Məhkəmə qərarları › İş №2-1(3-6)-499/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-499/2026

21.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-499/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı İddiaçı İslam oğlunun və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri X3 İcraiyyə Komitəsinin **/*** nömrəli, ##.##.1991-ci il tarixli qərarından görünür ki, 22 nəfərdən ibarət *** nömrəli Ləiş bağ tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş, 19-cu sırada Kələntərov Hüseyn İslam oğlunun adı qeyd edilmişdir.

2. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə aktından görünür ki, nümayəndə tərəfindən göstərilən sahə 2-3 daş hündürlüyündə hasar daxilindədir. Sahədə tikili yoxdur. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (keçmiş BTİ və İB tərəfindən verilmiş icarə müqaviləsi və ya order) təqdim edilməmişdir. Bağ nömrəsi məhkəmə sorğusuna əsasən yazılmışdır. Göstərilən sahənin koordinatları əlavə olunmuşdur. Sahənin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur. Sahəni İlham adlı şəxs göstərmişdir. Sahəyə yol kimi şərq hissədəki torpaq yoldan istifadə ediləcəyini bildirmişdir.

3. Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sahə 2-3 daş hündürlüyündə hasar daxilindədir. Faktiki torpaq sahəsi 1200.0 kv.m təşkil edir. İdarənin arxivində *** saylı BTK nəzdində Ləhiş bağ massivində **** nömrəli bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Koordinatlarla verilmiş sahə vahid elektron kadastr bazasında **** saylı bağ və bölünənlərin ərazisinə düşür (qonşu özəl bağ sahələrinin nömrə ardıcıllığına əsasən). Hansı bölünənin ərazisi olduğunu təyin etmək mümkün olmamışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı İddiaçı İslam oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1743” nömrəli torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər Soveti İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İcra Hakimiyyəti) ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində bağ sahəsinin ayrılmasına dair *** saylı bağ tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı qeyd edilmişdir. Bu qərar əsasında İddiaçı İslam oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən **** nömrəli torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respulikası Bakı şəhər Soveti icraiyyə Komitəsi tərəfindən iddiaçıya ayrılmış “1743” nömrəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə ərizə ilə müraciət olunmuşdur. Lakin ərizəyə cavabdehin ##.##.2021-ci il tarixli imtina məktubu ilə cavab verilmiş, imtina məktubunda əsas olaraq qeyd olunmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli, **/*** nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində bağ sahəsinin ayrılmasına dair *** saylı bağ tikinti kooperativi üzvlərinin siyahısında Kələntərov Hüseyn Islam (siyahıda olduğu kimi) oğlunun adı qeyd edilmiş, ikin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir.

6. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli **/*** nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində bağ sahəsinin ayrılmasına dair *** saylı bağ tikinti kooperativi üzvlərinin siyahısında Kələntərov Hüseyn İslam oğlunun adı qeyd edilmişdir. Lakin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Eyni zamanda idarənin arxivində sözügedən bağ sahəsinə dair order və digər sənədlər aşkar olunmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan yeganə sənəd ##.##.1991-cu il tarixli **/*** saylı Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarıdır, hansı ki, həmin qərarla torpaq sahəsinin ayrılması nəzərdə tutulmamış, *** nömrəli bağ tikinti kooperativinin 22 nəfərdən ibarət tərkibi təsdiq edilmiş və iddiaçının adı həmin BTK-nın üzvlərinin siyahısında göstərilmişdir.

9. Məhkəmə qeyd edir ki, iddiaçının adının bağ tikinti kooperativinin üzvlərinin siyahısında göstərilməsi hələ ona torpaq ayrılması demək deyil. Belə ki, həmin sənəddən nə iddiaçıya ayrılan bağ sahəsinin nömrəsi, nə yerləşmə yeri, nə də onun ölçüsü müəyyən olunur. Buna görə də həmin sənəd «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri hesab oluna bilməz. Çünki Bakı şəhəri XDS İK-nin ##.##.1989-cu il tarixli qərarının qəbul edildiyi vaxt qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir.

10. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Soveti İK-nin **/*** nömrəli, ##.##.1994-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrıldığını iddia etsə də, həmin vaxt torpaq sahəsinin naturada (faktiki) idiaçının istifadəsinə verilməsi müəyyən olunmur. İş materiallarından həmçinin **** saylı bağ sahəsinin *** saylı BTK-ya ayrılmış bağlardan biri olmasını təsdiq edən hər hansı bir sənəd də yoxdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- *****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı İslam oğluna ayrılmış bağ sahəsi 1991ciildən bu günə qədər faktiki istifadəsində olub, 30 ildən artıq müddətdə heç bir dövlət orqanı və ya şəxs tərəfindən mübahisələndirilməyib. Bu, Konstitusiyanın 29-cu maddəsində təsbit edilmiş mülkiyyət hüququnun, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-cimaddəsində nəzərdə tutulan qazanılmış hüquq və hüquqi sabitlik prinsipinə ziddir. Məhkəmə tərəfindən bu müddət və faktiki istifadə hüququ nəzərə alınmadan qərar çıxarılmışdır.“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-cimaddəsinə əsasən, daşınmazəmlak — üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Qeyd olunmalıdır ki, Bakı Şəhər Sovetinin **/*** nömrəli qərarı məhz bu müddəaya uyğun hüquqmüəyyənedici sənəddir. Həmin qərarla torpaq sahəsinin ayrılması və üzvlük təsdiq olunmuş, torpaq faktiki istifadəyə verilmişdir. Məhkəmə 8.0.8 maddəsini yalnız formal yanaşma ilə tətbiq etmiş, prezumpsiya prinsipini — yəni dövlət orqanının qərarının etibarlılığı prinsipini nəzərə almamışdır. İddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. İş materiallarından görünür ki, İddiaçı İslamoğlu Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarına əsasən *** saylı bağ tikinti kooperativinin üzvü kimi Ləhiş bağ massivində “1743” nömrəli torpaq sahəsini əldə etmişdir. Bu qərar inzibati akt xarakterli sənəddir və həmin dövrdə (1991-ci il) torpaq hüquqlarının verilməsi üçün qanuni əsas hesab olunurdu. Məhkəmə bu qərarı yalnız “siyahının təsdiqi” kimi qiymətləndirmiş, lakin həmin siyahının torpaq bölgüsünün hüquqi tərkib hissəsi olduğunu və torpaq sahəsinin ayrılması prosesini tamamladığını nəzərə almamışdır. Bu, İPM-in 12-cu maddəsi (İşin hallarının araşdırılması prinsipi) tələblərinin pozulmasıdır. Bundan əlavə,Azərbaycan Respublikası Bakışəhər Soveti İcraiyyəKomitəsinin (indiki Bakı şəhəri İcra Hakimiyyəti) ##.##.1991-ci il tarixli,**/*** nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində bağ sahəsinin ayrılmasına dair *** saylı bağ tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı qeyd edilmiş olması məhz həmin dövr üzrə vətəndaşa torpaq sahəsinin ayrılmış olmasını ehtiva edir. Beləliklə, İddiaçı təqdim etdiyi Bakı Şəhər Sovetinin **/*** nömrəli qərarı qeydiyyat üçün kifayət idi və imtina qanunsuz inzibati hərəkət sayılır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.

15. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

22. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən **** saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və həmin bağ sahəsinə dair adına çıxarışın verilməsini xahiş edir.

23. Qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmiş, iddaçı bu sənədlərdən heç birini məhkəməyə təqdim etməmişdir.

24. İşdə olan yeganə sənəd ##.##.1991-cu il tarixli **/*** saylı Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarıdır, hansı ki, həmin qərarla torpaq sahəsinin ayrılması nəzərdə tutulmamış, *** nömrəli bağ tikinti kooperativinin 22 nəfərdən ibarət tərkibi təsdiq edilmiş və iddiaçının adı həmin BTK-nın üzvlərinin siyahısında göstərilmişdir.

25. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının adının bağ tikinti kooperativinin üzvlərinin siyahısında göstərilməsi hələ ona torpaq ayrılması demək deyil. Belə ki, həmin sənəddən nə iddiaçıya ayrılan bağ sahəsinin nömrəsi, nə yerləşmə yeri, nə də onun ölçüsü müəyyən olunur. Buna görə də həmin sənəd Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri hesab oluna bilməz. Çünki Bakı şəhəri XDS İK-nin ##.##.1989-cu il tarixli qərarının qəbul edildiyi vaxt qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir.

26. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir.

27. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Soveti İK-nin **/*** nömrəli, ##.##.1994-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrıldığını iddia etsə də, həmin vaxt torpaq sahəsinin naturada (faktiki) idiaçının istifadəsinə verilməsi müəyyən olunmur. İş materiallarından həmçinin **** saylı bağ sahəsinin *** saylı BTK-ya ayrılmış bağlardan biri olmasını təsdiq edən hər hansı bir sənəd də yoxdur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.”

29. Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.

30. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

31. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil bərabərlik prinsipinin təminatı baxımından X1 və X2 mülkiyyət hüququna çıxarışların təqdim edilməsi vəsatətini də təqdim etməyə lüzum görməmişdir.

32. Belə ki, əvvəla X1 və X2 mülkiyyət hüququna çıxarışların iddiaçıya münasibətdə hansı əmlak olması və naturada harada yerləşməsi, eyni faktiki və hüquqi hallara dayanması əsaslandırılmamışdır.

33. İkincisi iş materiallarından həmçinin **** saylı bağ sahəsinin *** saylı BTK-ya ayrılmış bağlardan biri olmasını təsdiq edən hər hansı bir sənəd də yoxdur.Bağ nömrəsi iddia tələbinə və məhkəmə sorğusuna əsasən müəyyən olunmuşdur.

34. Bundan başqa cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sahə 2-3 daş hündürlüyündə hasar daxilindədir. Faktiki torpaq sahəsi 1200.0 kv.m təşkil edir. İdarənin arxivində *** saylı BTK nəzdində Ləhiş bağ massivində **** nömrəli bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Koordinatlarla verilmiş sahə vahid elektron kadastr bazasında **** saylı bağ və bölünənlərin ərazisinə düşür (qonşu özəl bağ sahələrinin nömrə ardıcıllığına əsasən). Hansı bölünənin ərazisi olduğunu təyin etmək mümkün olmamışdır.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar