Məhkəmə qərarları › İş №2-1(3-6)-528/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-528/2026

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-528/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Seyidov İkram Möhlud oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) Nizami rayonu MənzilKommunal Təsərrüfatı Birliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2025-ci il tarixdə, saat 14:30 radələrində, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev, Azər Manafov küçələrinin kəsişməsində dezinfeksiya işlərini icra edən MKTBnin xüsusi nəqliyyat vasitəsi ilə şəxsi istifadəsində olan “Toyota Venza” markalı nəqliyyat vasitəsinin üzərinə köpüklü dezinfeksiya məhlulu vurulduğu üçün dəymiş ziyana görə 1000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2025-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev və Azər Manafov küçələrinin kəsişməsində “Al market”in qarşısında saxladığı şəxsi istifadəsində olan “Toyota Venza” markalı nəqliyyat vasitəsinə yaxınlaşan zaman ondan təxmin 30-40 metr aralıda dezinfeksiya işlərini icra edən MKTB-nin nəqliyyat vasitəsinin yüksək təzyiqlə köpüklü su vurduğunu görmüşdür. O, dərhal yolun hərəkət hissəsinə çıxaraq əl hərəkətləri ilə prosesin dayandırılmasını və nəqliyyat vasitəsinin həmin yerdən uzaqlaşdırılmasına şərait yaradılmasını işarə etmişdir. Buna baxmayaraq iş icraçıları hərəkətlərini davam etdirib onun və yol kənarında duran yüzlərlə nəqliyyat vasitəsinin üzərinə dezinfeksiya edici məhlulu vurmuşdur. Həmin vaxt yolun sağında və solunda yüzlərlə nəqliyyat vasitəsi dayanmışdı. Bütün qeyd edilənlər həmin küçədəki TŞ*-*** saylı şəhər təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınmışdır. İddiaçı hesab edir ki, bilərəkdən və qəsdən yüzlərlə vətəndaşın nəqliyyat vasitəsinə, o cümlədən, şəxsən onun nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Bununla bağlı ##.##.2025-ci il tarixində Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə ərizə ilə müraciət edərək, TŞ*-*** saylı şəhər təhlükəsizlik kamerasının görüntülərinin verilməsini xahiş etmiş, ərizədə qeyd edilən xüsusatların polisin səlahiyyətinə aid olmadığından, görüntünün verilməsindən əsassız olaraq imtina edilmişdir. İddiaçı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın qarşılanması üçün cavabdehə məktubla müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilmiş ümumşəhər iməciliyi zamanı Bakı şəhəri Nizami rayonunun ərazisində də təmizlik, küçə və prospektlərin xüsusi maye ilə yuyulması işləri həyata keçirilmişdir. Yuma prosesini həyata keçirən xüsusi nəqliyyat vasitələrində mayenin təyinatı üzrə yolların hərəkət hissəsinə vurulması üçün xüsusi istiqamətləndirici başlıqlar (su şırnaqları) quraşdırıldığından və həmin başlıqlar vasitəsilə də maye yalnız irəli və aşağı istiqamətlərdə küçə və prospektlərin səthinə vurulur ki, bu zaman küçə və prospektlərin kənarında park edilmiş nəqliyyat vasitələrinin üzərinə mayenin vurulması tamamilə mümkünsüzdür. Nizami Rayon Mənzil-Kommunal Təsərrüfati Birliyinin balansında küçə və prospektlərin xüsusi maye ilə yuyulması prosesini həyata keçirən xüsusi nəqliyyat vasitələrinin ümumiyyətlə mövcud deyildir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müvafiq cavab məktubunda ##.##.2025-ci il tarixdə keçirilmiş ümumşəhər iməciliyi zamanı istifadəsində olan “Toyota- Venza” markalı nəqliyyat vasitəsinə vurulmuş zərər barədə əsaslandırılmış sənədlər və yuyulma prosesini həyata xüsusi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatla sığorta şirkətinə və müvafiq qurumlara müraciətin edilməsi tövsiyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia rədd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə təqdim edərək bildirmişdir ki, Nizami rayonu MənzilKommunal Təsərrüfatı Birliyi özünü cavabdeh hesab etmir və sonralar küçələrin yuyulmasını həyata keçirən həmin nqəliyyat vasitəsinin üzərinə Bakı Şəhər İcra Hakimiyyəti yazıldığını görmüşdür.Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin MKTD-nin cavabdeh kimi cəlb olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Bakı Şəhər İcra Hakimiyyətinin MKTD-nin də cavabdeh kimi cəlb olunmasına zərurət olmadığını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə icraat zamanı iddiaçı avtomobilinə zərər dəydiyini iddia etmiş və bunu təsdiq edəcək sübutların təmin olunması üçün məhkəməyə vəsatətlər vermişdir. Apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, məhkəmə vaxtında həmin vəsatətlərə münasibət bildirmədiyindən iddiaçı avtomobilinə zərər dəydiyini sübuta yetirməkdə çətinliklərlə üzləşir. İddiaçı həmçinin, cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə təqdim edərək bildir ki, Nizami rayonu MənzilKommunal Təsərrüfatı Birliyi özünü cavabdeh hesab etmir və sonralar küçələrin yuyulmasını həyata keçirən həmin nqəliyyat vasitəsinin üzərinə Bakı Şəhər İcra Hakimiyyəti yazıldığını görmüşdür.Odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin MKTDnin cavabdeh kimi cəlb olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia olunan tarixdə küçələrin yuyulmasını həyata keçirən həmin nqəliyyat vasitəsinin hansı inzibati orqana aid olmasını, bundan sonra isə iddiaçının avtomobilinə ziyan vurulub-vurulmamasını müəyyən etmək üçün ətraflı araşdırma aparmamışdır. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə Kollegiyası işin faktiki hallarından və yuxarıda istinad edilən hüquq normalarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərarın ləğvi üçün əsas təşkil edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar