Məhkəmə qərarları › İş №2-1(3-6)-518/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-518/2026

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-518/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), Nəbizadə Nigar Xeyrulla qızından və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi″ tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2016-cı il tarixli qərarı əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 1-ci Qarabağ müharibəsi zamanı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə xəsarət almış və həmin gündən ##.##.1993-cü ilədək 2 ay 15 gün olmaqla *** saylı hərbi hospitalda müayinə və müalicə olunmuşdur. Diaqnoz isə “sol bazu-çiyin nahiyəsini dəlib keçən qəlpə yarası, deltayabənzər əzələnin dağılması olmuşdur. Daha sonra ##.##.1998-ci ildən ##.##.1998-ci ilə qədər Müdafiə Nazirliyinin Hərbi Kliniki Hospitalında müayinə və müalicə olunmuş və yaralanmanın nəticələridiaqnoz “sol çiyin oynağının qəlpə yaralanmasıdır”. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2016-ci il tarixli Qərarına əsasən qeyd olunmuşdur ki, aldığı xəsarət hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qərarda həmçinin hərbi xidmət dövründə 1995-ci ilin iyun ayında aldığı və ##.##.1997-ci ildən ##.##.1997ci ilədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticələri-diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasmın-baş-beyin silkələnməsinin zəif astenizasiya əlamətləri ilə təzahür olunan nəticəsi”, xəsətlik-diaqnoz isə “sol aşağı ətraf venalarının varikoz genişlənməsi, 1-ci dərəcəli xroniki venoz çatşmazlığı” qeyd edilmişdir. Iddiaçı dəfələrlə əlilliyə bərpa edilməyi üçün ƏƏSMN tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətlər etmiş, təxminən 7 dəfə (həm onlayn müraciət, həm də əyani komissiya zamanı) imtina aldıqdan sonra nəhayət, Bakı Inzibati Məhkəməsinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonda hər üç instansiya məhkəməsi də iddiaçının lehinə qərar qəbul etdiyindən Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı cavabdeh qurum tərəfindən icra edilmiş və idiaçıya ##.##.2021- ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirilməklə əlaqədar 5 il müddətinə ##.##.2026-ci il tarixinədək ikinci dərəcə əlillik təyinatı verilmişdir. Tibbi sənədlərin təhlili - X3 reabilitasiya kartasmdan çıxarış, AR SN Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin arayışı və təsdiq edir ki, iddiaçı döyüş zonasında çoxsaylı travmalar almışdır və üzərindən illər keçməsinə baxmayaraq xəsarətin izləri hələ də davam edir, hazırda gündəlik həyatında xeyli çətinliklərlə qarşılaşır. Əlilliyin təyin edilməsi bu qədər uzunmüddətli və keşməkeşli proses olmuşkən, üstəlik vətənin ərazi bütövlüyü, müstəqilliyinin müdafiəsi ilə əlaqədar şücaət göstərən şhərbi qulluqçu olaraq 5 il müddətinə əlilliyin təyin edilməsi ədalətli qərar deyildir. Həmçinin səhhətini və yaşını da nəzərə alsaq, hər dəfə cavabdeh quruma əlilliyə bərpa ilə bağlı müraciət etməyi çox ağır prosesdir. Ən azından əsaslı araşdırma aparılaraq iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Sağlamlıq vəziyyəti ilə bağlı tibbi sənədlərin təhlili və son müayinələrin nəticələrinə əsasən, iddiaçının əlilliyinə səbəb olan halın müharibə ilə əlaqədar olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, əlillik səbəbinin müvafiq şəkildə qeyd edilməməsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2016-ci il tarixli Qərarı rəhbər tutularaq iddiaçıya əlillik təyin edilmişdir. Belə ki, müvafiq qərarda qeyd edilən “hərbi travmalar Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi məhz onun “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanlar” siyahısına aid olduğunu təsdiq edir. Lakin iddiaçıya “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik təyin edilmişdir. Məhz bu səbəbdəndir ki, iddiaçı qanunda nəzərdə tutulan çoxsaylı güzəştlərdən yararlana bilmir. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin *******AAFJT nömrəli göndərişi əsasında ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Vətandaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016-cı il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sol bazu çiyin nahiyəsinin dəlib-keçən qəlpə yarası, deltayabənzər əzələnin dağılması. Sol çiyin oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Deltayabənzər əzələnin hissəvi çatışmazlığı" diaqnozlu travmanın səbəq əlaqəsi Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Keçirilmiş qapalı kəlləbeyin travmasının baş beyin silkələnməsinin (##.##.1995) zəif astenizasiya əlamətləri ilə təzahür olunan nəticəsi" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" və "Sol aşağı ətraf venalarının varikoz genişlənməsi, İ dərəcəli xroniki venoz çatışmazlıqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol bazuda yaralanmadan sonra köndələn 10-12 sm uzunluğunda kobud dəri çapığı izlənilmişdir, lakin hərəkətləri sərtbəst etmiş, əzələ atrofiyası və funskional pozuntu müşahidə olunmamışdır. Nevroloji ocaqlı əlamətlər hazırda müəyyən edilməmişdir.. Reflekslər norma daxilində, Romberq vəziyyətində dayanıqlılıq qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən venoz çatışmazlıq əlamətləri izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra qərardan narazı qalan vətəndaş məhkəməyə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin 2- *(***)-****/**** saylı ## #### 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, ##.##.2022- ci il tarixli, *******AAF** saylı tibbi göndəriş əsasında (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2016-cı il tarixli *** nömrəli qərar nəzərə alınmaqla) əlilliyin təyin edilməsi vəzifəsi Agentliyə həvalə edilmişdir. Bakı Inzibati Məhkəməsinin müvafiq qərarından tərəfimizdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2- 1(103)- ****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ## ###### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli Qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Qərar qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və İddiaçı ##.##.2022-ci il tarixli, *******AAF** saylı tibbi göndəriş əsasında (Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2016-cı il tarixli *** nömrəli qərar nəzərə alınmaqla) ##.##.2021-ci ildən 5 il müddətinə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Əsasnamənin 2.2 Ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...-diaqnozu ilə əlillik təyin edilmişdir. Hazırki halda məhkəmə qərarı tam icra edilmişdir. Göründüyü kimi, iddiaçı barədə verilmiş MHHK qərarında 3 fərqli diaqnoz qeyd edilmişdir. Qərar verilərkən əlillik təyinatına əsas verən diaqnoz və onun MHHK qərarında müəyyən edilən xəstəlik qanuni formada nəzərə alınmışdır. Hazırki halda iddiaçının ilkin təyinatı 2016-cı ildə müəyyən olunduğu üçün qanunvericilikdə nəzərdə tutulan müddətlə bağlı şərtlər ödənmədiyi üçün iddiaçının əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı tələbi də əsassız hesab edilməlidir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh orqan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, bildirmişdir ki, hüquqi savadsızlılğı baxımından ona edilən hüquqi yardımın məzmununu anlamadan ona təyin edilmiş əlilliyin şəraitininin dəyişdirilməsini istəmiş, lakin hal-hazırda iddia tələbinə dəqiqləşdirmə verərək, ona Bakı Inzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə təyin edilmiş əlilliyinin müddətini “müddətsiz” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Ona görə də iddiaçı verilmiş sonuncu iddia tələbinə mahiyyəti üzrə baxılması üçün mübahisələndirdiyi Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və yeni iddia tələbinə mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə izahat verərək, bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı xəsarətə görə əlillik nəzərdə tutulmur. Ona görə də cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının əsas hüquqi marağı əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2016-cı il tarixli qərarı əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2016-cı il tarixli *** nömrəli qərarda əks olunmuş Azərbaycan Respublikasının müdafiəsi zamanı alınan travmadan (Diaqnoz: Sol çiyin oynağının qəlpə yaralanmasından sonrakı vəziyyət. Deltayabənzər əzələnin hissəvi çatışmazlığı) sonrakı qalıq əlamətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyininə əsas verməmişdir. Bundan irəli gələrək, əlilliyin səbəbi “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” kimi seçilmişdir. Iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2016-cı il tarixli qərarı əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi müəyyən edilməsini tələb edirdi. Lakin işin apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, cavabdeh orqan tərəfindən ona ##.##.2021-ci il tarixldən təyin edilmiş əlilliyinin müddətini “müddətsiz” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Qeyd olunan yeni tələb birinci instansiya məhkəməsinin araşdırma predmeti olmadığına görə kollegiya hesab edir ki, sonrakı prosessual hərəkətlərin edilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Ona görə də, qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, iş qeyd olunan halların ətraflı araşdırılması məqsədi ilə həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və IPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar