Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-47/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2-1(112)-11076/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” qərarının ləğv edilməsi, pensiya hüququnun yarandığı tarixin 2011- ci il olması nəzərə alınmaqla 2011-2017 və 2017-2023-cü illər ərzində yığılan 6 illik dövr üzrə sığorta kapitalının nəzərə alınmaqla barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arsındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun n 9.3cü maddəsinə əsasən mülki aviasiyadan 2012-cı ildə pensiyaya çıxmıdır. Pensiya təyin tarixinin 2011-ci ildən düzgün müəyyən edilməsi və növbəti yenidən hesablanmaların aparılmasını xahiş etmişdir. Müracəti qismən təmin edilmişdir, pensiya hüququnun 2011-ci ildən yaranması müəyyən edilsə də, növbəti yenidən hesablanmalar 2011-2017 və 2017- 2023 dövr üzrə 72 aya bölünməklə aparılmamışdır. Qeyd edir ki, pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. Altı il stajın tamamlanması ilə bağlı müraciətim əsasında pensiyasının 2018-ci və 2024-ci ildə yenidən hesablanması icra edilib, lakin, cavabdeh qurum qanuna zidd olaraq pensiyasının həmin yenidən hesablanmasını sığorta kapitalını 72 aya bölməklə etməmişdir. Cavabdeh qurum tərəfindən qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Bununla qətiyyən razı deyildir. Narazılığını aşağıdakı kimi əsaslandırır - cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib. Həmin cümlə 543 nömrəli Qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli Qanunda yoxdur. O isə xx.xx.2017-cı ildən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. 530 nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən, Bu Qanunun 1.11-ci maddəsi (45-ci maddənin ikinci cümləsinin qanundan çıxarılması) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd olunanlar cavabdehin hərəkətlərinin əsassız olduğunu təsdiq edir. Xüsusilə qeyd edir ki, cavabdeh inzibati icraat qaydalarına zidd olaraq pensiyasının yenidən hesablanması barədə qərarın nömrə və tarixini ona bildirməkdən imtina edir. Barəsində qəbul edilmiş inzibati aktı ona vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "Əmək pensiyasının yenidən hesablanması haqqında" qərarlarının ləğv edilməsi, pensiya hüququnun yarandığı tarix 2011-ci il olduğu nəzərə alınmaqla 2011-2017 və 2017-2023 illər ərzində yığılan 6 illik dövr üzrə sığorta kapitalının nəzərərə alınmaqla barəsində "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-9092/2025 nömrəli qərarının ləğv edilməsini, xx.xx.2012- ci il tarixdən pensiya hüququnun yarandığı nəzərə alınmaqla pensiyasının xx.xx.2012- xx.xx.2021-ci il tarixlərdə 6 il və daha çox işləyərək həmin dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7- ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, V.Sergeyeviçin xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bununla bağlı bildirirlər ki, V.Sergeyeviçə xx.xx.2013-cü il tarixindən Fondun keçmiş Sabunçu rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərəl yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarıın hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən Qanunun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi epikaj üzvləri üçün ümumi sığorta stajı – sıravi epikaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür (25×12×18=5400 saat). Bununla bağlı məhkəmənin nəzərinə çatdırmaq istədikləri vacib məqam bundan ibarətdir ki, iddiaçı xx.xx.2024-ci il tarixli müraciət ərizəsində Mərkəzi Filialda aşağıdakı qeyd olunanları xahiş etmişdir: 1. Pensiya hüququnun yaranma tarixi kimi müəyyən edilməsi; 2. xx.xx.2012-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2024-cü il tarixləri ərzində 6 illik sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması; 3. Keçmiş dövr üzrə ödənilməmiş məbləğin ödənilməsi. V.Sergeyeviçi Filiala xx.xx.2025-ci il tarixdə dadxil olmuş sözügedən müraciətinə əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 578 nömrəli arayışında qeyd olunan əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyası xx.xx.2012-ci il tarixindən yenidən hesablanmışdır. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hisəssində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hisəssi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, pensiya işinə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən V.Sergeyeviçin əmək pensiyası Mərkəzi Filial tərəfindən aşağıdakı qaydada hesablanmışdır: təhsil müddəti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının müddəti 25 il 5 ay təşkil etdiyindən, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hisəssi 30.01 manat (25.42 il × 170 manat : 144 ay) hesablanaraq xx.xx.2012-ci il tarixinə indekləşdirilib 53.03 manat məbləğində müəyyən edilməklə; üzərinə xx.xx.2006- xx.xx.2012-ci il tarixləri arasındakı işlədiyi dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55221.12 manat məbləğində pensiya sığorta kapitalına uyğun 383.48 (55221.12:144) manat və 85.00 manat baza hissəsi əlavə edilərək xx.xx.2012-ci il tarixinə əmək pensiyasının məbləği 521.51 (53.03 +383.48+85.00) manat indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 913.05 manat)) məbləğində müəyyən edilmişdir. "Əmək pensiyaları haqqinda" Azərbaycan Respublikası 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım h ssə ərinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiy ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Belə ki, Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti ayların n sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nö nrəli Qanununun 1.11-ci maddəsinə əsasən, "Əmək pensiyalar haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa qörə əmək persiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməkdədir. Eyni zamanda, Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Qanununun 1.8-ci maddəsinə əsasən, "Əmək pensiyaları haqqında” Qanunun 31.1-1- ci maddəsində "təyinatı" sözüncən sonra "həmçinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması" sözləri əlavə edilmişdir. Bu dəyişiklik 1 yanvar 2021-ci ilin tarixdən qüvvəyə minmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qeyd olunanları nəzərə alaraq. V.Sergeyeviçə pensiya təyin edildikdən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 333828,00 manat pensiya sığorta kapitalına görə Qanunun 37.3.1- ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (338828,00 manat: 350 ay (65 il - 41 il 10 ay = 278 ay + (144 ay - 72 ay) = 968,08 manat) əmək pensiyası Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 913,05 manatdan 1881,13 (913,05+968,08) manat məbləğinədək artırılmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış amək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun cüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş üç il üçün iddiaçıya ödənilməli olan 5243,69 manat məbləğində pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari ilin iyun ayından etibarən hissə-hissə (hər ay 174,78 manat olmaqla) əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməkdədir. Əlavə olaraq bildirilmişdir ki, bu Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2025-ci il tarixindən V.Sergeyeviçin pensiya məbləği 2704,81 manat təşkil etmişdir. Beləliklə, iddiaçı Mərkəzi Filiala etdiyi xx.xx.2025-ci il tarixli müraciətində pensiya hüququnun yaranma tarixini xx.xx.2012-ci il tarixi kimi müəyyən edilməsi, xx.xx.2012-xx.xx.2018 və xx.xx.2018 – xx.xx.2024-cü il tarixləri ərzində 6 illik sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmiş, Mərkəzi Filial isə öz növbəsində iddiaçının pensiya hüququnu xx.xx.2012-ci il tarixə çəkmiş, təyin olunmuş pensiyasını yenidən hesablayaraq 2537.01 manat məbləğindən 2704.81 mnat məbləğinədək artırmışdır. Daha sonra isə iddiaçı birbaşa məhkəməyə müraciət edərək pensiya hüququnun yaranma tarixinin 2011-ci il olduğu nəzərə alınmaqla, 2011-2017 və 2017-2023 illər ərzində yığılan 6 illik dövr üzrə sığorta kapitalının nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını məhkəməden istəmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, iddiaçı pensiya hüququnun yaranma tarixinin 2011-ci il olmasını əsaslandırmamış, buru təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməmiş və ən əsası isə - bu tələbə dair ərizə ilə cavabdehə müraciət etməmişdir. Qeyd olunan xüsusatları ümumiləşdirdikdə, V.Sergeyeviçə münasibətdə hazırki iddia tələbinin təmin olunması üçün hüquqi əsasların olmaması tərəflərindən sübuta yetirilmiş hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli 2-1(112)-11076/2025 nömrəli qərarı (hakim A.Abdullayeva) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ƏPQ-nın 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı.Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməkdədir.Eyni zamanda, Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Qanununun 1,8-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 31.1- 1 -ci maddəsində “təyinatı” sözündən sonra “həmçinin həmin Qanunun 37.3.1-ci və 37.3.2- ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması” sözləri əlavə edilmişdir. Bu dəyişiklik 1 yanvar 2021-ci ilin tarixdən qüvvəyə minmişdir.Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur.Məhkəmə bu halı yanlış təfsir edərək, keçid müddəanı xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə pensiya hüququ yaranan şəxslərə şamil etmişdir. Halbuki, xx.xx.2022-ci il tarixinədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçının hüquqi marağı onun üçün əlverişli inzibati aktın qəbulu ilə bağlıdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia prosessual müddətə əməl edilməklə qaldırılmışdır. Əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə yenidən müraciət edilməmədiyi ilə bağlı cavabdehin etirazında qeyd etdiyi nüasnlara cavab olaraq diqqətə çatdırlır ki, iddiaçı müvafiq qanunvericilik normalarına uyğun olaraq əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə hazırda qüvvədə olmayan qanun normasına istinad edərək hesablamanı düzgün aparmamışdır. Bu əsasla məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi əmək pensiyasının yenidən hesablanması barədə iddiaçının cavabdehə ilkin müraciəti olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İnzibati işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya ilk dəfə xx.xx.2013-cü il tarixdə əmək pensiyası təyin edilmişdir. Sonuncu dəfə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti nəticəsində “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-3-9092/2025 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq əmək pensiyasının məbləği 2704.81 manat müəyyən edilmiş və pensiya hüququnun yaranma tarixi xx.xx.2013-cü il tarixdən xx.xx.2012-ci il tarixə çəkilmişdir. Yenidən hesablanmaya əsas kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi (6 il və daha çox) və əyani təhsil aldığı dövrün iş stajına əlavə edilməsi göstərilmişdir. Apellyasiya araşdırması zamanı cavabdehin səlahiyyətli nümayəndəsi mübahisələndirilən inzibati aktla iddiaçının pensiya məbləğinin artırıldığı və qəbul edilən aktın onun üçün əlverişli inzibati akt olduğu fikrinə münasibətdə qeyd edilir ki, iddiaçı hazırki tələbində inzibati orqan tərəfindən qəbul edilmiş aktla həyata keçirilmiş hesablamanın qaydası ilə razılaşmır və tələbi məhz xx.xx.2012- ci il tarixdən pensiya hüququnun yarandığı nəzərə alınmaqla pensiyasının xx.xx.2012- xx.xx.2021-ci il tarixlərdə 6 il və daha çox işləyərək həmin dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7- ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması ilə bağlıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, qanuni və əsaslı olaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 may 2025-ci il tarixli, 3-17- 1/3-3-9092/2025 nömrəli qərarının ləğv edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. ƏPQ-nin xx.xx.2017-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: -xx.xx.2017-ci il tarixədək 144; -xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Qanunun 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2025-ci il tarixli, 2-1(102)-816/2025 nömrəli) qəbul etdiyi qərarında qeyd edilir ki: “21. Kassator həmçinin bildirir ki, iddiaçıya hazırda 479,35 manat pensiya ödənilir ki, bu da yığılan kapitala mütənasibdir. 22. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-215/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. 23. Məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 3 il 9 ay 7 gün (45 ay) işləmişdir. (xx.xx.2009 – xx.xx.2010, xx.xx.2010 – xx.xx.2012, xx.xx.2014 – xx.xx.2016) Sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı 99 (144 ay-45 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölməklə (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla) qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hazırki iş ilə oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sərgilənən hüquqi mövqeyə əsasən hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə xx.xx.2012-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1- ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Odur ki, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı 09 oktyabr 2025-ci il tarixli 2-1(112)-11076/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-47/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-47/2026
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver