Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-486/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı ##.##.2008-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə əyani müayinəyə dəvət edilmiş, iddiaçı əyani müayinədə iştirak etmiş və cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə ##.##.2001-ci ildən təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi ##.##.2025-ci il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilməklə ləğv edilmişdir. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentlik tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-U-*****/**** nömrəli məktubunda qeyd edilən, lakin ona təqdim edilməyən inzibati aktın ləğv edilməsi və 2-ci qrup ömürlük təyin edilmiş əlilliyin bərpa edilib, ##.##.2025-ci il tarixdən ödənişi dayandırılmış pensiyasının ödənişinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*****/**** nömrəli qərarının ləğv edilməsi və 2-ci qrup əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Agentlik ##.##.2025-ci il tarixli, 3-17-4/2- ****/**** nömrəli bildirişlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra Qaydası) 37-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21-ci maddəsinə əsaslanaraq ##.##.2025-xi il tarixdə Agentlikdə əyani müayinədən keçməyə dəvət etmişlər. Həmin tarixdə əyani müayinədə olarkən TSEK-in mövcud qərarının düzgünlüyünü şübhə alıtna alan təqdim edilmiş əyani müayinədə olarkən ona təqdim etməyiblər. ##.##.2025-ci il tarixində diaqnozun əvvəlki əlaməti L4-L5 fəqərələr arası disk yırtığı, Epidural venaların varikoz genişlənməsi. Sol aşağı ətrafın parezi qərarının Agentlik ##.##.2025-ci ildə ona ünvanladığı məktuba əlavə etməyib. Bununla da, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin tələblərini pozmuşdur Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*****/**** nömrəli qərarının ləğv edilməsi və iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında ##.##.2008-cl il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1997-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə" yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz "L4-L5 fəqərəarası disk yırtığı. Epidural venaların varikoz genişlənməsi. Sol aşağı ətrafın parezi" olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-*-****/**** nömrəli məktub əsasında ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş müayinədə iştirak etmiş, ##.##.2025-ci il tarixində müayinə nəticəsi təqdim edilmişdir. Müayinə zamanı, vətəndaş sol aşağı ətrafın bir hissəsində olan soyuqluqdan, bel ağrısından, döş fəqərələri nahiyyəsində olan ağrılardan şikayət etmiş, heç bir müayinə və müalicə sənədi təqdim etməmişdir. ##.##.2025-ci il tarixində DTSERA-da da həkim-ekspertlər tərəfindən komissiya şəraitində əyani müayinə aparılmış, həkimnevropatoloq müayinəsi nəticəsində rəyi: "Müayinə zamanı yerişi sərbəst olmuşdur. Diz və axil refleksləri D=S, orta canlı, əzələ güçü 5/5 bal, əzələ tonusu normada olmuş, atrofiya, hipotrofiya aşkarlanmamışdır." kimi müəyyənləşmiş, əlillik təyinatına əsas verən patofunksional dəyişiklər aşkar edilməmiş, vətəndaşdan xəstəliyinə aid müayinə və müalicə sənədləri və hazırkı vəziyyətini əks elətdirən ixtisaslaşmış tibb müəssisəsindən rəy təqdim etməsi istənilsə də, vətəndaş tərəfindən ##.##.2025-ci il tarixində yalnız bel oma nahiyyəsinə aid MRT nəticəsi təqdim edilmişdir (nəticə əlavədə). Anamnestik məlumatlar, təqdim edilmiş sənəd və əyani müayinə nəticəsinpe diaqnozun əlilliyin təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2025-ci il tarixindən "Diaqnozun əlillik əlaməti təyin etməməsi" qərarı qəbul edilsin. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbiekspertizanın rəyinə əsaslanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsinə dair oxşar mübahisə ilə bağlı Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyinə (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)- ****/**** №-li iş üzrə ##.##.2025-ci il tarixli Qərarı) uyğun olaraq İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl-edilib-edilməməsi yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçının əlilliyi ##.##.2025-ci il tarixli qərarla ləğv edilsə də, bu barədə məlumat cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçıya təqdim edilmiş, (hansı tarixdə təqdim edilməsi ilə bağlı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır) iddia isə ##.##.2025-ci il tarixdə qaldırılmışdır. Odur ki, kollegiya hesab edir ki, iddia müddəti ötürülməmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə” arayışa əsasən iddiaçı ##.##.2025-ci il tarixində qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən əlilik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İddiaçının sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus əlillik təyinatı ilə bağlı məlumatları özündə əks etdirən “Əlillik alt sistemi”ndən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə, iddiaçının ##.##.2001-ci ildən təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi ##.##.2025-ci il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilməklə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli sorğuya cavab məktubuna əsasən, İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh faktiki xarakterli hərəkətlərlə iddiaçıya münasibətdə onun müddətsiz əlilliyini dayandırmış və bu dayandırma iddiaçıya münasibətdə hər hansı bir əyani müayinə aparılmadan, qəbul edilmiş qərar barədə iddiaçı məlumatlandırılmadan həyata keçirilmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmamış, yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsasların ortaya çıxması ilə bağlı sübutlar təqdim edilməmişdir. Bundan başqa, sözügedən hallar üzrə konkret iddiaçı ilə birbaşa bağlı halların olmasını əsaslandırmamış, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi, İddiaçı İddiaçı ##.##.2008-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə əyani müayinəyə dəvət edilmiş, iddiaçı əyani müayinədə iştirak etmiş və cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə ##.##.2001-ci ildən təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi ##.##.2025-ci il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilməklə ləğv edilmişdir. İddiaçı hazırda onun əlilliyinin ləğvinə dair həmin qərarı mübahisələndirir. Cavabdehin etirazından, apellyasiya şikayətindən və digər sənədlərdən göründüyü kimi, mübahisə predmeti qərarların qəbul edilməsinin səbəbi kimi cavabdeh qeyd edir ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş, əyani komissiyada iştirak etmiş, həkim ekspertlər tərəfindən müayinəsi həyata keçirilmişdir. Bunun nəticəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilməklə əlilliyi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*-**/*-***/**** saylı məktubu ilə təqdim edilmiş, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda göstərilmişdir ki, “83.Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır...85. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin çoxsaylı qərarlarında ifadə etdiyi hüquqi mövqeyə və nəticə etibarilə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, əlilliyin inzibati orqan tərəfindən müəyyən olunduğu hallarda, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. 86. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 87. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 88. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı iş üzrə cavabdeh ümumi qaydada əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılmasına istinad etmiş, həmin yoxlamanın iddiaçıya aid hallarla bağlı olmasına dair hər hansı dəlil irəli sürülməmiş və sübut təqdim etməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdehin ##.##.2024 və ##.##.2024-cü il tarixli qərarları mahiyyət etibarilə iddiaçı barədə əlillik təyinatının ləğv olunması barədə qərar olmaqla əliverişli inzibati aktın ləğvinə yönəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Hazırkı iş üzrə iddiaçının əlillik təyinatının ləğv edilməsinə əsas verə biləcək Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunmamışdır. Beləliklə, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə əməl etmədən qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv edilməlidir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-486/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-486/2026
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver