Məhkəmə qərarları › İş №2-1(3-6)-524/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-524/2026

27.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-524/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI surəti İddiaçı İddiaçı İlqar qızının cavabdeh Cavabdeh qarşı “diplomun tanınması” tələbinə dair işi üzrə (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası; təhsil alınan ölkədə faktiki olma müddəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı İlqar qızının cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı "bakalavr diplomunun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Rusiya Federasiyası Özəl Ali Təhsil Müəssisəsi A.S.Qriboyedov adına Moskva Universiteti tərəfindən verilmiş ***** saylı ##.##.2023-cü il tarixli bakalavr diplomunun və ona əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin təhsil müəssisəsini “Hüquqşünaslıq” ixtisası üzrə oxuyub bitirmiş və ona bakalavr dərəcəsi verilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli NA******** saylı qərarından görünür ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İlqar qızı Cavabdeh publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə Rusiya Federasiyası A.S.Qriboyedov adına Moskva Universitetinin hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasının “bakalavr” dərəcəsini müvəffəqiyyətlə bitirdiyi üçün ona verilən ***** qeydiyyat nömrəli bakalavr diplomunun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-2023-cü illərdə Rusiya Federasiyası Moskva şəhərində A.S.Qriboyedev adına Moskva iqtisadiyyat və beynəlxalq hüquq institutunun hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasının “bakalavr” dərəcəsi üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra A.S.Qriboyedov adına Moskva universiteti tərəfindən ***** qeydiyyat nömrəli bakalavr diplomu almışdır. Eyni zamanda, 2019-cu ildə Bakı şəhərində DİM-nin təşkil etdiyi test imtahanlarını uğurla verərək “Qərbi Kaspi” universitetinə qəbul olmuş, 2020-ci ildə tələbə transferi “pəncərəsindən” yararlanaraq Azərbaycan Dövlət İqtisad Universitetinin “rəqəmsal iqtisadiyyat fakültəsinə qəbul olunmuş və 2023-cü il tarixdə həmin ali məktəbi də uğurla bitirərərək müvafiq ixtisas üzrə bakalavr diplomu almışdır. 2024-cü il tarixdə iddiaçı Rusiya Federasiyasının höküməti yanında dövlət ali təhsil universiteti olan “Vişşaya şkola ekonomiki” Milli Universitetin hüquqşünas ixtisası üzrə magistaturaya qəbul olunmuşdur və halhazırda təhsil almaqdadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuzdur. Belə ki, Rusiyanın səlahiyyətli orqanı tərəfindən ona verilmiş diploma apostil möhürü vurulmaqla həmin ölkədə qanuniliyi tanınmışdır. Cavabdehin imtina əsası kimi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli **** nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü, 4.1.5-ci maddələri göstərilən hallar ona münasibətdə tətbiq oluna bilməz. Çünki həmin fərman o, təhsili başa vurandan sonra, yəni 2023-cü ilin avqust ayına təsadüf edir. Belə olan halda qanunun onun vəziyyətini ağırlaşdırdığı halda geriyə qüvvəsi yoxdur. Cavabdeh diskresion səlahiyyətlərindən sui-istifadə etmişdir. Cavabdehin verdiyi imtinadan yuxarı instansiya şikayət etmək hüququndan istifadə edərək, 2025-ci aprel ayında Elm və Təhsil Nazirliyinə şikayət məktubu ünvanlayaraq, qeyd etdiyi məsələdə köməklik göstərilməsini xahiş etmişdir. Lakin cavabdeh ## ### 2025-ci il tarixli cavab məktubunda əlavə izah vermədən eyni əsasları göstərməklə bir daha diplomun tanınmasından imtina edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdə müvafiq xarici kvalifikasiyanın tanınması üçün inzibati orqana müraciət etmişdir. Ərizəçinin inzibati işi üzrə icraat aparılmış və ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməyərək NA******** nömrəli, ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərar barəsində ərizəçinin müraciətində göstərdiyi elektron poçt ünvanına qəbul edilmiş qərar barəsində məlumat göndərilmişdir. İddiaçı ##.##.2025-ci il tarixli Qərardan ən gec ##.##.2025-ci il tarixədək məhkəmədə iddia tələbi qaldıra bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə ilk dəfə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın mümkünsüz sayılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddiaya uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2019-2023-cü illərdə Rusiya Federasiyası Moskva şəhərində A.S.Qriboyedev adına Moskva iqtisadiyyat və beynəlxalq hüquq institutunun hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasının “bakalavr” dərəcəsi üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra A.S.Qriboyedov adına Moskva universiteti tərəfindən ***** qeydiyyat nömrəli bakalavr diplomu almışdır. Eyni zamanda, 2019-cu ildə Bakı şəhərində DİM-nin təşkil etdiyi test imtahanlarını uğurla verərək “Qərbi Kaspi” universitetinə qəbul olmuş, 2020-ci ildə tələbə transferi “pəncərəsindən” yararlanaraq Azərbaycan Dövlət İqtisad Universitetinin “rəqəmsal iqtisadiyyat fakültəsinə qəbul olunmuş və 2023-cü il tarixdə həmin ali məktəbi də uğurla bitirərək müvafiq ixtisas üzrə bakalavr diplomu almışdır. 2024-cü il tarixdə iddiaçı Rusiya Federasiyasının höküməti yanında dövlət ali təhsil universiteti olan “Vişşayaşkola ekonomiki” Milli Universitetin hüquqşünas ixtisası üzrə magistaturaya qəbul olunmuşdur və hal-hazırda təhsil almaqdadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İmtinaya əsas kimi göstrilmişdir ki, qəbul edilmiş NA******** nömrəli, ##.##.2025-ci il tarixli qərara əsasən iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Məhkəmə bütün bunları düzgün araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı A.S.Qriboyedov adına Moskva universiteti tərəfindən ***** qeydiyyat nömrəli bakalavr diplomunu aldıqdan sonra “Vişşaya şkola ekonomiki” Milli Universitetin hüquqşünas ixtisası üzrə magistaturaya qəbul olunmuşdur. Əgər aldığı təhsil qeyri-qanuni olsaydı onda iddiaçı magistaturaya qəbul oluna bilməzdir. Digər məsələ isə distant təhsillə bağlıdır. Hamıya məlum olduğu kimi böyük bir pandemiya dövrü keçirmişik. Azərbaycan Respublikasının sərhədləri bağlı olmuşdur. Həmin dövrdə Covid 19 pandemiyası, karantin dövrü, yolların bağlanması, hərəkətin məhdudluğu qeyd edilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Məcburiyyət qarşısında Universitet pandemiyanı nəzərə alaraq təhsilin bir hissəsini qismən distant formada aparmışdır. Həmin dövrdə eyni qayda Respublika Ali Məktəblərində də tətbiq edilmişdir. Göründüyü kimi qanunvericilik distant təhsili qadağan etmir. Həmin universitetdə distant qaydada təhsil aldığını təsdiq edə bilərlər. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na istinad etmişdir. Cavabdeh də bu qaydada əsaslanmışdır. Bu Qaydalara əsaslanmaq yolverilməzdir. Çünki bu Qayda qəbul olunaraq qüvvəyə minən vaxtı iddiaçı təhsilini başa vurmuşdur. Həmin Qaydanın geriyə tətbiq edilməsi yolverilməzdir. Çünki hazırkı iddia təmin edilməməklə iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Həmin qaydalar hımin tarixdən sonra təhsilini bitirmiş şəxslərə şamil edilməlidi. Eyni zamanda məhkəmə praktikasına istinad etdikləri halda (hər 3 instansiyanın qərarı əlavə edilmişdir. İdda ilə tam eynilik təşkil edirdi.) ümumiyyətlə bu nüansa yer ayırmamışdır. Məhkəmə bu qərarla iddianın arasında olan fərqi öz qərarında əsaslandırmamışdır. Həmin qərarda göstərilmişdir ki, tələbə təhsil aldığı universitetin qaydasına və iş rejiminə təsir etmək dəyişdirmək gücünə malik deyil. İddiaçının təhsil aldığı universitet Rusiya Qanunlarına uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərir. Azərbaycan Respublikası və RF arasında bağlanmış elm və təhsil sahəsində əməkdaşlıq barədə 1994-cü il tarixli Dövlətlərarası müqvilə bu gündə qüvvədədir. Həmin müqaviləyə əsasən Azərbaycan Respublikası Rusiya Fedarasiyasında dövlət qeydiyyatına alınmış ali məktəblərin məzunlarına verilmiş diplomları tanıyır və əksinə RF-də Azərbaycan Respublikası Ali məktəblərinin diplomlarını eyni qaydada tanıyır. İddiaçı təhsil aldığı Universitetin yerləşdiyi ölkənin qanunlarına tam riayyət etməklə təhsil almış, dövlət imtahanının uğurla vermiş, diplom işini müdafiə etmiş və nəticədə universitet bu ali məktəbi uğurla bitirməsi barədə diplomtəqdimetmişdir. Göründüyü kimi məhkəmə işi düzgün araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmənin qərarı tam əsassızdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Qanun: Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilinmüvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:

8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının A.S. Qriboyedov adına Moskva Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil almış və əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası ərazisində tanınması üçün cavabdeh xxxxnə müraciət etmişdir. İddiaçıya verilmiş diplom əlavəsində təhsilalma forması “очно-заочная”, yəni “əyaniqiyabi” kimi göstərilmişdir. Cavabdeh iddiaçının təhsil aldığı ölkədə faktiki olma müddətlərini araşdıraraq onun ayrı-ayrı tədris illərində təhsil prosesində fiziki iştirakının yetərli olmadığı qənaətinə gəlmiş və ## ###### 2025-ci il tarixli inzibati aktla kvalifikasiyanın tanınmasından imtina etmişdir. Təhsil formasının xüsusiyyətləri və faktiki iştirak Kollegiya ilk növbədə qeyd edir ki, xarici dövlətin ali təhsil müəssisəsi tərəfindən verilmiş diplomun həmin dövlətin qanunvericiliyinə uyğun və etibarlı olması həmin kvalifikasiyanın Azərbaycan Respublikasında qeyd-şərtsiz tanınmasını şərtləndirmir. Xarici kvalifikasiyanın tanınması ayrıca inzibati prosedur olmaqla, həmin kvalifikasiyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tanınma meyarlarına cavab verib-vermədiyinin qiymətləndirilməsini nəzərdə tutur. Hazırkı işdə iddiaçının təhsil formasının xüsusiyyətləri bu baxımdan əhəmiyyət kəsb edir. İş materiallarında olan diplom əlavəsinə əsasən iddiaçı əyani-qiyabi formada təhsil almışdır. Cavabdehin təqdim etdiyi izahatdan görünür ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda əyani-qiyabi ayrıca təhsilalma forması kimi müəyyən edilməsə də, Rusiya Federasiyasının təhsil qanunvericiliyində əyani, əyani-qiyabi və qiyabi təhsil formaları ayrıca nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 1.6-cı bəndinə əsasən bu Qaydalar ali təhsilin əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) və qiyabi təhsilalma formalarına şamil edilir. Göründüyü kimi, qanunverici əyani təhsilalma formasını iki alt-növə bölmüşdür: tam cəlbolunma (fulltime) və qismən cəlbolunma (parttime), qismən cəlbolunma (parttime) qanunverici tərəfindən əyani formasının bir növü kimi təsnif edilmişdir. Rusiya Federasiyasının ## ###### 2012-ci il tarixli ***-FZ nömrəli "Об образовании в Российской Федерации" Federal Qanununun 17-ci maddəsinə əsasən təhsil formaları очная (əyani), очно-заочная (əyani-qiyabi, axşam) və заочная (qiyabi) olmaqla üç növdür. Очно-заочная (əyani-qiyabi) formada tələbə mütəmadi olaraq, adətən axşam saatlarında, auditoriya dərslərində bilavasitə iştirak edir, dərs yükü tam cəlbolunmaya nisbətən azaldılmışdır və tədris qrafiki çox vaxt tələbənin iş və məşğulluq qrafikinə uyğunlaşdırılır. Bu əlamətlər, yəni auditoriyada bilavasitə iştirak, azaldılmış yük və fərdiləşdirilmiş qrafik, mahiyyət etibarilə *** nömrəli Qərarın 2.1.19-cu yarımbəndində təsvir edilən qismən cəlbolunma (parttime) modelinə uyğun gəlir. Rusiyanın заочная (qiyabi) formasına isə uyğun gəlmir, çünki qiyabi formada tələbə auditoriya dərslərində mütəmadi iştirak etmir, yalnız sessiya dövründə, ildə bir və ya iki dəfə, səkkizdən iyirmi günədək müddətdə universitetə gəlir və əsas təhsili müstəqil, auditoriyadankənar formada alır. Yuxarıda göstərilənlərə əsasən *** nömrəli Qərar əyani təhsilalma formasını auditoriya iştirakının forması ilə deyil, yükün həcmi və qrafikin təşkili üsulu ilə fərqləndirir, bu barədə Qaydaların 1.6, 2.1.18 və 2.1.19-cu bəndləri əsas götürülür. Auditoriya dərslərində bilavasitə və mütəmadi iştirakı özündə əks etdirən Rusiyanın əyani-qiyabi (очно-заочная) forması öz mahiyyətinə görə Azərbaycan qanunvericiliyinin qismən cəlbolunma (parttime), yəni əyani kateqoriyasına uyğun gəlir. Bu səbəbdən əyani-qiyabi (очно-заочная) formada təhsil almış şəxsin təhsili Azərbaycan Respublikasının *** nömrəli Qərarının tələbləri baxımından əyani təhsilalma forması kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, kvalifikasiyanın tanınması məsələsinin həllində yalnız diplom əlavəsində təhsil formasının “əyani-qiyabi” göstərilməsi ilə kifayətlənilməsi deyil, həmin təhsil formasının mahiyyətindən irəli gələn faktiki iştirakın real olaraq təmin edilib-edilmədiyinin də nəzərə alınması əsaslıdır. İş üzrə müəyyən edilmiş sərhədkeçmə məlumatları isə iddiaçının təhsil aldığı ölkədə iştirakının bütün təhsil dövrü ərzində olduqca məhdud olduğunu göstərir. Belə ki, iddiaçı birinci tədris ilində təhsil aldığı ölkədə cəmi 13 gün olmuş, ikinci tədris ilində ümumiyyətlə olmamış, üçüncü tədris ilində cəmi 4 gün olmuş, dördüncü tədris ilində ümumiyyətlə olmamış, sonrakı müvafiq dövrdə isə cəmi 3 gün fiziki iştirak etmişdir. Belə vəziyyətdə söhbət yalnız ayrı-ayrı tədris illərində iştirak müddətinin müəyyən qədər az olmasından deyil, təhsil dövrü bütövlükdə nəzərə alındıqda fiziki iştirakın bəzi illərdə ümumiyyətlə mövcud olmamasından, digər illərdə isə son dərəcə məhdud olmasından gedir. Bu faktiki vəziyyət diplomda göstərilən əyani-qiyabi təhsil formasının mahiyyətindən irəli gələn bilavasitə və müntəzəm iştirak tələbi ilə uzlaşmır. Bununla belə, Kollegiya hesab edir ki, hazırkı mübahisənin həlli üçün Rusiya Federasiyasında mövcud olan “əyani-qiyabi” təhsil formasının Azərbaycan Respublikasının təhsil qanunvericiliyində nəzərdə tutulan əyani və ya qiyabi təhsil formalarından hansına tam uyğun gəldiyinin qəti şəkildə müəyyən edilməsinə də zərurət yoxdur. Belə ki, iddiaçı üçün daha əlverişli hüquqi yanaşma qəbul edilərək onun əyani-qiyabi formada aldığı təhsilin şərti olaraq daha az fiziki iştirak nəzərdə tutan qiyabi təhsil standartları əsasında qiymətləndirilməsi halında belə, iş üzrə nəticə dəyişmir. Azərbaycan Respublikasında qiyabi bakalavriat səviyyəsində tələbələrin auditoriya dərslərinin həcmi ildə 180–240 saat müəyyən edilmişdir. Ali Məhkəmə də oxşar mübahisələr üzrə qeyd etmişdir ki, qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq dövlət standartlarına uyğunluğu müəyyən edilərkən tədris yükü və onun yerinə yetirilməsi qaydasına dair tələblər nəzərə alınmalı, təhsil alınan ölkədə faktiki olma müddəti isə həmin tədris yükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşımalıdır. Hazırkı işdə isə iddiaçının birinci tədris ilində cəmi 13 gün, üçüncü tədris ilində 4 gün, sonrakı müvafiq dövrdə 3 gün təhsil aldığı ölkədə olması, digər iki tədris ilində isə ümumiyyətlə orada olmaması nəzərə alındıqda, hətta onun təhsilinə qiyabi təhsilə tətbiq edilən daha aşağı iştirak standartları şərti olaraq tətbiq edildikdə belə, faktiki iştirakın tədris yükünün tələb olunan qaydada yerinə yetirilməsi üçün kifayət etdiyi qənaətinə gəlmək mümkün deyildir. Beləliklə, istər əyani-qiyabi təhsilin öz mahiyyətindən irəli gələn bilavasitə və müntəzəm iştirak tələbi əsas götürülsün, istərsə də iddiaçının xeyrinə onun təhsili şərti olaraq qiyabi təhsilə tətbiq edilən daha aşağı standartlar əsasında qiymətləndirilsin, hər iki halda müəyyən edilmiş faktiki vəziyyət iddiaçının təhsil prosesində tələb olunan səviyyədə iştirak etdiyini təsdiq etmir. Pandemiya ilə bağlı halların qiymətləndirilməsi Kollegiya iddiaçının təhsil müddətinin müəyyən hissəsinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsini də nəzərə alır. Cavabdehin təqdim etdiyi məlumatlardan görünür ki, birinci tədris ilinin ikinci semestri, ikinci tədris ili və üçüncü tədris ilinin müvafiq dövrü pandemiyanın təsir etdiyi müddətə təsadüf etmişdir. Buna görə həmin dövrdə iddiaçının təhsil aldığı ölkədə olmaması və ya məhdud müddətdə olması onun iradəsindən asılı olmayan obyektiv hallarla müəyyən dərəcədə izah edilə bilər. Lakin pandemiya faktının hüquqi əhəmiyyəti bütün təhsil dövründən təcrid olunmuş şəkildə deyil, digər faktiki hallarla birlikdə qiymətləndirilməlidir. Hazırkı işdə fiziki iştirakın yetərsizliyi yalnız pandemiya dövrü ilə məhdudlaşmamışdır. Xüsusilə, sonrakı tədris dövründə iddiaçının təhsil aldığı ölkədə ümumiyyətlə olmadığı, digər müvafiq dövrdə isə cəmi 3 gün olduğu müəyyən edilmişdir. Buna görə pandemiya bəzi tədris illərində iştirakın olmamasını və ya azlığını izah etsə də, təhsil dövrü bütövlükdə mövcud olan iştirak çatışmazlığını aradan qaldırmır. Odur ki, pandemiya şəraitində distant tədrisin həyata keçirilməsi faktı özlüyündə xarici kvalifikasiyanın tanınması üçün tələb olunan digər meyarların yerinə yetirildiyi nəticəsini doğurmur. Beləliklə, iş üzrə müəyyən edilmiş halların məcmusundan görünür ki, iddiaçının təhsil aldığı ölkədə fiziki iştirakının yetərsizliyi yalnız pandemiya dövründə yaranmış müvəqqəti vəziyyət deyil, təhsil dövrünün müxtəlif mərhələlərində davam edən xarakter daşımışdır. Bəzi tədris illərində iddiaçı təhsil aldığı ölkədə ümumiyyətlə olmamış, digər illərdə isə onun iştirakı 13, 4 və 3 günlə məhdudlaşmışdır. Bu göstəricilər diplomda qeyd edilmiş əyani-qiyabi təhsil formasının mahiyyətindən irəli gələn bilavasitə və müntəzəm iştirakla uzlaşmır. Bundan əlavə, iddiaçının xeyrinə ən əlverişli yanaşma qəbul edilərək onun əyani-qiyabi təhsilinin şərti olaraq qiyabi təhsil standartları əsasında qiymətləndirilməsi halında belə nəticə dəyişmir. Qiyabi təhsilə münasibətdə daha aşağı fiziki iştirak standartları əsas götürüldükdə də iş üzrə müəyyən edilmiş faktiki iştirak göstəriciləri tədris yükünün tələb olunan qaydada yerinə yetirildiyi qənaətinə gəlməyə imkan vermir. Pandemiya ilə bağlı obyektiv hallar müəyyən tədris dövrlərində fiziki iştirakın olmamasını və ya məhdudluğunu izah edə bilsə də, həmin hallar pandemiyadan kənar dövrlərdə də davam edən iştirak çatışmazlığını aradan qaldırmır. Bu səbəbdən Kollegiya hesab edir ki, cavabdehin iddiaçının təhsil aldığı ölkədə faktiki iştirakının yetərli olmaması ilə bağlı gəldiyi nəticənin qanunsuz və əsassız olduğu müəyyən edilmir. Birinci instansiya məhkəməsi də iddia tələbini rədd etməklə mübahisənin nəticəsi etibarilə düzgün hüquqi qənaətə gəlmişdir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar