Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-49/2026 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X4 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4141/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil kimi göstərilən yaşayış sahəsinin texniki pasportunda yaşayış sahəsinin altındakı torpaq və istifadədə olan həyətyanı torpaq sahəsi göstərilməklə fərdi yaşayış evi kimi iddiaçının adına dövlət qeydiyyatına alınması və buna dair yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, X3 hazırkı iş üzrə üçüncü şəxs qismində adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin altındakı və istifadədə olan həyətyanı torpaq sahəsinin İddiaçı adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evi 2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən, keçmiş mülkiyyətçi X1 notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır. Evə dair mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmış və buna dair xx.xx.2023-cü il tarixli çıxarış və texniki pasport almışdır. Mülkiyyət sənədində ev mənzil kimi qeyd edilsə də, əmlak ayrıca girişçıxışı olan naturada fərdi yaşayış evidir. Evin ümumi sahəsi 61,5 kv.m., evin altındakı və həyətyanı torpaq sahəsi isə 567 kv.m.-dir. İddiaçıda əvvəlki mülkiyyətçinin adına AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin koordinatlarının verildiyi torpaq sahəsinə dair plan-ölçü mövcuddur. Bundan əlavə, əvvəlki mülkiyyətçinin adına torpaq sahəsinin ayrılmasına və plan ölçüsünə dair müxtəlif arayışlar mövcuddur. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə fərdi yaşayış evinin altında yerləşən və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyata alınması üçün müraciət etdikdə cavabdeh rəsmi cavabında iddiaçıya hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədlərinin olmadığını bildirmiş bu səbəbdən torpaq sahəsinə dair hüquqlarını qeydə almaqdan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını həm qanunsuz, həm də əsassız hesab edir. Mülkiyyətində olan əmlak mənzil kimi reyestrdə qeyd edilsə də, əmlakın altında yerləşən torpaq sahəsi və həyətyanı sahə faktiki sahibliyində və istifadəsindədir. Fərdi yaşayış evi isə hər hansı bir tikili ilə ümumi girişçıxışa malik olmayan, ayrıca giriş-çıxışlı ayrıca qapısı və yolu olan fərdi yaşayış evidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, göstərilən sahə eyni konfiqurasiyada və eyni sahə olmaqla X2 məxsus **********0302 nömrəli kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4141/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Torpaq islahat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, qanunverici, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların xüsusi mülkiyyətə verilməsi imkanını təsbit edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 1(112)-4141/2025 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkilinə məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Sonuncu şikayət vermə günü (sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən) xx.xx.2025-ci il olduğu halda, apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə, elektron qaydada, şikayət verilmə müddəti bitdikdən 1 gün sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 75.3-cü maddəsinə əsasən, məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir; 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırkı işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Digər tərəfdən, ötürülmüş müddətin 1 gün olması özlüyündə şikayətin mümkün sayılmasına əsas verə bilməz. Əks yanaşma prosessual qanunvericiliyin müddətlərlə bağlı konkret tələblərini əhəmiyyətsiz edəcəkdir. O da nəzərə alınmalıdır ki, 30 günlük müddət şikayətin hazırlanması və məhkəməyə təqdim edilməsi üçün yetərli müddətdir. Bu səbəbdən müddətin 1 gün ötürülməsi özlüyündə şikayətin mümkün sayılmasına və ya müddətin bərpasına (ərizə verildiyi halda) əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən hallarla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2026-cı il tarixə təyin edilmiş və iddiaçıya ünvanlanmış xx.xx.2026-cı il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4141/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-49/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-49/2026
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver