Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-506/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Apostil edilərək notarial qaydada təsdiq edilmiş Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən ##.##.2017-ci il tarixdə verilmiş B17 № ****** nömrəli bakalavr diplomuna əsasən İddiaçı “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası (bakalavr/qiyabi) üzrə proqramı mənimsəmiş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarına əsasən o, bakalavr dərəcəsi ilə təltif olunmuşdur.
2. Ukrayna Təhsil və Elm Nazirliyi V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****-**/*** nömrəli təhsil haqqında arayışa əsasən, V.N.Karazin adına Xarkov Milli Universitetinin rektorluğu bildirir ki, Azərbaycan vətəndaşı ##.##.1994-cü il təvəllüdlü İddiaçı 2013-cü ildə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər və Turizm Biznesi” fakültəsinin 1-ci kursuna “Beynəlxalq istisasi münasibətlər” ixtisasına qəbul olmuş, qiyabi əsaslarla təhsil alaraq 2017-ci ildə həmin universiteti bitirmiş, lakin 2013/2014 və 2014/2015-ci tədris ili dövründə Ukraynada, o cümlədən Xarkov şəhərində olan mürəkkəb ictimai-siyasi vəziyyətlə bağlı tədris onlayn formada həyata keçirilmişdir. Bundan sonra İddiaçı növbəti 2016/2017-ci tədris illərində qiyabi əsaslarla dərslərdə iştirak etməklə təhsilini başa çatdırmışdır. İddiaçı ##.##.2017-ci ildə B17 № ****** nömrəli diplom verilmişdir, həmin diplom ##.##.2017-ci il tarixdə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən A-42041-17 nömrəsi ilə apostil edilmişdir. V.N.Karazin adına Xarkov Milli Universiteti UNESCO-da rəsmi olaraq təmsil olunan IV səviyyəli akkreditasiyalı dövlət ali təhsil müəssiəsidir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı ##.##.2017-ci il tarixli B17 № ****** nömrəli diplom üzrə xarici ali təhsilə dair kvalifikasiyanın tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetinin fakültəsinə daxil olmuş, qiyabi əsaslarla təhsil alaraq 2017-ci ildə həmin universiteti bitirmişdir. ##.##.2017-ci il tarixdə ona В17 № ****** nömrəli diplom verilmiş, həmin diplom ##.##.2017-ci il tarixdə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən A42041-17 nömrəsi ilə apostil edilmişdir. Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması və müvafiq şəhadətnamə verilməsi məqsədilə elektron qaydada cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar qəbul olunaraq xarici ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilmişdir. Səbəb olaraq isə kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasının müəyyən edilməsi bildirilmişdir. Cavabdeh orqanın imtinası hüquqlarının kobud şəkildə pozulması ilə nəticələndiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Əvvəla onu qeyd edir ki, "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" ## ##### 1997-ci il tarixli Lissabon Konvensiyasının 6-cı maddəsinə aid edilən müddəaların mahiyyətinə əsasən ixtisasın tanınması zamanı təkcə kəmiyyət meyarları deyil, həm də keyfiyyət meyarları da nəzərə alınmalıdır. Cavabdeh tərəfindən ona ünvanlanmış imtina məktubunda kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması qeyd olunsa da, işin faktiki hallarına görə təhsil aldığı müddətdə Ukrayna Respublikasının Xarkov şəhərində olmağı işdə olan digər sübutlarla və ümumvətəndaş pasportundakı qeydlərlə tam təsdiq olunur. Bildirir ki, yalnız 2014-2015-ci illərdə Ukrayna Respublikasına gedə bilməmişdir. 2014-cü ildə universitetə getməməsinin səbəbi həmin ilin fevral ayında "Maydan" hadisələri nəticəsində Ukrayna Respublikasında siyasi vəziyyətin gərginləşməsi, mart ayında Krımın Rusiya tərəfindən işğal olunması, həmçinin Donetsk və Luqansk şəhərlərində olan müharibələr olmuşdur. Bundan başqa 2014-cü ilin sentyabr ayında ailə qurmuş və 2015-ci ilin noyabr ayında övladı dünyaya gəlmişdir. Hamilə olduğu müddətdə həkim tərəfindən uzaq səfərlər qadağan olunduğu üçün üzrlü səbəbdən universitetə gedə bilməmişdir. Lakin, gedə bilmədiyi müddətdə tədris olunmuş fənləri oxuyub öyrənərək həmin fənlərin imtahanlarını vermişdir. Diplom öncəsi isə tədris proqramında nəzərdə tutulan bütün fənləri mənimsəyərək, diplom işini də uğurla müdafiə etdiyi üçün universitet tərəfindən ona diplom verilmişdir. Təhsil aldığı V.N.Karazin adına Xarkov Milli Universiteti olduqca təhsilə, həmçinin istənilən tələbənin peşəsinə uyğun tədrisi mənimsəməsinə ciddi yanaşan Ukrayna Respublikasında və Avropa regionunda yüksək reytinqi olan universitetlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının ilk dövlət universiteti olan Bakı Dövlət Universiteti ilə mənim təhsil aldığım universitet arasında qarşılıqlı təcrübə və informasiya mübadiləsi ilə bağlı memorandum imzalanmış və həmin əməkdaşlıq bu gün də davam edir. Tədrisi mənimsəmədiyi təqdirdə bu cür reputasiyaya malik universitetin diplom almaq üçün nəzərdə tutulan tədris fənlərinə tam yiyələnmədiyi halda ona diplom verməsi mümkün deyildir. Bu baxımdan hesab edir ki, cavabdehin imtinasının hüquqi əsası yoxdur. Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilərək verilmiş diplom ve onnn əlavəsi ilə müəyyən olunur ki, təhsil aldığı dövrdə təhsil aldığı ölkədə olmuş, təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir.
5. Cavabdeh iddiaya etiraz və etiraza əlavə təqdim edərək bildirir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə ##.##.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2013/2014-cü tədris ili üzrə - 2 gün, 2014/2015-ci tədris ili üzrə - getməyib, 2015/2016-cı tədris ili üzrə - 8 gün, 2016/2017ci tədris ili üzrə - 10 gün. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Sözügedən Qaydaların 4.1.4-cü bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir.
6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən ##.##.2017-ci il tarixində verilmiş, B17 № ****** nömrəli “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasi istiqaməti “Bakalavr” ixtisası (dərəcə) üzrə diploma aid kvalifikasiyanın tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
7. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi B17 № ****** nömrəli, ##.##.2017-ci il tarixli diplomun əlavəsində onun təhsil müddətinin 4 il olması (240 ECTS kredit) və iddiaçının təhsil formasının qiyabi təhsilalma formasında olması müəyyən edilir. Belə ki, iddiaçı ilə eyni ildə Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrindən birində eyni fakültəyə daxil olmuş tələbə məzun olmaq üçün qiyabi təhsilalma formasında pandemiya olmayan illər üzrə ən az 6 həftə ərzində sessiyalarda iştirak etməli idi və əgər bir tədris ili üçün belə bu şərt ödənilmədikdə həmin şəxs imtahanlara buraxılmaqdan məhrum ediləcəkdi. İddiaçı hər tədris ili ərzində minimum 21 gün ərzində təhsil aldığı ölkənin ərazisində olmalı olduğu halda, 4 il ərzində ümumi olaraq 20 gün tədris prosesində iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmişdirlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını məqəsədəmüvafiq hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 3.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
20. Belə ki, iddiaçının əsas hüquqi marağı və məqsədi Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən onun adına verilmiş ##.##.2017ci il, B17 № ****** nömrəli diplomun dövlət tərəfindən tanınmasından ibarətdir.
21. Cavabdeh orqan isə iddiaçının ali təhsilin bakalavr səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığını, bununla da iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmədiyini əsas gətirərək imtina cavabı vermişdir.
22. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşır.
23. İşin faktiki hallarından görünür ki, iddiaçı ölkə ərazisində orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər və Turizm Biznesi” fakültəsinin 1-ci kursuna “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasına qəbul olmuş, qiyabi əsaslarla təhsil alaraq 2017-ci ildə həmin universiteti bitirmişdir. İddiaçının B17 № ****** saylı, ##.##.2017-ci il tarixli bakalavr diplomunun əlavəsində təhsilalma formasının olduğu qiyabi olduğu qeyd edilmişdir. Lakin 2013/2014 və 2014/2015-ci tədris ili dövründə Ukraynada, o cümlədən Xarkov şəhərində olan mürəkkəb ictimai-siyasi vəziyyətlə bağlı tədris onlayn formada həyata keçirilmişdir. Bundan sonra İddiaçı növbəti 2016/2017-ci tədris illərində qiyabi əsaslarla dərslərdə iştirak etməklə təhsilini başa çatdırmışdır.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır.
25. İş materiallarından müəyyən olunur ki, iddiaçının bakalavriat pilləsində qiyabi təhsilalma formasında təhsil almışdır.
26. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
27. Məhkəmə iddiaçı tərəfin təhsil aldığı müddət ərzində distant təhsil alması, mənimsəmə üzrə imtahanları məsafədən yerinə yetirməsi beləliklə də, mütəmadi olaraq Ukrayna Respublikasına gedib-gəlməyə zərurətinin olmaması əsasına münasibətdə qeyd edir ki, iddiaçının aldığı bakalavr təhsilinin Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən edilmir. Qeyd olunduğu kimi, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Qiyabi təhsilalma zamanı zəruri hallarda distant texnologiyalardan istifadə olunması yolverlən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalıdır.
28. Belə olan halda, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir.
29. Məhkəmə qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi bir sıra qərarınlarda analoji hüquqi mövqedən çıxış edilmişdir (2-1(102)- 2762/2023, ##.##.2023 tarixli, *-(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli).
30. Bununla belə məhkəmə Kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə həlledici məqam qeyd edilən qaydada xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğunun müəyyən olunmasından asılıdır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir.
31. Eyni zamanda Kollegiya qeyd edir ki, iddiaçının diplom əlavəsində müəyyən olunmuş 4 illik təhsil müddəti ərzində ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində qiyabi təhsilalma forması üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Belə ki, iddiaçı hər tədris ili ərzində minimum 21 gün ərzində təhsil aldığı ölkənin ərazisində olmalı olduğu halda, 4 il ərzində ümumi olaraq 20 gün tədris prosesində iştirak etmişdir. Bu da iddiaçının diplom əlavəsində qeyd olunan tədris fənlərinin mənimsənilməsini qeyri-mümkün hala gətirir. Belə olan halda iddiaçının qiyabi təhsilalma forması üzrə tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir.
32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.3-cü bəndinə əsasən Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
33. Eyni zamanda işin apellyasiya baxışı zamanı AR Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, ##.##.1994cü il təvəllüdlü Məmmədova (Qəmbərova) Bikəxanım Faiq qızının 2013-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: ##.##.2013 Çıxış Ukrayna-##.##.2013 Giriş Türkiyə ##.##.2014 Çıxış Macarıstan-##.##.2014 Giriş Macarıstan ##.##.2015 X2 Əmirlikləri-##.##.2015 X4 ##.##.2016 Çıxış Türkiyə-##.##.2016 Giriş Ukrayna – ##.##.2016 Çıxış Türkiyə ##.##.2016 Giriş Türkiyə-##.##.2016 Çıxış Türkiyə - ##.##.2016 Giriş Türkiyə ##.##.2017 Çıxış Ukrayna-##.##.2017 Giriş Ukrayna ##.##.2018 Çıxış Türkiyə-##.##.2018 Giriş Türkiyə ##.##.2018 Çıxış İran-##.##.2018 Giriş İran ##.##.2018 Çıxış Türkiyə-##.##.2018 Giriş Türkiyə.
34. Beləliklə, məhkəmə kollegiyası müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı hesab olunur. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
36. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.