Məhkəmə qərarları › İş №2-1(3-6)-488/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-488/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-488/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə İsmayıl oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli *** saylı qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli *** saylı qərarına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsində fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə onun mülkiyyətinə verilmişdir. Bundan sonra torpaq sahəsində inşa olunacaq zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin layihəsi “xxxx” MMC tərəfindən işlənilmiş və tikinti işlərinin təqdim edilən layihə əsasında aparılmasına icazə verilməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının ** nömrəli ##.##.2011-ci il tarixli sərəncamına əsasən İddiaçı istifadəsində olan və Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsində yerləşən 500 kv.m torpaq sahəsində təqdim olunan layihə əsasında zirzəmili, ikimərtəbəli frədi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin, Binəqədi Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən İddiaçı verilmiş torpaq sahəsinin situasiya planı (miqyas 1:10000) bələdiyyənin sədrinin imzası, həmçinin bələdiyyənin mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndismemarının imzaları və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi baədə müraciəti cavabdeh tərəfindən müsbət həll edilməmiş, ##.##.2024-cü il tarixli, *-**-*-**/*-******** nömrəli məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, ona ayrılan bələdiyyədən başqa şəxslər də, özlərinə torpaq sahələri almış, həmin şəxslərdən bir neçəsi mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı inzibati orqana müraciət edərək hüquqlarının qeydiyyatına nail olaraq müvafiq çıxarışlar əldə etmişlər. Belə olduğu təqdirdə inzibati orqanın onun hüquqlarının nə üçün dövlət qeydiyyatına alınmasından imtina etməsi onlarda təəccüb doğurur. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** nömrəli, ##.##.2007-ci il tarixli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi ünvanda yerləşən qonşu torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyata alınaraq onalra bu barədə müvafiq çıxarışlar, o cümlədən torpaq sahəsinə dair plan və ölçü sənədləri verilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki halalra və hüquqi əsaslara söykənən K.Qocayevaya münasibətdə hüququnun qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Hesab edir ki, inzibati orqan tərəfindən ona qarşı qərəzli münasibət sərgilənir. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin, təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd olunmamış, o cümlədən bələdiyyənin qərarına istinad olunmamışdır. Bundan əlavə, təqdim edilmiş müvafiq qərarın arxiv arayışına əlavə edilmiş yerləşmə cizgisi digər şəxsin adınadır. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd olunmamış, o cümlədən bələdiyyənin qərarına istinad olunmamışdır. Bundan əlavə təqdim edilmiş müvafiq qərarın arxiv arayışına əlavə edilmiş yerləşmə cizgisi digər şəxsin adınadır. Məhkəmə tərəfindən müvafiq torpaq sahəsi üzərində hüquqların iddiaçıya mənsub olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddiaçıya məxsus torpaq sahəsinin yerləşmə cizgisinin əslini təqdim edərək izahatında bildirdi ki, İdarəyə müraciət edilən zamanı bələdiyyə qərarına yalnışlıqla digər şəxsə məxsus torpaq sahəsinə dair yerləşmə cizgisi əlavə edilsə də, sonradan məhkəmə araşdırması zamanı bələdiyyə tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarına əsasən X3 ərizəsini nəzərə alaraq Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 500 kv.m torpaq sahəsindən istifadə etməyə maddi imkanı olmadığından Bələdiyyənin ##.##.2006-cı il tarixli *** saylı qərarı ləğv edilərək qüvvəsini itirmiş hesab edilmiş və onunla bağlanmış ##.##.2006-cı il tarixli, *** saylı alqı-satqı müqaviləsinə xitam verilmiş, İddiaçı müraciəti nəzərə alınaraq 7-ci mkr, Xarici Dairəvi küçəsində, fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə əlavə edilmiş cizgi əsasında onun mülkiyyətinə ayrılmışdır. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətinin dəlillərində o hallara istinad etmişdir ki:

1. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.

2. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd olunmamış, o cümlədən bələdiyyənin qərarına istinad olunmamışdır.

3. Təqdim edilmiş müvafiq qərarın arxiv arayışına əlavə edilmiş yerləşmə cizgisi digər şəxsin adınadır. Apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən ## ####### 2025-ci il tarixli, BRB/D-*** nömrəli məktubla bildirilmişdir ki, Binəqədi Bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsində yerləşən 500 kv.m torpaq sahəsinin ayrıldığı dövrdə və eləcə də, hazırda “Bələdiyyə torpaqlarının və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli *** saylı sərəncamına və Memarlıq və Şəhərsalma Baş İdarəsinin əlavəsinə əsasən Binəqədi Bələdiyyəsinə ayrılmış ayrıc aktının hüdudları daxilində olan torpaq sahəsidir. Göründüyü kimi, sözügedən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli *** saylı sərəncamına və Memarlıq və Şəhərsalma Baş İdarəsinin əlavəsinə əsasən Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Hamıya bəlli olan haldır ki, hazırki vaxtadək bir çox bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin bu hal bələdiyyədən vaxtilə qanunvericiliyin imkan verdiyi həddə torpaq sahəsi satın alan şəxslərin hüquqlarını pozmamalıdır. Bununla yanaşı iş materiallarına əlavə olunmuş Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Baçısının ** nömrəli ## ### 2011-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, İddiaçı istifadəsində olan və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin *** saylı ##.##.2007-ci il tarixli Qərarı ilə ayrılan Binəqədi rayonu 7-ci mikrorayon Xarici Dairəvi küçəsində yerləşən 500 kv.m. torpaq sahəsində təqdim edilən layihə əsasında zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi, müvafiq yerli icra hakimiyyəti orqanı da iddiaçıya bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsi üzərində yaşayış evinin tikintisinə icazə vermişdir. Dolayısı ilə ərazinin bələdiyyə ərazisi olması digər bir inzibati orqanın aktı ilə bir daha təsdiqlənmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı aparılan araşdırmalar və təqdim edilmiş sənədlər nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri digər fiziki şəxslərin adına Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin qərarlarına əsasən ayrılmışdır və həmin torpaq sahələri sözügedən şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da, cavabdeh tərəfindən eyni mühüm faktiki və hüquqi hallara söykənən işlər üzrə iddiaçıya münasibətdə fərqli hüquqi mövqe sərgilənməsi (torpaq sahəsinin dövlət mülkiyyətində olmasının iddia edilməsi) əsas konstitusion hüquqlardan olan bərabərlik hüququnun və ona əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. O cümlədən, hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla Qanunun 18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, müvafiq işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2023ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Apellyasiya şikayətinin ikinci və üçüncü dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı və ona əlavə edilmiş sənədlərin əsli iddiaçıda, həmçinin sənədlərin arxiv nüsxəsi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Torpaq sahəsinin cizgisində istinad, istinad məsafələrinin qeyd olunmaması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Cavabdehin imtina əsası kimi qeyd etdiyi bu əsas iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, işin hallarından göründüyü kimi, sözügedən torpaq sahəsi uzun illərdir iddiaçının faktiki istifadəsindədir və mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan qərarın və həmin qərara əlavə edilmiş yerləşmə cizgisinin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, apellyasiya araşdırması zamanı da sözügedən qərara əlavə edilmiş cizginin əsli təqdim edilmiş və iş materiallarına surəti əlavə edilmişdir. Həmin cizgidə də iddiaçının adı qeyd olunmuş, arxiv nüsxəsində də iddiaçının adıdır. Bununla da məhkəmə kollegiyası diqqətə çatdırır ki, bu hallar iddiaçının torpaq üzərində mülkiyyət hüququnun tanınmaması üçün əsas ola bilməz. Qeyd edildiyi kimi Binəqədi bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sənədlərin arxiv əsası mövcuddur. Beləliklə, iş materiallardan görünür ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı-satqı aktını cavabdehə təqdim etmişdir, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı satqı aktı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid edilməsi iş üzrə araşdırmalar zamanı müəyyən edilmədi. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar