömrəli ##.##.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Aznefteximzavodremont” * saylı Təmir-Tikinti Idarəsi trestinin, “xxxx” MMC-nin və “xxxx-2A” MMC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işin obyektiv araşdırılması məqsədilə “xxxx” MMC-nin və “xxxx-2A” MMC-nin fəaliyyət göstərdiyi dövrlər, fəaliyyət istiqamətləri, həmçinin fəaliyyətlərini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan *-**-*-*/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2003-cü il tarixdə 1203-N1-2584 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin ümumi yığıncağının qərarına əsasən "xxxx-2" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) qoşulması və ##.##.2009-cu il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. Dövlət Vergi Xidmətinin uçot məlumat bazasına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2003-cü il tarixdən ##.##.2006-cı il tarixədək olan dövr ərzində fəaliyyətinin olması və əsas fəaliyyət növünün “Sair mühəndis avadanlıqlarının quraşdırılması” olması barədə məlumat mövcuddur. Həmçinin, reyestrdə "xxxx-2A" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) əsas fəaliyyət növü “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” olmaqla ##.##.2010-cu il tarixdə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin ümumi yığıncağının qərarına əsasən ##.##.2020-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında Cəmiyyətin fəaliyyətinin ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Göründüyü kimi, apellyasiya instansiyası icraatı zamanı aparılmış araşdırmalardan məlum olmuşdur ki, iddiaçının işlədiyi müəssisələr mövcud olmuş və iddiaçı həmin müəssisələrdə zərərli iş şəraitində işləmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq diqqətə çatdırır ki, iddiaçı işlədiyi müəssisələrə dair arxiv sənədlərini müstəqil şəkildə əldə etmək imkanına malik deyildir və bu hal onun ziyanına şərh edilə bilməz. Apellyasiya baxışı zamanı iddiaçı əmək kitabçasında işlədiyi müəssisələrdəki peşəsini təsdiq edən müvafiq vəsiqələrin əsillərini məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin vəsiqələrə baxış keçirilmişdir. xxxx-2A MMC tərəfindən verilmiş Ter.2-A MMC/** nömrəli qaynaqçı vəsiqəsində qeyd olunan məlumatlardan da aydın olur ki, iddiaçının fəaliyyət göstərdiyi qaynaq üsulu 111 kodu ilə göstərilmişdir. ISO 4063-ə görə 111 kodu əl qövs qaynağıdır (MMA/SMAW). Yəni örtüklü elektrodla əl ilə aparılan qaynaq üsuludur. Işin araşdırılmış hallarında görünür ki, iddiaçının işlədiyi müəssisələr “xxxx” MMC və “xxxx-2A” MMC eyni fəaliyyət istiqamətli olmaqla biri digərinin qoşulması nəticəsində yaranan müəssisələrdir. Iddiaçı mütəmadi olaraq həmin müəssisələrdə eyni peşəni icra etmişdir. Hətta əmək kitabçasına diqqət yetirildikdə müəyyən olunur ki, kitabçada iddiaçının peşəsi 1992-ci ilə kimi əl qaynağı elektrik qaynaqçısı yazılsa da 1992-ci ildən sonra sadəcə elektrik qaynaqçısı yazılmışdır. Lakin kollegiya hesab edir ki, bu o demek deyildir ki, iddiaçı 1992-ci ildən sonra əl qaynaöı üsulu ilə qaynaq işlərində çalışmamışdır. əmək kitabçasına diqqət yetirilsə məntiqi olaraq aydın görünür ki, iddiaçının 1992-ci ilədək olan eyni peşə üzrə dərəcəsi 1992-ci ildən sonra artırılmışdır. Deməli, iddiaçı mübahisələndirilən illərdə eyni peşədə fəaliyyət göstərməyə davam etmişdir. Beləliklə, işəgötürən tərəfindən verilmiş iddiaçının işlədiyi peşəsini təsdiq edən müvafiq vəsiqələrdən görünür ki, iddiaçının işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) uyğundur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək kitabçası açılan vaxtdan müxtəlif yerlərdə qaynaqçı kimi fəaliyyət göstərmişdir. Iddiaçının qaynaqçı vəzifəsində işlədiyi sözügedən illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Qeyd edilən dövrlərə münasibətdə güzəştli arayış şərtinə gəldikdə isə diqqətə çatdırılır ki, iddiaçının işlədiyi müəssisələrin hazırda fəaliyyətdə olmaması səbəbindən iddiaçının həmin peşələrdə işləməsinə dair güzəştli arayışları təqdim edə bilməməsi onun ziyanına şərh edilə bilməz. Eyni zamanda iddiaçının vaxtilə çalışmış olduğu peşələrin əmək şəraiti şərtləri zərərli xarakter daşıdığından həmin peşələrin zərərli peşələrə aid olması barədə analoji müəssislərin arayışlarına ehtiyac yoxdur. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ИТ- İ ******* nömrəli əmək kitabçası, iş materiallarına əlavə edilən digər sənədlər ilə təsdiqlənir. Qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun ##.##.2024-cü ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Iddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («Inzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar