Məhkəmə qərarları › İş №2-1(3-6)-46/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-46/2026

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-46/2026 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-2257/2025 nömrəli məktubla İddiaçı barədə keçmiş Suraxanı rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 13 saylı qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qərara heç bir sənəd əlavə edilməmişdir. Təqdim edilmiş qərara əsasən Hövsan qəsəbəsi, Məktəb küçəsi, 126 nömrəli sahədə yerləşən 0.12 ha ibarət torpaq sahəsi İddiaçı fərdi ev tikmək üçün ayrılmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-50028/2025 nömrəli məktubla bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq hasardaxili 0.12 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Abşeron OC). Göstərilən sahə keçmiş 1 X2 sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahəyə digər fiziki şəxslərin müraciətləri barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməyib. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 13 saylı qərarına əsasən Hövsan qəsəbəsi, Məktəb küçəsi, 126 nömrəli sahədə yerləşən 0.12 ha ibarət torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 13 saylı qərarı ilə Hövsan qəsəbəsi, Məktəb küçəsi, 126 nömrəli sahədə yerləşən 0.12 ha ibarət torpaq sahəsi ona fərdi ev tikmək üçün ayrılmışdır. Torpaq sahəsi tərəfindən naturada qəbul edilmiş və daş hasarla əhatə edilmişdir. Torpaq sahəsinin ayrılması barədə müvafiq qərar ona təqdim edilsə də, torpaq sahəsinin cizgi aktı təqdim edilməmişdir. Bu səbəbdən torpaq sahəsinin yerləşmə cizgisinin əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialına müraciət etsə də, Dövlət Arxivindən yuxarıda qeyd edilən qərarın təsdiq olunmuş surəti təsdiq edilsə də, cizginin həmin qərara əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan sonra o, torpaq sahəsinin cizgi aktının tərtib edilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini xx.xx.2025-ci il tarixli cavab məktubu ilə imtina edilmiş, bununla da, xahişi müsbət həll edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi ona qanuni əsaslarla ayrılarkən həmin dövr üçün qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi kimi torpaq sahəsinin cizgi aktı təqdim edilmədiyindən qanuni istifadəsində olan torpaq sahəsinə dair müvafiq çıxarış əldə edə bilməmişdir.

5. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məlumat üçün bildirirlər ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə cizginin verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Suraxanı rayon XDS İK-nin (indiki Suraxanı Rayon İcra Hakimiyyətinin) xx.xx.1991-ci il tarixli 13 saylı qərarına əsasən İddiaçı ayrılmış Hövsan qəsəbəsi, Məktəb küçəsi, 126 nömrəli sahədə yerləşən 0.12 ha ibarət torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

7. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair yerləşmə cizgisi (plansxem) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. 1991-ci ildə ayrılmış torpaq sahəsinə 34 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi və imtina aldıqdan sonra məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Odur ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı (indiki Suraxanı RİH) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 saylı qərarında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndələrinin iştrakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının tərəflərin iştrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

18. Belə ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 13 saylı qərarına əsasən Hövsan qəsəbəsi, Məktəb küçəsi, 126 nömrəli sahədə yerləşən 0.12 ha ibarət torpaq sahəsinə dair yerləşmə cizgisnin verilməsini tələb edir.

19. Cavabdeh orqan isə bildirir ki, torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi onun səlahiyyətlərinə aid deyildir.

20. İş materiallarından göründüyü kimi keçmiş Suraxanı rayon XDS İK-nin (indiki Suraxanı RİH) xx.xx.1991-ci il tarixli, 13 saylı qərarına əsasən Hövsan qəsəbəsi, Məktəb küçəsi, 126 nömrəli sahədə yerləşən 0.12 ha ibarət torpaq sahəsi İddiaçı fərdi ev tikmək üçün ayrılmışdır. Lakin, həmin torpaq sahəsinə yerləşmə cizgisi tərtib edilməmiş qərara əlavə edilməmişdir. Sözügedən torpaq sahəsi ona ayrıldığı zamandan iddiaçının istifadəsindədir. Torpaq sahəsinin hazırda da, faktiki ölçüsü 0.12 ha təşkil etməklə, hər hansı bir üçüncü şəxsin həmin torpaq sahəsinə dair iddiası mövcud deyil, torpaq sahəsi mübahisəli deyil. İddiaçı sözügedən qərar əsasında ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən yerləşmə cizgisinin verilməsinin onun səlahiyyətləri daxilində olmadığı bildirilməklə imtina edilmişdir.

21. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

22. Eyni zamanda cavabdeh orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə inzibati akt ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayır.

23. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının niyyəti məhz faktiki istifadəsində olan torpaq sahəsinə dair cizginin tərtib olunmasından ibarət olduğundan cavabdeh orqan tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

25. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar