Məhkəmə qərarları › İş №2-1(3-6)-498/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-498/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-498/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Quliyev İlham Allahverən oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və Həmid Azər oğlu Ağalarovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Quliyev İlham Allahverən oğlunun, cavabdehin nümayəndəsi Mürşüdlü Aysel İsa qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11307/2025 saylı, 28.11.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İşdə olan AZE seriyalı 14144521 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı 06.03.1960-cı ildə doğulmuş, 65 yaşı 06.03.2025-ci ildə tamam olmuşdur.

2. 021585 nömrəli, 03.04.1979-cu il tarixli diplomdan görünür ki, Quliyev İlham Allahverən oğlu Lenin texnikumunun “Su təchizatı, kanalizasiya, çirkab və sənaye sularının tənzimlənməsi” fakultəsi biitirmiş, ona texnik-texnoloq ixtisası verilmişdir.

3. 4042018 nömrəli hərbi biletdən görünür ki, iddiaçı 11.04.1979-13.04.1981-ci illərdə həqiqi hərbi xidmət keçmişdir.

4. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 27.01.1979-12.04.1979-cu illərdə SSR Sənai Tikintisi Nazirliyinin Mənəvi kommunal kontorunda, 06.07.1981- 26.09.1994-cü illərdə “Azsantexqur” Trestinin Bakı Quraşdırma İdarəsində, 29.09.1994-07.02.1995-ci illərdə “Azərnəqliyyatyolxüsusitikintiquraşdırma” trestində, 07.02.1995- 25.12.2000-ci illərdə 2 nömrəli BQN-nı baş iş icraçısı vəzifəsində işləmiş, 25.12.2000-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmiş, 10.01.2020-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsinin təmir-tikinti şöbəsinin inşaat qrupuna santexnik vəzifəsinə qəbul edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Quliyev İlham Allahverən oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06.03.1960-cı ildə anadan olmuşdur. İddiaçı 01.09.1975-ci ildən 24.02.1979-cu ilədək əyani təhsil almış, hərbi biletinə əsasən 11.04.1979-cu il tarixindən 13.04.1981-ci il tarixindək hərbi xidmət keçdiyi müəyyən edilir. Cavabdeh orqan iddiaçının ümümi stajının 23 il 10 ay 1 gün olduğunu bildirir. Eyni zamanda 29.09.1994-cu ildən 07.02.1995-ci tarixindək və 07.02.1995-ci il tarixindən 25.12.2000-ci il tarixindək stajı doldurulma qaydası pozulduğu üçün imtina verilmişdir.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 06.03.1960-cı təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu 06.03.2025-ci il tarixdə çatmışdır. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixinədək 18 il 10 ay 1 gün sığorta stajına uyğun olaraq 19397,72 manat, 01.01.2020-ci il tarixindən 01.01.2025-ci il tarixinədək 7432,19 manat olmaqla, ümumilikdə 26829,9 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 01.01.2006-cı ildən 01.07.2018- ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının əmək fəaliyyəti dövrləri, o cümlədən 01.09.1975-ci il tarixindən 24.02.1979-cu il tarixinədək əyani təhsil aldığı illər, eyni zamanda 11.04.1979-cu il tarixindən 13.04.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 10 ay 1 gün təşkil edir. İddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş 29.09.1994-cü il tarixindən 07.02.1995-ci il tarixinədək (işdən azadolma tarixi ilə əmr tarixi arasında uyğunsuzluq mövcuddur) və 07.02.1995-ci il tarixindən 25.12.2000-ci il tarixinədək (işdənçıxma zamanı) həmin dövr üzrə qüvvədə olan məcəlləyə və onun müvafiq maddəsinə istinad olunmayıb) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyildir. Əlavə olaraq, sözügedən dövrlər üzrə iddiaçının əməkhaqqı almağını təsdiq edən sənədlər (əməkhaqqı arayışları və əmrlərdən çıxarışları) təqdim olunmamışdır. Nəticə olaraq, əldə olunmuş mötəbər məlumatlar əsasında iddiaçının ümumilikdə sığorta stajı 23 il 10 ay 1 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11307/2025 saylı, 28.11.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Quliyev İlham Allahverən oğluna hüququnun yarandığı 65 yaşının tamam olduğu 06.03.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasındakı qeydlərin mötəbər olduğu mənasına gəlmir. Belə ki, işəgötürənlə yanaşı işçilər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 nömrəli qərarının təsir dairəsinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının məzmunundan göründüyü kimi işçinin əmək kitabçasındakı səhv və qeyri-dəqiq yazılar üzərində düzəlişlər edilməsini işəgötürənin diqqətinə çatdırmaq və tələb etmək hüququ və bu hüquqdan istifadə etmək öhdəliyi vardır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

17.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 18.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı 65 yaşının tamam olduğu tarixdə ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.

22. Cavabdeh orqan isə imtina əsası kimi 2 hala istinad edir: 1) İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixinədək 18 il 10 ay 1 gün sığorta stajına uyğun olaraq 19397,72 manat, 01.01.2020-ci il tarixindən 01.01.2025-ci il tarixinədək 7432,19 manat olmaqla, ümumilikdə 26829,9 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. 2) “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş 29.09.1994-cü il tarixindən 07.02.1995-ci il tarixinədək (işdən azadolma tarixi ilə əmr tarixi arasında uyğunsuzluq mövcuddur) və 07.02.1995-ci il tarixindən 25.12.2000-ci il tarixinədək (işdənçıxma zamanı) həmin dövr üzrə qüvvədə olan məcəlləyə və onun müvafiq maddəsinə istinad olunmayıb) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyildir.

23. İş materiallarından görünür ki, 01.01.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixinədək 18 il 10 ay 1 gün sığorta stajına uyğun olaraq 19397,72 manat, 01.01.2020-ci il tarixindən 01.01.2025-ci il tarixinədək 7432,19 manat olmaqla, ümumilikdə 26829,9 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir.

24. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 25 il sığorta stajının olması zəruridir.

25. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 27.01.1979-12.04.1979-cu illərdə SSR Sənai Tikintisi Nazirliyinin Mənəvi kommunal kontorunda, 06.07.1981- 26.09.1994-cü illərdə “Azsantexqur” Trestinin Bakı Quraşdırma İdarəsində, 29.09.1994- 07.02.1995-ci illərdə “Azərnəqliyyatyolxüsusitikintiquraşdırma” trestində, 07.02.1995- 25.12.2000-ci illərdə 2 nömrəli BQN-nı baş iş icraçısı vəzifəsində işləmiş, 25.12.2000-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmiş, 10.01.2020-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsinin təmir-tikinti şöbəsinin inşaat qrupuna santexnik vəzifəsinə qəbul edilmişdir.

26. Lakin, əmr tarixi ilə işdən azad olma tarixi arasında uyğunsuzluq olduğu üçün 29.09.1994-07.02.1995-ci illər, 2000-ci ildə Əmək Qanunları Məcəlləsi qüvvədə olmadığı üçün 07.02.1995-25.12.2000-ci illər cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməmişdir.

27. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarına əsasən Quliyev İlham Allahverən oğlunun 2 saylı Bakı Quraşdırma İdarəsinin işçiləri barədə təqdim olunmuş məlumatda mühəndis vəzifəsində çalışdığı qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş 2 saylı Bakı Quraşdırma İdarəsinin 10.06.1999-cu il tarixə işçiləri haqında məlumatdan görünür ki, əsas iş yeri 2 saylı Bakı Quraşdırma İdarəsi olan işçilərin siyahısında mühəndis Quliyev İlham Allahverən oğlunun adı da qeyd edilmiş, onun 20 il stajının olması göstərilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi “Azərnəqliyyatyolxüsusitikintiquraşdırma” tresti 1999-cu ildə özəlləşdirilərkən onun işçilərinin siyahısı tərtib edilmiş, həmin vaxt iddiaçının müəssisədə işləməsi müəyyən edilmişdir.

28. Odur ki, iddiaçının 65 yaşının tamam olduğu 06.03.2025-ci il tarixə 25 ildən artıq, 30 ildən çox sığorta stajı olmuş, buna görə də onun həmin tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11307/2025 saylı, 28.11.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11307/2025 saylı, 28.11.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar