Məhkəmə qərarları › İş №2-1(3-6)-450/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-450/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-450/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh (üçüncü şəxs üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs8, üçüncü şəxs7, üçüncü şəxs5, üçüncü şəxs4 və üçüncü şəxs6, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “ilkin istifadəçinin hüquqlarının tanınması barədə qərar çıxarılması və s”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndələri X6 və X2, Üçüncü şəxslər: üçüncü şəxs2, üçüncü şəxs5, üçüncü şəxs6 və üçüncü şəxs4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin faktiki hallarından görünür ki, X1, üçüncü şəxs2, üçüncü şəxs8, üçüncü şəxs7, üçüncü şəxs5, üçüncü şəxs4 və üçüncü şəxs6 sahiblik etdikləri şəxsi heyət üçün sığınacaq adlı faydalı modelə patent Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən ##.##.2021-ci il tarixində (ilkinlik tarixi ##.##.2017) dövlət reyestrində “F 2021 01 M” nömrə ilə qeydiyyata alınmışdır.

2. ## ##### 2016-cı il tarixli İddiaçı və Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında bağlanılmış müqavilə əsasında malların satın alınması ilə əlaqədar 531 000 000 məbləğində təklif qəbul edilmişdir.

3. İlkin istifadə hüququnun tanınması barədə cavabdehə müraciət edilmiş vəsatətə patent sahibləri etiraz etdiyindən məhkəmə qaydasında müraciətə baxılması iddiaçıya cavabdeh tərəfindən izah edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “ilkin istifadəçinin hüquqlarının tanınması barədə qərar çıxarılması və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia onunla əsaslandırılır ki, Satınalma və Təchizat İdarəsi İdarəsi ilə ## ##### 2016-cı il tarixdə satınalma müqaviləsi bağlanılmış, məhsulun istehsalına başlanılmışdır. Daha sonra məhsul Müdafiə Nazirliyinin müvafiq bölmələrinə təhvil verilmişdir. İlkin istifadə hüququnun tanınması barədə müraciət edilmiş, müraciət təmin edilməmişdir. İddiaçı hesab edir ki, etirazın əsassız hesab edilməsi və patent predmetinə ilkin istifadə hüququnun tanınması barədə iddia qaldırılması zərurəti vardır. Belə ki, patent sahiblərinin faydalı model üzrə ilkinlik tarixi ## ###### 2017-ci il tarixdir. ## ##### 2016-cı il tarixli satınalma müqaviləsindən görünür ki, faydalı modelin istehsalı ## ##### 2016-cı il tarixdən başlanılmış, istehsal tamamlanmış, ## #### 2016-cı il tarixdən sifarişçiyə təhvil verilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin faktiki hallarına münasibətdə cavabdehin mübahisə üzrə qərar qəbul etmək öhdəliyi patent sahibi tərəfindən etiraz daxil olmadığı halla məhdudlaşır. Həmin etiraz patent sahibi tərəfindən edilmişdirsə, bu barədə cavabdeh inzibati orqanın ilkin istifadə hüququnun tanınmasına dair səlahiyyətindən söhbət gedə bilməz. Bu zaman göstərilən normada aşkar da qeyd edildiyi kimi patent sahibi və müraciət edən şəxs arasında mübahisə məhkəmə qaydasında həll edilməli, həmin mübahisə üzrə mülki icraat qaydasında məhkəmə qərarı mövcud olduğu halda cavabdeh tərəfindən ilkin istifadə hüququ tanınmalıdır.

8. Aydın məsələdir ki, məhkəmə tərəfindən müraciət edən şəxsin ilkin istifadə hüququnun tanınması barədə qərarı inzibati orqan üçün məcburidir ki, həmin məcburi tələbi təmin etməmə yuxarıda göstərilən iddianın inzibati məhkəmə icraatı qaydasında verilməsi üçün əsas ola bilər.

9. Lakin nə qədər ki, patent sahibi etiraz edir, həmin etirazın qanuni olub-olmamasının məhkəmələr tərəfindən həll edilməli olması, etiraz əsassız olsa belə müraciətin təminindən əsaslı imtina edən inzibati orqanın üzərinə hər hansı vəzifənin həvalə edilməli olmasını istisna edir. Belə ki, cavabdeh etirazın dəlillərini, düzgün olubolmamasını yoxlama səlahiyyətində olmadığından göstərilən müraciətin təmin imkanı mövcud olmur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- *****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi hazırkı qərarında patent sahiblərinin öz aralarında olan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxıldığını qeyd edərək, ilkin istifadəçi hüququnun tanınmasını tələb edən şəxs ilə patent sahibləri arasında mövcud olan mübahisənin də mülki icraat qaydasında baxılmalı olmasını vurğulayır. Yəni məhkəmə guya ki, analogiyadan istifadə etməklə mübahisəni həll etməyə çalışır. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Patent haqqında qaunun 16-cı maddəsinin“maneəsiz olaraq və patent sahibinə haqq ödəmədən, istifadə həcmini genişləndirməmək şərtilə bu obyektdən müstəqil istifadəni davam etdirsin” hissəsi ilkin istifadəçiyə maneəsiz olaraq patent obyektindən müstəqil istifadəni davam etdirmək hüququ vermişdir. Patent sahibinin sadəcə etiraz verməsi səbəbindən ilkin istifadəçinin ilkin istifadə hüquqlarının tanınmasından imtina edilməsi isə yuxarıda qeyd edilən “müstəqil istifadə hüququna” ziddir və dolayısı ilə ilkin istifadəçini patent sahibindən asılı vəziyyətə gətirməkdir. Aydın məsələdir ki, patent sahibi hüquqlarından sui-istifadə etməklə vəsatətə etiraz təqdim edə bilər və bu halda etirazın əsaslılığı yoxlanılmadan, sadəcə şablon xarakterli, bir cümlədən ibarət etirazın verilməsisəbəbindən ilkin istifadəçi hüququnun qeydiyatından imtina edilməsi inzibati orqanın qanunsuz hərəkəti kimi qəbuledilməlidir. Əks halda 16-cı maddə ilə təsbit olunmuş “patent obyektindən müstəqil istifadə” hüququ xəyali və nisbi xarakter daşımaqla ilkin istifadəçi üçün mahiyyətini itirmiş olacaqdır. Aydın məsələdir ki, patent sahibləri arasında müəlliflik və s. hüquqlardan irəli gələn mübahisə mövcuddursa, həmin mübahisə öz aralarında mülki dövriyyə şəraitində həll olunmalı və mübahisəyə də mülki icraat çərçivəsində baxılmalıdır. Lakin indiki vəziyyət həmin situasiyadan tamamilə fərqlidir. Belə ki, ilkin istifadəçi ilə patent sahibləri arasında mövcud olan mübahisə, inzibati icraat haqqında qanunvericiliyin tələbləri çərçivəsində inzibati orqan olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində aparılan icraat zamanı yaranmışdır və patent sahibləri tərəfindən verilən etiraza istinad edilərək cavabdeh tərəfindən bizə hüquqların qeydiyyatından imtinanın verilməsi ilə nəticələnmişdir. Bu proses inzibati orqan olan Əqli Mülkiyyət Agentliyində aparılan inzibati icraatın tərkib hissəsidir və davamıdır. Mübahisənin əsası da həmin icraat çərçivəsində aparılan prosesdən əmələ gəlmişdir. Yəni hazırki mübahisəni “nümunə kimi patent sahibləriarasında baş verən mülkimübahisə” ilə eyniləşdirmək və hazırkimübahisəyə də bu cür qiymət vermək tamamilə əsassız yanaşmadır. Göründüyü kimi məhkəmə tərəfindən edilmiş bu cür istinadlar heç də uğurlu deyil və tamamilə fərqli hüquq münasibətlərini özündə ehtiva edir. Çünki, inzibati icraat çərçivəsində patent sahiblərinin etirazı əsas hüquqmüəyyənedici sənəd sayılmır. İnzibati icraat zamanı yaranmış törəmə mübahisə alətidir. (sənədidir) ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

15. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxslər apellyasiya şikayətinin şikayətinin təmin olunmamasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

16. “Patent haqqında” Qanunun Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: faydalı model – qurğuya aid olan texniki həllər; patent – ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən mühafizə sənədi Maddə 12. Patent sahibi Patent aşağıda göstərilən şəxslərə verilir: ixtira, faydalı model və sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə; patent verilməsi barədə iddia sənədində, yaxud ixtira, faydalı model və sənaye nümunəsi qeydiyyata alınana qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumuna verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə); bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə. Maddə 14. İxtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna hüquq

1. Sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin hüquqlarını və bu Qanunu pozmamaq şərtilə, patent sahibinə mənsubdur.

2. Patent sahibi patentə görə aşağıdakı müstəsna hüquqlara malikdir: a) patentin obyekti məhsul (məmulat) olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən onun icazəsiz istehsalının, istifadəsinin, satış üçün təklif olunmasının, satışının və bu məqsədlər üçün idxalının qarşısını almaq; b) patentin obyekti üsul olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən bu üsulun tətbiqi ilə bağlı hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər üçün idxalının qarşısını almaq. Mühafizə olunan sənaye nümunəsinin sahibi onun icazəsi olmadan üçüncü şəxs tərəfindən həmin nümunənin və ya ona bənzər olan nümunənin surətini özündə daşıyan və ya tərkibinə daxil edən məmulatın kommersiya məqsədilə hazırlanmasının, satışının və ya idxalının qarşısını almaq hüququna malikdir.[35]

3. Patent sahibi patentlə verilən hüquqlardan dövlətin və cəmiyyətin mənafelərinə xələl gətirmədən istifadə etməlidir.

4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patent sahibi olduqda patent üzrə hüquqlar onların hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya fiziki şəxsə verilə bilər. Maddə 16. İlkin istifadə hüququ

1. Patentlə mühafizə olunan ixtira, faydalı model və sənaye nümunəsinin ilkinlik tarixinə qədər onun müəllifindən asılı olmayaraq eyni ixtira, faydalı model və sənaye nümunəsini yaradıb Azərbaycan Respublikası ərazisində vicdanla istifadə etmiş və ya ondan istifadə üçün zəruri hazırlıq işlərini görmüş hüquqi və ya fiziki şəxsin ixtiyarı var ki, maneəsiz olaraq və patent sahibinə haqq ödəmədən, istifadə həcmini genişləndirməmək şərtilə bu obyektdən müstəqil istifadəni davam etdirsin.

2. İlkin istifadəçinin hüquqlarının tanınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum onun vəsatəti əsasında iddiasına baxıb bu barədə patent sahibinə 1 ay ərzində bildiriş göndərir. İlkin istifadəçi vəsatət verdikdə müəyyənləşdirilmiş haqqı ödədiyini təsdiqləyən sənədi də təqdim edir. Patent sahibindən ilkin istifadə barədə 2 ay ərzində etiraz gəlmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilkin istifadəçinin hüquqlarının tanınmasına dair qərar çıxararaq müvafiq dövlət reyestrində qeydə alır və rəsmi bülletendə dərc edilməsini təmin edir.

3. İlkin istifadə hüququ varisə, başqa hüquqi və ya fiziki şəxsə yalnız ixtira, faydalı model və sənaye nümunəsinin istifadə edildiyi və ya onun istifadəsi üçün hazırlıq işləri görülmüş istehsalatla birlikdə verilir. Varis, hüquqi və ya fiziki şəxs həmin hüquqdan bu maddənin 1-ci bəndinə uyğun olaraq ilkin istifadəçiyə verilmiş həcmdə istifadə edə bilərlər.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

21. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, normativ tənzimləmədən də göründüyü kimi, ilkin istifadəçinin hüquqlarının tanınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum onun vəsatəti əsasında iddiasına baxıb bu barədə patent sahibinə 1 ay ərzində bildiriş göndərir. Patent sahibindən ilkin istifadə barədə 2 ay ərzində etiraz gəlmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilkin istifadəçinin hüquqlarının tanınmasına dair qərar çıxararaq müvafiq dövlət reyestrində qeydə alır və rəsmi bülletendə dərc edilməsini təmin edir.

22. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının ilkin istifadə hüququnun tanınması ilə əlaqədar müraciət üzrə inzibati icraat həyata keçirilmiş, yuxarıda göstərilən tələblərə uyğun olaraq patent sahibi tərəfindən etiraz olub-olmaması yoxlanılmış və patent sahibləri tərəfindən ilkin istifadə hüququnun tanınmasına etirazın mövcud olduğu müəyyən edildiyindən mübahisə məhkəmə qaydasında baxılmalı olması iddiaçının diqqətinə çatdırılmışdır.

23. Maddənin redaksiyasından da görünür ki, qeyd edilir ki, ilkin istifadəçi ilə patent sahibi arasında mübahisələrə məhkəmə qaydasında baxılır. Məhkəmə də məhz həmin müddəanın tələbinə əsasən qeyd edilməsini zəruri hesab edir ki, ilkin istifadəçi ilə patent sahibi arasında mübahisələrə məhkəmə qaydasında baxılması dedikdə, həmin mübahisənin həlli üsulu kimi cavabdehə hər hansı öhdəliyin həvalə edilməsindən, eləcə də üçüncü şəxslər tərəfindən verilmiş etirazın əsassız hesab edilməsinin inzibati orqan və məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmur.

24. Hazırkı işin faktiki hallarına münasibətdə isə cavabdehin mübahisə üzrə qərar qəbul etmək öhdəliyi patent sahibi tərəfindən etiraz daxil olmadığı halla məhdudlaşır.(Qanunun 16-cı maddəsi) Həmin etiraz patent sahibi tərəfindən edilmişdirsə bu barədə cavabdeh inzibati orqanın ilkin istifadə hüququnun tanınmasına dair səlahiyyəti nəzərdə tutulmayıb. Bu zaman göstərilən normada aşkar da qeyd edildiyi kimi patent sahibi və müraciət edən şəxs arasında mübahisə məhkəmə qaydasında həll edilməli, həmin mübahisə üzrə mülki icraat qaydasında məhkəmə qərarı mövcud olduğu halda cavabdeh tərəfindən ilkin istifadə hüququ tanınmalıdır.

25. Aydın məsələdir ki, məhkəmə tərəfindən müraciət edən şəxsin ilkin istifadə hüququnun tanınması barədə qərarı inzibati orqan üçün məcburidir ki, həmin məcburi tələbi təmin etməmə yuxarıda göstərilən iddianın inzibati məhkəmə icraatı qaydasında verilməsi üçün əsas ola bilər.

26. Lakin nə qədər ki, patent sahibi etiraz edir, həmin etirazın qanuni olub-olmamasının məhkəmələr tərəfindən həll edilməli olması, etiraz əsassız olsa belə müraciətin təminindən əsaslı imtina edən inzibati orqanın üzərinə hər hansı vəzifənin həvalə edilməli olmasını istisna edir. Belə ki, cavabdeh etirazın dəlillərini, düzgün olubolmamasını yoxlama səlahiyyətində olmadığından göstərilən müraciətin təmin imkanı mövcud olmur.

27. Təsadüfi deyildir ki, yuxarıda adıçəkilən patent sahiblərinin arasında olan mübahisəyə münasibətdə məhkəmə qaydasında mübahisəyə baxılmalı olması və bu mübahisənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə məhkəmədə baxılmalı olması birmənalı olaraq göstərilmişdir ki, iddiaçının mövqeyi ilə patent sahibləri arasında mülki prosessual qanunvericiliklə işə mülki icraat qaydasında baxılmalıdır.

28. Halbuki, eyni prosedur qaydanı müəyyən edən hər iki norma patent sahiblərinin öz aralarında və ya patent sahibi ilə ilkin istifadə hüququnu iddia edən şəxs arasında mübahisənin inzibati məhkəmə icraatı qaydasında cavabdehə hər hansı vəzifənin həvalə edilməsi üsulu ilə həllini istisna edir.

29. Lakin, qeyd edilməlidir ki, hazırkı iddia göstərilən səbəbdən mümkünlük şərtini ödəməyən iddia qismində də çıxış etmir. Necə ki, qeydiyyatdan çıxarılma barədə iddialar üzrə istifadə hüququ məsələsinə mülki icraat qaydasında qiymət verilməli olması, naturada əmlakın ayrılmaqla ayrılıqda çıxarış verilməsi iddialarında mülki icraat qaydasında naturada bölgüyə baxılmalı olması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarında qeydlərdə dəyişikliklərin edilməsi iddialarında ailə qanunvericiliyin tələblərinə əsasən mülki icraat qaydasında baxılmalı olması məhkəmələr tərəfindən müəyyən edilərkən iddialar mahiyyəti üzrə qiymətləndirməklə rədd edilir, hazırda da 16-cı maddənin tələblərinə cavabdehin riayət etməsi mümkünsüzlük yox, ona münasibətdə iddianın rədd edilməsi üçün əsas qismində çıxış edir.

30. Qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi rədd olunmalıdır.

31. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. ( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)

34. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar