Məhkəmə qərarları › İş №2-1(3-6)-475/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-475/2026

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-475/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, # ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. İddiaçı İddiaçı ##.##.1961-ci il təvəllüdlüdür.

2. İddiaçı ##.##.1980-ci ildə X1 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından ##.##.1981-ci ildə Xəyalə, ##.##.1983-cü ildə Fatimə, ##.##.1985-ci ildə Əli və Royal adlı uşaqları anadan olmuşdur.

3. İddiaçı 1982-1989-cu illərdə “Kalinin” adına kolxozda sıravi kolxozçu işləmişdir. ##.##.1990-cı il tarixdən ##.##.1996-cı il tarixədək “Şəhriyar” kənd dövlət uşaq bağçasında qrup tərbiyəçisi işləmişdir.

4. ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı ##.##.2008-ci il tarixdən ##.##.2009cu il tarixədək “xxxx” MMC-də aşpaz, ##.##.2010-cu il tarixdən ##.##.2015-ci il tarixədək “xxxx” MMC-də aşpaz, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək aşpaz, ##.##.2021ci il tarixdən ##.##.2023-cü il tarixədək “Resant”xxxx” MMC-də aşpaz vəzifədində işləmiş və ##.##.2023-cü il tarixdən hazıradək “Baku Castle” Restoranında (fərdi sahibkarla əmək müqaviləsinə əsasən) aşpaz işləyir.

5. İddiaçı ##.##.2025-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

6. Bundan sonra iddiaçı bir neçə dəfə cavabdehə ərizələrlə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

7. Cavabdehin eyni məzmunlu imtina məktublarında bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən övladlarına ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək və ##.##.1984-cü il tarixdən ##.##.1988-ci il tarixədək qulluq etdiyi (3 yaşınadək) dövrlər də nəzərə alınmaqla ümumi sığorta stajı 23 il 1 ay 28 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək 13 il 3 ay 28 gün sığorta stajına uyğun 13725,15 manat, ##.##.2008-ci il tarixdən ##.##.2025-ci il tarixinədək 17381,47 manat olmaqla, ümumilikdə 31106.62 manat (2025-ci il tarixinə indeksləşdiriimiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Şərur rayon Dövlət Arxivinin ##.##.2008-ci il tarixli **/*** nömrəli arayışında qeyd olunan Kalinin adına sovxozda mötəbərliyinə əsaslı şübhələr olan 1982-ci il tarixindən 1989-cu il tarixinədək və **/*** nömrəli arayışda qeyd olunan Şərur rayon Şəhriyar kənd dövlət uşaq bağçasında ##.##.1990-ci il tarixdən ##.##.1996-cı il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və müvafiq quruma sorğu göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli akta əsasən ##.##.1990-cı il tarixdən ##.##.1996-cı il tarixədək Şərur rayon Şəhriyar kənd dövlət uşaq bağçasında adına əməkhaqqı hesablanan aylar sığorta stajınızda nəzərə alınmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli akta əsasən Kalinin adına kolxozda kişi və qadınlara aid adam günü normasını təsdiq edən sənəd mühafizə olunmadığından 1988-1989-cu illər üzrə əmək fəaliyyəti dövrlərinizin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən X4 ilə qüvvədə olan əmək müqaviləsi olduğu və aktiv vergi ödəyicisi kimi (VÖEN: 2005651712) qeydiyyatda olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi mümkün hesab olunmur. Əmək müqaviləsinə xitam verildikdən və VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra təkrar müraciət əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır.”

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı, 64 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavab məktubunda iş stajının 25 ildən az olduğu və pensiya kapitalının cəmi 31106.62 manat olduğu qeyd olunmuşdur. Lakin Kalinin adına kolxozda 1982-ci il tarixindən 1989-cu il tarixinədək və **/*** nömrəli arayışda qeyd olunan Şərur rayon Şəhriyar kənd dövlət uşaq bağçasında ##.##.1990-cı il tarixindən ##.##.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmamışdır. Kalinin adına kolxozda fəaliyyət göstərməsinə dair ##.##.2008-ci il tarixli **/*** nömrəli Şərur rayon Dövlət Arxiv arayışı təqdim olunmuşdur.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur.

11. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, # ###### 2026cı il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı hüququnun yarandığı ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərarında qeyd etmişdir ki, Kalinin adına kolxozda iddiaçının işlədiyini iddia etdiyi dövrlərlə bağlı kişi və qadınlara aid adam günü normasını təsdiq edən sənədlərin mühafizə olunmaması iddiaçının məsuliyyət sferasına aid deyil və onun ziyanına şərh edilməməlidir. Məhkəmə əlavə olaraq bildirmişdir ki, iddiaçının həm kolxozda, həmdə “Şəhriyar” kənd dövlət uşaq bağçasında işləməsi arxiv arayışlarına əsasən təsdiq edildiyinə görə, həmin dövlər də nəzərə alınmaqla iddiaçının sosial sığorta stajına daxil edilməlidir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, İddiaçı əmək fəaliyyəti dövrləri, o cümlədən övladlarına ##.##.1981-ci il tarixindən ##.##.1983-cü il tarixinədək və ##.##.1984cü il tarixindən ##.##.1988-ci il tarixinədək qulluq etdiyi (3 yaşınadək) dövrlər də nəzərə alınmaqla ümumi sığorta stajı 23 il 1 ay 28 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (##.##.2024-cü il tarixindən ##.##.2025ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilmişdir) Eyni zamanda İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006cı il tarixinədək 13 il 3 ay 28 gün sığorta stajına uyğun 13725,15 manat, ##.##.2008-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 17381,47 manat olmaqla, ümumilikdə 31106,62 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Məlumat üçün bildiririk ki, İddiaçı təqdim etdiyi Şərur rayon Dövlət Arxivinin ##.##.2008-ci il tarixli **/*** nömrəli arayışında qeyd olunan “Kalinin” adına sovxozda 1982-ci il tarixindən 1989-cu il tarixinədək və **/*** nömrəli arayışda qeyd olunan Şərur rayon Şəhriyar kənd dövlət uşaq bağçasında ##.##.1990-cı il tarixindən ##.##.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələr olmuş və araşdırılması zərurəti yaranmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli akta əsasən, ##.##.1990-cı il tarixindən ##.##.1996-cı il tarixinədək Şərur rayon Şəhriyar kənd dövlət uşaq bağçasında İddiaçı adına əməkhaqqı hesablanan aylar sığorta stajında nəzərə alınmışdır. Belə ki, Şərur Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli ** nömrəli arayışında əməkhaqqı qeyd olunmayan aylar üzrə Şərur Rayon Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əməkhaqqı kitablarında İddiaçı adına rast gəlinmədiyi bildirilmişdir. Bu isə, həmin aylarda iddiaçının əməkhaqqı almadığına dəlalət edir. Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Belə olan halda, inzibati orqan iddiaçının almadığı əməkhaqqı və digər gəliri kompensasiya etməyə məcbur deyildir və həmin dövrlər onun sığorta stajına daxil edilərək nəzərə alına bilməz. Həmçinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə FondununŞ ərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli akta əsasən, “Kalinin” adına kolxozda kişi və qadınlara aid adamgünü normasını təsdiq edən sənəd mühafizə olunmadığından 1988-1989-cu illər üzrə İddiaçı əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin Azərbaycan RespublikasıAli Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)- ****/**** saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının mübahisəli illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı, əldə edilən mötəbər sübutlar qiymətləndirməli, iddiaçının işdən azad edilmədiyi halda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əməkhaqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un # -dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

24. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.

25. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

27. İddiaçı İddiaçı ##.##.1961-ci il tarixdə doğulduğundan onun 64 yaşının ##.##.2025ci il tarixə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərti mövcud olmalıdır. 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.

28. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir.

29. İş materiallarından görünür ki, iddiaçının əmək kitabçasına əsasən onun cəmi 25 ildən artıq əmək stajı vardır.

30. Hazırda cavabdeh qurum iddiaçının 23 il 1 ay, 28 gün sosial siğorta stajını mübahisələndirmir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin Şərur Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli akta əsasən Kalinin adına kolxozda kişi və qadınlara aid adam günü normasını təsdiq edən sənəd mühafizə olunmadığından 1988-1989-cu illər üzrə əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil etməmişdir.

31. Halbuki, 1992-ci ildə qəbul edilmiş və ## ###### 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (iş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

32. İş materiallarından görünür ki, iddiaçı 1982-1989-cu illərdə Kalinin adına sovxozda işləmişdir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübutu nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir.

34. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

35. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.

36. Həmçinin iddiaçının Kalinin adına kolxozda kişi və qadınlara aid adam günü normasını təsdiq edən sənədlərin mühafizə olunmaması dəlilini iddiaçının məsuliyyət sferasına aid deyil və onun ziyanına şərh edilməməlidir.

37. Digər tərəfdən işdə olan arxiv arayışından müəyyən edilir ki, iddiaçı ##.##.1990-cı il tarixdən ##.##.1996-cı il tarixədək “Şəhriyar” kənd dövlət uşaq bağçasında qrup tərbiyəçisi işləmişdir. Cavabdeh iddiaçının həmin dövlər üzrə stajını hesablayarkən bütün dövləri deyil, yalnız əmək haqqı aldığı dövləri hesablamışdır. Belə olan halda, cavabdeh iddiaçının 1991ci ildə fevral, 1992-ci ildə may, 1994-cü ildə iyul və 1995-ci ildə mart aylarının iddiaçının sosial sığorta stajına daxil etməmişdir.

38. Məhkəmə kollegiyası cavabdehin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının həm kolxozda, həmdə “Şəhriyar” kənd dövlət uşaq bağçasında işləməsi arxiv arayışlarına əsasən təsdiq edildiyinə görə, həmin dövlər də nəzərə alınmaqla iddiaçının sosial sığorta stajına daxil edilməlidir.

39. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin # ###### tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin # ##### tarixdə tam məbləğdə silinmiş olurdu.

40. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı hüququnun yarandığı ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, # ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, # ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar