Məhkəmə qərarları › İş №2-1(3-6)-448/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-448/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-448/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMC-nin cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə ##.##.2025-ci il tarixli 3-21-2- 3/2- ******/**** nömrəli qərara əsasən iddiaçıya 2023-cü il mənfəət üzrə 24.004,62 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunan bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin * №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 120.023 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

2. ##.##.2023-cü il tarixli, **-**/**** nömrəli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC bu müqavilənin əlavələrində spesifikasiyası (adı, növü, çeşidi, miqdarı, qiyməti və s.) göstərilmiş müxtəlif növ avtomobil aksessuar və ehtiyyat hissələrinin sifarişlər əsasında “xxxx” MMC-yə satır, “xxxx” MMC isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsini təmin edir.

3. “xxxx” MMC və “xxxx” MMC arasında tərtib edilmiş ##.##.2023- cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 19156,12 manat təşkil edir. “xxxx” MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 19156,12 manat təşkil edir.

4. EBDQ 016409 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir.

5. “xxxx” MMC və “xxxx” MMC arasında tərtib edilmiş ##.##.2023- cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 15611,41 manat təşkil edir. “xxxx” MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 15611,41 manat təşkil edir.

6. EBDQ 399775 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir.

7. “xxxx” MMC və “xxxx” MMC arasında tərtib edilmiş ##.##.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 29.240,4 manat təşkil edir. “xxxx” MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 29.240,4 manat təşkil edir.

8. EBDT 311873 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir.

9. “xxxx” MMC və “xxxx” MMC arasında tərtib edilmiş ##.##.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 28.084 manat təşkil edir. -xxxx” MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 28.084 manat təşkil edir.

10. EBDT 778144 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir.

11. “xxxx” MMC və “xxxx” MMC arasında tərtib edilmiş ##.##.2023- cü il tarixli təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 36.107,40 manat təşkil edir. “xxxx” MMC tərəfindən tərtib olunmuş hesab fakturadan görünür ki, malları dəyəri ƏDV daxil 36.107,4 manat təşkil edir.

12. EBDU 609599 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş 2023-cü il Mənfəət vergisi üzrə ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 2023-cü il Mənfəət vergisi üzrə ##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******-**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Vergi orqanı 37-ci maddənin tələblərini pozmuş və əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsası olaraq, təqdim edilmiş bəyannamədə 119663 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyi qeyd edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən qaimələr üzrə iddiaçı tərəfindən əvəzləşmələr qanunamüvafiq olaraq yerinə yetirilmişdir. Qarşı tərəfə qaimələr göndərilmiş və ya digər tərəfdən qaimələr alınmışdır. Həmçinin qeyd edilən qaimələr üzrə vergi ödəyiciləri fəaliyyət göstərdiyi dövr üzrə iddiaçı tərəfindən faktiki olaraq mallar alınmış və həmin malların hazırda müqavilələri və digər təhvil-təslim aktları mövcuddur. Bu barədə iddiaçı tərəfindən vergi orqanına müraciət edilməsinə və ətraflı məlumat verilməsinə baxmayaraq vergi orqanı müraciətlərə məhəl qoymamışdır. Qeyd edilən qaimələr üzrə iddiaçının əmtəəsiz əməliyyat yerinə yetiməyi barədə vergi orqanı tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı “xxxx” MMC (VÖEN: **********) ##.##.2024-cü il tarixli, **************** nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, Cəmiyyətin riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyatları barədə (AVİS qeydiyyatı: ##.##.2024-cü il tarixli **************** nömrəli) müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlum olduğu kimi, Dövlət Vergi Xidməti tərəfindən Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş risk meyarlarına əsasən aparılan təhlillər zamanı meyarlara cavab verən vergi ödəyiciləri müəyyən edildikdə “Vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə Qərar” çıxarılır və riskli (və ya əmtəəsiz) əməliyyat çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturalar Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən verginin əvəzləşdirilməsinə əsas vermir və 109.9-cu maddəsinə əsasən gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Aparılmış təhlillər zamanı “xxxx" MMC ilə "xxxx" MMC-nin (VÖEN 1605126781) və X2 (VÖEN 1604015542) qarşılıqlı əməliyyatları riskli hesab olunduğu üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müvafiq olaraq ##.##.2024-cü il tarixli **************** nömrəli və ##.##.2021-ci il tarixli **************** nömrəli Qərarlar çıxarılmışdır. Qeyd olunan riskli halların yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (təhvil-təslim aktları, müqavilələr, yol vərəqələri və s.) habelə malların, işlərin xidmətlərin alışı barədə izahatları qeydiyyatda olduğu vergi orqanına təqdim edilməmişdir.

16. İddiaçı iddia tələbinə münasibətdə yazılı mülahizə təqdim etmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qeyd edilmişdir ki, iddiaçı vergi orqanı tərəfindən tələb edilən sənədlər təqdim etməmişdir. Təqdim edilmədiyi üçün də vergi orqanı tərəfindən kameral yoxlama barədə qərar təkrar qəbul edilmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə zəruri sənədlərin hər biri təqdim edilmişdir. Həmin malların alınması ilə bağlı elektron qaimələr, müqavilələr, satılması ilə bağlı qaimələr məhkəməyə təqdim edilmişdir. Lakin bu kimi sənədlər hansısa səbəbdən vergi orqanı tərəfindən nəzərə alınmır. Halbuki qeyd edilən malların hər birinin alışı olduğu kimi satışları da mövcuddur. Qeyd edilən həmçinin vergi orqanının AVİS altsistemində aydın şəkildə görünməkdədir. Yəni vergi orqanı həmin alış və satışları özü də araşdıra və qeyd edilən malların satılmasını müəyyən edə bilər. Bundan əlavə həmin malların olub-olmamasının, əmtəəsiz əməliyyatların edilib-edilməməsinin müəyəyn edilməsi birbaşa cavabdehin vəzifəsidir. Yəni vergi orqanı həmin malların faktiki alışlarının olubolmaması ilə bağlı etiraz ərizəsində qeyd etdiyi "xxxx" MMC-də operativ və ya səyyar vergi yoxlaması keçirərək də müəyyən edə bilərdi. Hansıki zəruri hallarda həmin yoxlamaların keçirilməsi hüququ Vergi Məcəlləsinə əsasən vergi orqanı üçün tanınmışdır. Lakin vergi orqanı hər hansı yoxlama keçirmədən sözügedən müəssisənin əmtəəsiz əməliyyat etdiyini qeyd etmişdir. Bundan əlavə vergi orqanı tərəfindən "xxxx" MMC-nin əmtəəsiz əməliyyat etdiyini sübuta yetirə biləcək mötəbər sənədlər məkhəməyə təqdim edilməmişdir. Yalnızca həmin müəssisənin əmtəəsiz əməliyyatını olmasını şübhələrlə müəyyən etdikləri aydın olur. Həmçinin daha əvvəl "xxxx" MMC iddiaçı ilə alqı-satqı prosesi həyata keçirən zaman riskli vergi ödəyicisi siyahısında olmamışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Cavabdeh orqan etiraza əlavə təqdim edərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə verilmiş dəqiqləşmiş bəyannamə ilə əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə ##.##.2025-ci il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə yeni dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Buna uyğun olaraq, ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar qəbul edilərək, vergi ödəyicisinə təqdim edilmişdir. Hesablama eyni dövr üzrə ilkin etirazda qeyd edilmiş əsaslar üzrə aparılmışdır. Belə ki, iddiaçı "xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, **************** nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, cəmiyyətin riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyatları barədə (AVİS qeydiyyatı: ##.##.2024-cü il tarixli **************** nömrəli) müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Məlum olduğu kimi, Dövlət Vergi Xidməti tərəfindən Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş risk meyarlarına əsasən aparılan təhlillər zamanı meyarlara cavab verən vergi ödəyiciləri müəyyən edildikdə “Vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə Qərar” çıxarılır və riskli (və ya əmtəəsiz) əməliyyat çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturalar Vergi Məcəlləsinin 175.11.-ci maddəsinə əsasən verginin əvəzləşdirilməsinə əsas vermir və 109.9-cu maddəsinə əsasən gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Aparılmış təhlillər zamanı “xxxx" MMC ilə "xxxx" MMC-nin (VÖEN 1605126781) qarşılıqlı əməliyyatları riskli hesab olunduğu üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müvafiq olaraq ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar çıxarılmışdır. Belə ki, "xxxx" MMC tərəfindən iddiaçıya və digər vergi ödəyicilərinə müxtəlif sayda və tərkibdə avtomobil ehtiyat hissələri (yanacaq filtri, bamper, amortizator hissələri, yanacaq nasosları, termostat və s.) satılmasına baxmayaraq, həmin malların cəmiyyət tərəfindən YGB, elektron qaimə-faktura və ya alış aktlarına əsasən alınması müəyyən edilməmişdir. “xxxx" MMC ilə "xxxx" MMC arasında qeyd olunan riskli halların yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (təhvil-təslim aktları, müqavilələr, yol vərəqələri və s.) habelə malların, işlərin xidmətlərin alışı barədə izahatları qeydiyyatda olduğu vergi orqanına təqdim edilməmişdir. Buna uyğun olaraq "xxxx" MMC vergi orqanının ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ilə riskli vergi orqanının siyahısına salınmışdır.

18. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli *-**-*- */*-******/**** saylı qərarın ləğv edilməsi qərara alınmışdır.

19. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı İddiaçı MMC ##.##.2020-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyət növü avtomobil hissələrinin təmiri, əlavə fəaliyyəti qovşaqların və ləvazimatların topdan satışı, təzə və istifadə olunmuş minik avtomobillərin topdan satışı və digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyətindən ibarət olmuşdur. İddiaçı tərəfindən ##.##.2024cü il tarixdə təqdim edilmiş 2024-cü il sentyabr ayı üzrə ƏDV bəyannaməsində büdcəyə ödənilməli və büdcədən qaytarılmalı vergi məbləği vergi 0 manat bəyan edilmişdir. Təqdim edilmiş bəyannamə araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mənfəət bəyannaməsində xərc kimi təqdim edilmiş EBDQ seriyalı ***** nömrəli, EBDQ seriyalı ****** nömrəli, EBDT seriyalı ****** nömrəli, EBDT seriyalı ****** nömrəli və EBDU seriyalı ****** nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan xərc sənədi kimi nəzərə alınmamışdır. Qeyd edilən riskli elektron qaimə-fakturalar üzrə 128199,33 manat məbləğin vergi ödəyicisi tərəfindən xərcə salındığını nəzərə alaraq, vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə ##.##.2025-ci il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İddiaçı “xxxx.” MMC-dən cəmi məbləği 128199,36 manat olan (ƏDV məbləği 19555,82 manat) ##.##.2023-cü il tarixli, EBDQ seriyalı ***** nömrəli, EBDQ seriyalı ****** nömrəli, EBDT seriyalı ****** nömrəli, EBDT seriyalı ****** nömrəli və EBDU seriyalı ****** nömrəli e-qaimələr faktura əsasında avtomobil ehtiyat hissələri (Yanacaq filtri, bamperin hissələri, rezin araqatlar, podşipniklər, əyləcin hissələri və s.) əldə etmişdir. “xxxx.” MMC-nin təsərrüfat subyektləri barədə məlumatların təhlili göstərir ki,şirkətin istifadə etdiyi obyektlər müvəqqəti xarakter daşıyır,qısa müddət ərzində qeydiyyata alınır və təxminən 1 ay sonra qeydiyyatdan çıxarılır. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə ünvanında yerləşən, 120 kv.m sahəsi olan və 1605126781- 31001 obyekt kodu ilə qeydiyyata alınmış anbar “xxxx.” MMC-nin İddiaçı MMC ilə əməliyyatlar apardığı tarixdən əvvəl, yəni ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış, ##.##.2024-cü il tarixdə isə qeydiyyatdan çıxarılmışdır. Eyni zamanda, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, Maşın bazarı ərazisində yerləşən və 25 kv.m sahədən ibarət olan 1605126781-29002 obyekt kodlu mağaza ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış, ##.##.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan əlavə, vergi ödəyicisinə məxsus təsərrüfat subyektində vergi nəzarəti keçirilməsi ilə bağlı ##.##.2024-cü il tarixli, ************** nömrəli qərara əsasən ünvan 1 ünvanında yerləşən "Anbar" adlı obyektində operativ vergi yoxlaması aparılmış və yoxlamanın nəticələrinə dair ##.##.2024-cü il tarixli, 102249 seriyalı akt tərtib edilmişdir. Yoxlama zamanı obyektin faktiki olaraq anbar kimi fəaliyyət göstərdiyi və malların elektron qaimə-faktura tərtib edilmədən satıldığı müəyyən edilmişdir. Bu əsasla ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarla vergi ödəyicisi barəsində müvafiq məsuliyyət tədbirləri tətbiq edilmişdir. Eyni zamanda vergi ödəyicisinə “Riskli əməliyyatların araşdırılması barədə” 2419020227266500 nömrəl bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunan müddət ərzində vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyindən “xxxx.” MMC vergi orqanının ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ilə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Odur ki, cavabdeh tərəfindən həm birinci instansiya məhkəməsində iddiaçı və “xxxx.” MMC arasında aparıldığı iddia edilən əməliyyatın baş tutmaması, ümumiyyətlə, belə əməliyyatın mövcud olmadığı və saxta elektron qaimə-fakturanın tərtib edilməsi barədə mötəbər sübutlara istinad edilmiş, bu barədə dəlillər təqdim olunmuşdur. Lakin məhkəmə iddiaçının “xxxx.” MMC ilə apardığı iddia edilən əməliyyatdan sonra riskli vergi ödəyicisi olduğuna əsaslanaraq iddianı təmin etmiş, cavabdehin təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, mallar "xxxx" MMC-dən yox vergi orqanının da qeyd etdiyi kimi “xxxx.” MMC-dən alınmışdır. Məhkəməyə təqdim edilmiş müqavilə, qiymətrazılaşdırma və təhvil-təslim aktlarından da aydın olduğu kimi mallar faktiki olaraq iddiaçı tərəfindən alınmışdır. Həmin mallar isə daha çox Paşa Holding-in tərkibində olan bir çox müəssisələrə satılmışdır. Tərəflər arasında əməliyyatlar aparılan zaman qanunvericilikdə hər hansı tələb olmamışdır ki, tərəflər mal alışı edən zaman malları alan hüquqi və ya fiziki şəxslərin alışlarının olub-olmamasını aydınlaşdırmalı, onlara sorğu göndərməlidir. “xxxx” MMC-nin “xxxx.” MMC-nin "xxxx" MMC-dən alışının olubolmamasını və ya alışının hansı qaydada olmasını araşdırmaq kimi öhdəliyi olmadığı üçün bu kimi hallar araşdırılmamışdır. Eyni zamanda birgə fəaliyyət göstərdikləri MMCnin obyekt qeydiyyatı olmuşdur. Daha sonra həmin obyekti qeydiyyatdan çıxarması iddiaçının məsuliyyətində deyildir. İddiaçı müəssisələrdən yalnızca birini “xxxx.” MMCni tanıyır. Fəaliyyəti həmin MMC ilə olmuş, mallar alınmış və satılmışdır. Onun hansı müəssisədən alış etdiyi, alış etdiyi müəssisənin də hansı müsəsisədən alış etdiyini xxxx” MMC araşdırmalı deyildir.

c) Proses iştirakçılarının izahatları

22. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. ##.##.2024-cü ildən sonra verilən yeni redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. ##.##.2024-cü ildən əvvəl verilən redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)

30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-26-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

31. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən 2023-cü il Mənfəət vergisi üzrə ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə qərarın” ləğv edilməsini tələb edir.

32. Cavabdeh orqan isə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilmiş şirkətlərlə əməliyyatların aparılmasını əsas gətirərək həmin şirkətlərlə aparılan əməliyyatlar üzrə sənədləri xərc sənədləri kimi qəbul etmir.

33. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.

34. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir.

35. Tərəflərin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, “xxxx” MMC sahəsi 2.000 m 2 icarəyə götürmüş, işçi sayı 12 nəfərdir. Qeyd olunanlar “xxxx” MMC ilə “TransAvto

T.R” arasında əməliyyatların əmtəəsiz olması ilə bağlı cavabdehin gətirdiyi arqumentləri əsassız edir.

36. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh orqan iddiaçı ilə“xxxx” MMC arasında aparılan əməliyyatlar üzrə təqdim etdiyi elektron qaimələri əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edərək iddiaçının 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində 120.023 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğunu əsas gətirmiş və iddiaçıya münasibətdə əlavə vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı bu qənaətini həmin fakturaları təqdim edən müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı “xxxx” MMC ilə sözügedən müəssisə arasındakı əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab olunduğu tarixdən əvvəlki dövrdə aparılmışdır.

37. “xxxx” MMC Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Lakin iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilədən isə görünür ki, tərəflər arasında münasibətlər daha əvvəl yaranmışdır ki, bu hal da həm iş materiallarında olan müqavilə, həm də mövcud olan elektron qaimə-fakturalar ilə təsdiq olunur.

38. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın ##.##.2024-cü ildən əvvəl verilən redaksiyanda əmtəəsiz və riskli əməliyyatların aparılması ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsinə və adının müvafiq siyahıya salınmasına səbəb olur ki, həmin Meyarların 3-cü hissəsinə nəzərə yetirdikdə riskli əməliyyat deyilərkən: 1) alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin aşkar edilməsi; 2) alınan və ya idxal edilən malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halının aşkar edilməsi qeyd edilmişdir.

39. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə iddiaçının riskli vergi ödəyicisi ilə əməliyyatların aparılması onun riskli olmasına dəlalət edə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması ilə bağlı araşdımanın aparmadığı müəyyən edilmişdir. Belə ki, vergi orqanı iddiaçının riskli vergi ödəyicisi ilə əməliyyatın həyata keçirilməsinə istinad edərək onun əmtəəsiz əməliyyat aparması ehtimalının olması kimi yanaşması Meyarların tələblərinə ziddir.

40. Odur ki, qeyd edilən vergi ödəyicisinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçının yuxarıda qeyd olunan hüquqi şəxs ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.

41. Belə ki, Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

42. Odur ki, cavabdeh 2023-cü ilin mənfəəti üzrə əsassız olaraq 24.004,62 manat vergi hesablamışdır.

43. Qeyd olunanlara əsassən məhkəmə kollegiyası hesab edir ki, 2023-cü il Mənfəət vergisi üzrə ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar