Məhkəmə qərarları › İş №2-1(3-6)-476/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-476/2026

24.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-476/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsinə qarşı "qərarın ləğvi" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsinə qarşı "cavabdehin ##.##.2024-cü il tarixli ************** nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv olunması" barədə iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı əsas fəaliyyəti "Kişi geyimlərinin pərakəndə satışı" olmaqla ##.##.2023-cü ildə ********** nömrəli şəhadətnamə (VÖEN) ilə vergi uçotuna, ##.##.2024-cü ildə *********** nömrəli bildirişlə əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına alınmışdır. Fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan ŞTQ Lökbatan qəsəbəsi Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal qərbində yerləşən mağaza təsərrüfat subyekti (obyekti) kimi ##.##.2024-cü ildə 2907318712-11001 kodla vergi orqanında uçota alınmış, ##.##.2024-cü il tarixli *********** nömrəli qeydiyyat vərəqəsinə əsasən "Wizar POS Q2" markalı nəzarət kassa aparatı (NKA) vergi orqanında qeydiyyatdan keçirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü ildə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan ŞTQ Lökbatan qəsəbəsi Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal qərbi ünvanında yerləşən mağazada "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmamasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməməsinə nəzarət edilməsi məsələsi üzrə" operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı mağazada malların satışı olmamış və eləcə də mağazada hər hansı mal qalığı aşkar edilməmişdir. Bu fakt vergi əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli Aktla təsdiq edilmişdir. Lakin yoxlamanın mövzusu üzrə mağazada heç bir qanun pozuntusu halı (halları) aşkar edilmədiyi halda vergi əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli Akt tərtib edilərək güya mağazada 2202914,26 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı nəticəsinə gəlinmişdir. Mağazada mal satışı və ya hər hansı mal qalığı aşkar edilmədiyi halda vergi əməkdaşları vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq formal olaraq nəzarət tədbirinin mahiyyətinə zidd olaraq akt tərtib etmişlər. Operativ vergi nəzarəti tədbirinin qeyriobyektiv, qanuna zidd və ədalətsiz olması ilə əlaqədar Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələblərinə müvafiq olaraq ##.##.2024-cü ildə etiraz (şikayət) verilərək ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli Aktın qanuna zidd tərtib edilməsi və bununla bağlı vergi qanunvericiliyinin müvafiq müddəalarının pozulması barədə aidiyyəti dəlillər və sübutlar təqdim edilsə də, cavabdeh tərəfindən həmin sübutlar və dəlillər nəzərə alınmamış və cavabdehin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli ************** nömrəli qərarına əsasən iddiaçı 220291,43 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilən qaydada hüquq pozuntusu aşkar edilmədiyi halda ehtimal (şübhə) əsasında şəxsin vergi məsuliyyətinə cəlb edilməsi vergi və digər aidiyyəti qanunvericilik normalarının hüquqi mahiyyətinə tamamilə ziddir, sahibkarın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 59) ilə və digər qanun və normativ aktlarla qorunan azad sahibkarlıq hüquqlarının pozulmasıdır. Hazırkı dövrdə dövlətin sahibkarlıq sahəsində əsas məqsədi sahibkarlığa hər çür dəstək göstərmək, sahibkarlıq fəaliyyətini təşviq etmək, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, maddi nemətlər bolluğu yaratmaq, sahibkarlığın inkişafına mane olan bütün neqativ halların aradan qaldırılması olduğu halda, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin edilməsi dövlətin bu sahədə apardığı iqtisadi siyasətə və eləcə də ədalətli və şəffaf vergi münasibətlərinin formalaşmasına ziddir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və etirazında bildirmişdir ki, vergi ödəyicisinin uçot məlumatlarına əsasən, iddiaçı ##.##.2023-cu ildə vergi ödəyicisi kimi qeydiyyata alınmış, ilk təsərrüfat subyektini (obyektini) ##.##.2024-cü ildə, ilk nəzarət kassa aparatını isə ##.##.2024-cü ildə qeydiyyata aldırmışdır. Operativ vergi nəzarəti tədbiri keçirilən tarixə aktiv 1 obyekti olduğu müəyyən edilmişdir. Baza məlumatlarına əsasən, vergi ödəyicisinin fəaliyyətində ümumiyyətlə e-qaimə ilə satış həyata keçirilməməsi, təsərrüfat subyektinin anbar tipli olmasına baxmayaraq oradan NKA ilə satış həyata keçirilməsi vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13- cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə əsas olmuş və vergi ödəyicisinə ##.##.2024-cü il tarixli ************** nömrəli qərarla operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. Baş Idarənin "Operativ vergi nəzarətinin keçirilməsi haqqında" ##.##.2024-cü il tarixli 24044010151573 qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, elektron qaiməfaktura təqdim edilməli olduğu halda, 2202914,07 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli akt tərtib edilmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq aktın bir nüsxəsi qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş Idarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı ilə iddiaçıya 220291,43 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nəbiyev Xəyyam Əlimusa oğlu Baş Idarəyə təqdim etdiyi ##.##.2024-cü il tarixli izahatda qeyd etmişdir ki, "İddiaçı fəaliyyəti malların topdan satılmasından ibarətdir. Mallar obyektdən topdan satış qaydada e-qaimə təqdim etmədən müxtəlif vergi ödəyicilərinə satılmışdır." Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, 1830271,072 manat dəyərində idxal etdiyi malların üzərinə 18% əlavə dəyər vergisi və 2% ticarət əlavəsi əlavə edilməklə 2202914,26 manata qısa dövr ərzində (müxtəlif günlərdə ümümilikdə 14 gün ərzində) 2425 sayda çek ilə nəzarət-kassa aparatına mədaxil edildiyi, orta hesabla 1 çek üzrə 911,22 manat mədaxil edildiyi, çeklərin qısa müddət (saniyə fərqi ilə) aralığında vurulduğu, qeyd olunan obyektlərin pərakəndə ticarət üçün yararlı olmadığı aşkar edilmişdir ki, bu da malların pərakəndə satış görüntüsü yaradılmasına dəlalət edir. Iddiaçı iddia ərizəsində qeyd edir ki, qanunverici operativ vergi nəzarətinin əvvəlki dövrə şamil edilməməsini müəyyən etmişdir, operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Lakin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin ##.##.2024-cü ildən qüvvədə olan 50.4-1-ci maddəsinə əsasən, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Göründüyü kimi, Məcəllədə operativ vergi nəzarətinin əvvəlki dövrə şamil edilməsi müəyyən edilmişdir, ona görə də iddiaçının dəlilləri əsassızdır. Operativ vergi nəzarəti həyata keçirilmiş obyektdən, yəni təsərrüfat subyektindən malların elektron qaimə-faktura olmadan təqdim edilməsi əməliyyatlarının həyata keçirilməsi faktı məsuliyyət qərarının qəbul edilməsinə əsas olmuşdur, çünki Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə göstərilən halda satışın elektron qaimə-faktura təqdim edilmədən həyata keçirilməsi qadağan olunmuşdur. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz qərarında cavabdehin dəlilləri ilə razılaşaraq iddiaçının dəlillərini əsaslı hesab etməmişdir. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü ildə cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilən zaman mağazada hər hansı qaydada malların satışı olmamış, eləcə də hər hansı mal qalığı, malların əskik gəlməsi faktı aşkar edilməmiş, malların satışı və qəbulu, yerdəyişməsi ilə bağlı əməliyyatlar aparılmamışdir. Bu hal vergi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilməklə təsdiq edilmişdir. Lakin buna baxmayaraq, cavabdehin nümayəndələri həmin tarixdə ****** nömrəli akt tərtib edərək güya mağazada 1830271,07 manat (18 % ƏDV və 2% ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığını aşkar etmişlər. Nəzarət tədbirinin nəticələrinə ##.##.2024-cü ildə baxılaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilməklə iddiaçı 220291,43 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hesab edir ki, nəzarət tədbiri qanunla müəyyən edilmiş əsaslar olmadan keçirilmiş, tədbir zamanı qanun pozuntusu halı aşkar edilmədiyi halda, əvvəlki satış əməliyyatlarına müdaxilə edilməklə qərar qəbul edilmiş və bununla da iddiaçının azad sahibkarlıq hüququ pozulmuşdur. Belə ki, operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslardan hər hansı biri olmadan keçirmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilsə də, "vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar"ın nədən ibarət olması, məlumatın mənbəyi və məzmunu göstərilməmişdir. Cavabdeh vergi orqanı konkret olaraq mənbəyi bəlli məlumata (fakta) deyil, yalnız qanunun maddəsinə istinad etmişdir. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, cavabdeh vergi orqanının yoxlamanın əhatə etdiyi dövrdən əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində müəyyən edilmiş əsasların mövcud olmaması halında yoxlamanın keçirilməsi tamamilə əsassızdır. Cavabdeh qanunda göstərilən "mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatı" özünün daxili prosedurasına, baza, gömrük, bəyannamə məlumatlarına istinad etməklə əsaslandırmağa cəhd etmişdir, halbuki iş materialında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanlarının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Bundan başqa, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq "cari fəaliyyət" kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. "Elektron-qaimə faktura təqdim edilməsi öhdəliyi" işin faktiki və hüquqi halları nəzərə alınmadan düzgün olmayaraq iddiaçının üzərinə qoyulmuşdur. Qanunvericilikdə bu öhdəlik kifayət qədər fərqləndirilmiş, hansı halda vergi ödəyicisi "elektron-qaimə faktura təqdim etmə öhdəliyi daşıması" konkret olaraq müəyyən edilmişdir. Cavabdehin mövqeyinə görə, malların satışı zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Cavabdeh bu mövqeyini malların toplu halında satılması, satış məbləğlərinin NKA-ya az intervalla daxil edilməsi ilə izah etmişdir. Cavabdeh tərəfindən malların "elektron qaimə-faktura verilmədən təqdim edilməsi" ehtimal edilsə də, belə malların hansı subyektiv tərkibə satıldığı müəyyən edilməmiş və ya bu faktla bağlı hər hansı sübuta istinad edilməmişdir. Iddiaçı malları pərakəndə satış qaydasında satmış və alıcılara bununla bağlı NKA çekləri təqdim etmişdir. Pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğ həddi qanunvericilikdə nəzərdə tutulmamışdır. Pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə satılmasının topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut mövcud deyildir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X1 isə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. IŞIN HALLARI: Işdə olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsinin ##.##.2024-cü il tarixli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi mağazada operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Işdə olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Idxal-Ixrac Əməliyyatları üzrə Nəzarət Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli ************** nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"dan görünür ki, iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 220291,43 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys) və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. Malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.13-1. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfaktura tərtib edilmədən malların bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsinə görə vergi ödəyicisinə elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən hər bir belə əməliyyat üçün 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, topdansatış – şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış – bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2017-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 1.3.1-ci bəndinə əsasən: topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. Inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Iddiaçının tələbi cavabdehin ##.##.2024-cü il tarixli ************** nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv olunmasından ibarətdir. Iddiaçı bu tələbini iki xüsusatla əsaslandırmışdır: 1) cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad etməmiş, operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamışdır; 2) operativ vergi nəzarəti səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiri olduğu halda, cavabdeh əvvəlki tarixlərdə başa çatmış əməliyyatlara (satılmış mallara) görə nəzarət kassa aparatının hesabatlarına, kassa çeklərinə istinad etmişdir; 3) cavabdeh iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. "Inzibati icraat haqqında" Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilən normalar inzibati aktlara münasibətdə qanunvericilikdə təsbit olunmuş ən mühüm tələblərdən birini əks etdirir. Əsaslandırma tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən hakimiyyət səlahiyyətləri həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə qoyan əlverişsiz (yükləyici) inzibati aktlara münasibətdə isə əsaslandırma tələbinə riayət olunması daha çox gözlənilən və tələb olunandır. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin güzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində operativ vergi nəzarətinin hansı hallarla bağlı keçiriləcəyi dəqiq göstərilmiş, eləcə də 50.2-ci maddədə belə nəzarətin həyata keçirilməsi üçün tələb olunan əsasların bitkin siyahısı konkret sadalanmışdır. Bu mənada, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması həmin hallar və əsaslarla bağlı olmalıdır. Başqa sözlə, qərardan vergi nəzarətinin Məcəllənin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanmış hallardan hansı biri və ya bir neçəsi ilə bağlı keçirildiyini müəyyən etmək mümkün olmalı, o cümlədən qərarda 50.2-ci maddədəki əsaslardan birinə və ya bir neçəsinə istinad olunmalıdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsaslarla bağlı həmçinin nəzərə alınmalıdır ki, qərarda istinad olunan sözügedən əsaslar qərarın çıxarılmasınadək mövcud olmalıdır. Əsaslandırma tələbinə qiymət verərkən həm də operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın mahiyyəti də nəzərə alınmalıdır. Belə ki, bu qərar şəxsin hüquqlarına müəyyən müdaxilə vəziyyəti yaratsa da, yekun əlverişsiz (yükləyici) vəziyyətlər yaratmır. Ona görə də həmin qərarın əsaslandırılmasına dair tələb də, yekun əlverişsiz (yükləyici) vəziyyətlər yaradan inzibati aktların əsaslandırılmasına dair tələblə eyni deyildir. Belə qərarlara münasibətdə gözlənilən yetərli əsaslandırmanı ehtiva etmiş olmalarıdır. Bu mənada, Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsaslardan birinə və ya bir neçəsinə ümumi istinad olunması, həmişə qərarın əsaslandırılmamış hesab edilməsi üçün avtomatik nəticəyə gəlməyə əsas vermir. Aydındır ki, qərarda sadəcə qanun normasına istinad yetərli hesab oluna bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə qərar çıxarılarkən onların mövcudluğuna dair sübutlar təqdim etməyə borcludur. Cavabdehdən gözlənilən də qərarın əsaslandırılmasına münasibətdə məhz bu qaydada davranmaqdır. Bununla yanaşı, qeyd edilməlidir ki, əgər operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda belə nəzarətin həyata keçirilməsinə imkan verən əsas kimi Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamışsa, bu hal məhkəmə icraatının gedişində IPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutetmənin təzələnməsi və ya tamamlanması qaydasında aradan qaldırıla bilər. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar bununla bağlı inzibati orqan tərəfindən qərarın özünün qəbul edilməsinədək aparılmış bir icraatın nəticəsi olaraq çıxarılır. Başqa sözlə, həmin qərar müvafiq icraatın nəticəsidir. Ona görə də, qeyd edilən icraatla bağlı mövcud materiallar həmin vahid icraatın tərkib hissəsini təşkil edirlər. Odur ki, qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamış olsa belə, sonradan cavabdeh məhkəmə icraatının gedişində təqdim olunmuş icraata aid materiallara istinad etməklə əsaslandırma təqdim edərsə, bu zaman "yetərli əsaslandırma" tələbi ödənilmiş sayıla bilər. Həlledici olan qərarın əsaslandırılmasının əsası kimi istinad olunan həmin materialların qərarın çıxarılmasınadək mövcud olması, onların qərarda istinad olunan Vergi Məcəlləsinin konkret maddəsindəki əsasla bağlılığının müəyyən edilməsi və yetərli hesab oluna bilməsidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, inzibati orqan daha sonra məhkəmə icraatının gedişində əsaslandırmanın mövcudluğunu sübut etmək üçün qərarda istinad etdiyi normadan fərqli normaya sonradan istinad edə bilməz, eləcə də sonradan yaranmış halları qərarın əsaslandırılması kimi də təqdim edə bilməz. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarda yoxlamanın Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində göstərilmiş halla bağlı keçirildiyi aydın şəkildə ifadə olunmuşdur. Bu halda, inzibati aktın əsaslandırılmasına münasibətdə ilkin tələb olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinin müddəalarına riayət olunduğu təsdiq olunur. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ##.##.2024-cü il tarixli qərarla bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış"da yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmişdir. Iş materiallarından müəyyən edilir ki, göstərilən məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər, iddiaçının idxalı ilə bağlı gömrük məlumatları, vergi ödəyicisinin qeydiyyatda olan obyekti barədə olan məlumatlar, nəzarət-kassa aparatına edilmiş mədaxillər barədə məlumatlar, vergi ödəyicisinin təqdim etdiyi hesabatlar və digər məlumatlardır ki, göstərilən sənədlər də birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin məlumatlar qərarın çıxarılmasınadək mövcud olan, qərarda istinad olunan əsasla (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə) bağlılığı müəyyən edilən və yetərli hesab oluna biləcək xarakterli məlumatlardır. Sözügedən məlumatlar nəzərə alındıqda onlar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması kimi qəbul edilə bilər. Odur ki, iddiaçının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmamasına və həmin yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğunun təsdiq olunmamasına istinad edərək mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın ləğvini tələb etməsi əsaslı deyil. Bununla yanaşı, Inzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Iddiaçı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmamasına istinadla mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın ləğvini tələb edir və bu halda icraatla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu vurğulayır. Lakin burada nəzərə alınmalıdır ki, belə pozuntular yalnız inzibati orqanın qərarına təsir edən vəziyyətlər yaratdıqda inzibati aktın ləğvinə əsas verə bilər. Hazırkı işdə isə inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulması müəyyən edilmir. operativ vergi nəzarətinin həyata keçirildiyi dövrlə bağlı Cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək olan dövrü əhatə etmiş, yoxlama nəticəsində iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Iddiaçının mövqeyinə görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə keçirilir, cavabdehin davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil etmişdir. Kollegiya qeyd edir ki, ##.##.2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 50.4-1-ci maddə əlavə edilmiş və həmin norma ##.##.2024-cü il tarixdən qüvvəyə minmişdir. Həmin normaya görə, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Hazırkı iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar yeni normanın qüvvədə olduğu ##.##.2024-cü il tarixdə qəbul edildiyindən cavabdeh yoxlamadan əvvəlki dövr üzrə operativ vergi nəzarəti keçirməkdə haqlı olmuşdur. Belə olan halda, vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın bu əsasdan çıxış etməklə ləğvi tələb oluna bilməz. əməliyyatın topdansatış, yaxud pərakəndə ticarət fəaliyyəti hesab edilməsi ilə bağlı Məhkəmə kollegiyası iddiaçının cavabdeh tərəfindən onun topdansatış fəaliyyəti həyata keçirdiyi iddia olunsa da, bu halın sübuta yetirilməməsinə dair dəlili ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. operativ vergi nəzarətinin mahiyyəti və məqsədləri Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir. Vergi nəzarəti, vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemini ehtiva edir. Vergi nəzarətinin həyata keçirilməsi formalarından biri də operativ vergi nəzarətidir və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur (Vergi Məcəlləsinin 23.1.1-ci maddəsi). Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrindəki məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin istinad olunan normasını təhlil etdikdə belə nəticəyə gəlmək olar ki, operativ vergi nəzarəti müxtəlif məqsədlər üçün həyata keçirilə bilər: vergidən yayınmanın qarşısını almaq (məsələn, vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin aşkar edilməsi, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi), kölgə iqtisadiyyatını azaltmaq (məsələn, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə nəzarət etmək), şəxslərin əmək hüquqlarını, o cümlədən istehlakçı maraqlarını qorumaq (məsələn, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi), habelə maliyyə intizamını artırmaq. Sadalanan məqsədlər ölkədə vergi şəffaflığına nail olmağa, o cümlədən ədalətli rəqabət və iqtisadi sağlamlaşdırmanı təmin etməyə xidmət edir. Belə ki, vergi şəffaflığı iqtisadiyyatın sağlam inkişafının, ədalətli bazar mühitinin və dövlət büdcəsinin davamlılığının əsas şərtlərindən biridir. Şəffaflıq olmadıqda isə kölgə iqtisadiyyatı artır, investisiya mühiti zəifləyir və dövlətin maliyyə sabitliyi təhlükə altına düşür. topdansatış və pərakəndə satış fəaliyyətlərinin anlayışı və fərqləri Vergi Məcəlləsinin 13.2.62 və 13.2.63-cü maddələri "topdansatış" və "pərakəndə satış" fəaliyyətinə hüquqi anlayış verib. Belə ki, həmin normalara əsasən, "pərakəndə satış" – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; "topdansatış" isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. a) topdansatış və pərakəndə satış fəaliyyətində məqsəd ünsürü Qeyd edilən normaların məzmunundan o nəticə hasil olur ki, topdansatış və pərakəndə satış fəaliyyəti bir-birindən malların əldə edilməsinin məqsədinə görə fərqlənir. Belə ki, topdansatışda mallar sahibkarlıq fəaliyyəti məqsədləri üçün, pərakəndə satışda isə mallar son istehlak məqsədi ilə əldə edilir. b) topdansatış və pərakəndə satış fəaliyyətində malın alıcısının hüquqi statusu - subyekt ünsürü Topdansatış fəaliyyətində malın alıcısı sahibkardır (vergi ödəyicisidir - həm hüquqi şəxs, həm hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər) və aldığı malı sahibkarlıq məqsədləri üçün təqdim etmək niyyəti ilə əldə edir. Pərakəndə satış fəaliyyətində malın alıcısı fiziki şəxsdir. Lakin, bu fiziki şəxs həm vergi ödəyicisi ola bilər, həm də qeyri-sahibkar. Belə ki, şübhəsizdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həm də sahibkarlıq fəaliyyətindən kənar tam fəaliyyət qabiliyyətli şəxs kimi məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdləri də bağlayırlar. c) əməliyyatın rəsmiləşdirilməsi forması - formal ünsür Topdansatış fəaliyyətində tərəflər arasında baş tutan əməliyyat elektron-qaimə faktura ilə, pərakəndə satış fəaliyyətində isə qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə rəsmiləşdirilir. vergi ödəyicilərinin rəsmi və faktiki fəaliyyəti (məzmunun formadan üstün olması) Vergi tutma obyektinin düzgün müəyyən edilməsi, vergi güzəştlərindən və qanunvericiliyin vergi ödəyicilərinə tanıdığı imkanlarından sui-istifadəyə yol verilməməsi üçün vergi ödəyiciləri tərəfindən təqdim olunan formal sənədlərə və bəyanlara deyil, əslində həyata keçirilən faktiki fəaliyyətə baxılmalıdır. Başqa sözlə, vergi qanunvericiliyinin tətbiqi zamanı vergi məsuliyyəti yaradan hadisənin gerçək mahiyyəti əsas götürülməlidir. Bu, faktiki məzmunun formadan üstün olması -"Substance over form" prinsipindən irəli gəlir. Əks hal, yəni formanın məzmundan üstün olması ilə vergi ödəyicilərinin formal bəyanları və uçot məlumatlarına əsasən hərəkət edilsə, bu vergitutma obyektlərinin düzgün müəyyən olunmamasına, bununla da vergilərin düzgün hesablanmamasına, habelə faktiki eyni fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin fərqli vergi öhdəliklərinin yaranmasına, statistik göstəricilərin düzgün olmaması ilə iqtisadi siyasətin formalaşmasında təhrifedici məlumatlara əsaslanılmasına gətirib çıxarar. Odur ki, uçot sənədlərində fəaliyyət növünün necə göstərmələrindən asılı olmayaraq təcrübədə bəzi hallarda vergi ödəyicilərinin həyata keçirdiyi topdansatış fəaliyyətini pərakəndə satış kimi rəsmiləşdirmələri mümkündür. Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə nəzərdə tutulmuş maliyyə sanksiyasının təbiəti və güddüyü məqsəd Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, həm də bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) görə maliyyə sanksiyası tətbiq edilir. Həmin sanksiya topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsinin yaratdığı risklərin qarşısının alınması üçün müəyyən edilmişdir. Bu sanksiyanın hüquqi təbiəti ondan ibarətdir ki, o, maliyyə məsuliyyəti tədbiri olmaqla preventiv və caydırıcı xarakter daşıyır. Lakin bu maliyyə sanksiyası yalnız inzibati xarakterli tədbir deyil, həm də iqtisadi şəffaflığın mühüm alətidir. Onun məqsədi fiskal intizamı təmin etmək, kölgə iqtisadiyyatını məhdudlaşdırmaq, ədalətli rəqabət mühitini qorumaq və istehlakçı maraqlarını müdafiə etməkdir. Hüquqi mahiyyətinə görə bu sanksiya dövlətin həm maliyyə, həm iqtisadi, həm də sosial siyasətini dəstəkləyən çoxşaxəli bir mexanizmdir. əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasının müəyyənləşdirilməsi Qanunvericilikdə əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasına verilən anlayışlardan müəyyən olunur ki, həmin əməliyyatları bir-birindən ayıran əsas meyar əməliyyatın predmetini təşkil edən malın alış məqsədidir. Başqa sözlə, qanunvericilik topdan və pərakəndə satış zamanı malın sayına və həcminə, o cümlədən əməliyyatın dəyərinə münasibətdə hər hansı tənzimləyici limitlər müəyyən etməmişdir. Nəzərə alınsa ki, vergi ödəyiciləri eyni malın satışını həm topdan, həm də pərakəndə qaydada həyata keçirə bilmək hüququna malikdirlər, bu halda, malın alıcısının malı alma məqsədinin (özünün bununla bağlı bəyanı olmadığı halda) satıcı tərəfindən araşdırılmasını və müəyyən edilməsini satıcıdan tələb etmək ağlabatan görsənmir. Belə ki, malın satıcısının malın alınma məqsədini müəyyən etməklə bağlı vergi qanunvericiliyindən irəli gələn öhdəliyi yoxdur. Bu hal ilk baxışdan malın satıcısına malı alan şəxsin özünü vergi ödəyicisi kimi təqdim etmədiyi hallarda apardığı bütün əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirməyə hüquq vermiş kimi görsənir, başqa sözlə, maliyyə sanksiyasının tətbiqi üçün əsas yaratmaması təəssüratını yaradır. Lakin nəzərə alınmalıdır ki, malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi yuxarıda qeyd edilənlərə əsasən yalnız malın alıcısına deyil, satıcısına da qanunsuz üstünlüklər yaratmaq ehtimalı olduğundan, başqa sözlə, malın satıcısı da vergi orqanları qarşısında "şübhəli" vəziyyətə düşə biləcəyindən öz sahibkarlıq fəaliyyətində vicdanlı davranmalı, "topdansatış" təəssüratı yaradan əməliyyatların pərakəndə satış kimi rəsmiləşdirilməsinə şərait yaratmamalıdır. Yuxarıda qeyd edildiyi kimi, qanunverici malların dəyərinə və həcminə görə topdansatış və pərakəndə satışı fərqləndirmədiyindən, bu zaman, əməliyyatların hansına aid olmasının müəyyən edilməsi zamanı bu sahədəki vergi hüquq münasibətlərinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla bu halda sübutetmə baxımından "obyektiv hallardan yaranan əsaslı şübhə" standartı tətbiq olunmalıdır. Belə qəbildən olan işlərin xüsusiyyəti ondan ibarətdir ki, operativ yoxlama zamanı həm də əvvəlki dövrdəki əməliyyatlar qiymətləndirildiyindən vergi orqanından vergi ödəyicisinin satdığı malın alıcısının hansı məqsədlə malı almasını sübut etməyi gözləmək, vergi orqanını mümkünsüz və həddən artıq ağır sübutetmə yükü altında qoymuş olar. Belə ki, malların satışına dair sənədlərdən malın alıcısını identifikasiya etmək və malı alma məqsədini müəyyən etmək təxminən qeyri-mümkün olur. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə, vergi məsuliyyətinə cəlb etmə barədə qərar çıxarıldıqda, sübutetmə yükü qərarı qəbul etmiş vergi orqanının üzərinə düşür. Bu zaman əsas prinsip qüvvədə olur - sübutetmə yükü daşıyan vergi orqanı dəqiq, aydın, bəlli və mübahisəsiz dəlillərlə iddia olunan məsuliyyət yaradan halın mövcud olduğunu sübut etməlidir. "Obyektiv hallardan yaranan əsaslı şübhə" standartı tətbiq edildikdə isə bu qaydada sübutetmə tələb olunmur. Birmənalı və mübahisəsiz sübutetmə halı mövcud olmasa belə, əsaslı şübhə standartına cavab verən sübutetmə varsa, hal sübut olunmuş qəbul oluna bilər. Əsaslı şübhə üçün isə ciddi, konkret və yetərli sübutlar mövcud olmalıdır. Istinadı bəlli olmayan, ehtimallara və ya adi risk qiymətləndirilməsinə görə qərar qəbul edildikdə, eləcə də konkret dəlil olmadan, yaxud ziddiyyətli dəlillərə əsaslanıldığı hallarda əsaslı şübhə yaranmaz. Beləliklə, "obyektiv hallardan yaranan əsaslı şübhə" iddia olunan qanunsuz hərəkətə (topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsi) dair mübahisə üzrə mövcud olan obyektiv halların məcmusundan yaranan əsaslı şübhəyə əsaslanmalı, sırf inzibati rahatlıq məqsədilə və ehtimallarla həyata keçirilməməlidir. Bu baxımdan, "ağlabatanlıq meyarları" şübhənin sadəcə inzibati ehtimaldan hüquqi əsaslı şübhəyə keçidini təmin edən əsaslar kimi çıxış edir. Məhz "ağlabatanlıq meyarları"nın tətbiqi vergi orqanları tərəfindən irəli sürülən əməliyyatın düzgün şəkildə rəsmiləşdirilmədiyinə dair ehtimalların obyektiv və yoxlana bilən faktlara söykənən, bir-birini tamamlayan göstəricilərlə dəstəklənən, iqtisadi məntiqə uyğun gələn, alternativ izahla zəiflədilməyən, proporsional və hüquqi prosedurlarla qorunan hallarda hüquqi əsaslı şübhəyə çevirilməsinə imkan verir. Ağlabatanlıq meyarları tətbiq edilərək ehtimallardan aşağıdakı hallarda "əsaslı şübhə" formalaşa bilər: Malların xüsusiyyəti və istifadə təyinatı – şəxsi istehlak üçün qeyri-mümkün görünən malın təqdim edilməsi. Formalaşmış bazar münasibətləri və işgüzar adətlər nəzərə alındıqda neytral kənar şəxsin və ya obyektiv müşahidəçinin nəzərindən baxıldıqda inandırıcılıq. Burada sadəcə malın sayı deyil, malların istehlak məntiqi nəzərə alınmalıdır. Əməliyyatların təkrarlılığı və qısa fasilələrlə aparılması – az müddət ərzində dəfələrlə böyük həcmdə alış. Alıcının kimliyi – mümkün olduqda alıcının vergi ödəyicisi olub-olmamasının və aldığı malın onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsinin müəyyənləşdirilməsi. Satıcının təsərrüfat subyektinin xüsusiyyəti və yerləşməsi – vergi ödəyicisinin malın satışını həyata keçirdiyi təsərrüfat subyektinin xüsusiyyəti, yerləşmə yeri və təyinatının pərakəndə satışa uyğunluq baxımından qiymətləndirilməsi. Satıcının tətbiq etdiyi ticarət əlavəsi (marja) – topdan və pərakəndə qiymətlər arasındakı fərqin araşdırılması. Əməliyyatın həcmi – həyatın adi axarında formalaşmış vərdişlər baxımından pərakəndə satışın həcminə uyğun gəlməyən, şəxsi istehlak üçün qeyri-mümkün görünən sayda mal alınması. Prosessual təminatlar – tədbir qanunvericiliyin tələblərinə uyğun keçirilibmi? Inzibati icraat gedişində vergi ödəyicisinə izah imkanı verilibmi? Onun tərəfindən verilmiş izahlara münasibətdə: izahedici səbəbin olmaması və ya qeyri-ağlabatan izahların təqdim edilməsi. Iqtisadi və kontekstual ağlabatanlıq - Iqtisadi məntiq: Pərakəndə bazar bu qədər topdansatışı istehlak edə bilərmi? Sektor müqayisəsi: Mənfəət marjaları bazar ortalaması ilə müqayisədə qeyri-normal dərəcədə fərqlidirsə, şübhə güclənir. Işdən görünür ki, iddiaçı İddiaçı ##.##.2023-cu ildə vergi ödəyicisi kimi qeydiyyata alınmış, ilk təsərrüfat subyektini (obyektini) ##.##.2024-cü ildə, ilk nəzarət kassa aparatını isə ##.##.2024-cü ildə qeydiyyata aldırmışdır. Operativ vergi nəzarəti tədbiri keçirilən tarixə aktiv 1 obyekti olmuşdur. Cavabdehin "Operativ vergi nəzarətinin keçirilməsi haqqında" ##.##.2024-cü il tarixli qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə "Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi" məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, elektron qaimə-faktura təqdim edilməli olduğu halda, 2202914,07 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli akt tərtib edilmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq aktın bir nüsxəsi qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş Idarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı ilə iddiaçıya 220291,43 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nəbiyev Xəyyam Əlimusa oğlu Baş Idarəyə təqdim etdiyi ##.##.2024-cü il tarixli izahatda qeyd etmişdir ki, "İddiaçı fəaliyyəti malların topdan satılmasından ibarətdir. Mallar obyektdən topdan satış qaydada e-qaimə təqdim etmədən müxtəlif vergi ödəyicilərinə satılmışdır." Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, 1830271,072 manat dəyərində idxal etdiyi malların üzərinə 18% əlavə dəyər vergisi və 2% ticarət əlavəsi əlavə edilməklə 2202914,26 manata qısa dövr ərzində (müxtəlif günlərdə ümümilikdə 14 gün ərzində) 2425 sayda çek ilə nəzarət-kassa aparatına mədaxil edildiyi, orta hesabla 1 çek üzrə 911,22 manat mədaxil edildiyi, çeklərin qısa müddət (saniyə fərqi ilə) aralığında vurulduğu, qeyd olunan obyektlərin pərakəndə ticarət üçün yararlı olmadığı aşkar edilmişdir ki, bu da malların pərakəndə satış görüntüsü yaradılmasına dəlalət edir. Beləliklə, müəyyən olunur ki, iddiaçı malları yalnız topdan qaydada digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etmədən satmışdır. Belə ki, sözügedən hallar (mal qalığının olmadığı halda vergi ödəyicisinin çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurması hallarının aşkar olunması, obyektlərin pərakəndə ticarət üçün yararlı olmadığı aşkar edilməsi) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Eyni zamanda, iddiaçının əsas fəaliyyətinin "Kişi geyimlərinin pərakəndə satışı" olduğunu nəzərə alsaq, malların nümayiş olunması üçün vitrinlərə asılması, həmçinin mağazada müştərilərin dayanıb mallara baxması, geyinib-soyunması üçün kifayət qədər sahə mövcud olmalıdır. Lakin işdən görünür ki, iddiaçının qeydiyyata aldırdığı obyektin sahəsi cəmi 30 kv.m-dir. Kollegiya hesab edir ki, iddiaçının 1830271,072 manat dəyərində malların hamısını birdəfəyə qeyd olunan mağazaya yerləşdirə bilməsi, həmçinin, yuxarıda göstərilən məqsədlər üçün əlavə boş sahələrin saxlanılması faktiki olaraq mümkün deyil. Bundan başqa, göstərilən malların hamısının 14 günə tamamilə satılıb qurtarması və yoxlama gününə mağazada ümümiyyətlə malın qalmaması real görünmür. Digər tərəfdən, əldə edilmiş məlumatlara görə, iddiaçı 14 gün ərzində 2425 sayda çek ilə nəzarət-kassa aparatına mədaxil etmişdir ki, 1 çek üzrə mədaxil orta hesabla 911,22 manat təşkil edir. Həmin çeklərin sayını günlərin sayına böldükdə hər günə orta hesabla 173-dən artıq çek düşür. Kişi geyimlərinin pərakəndə satışını həyata keçirən mağazada gündəlik bu qədər çox mal satışının olması inandırıcı deyil. Üstəlik, iddiaçının bütün bu işləri (malların düzülməsi, alıcılarla söhbətlər, malların satılması, qablaşdırılması, pulun mədaxil edilməsi, NKA çekinin çıxarılıb verilməsi və s.) əlavə işçisi olmadan təkbaşına icra etməsi real görünmür. Məhkəmə iclasında məhkəmə kollegiyasının bununla bağlı suallarına iddiaçının nümayəndəsi aydınlıq gətirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan xüsusatlar "obyektiv hallardan yaranan əsaslı şübhə" standartının tətbiqinə və iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə olan halda, cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar