Məhkəmə qərarları › İş №2-1(3-6)-541/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-541/2026

10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-541/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi, hüquqmüəyyənedici sənədin olmaması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və ANQSİHİ Respublika Komitəsinin rəhbərliyinin iştirakı ilə keçirilən işçilərin müvəqqəti yaşayış sahəsi ilə təmin olunması barədə birgə iclasının * nömrəli, ##.##.2012-ci il tarixli protokolundan görünür ki, ARDNŞ-nin balansında olan yataqxanalarda və digər müvəqqəti yaşayış sahələrində qeydiyyatı olmadan yaşayan işçilərlə adları aşağıda göstərilən ailə tərkibi nəzərə alınmaqla ARDNŞ-lə əmək münasibətlərində olduğu müddətə kirayə müqaviləsinin bağlanmasına etiraz edilməmişdir: 2.6. ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 33.5 kv.m olan 2 otaqlı ** nömrəli məhdud kommunal şəraitli mənzildə yaşayan, H.Əliyev adına Bakı neft emalı zavodunun işçisi olan İddiaçı ilə ** nömrəli mənzilə adları aşağıda göstərilən ailə tərkibi ilə kirayə müqaviləsinin bağlanmasına etiraz edilməmişdir: İddiaçı (##.##.1964) – özü; İmamquliyev Süleyman Adil oğlu (##.##.1971)- həyat yoldaşı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin ##.##.2012-ci il tarixli müvəqqəti yaşayış orderindən görünür ki, İddiaçı ailə tərkibi 2 nəfər ilə ** saylı mənzildə yaşamaq hüququ var. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ##.##.2017-ci il tarixli, **/* nömrəli sərəncamdan görünür ki, Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən ** saylı evin, yaşayış sahəsi 33,5 kv.metr olan 2 otaqlı ** saylı mənzilində Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin ##.##.2012-ci il tarixli, ***** saylı müvəqqəti yaşayış orderi əsasında qeydiyyata alınmış İddiaçı yaşayır. Həmin sərəncamla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli, *** saylı sərəncamına əsaslanaraq: Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən ** saylı evin, yaşayış sahəsi 33,5 kv.metr olan 2 otaqlı ** saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli, ##.##.2017-ci il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi, Mənzil Kommunal xidmətləri departamenti tərəfindən verilmiş N- ***** saylı ##.##.2012-ci il tarixli müvəqqəti yaşayış orderi və Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Mənzil-kommunal təsərrüfatı departamentinin **/* saylı ##.##.2017-ci il tarixli sərəncamına əsasən ünvan 2-ə İddiaçı daimi istifadə hüququ qeydə alınmışdır. İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən ** saylı mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınması üçün ##.##.2025-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin **/* saylı, ##.##.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi ** saylı evin, ** saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququnun qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi ** saylı evin, ** saylı mənzili üzərində mülkiyyət hüququnun daşınçaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin **/* saylı, ##.##.2017-ci il tarixli sərəncamı və müvafiq çıxarışla daimi istifadəsinə verilmiş ünvan 2 ünvanının iddiaçının xüsusi mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin **/* saylı, ##.##.2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən ** saylı evin yaşayış sahəsi 33,5 kv.metr olan, 2 otaqlı, ** saylı mənzilinə iddiaçının adına kirayə müqaviləsi bağlanmış, iddiaçı həmin evin kirayəçisi hesab olunmuşdur. İddiaçının adına şəxsi maliyyə hesabının açılması * saylı Xüsusi Təyinatlı MKTB-nin *** saylı MənzilKommunal istismar Sahəsinə tapşırılmışdır. 2017-ci ildə də iddiaçının adına çıxarış verilmişdir. Eyni zamanda 2025-ci il tarixdə Mənzil- Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də, onlar dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin özəlləşdirilməsi, vətəndaşın müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi göstərilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ##.##.2025-ci ildən müraciət etməyinə baxmayaraq bu günə qədər cavab ala bilməmişdir. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad etmiş və həmçinin bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin **/* saylı, ##.##.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi ** saylı evin, ** saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququnun qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi ** saylı evin, ** saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 65.3 kv.m təşkil etdiyi məlum olmuşdur Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2-1(112)-9706/2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ##.##.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı ##.##.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən ##.##.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Bu norma bu hala heç də uyğun norma deyildir. Çünki iddiaçı öz əmək kitabçasının surətini də məhkəməyə təqdim etmiş, oradan da göründüyü kimi o, 2009-cu ildən də əvvəldən həmin idarədə işləmiş və həmin mənzil onun istifadəsində olmuşdur. Sadəcə olaraq sənədləşmə işləri 2017-ci ildə həyata keçirilmişdir. Məhkəmə öz müvqeyini Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamının ## ####### 2009-cu il tarixdən sonrakı vaxtda verilməsi ilə əsaslandırılmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəllilərini əsas götürməməli idi. BakıŞəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamının əsaslanaraq yuxarıda istinad edilən orderi nəzərə alaraq onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermişdir. Belə olan halda, iddiaçı ## ####### 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan RespublikasıMənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, ## ####### 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər # ####### 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan RespublikasınınQanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edib şikayətin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (* №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının ##.##.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin: 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2-ci maddəsinə görə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin III-IV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; .... 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı mübahisə üzrə müəyyən edilməli olan əsas məsələ iddiaçının ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməyə imkan verən hüquqi əsasın mövcud olub-olmamasıdır. Bu baxımdan ilk növbədə daşınmaz əmlak üzərində hüququn yaranması ilə həmin hüququn dövlət qeydiyyatına alınması anlayışları fərqləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə dövlət qeydiyyatı daşınmaz əmlaka hüququn əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və ya xitamının dövlət tərəfindən tanınması və təsdiq edilməsinə xidmət edir. Başqa sözlə, qeydiyyat orqanının funksiyası mövcud hüquqi əsasa söykənən hüququ dövlət reyestrində rəsmiləşdirməkdir. Qeydiyyatın özü qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici əsas olmadıqda mülkiyyət hüququ yaratmır. Bu səbəbdən iddiaçının tələbinin əsaslılığı onun mübahisəli mənzilə faktiki münasibətindən deyil, həmin mənzil üzərində mülkiyyət hüququnun yaranmasına əsas verən qanuni sənədə malik olub-olmamasından asılıdır. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin ## #### 2012-ci il tarixli birgə iclas protokolu ilə iddiaçı ilə mübahisəli mənzilə dair kirayə müqaviləsinin bağlanmasına etiraz edilməmiş, elə həmin tarixdə ona müvəqqəti yaşayış orderi verilmişdir. Sonradan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ## ##### 2017-ci il tarixli sərəncamı ilə iddiaçı ilə həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması və onun mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Həmin sənədlər əsasında 2017-ci ildə iddiaçının mənzil üzərində daimi istifadə hüququ dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, işdə olan sənədlər iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququnun mövcudluğunu təsdiq edir. Lakin hazırkı mübahisənin predmeti istifadə hüququnun deyil, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıdır. Buna görə də istifadə hüququnu təsdiq edən sənədlərin mövcudluğu özlüyündə həmin mənzil üzərində mülkiyyət hüququnun da yarandığı nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tətbiqi baxımından hazırkı iş üçün həlledici əhəmiyyət daşıyan norma Mənzil Məcəlləsinin 146.1-ci maddəsidir. Həmin normaya əsasən Mənzil Məcəlləsi # ####### 2009-cu il tarixində qüvvəyə minənədək əvvəlki qanunvericiliyə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər bu hüquqlarını saxlayırlar. Bu normanın məzmunundan görünür ki, söhbət Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra yeni özəlləşdirmə hüququnun yaradılmasından deyil, # ####### 2009-cu ilədək artıq yaranmış özəlləşdirmə hüququnun qorunmasından gedir. Eyni hüquqi yanaşma Mülki Məcəllənin 139-1.1.11-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində də ifadə olunmuşdur. Həmin normalar dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair sərəncamı, orderi və ya mənzil kirayəsi müqaviləsini yalnız o halda dövlət qeydiyyatının müvafiq hüquqi əsası kimi qəbul edir ki, həmin sənəd Mənzil Məcəlləsinin qüvvəyə mindiyi # ####### 2009-cu ilədək verilmiş və ya bağlanmış olsun. Deməli, qanunvericilikdə nəzərdə tutulmuş tarix sadəcə sənədin rəsmiləşdirilməsi ilə bağlı texniki meyar deyil. Həmin tarix əvvəlki özəlləşdirmə rejimi çərçivəsində yaranmış hüquqlarla Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra yaranmış mənzil münasibətlərini bir-birindən ayıran hüquqi sərhəddir. İddiaçının istinad etdiyi sənədlər isə həmin hüquqi sərhəddən sonrakı dövrə aiddir. Mübahisəli mənzilə dair ilk hüquqmüəyyənedici xarakterli sənədlər ## #### 2012-ci il tarixli protokol və müvəqqəti yaşayış orderi, daha sonra isə ## ##### 2017-ci il tarixli sərəncamdır. Buna görə həmin sənədlərin 2009-cu ildən əvvəl mövcud olmuş hüququ sadəcə sonradan rəsmiləşdirməsi barədə nəticəyə gəlmək üçün iş materiallarında bunu təsdiq edən başqa mötəbər hüquqi əsas mövcud olmalıdır. İddiaçı apellyasiya şikayətində məhz belə bir mövqe irəli sürərək 2009-cu ildən əvvəl SOCAR sistemində işlədiyini və mənzildən həmin dövrdən istifadə etdiyini, 2012 və 2017-ci illərdə isə yalnız əvvəldən mövcud olmuş vəziyyətin sənədləşdirildiyini bildirmişdir. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. Şəxsin müəyyən müəssisədə işləməsi ilə həmin müəssisənin mənzil fondunda yerləşən konkret yaşayış sahəsi üzərində hüquq əldə etməsi fərqli hüquqi faktlardır. Əmək münasibətlərinin mövcudluğu özlüyündə konkret mənzilin şəxsin qanuni istifadəsinə verildiyini və ya həmin mənzilin özəlləşdirilməsi hüququnun yarandığını təsdiq etmir. Eyni qaydada, mənzildə faktiki yaşama halı da özlüyündə qanunvericiliklə tələb olunan orderi, sərəncamı və ya kirayə müqaviləsini əvəz edə bilməz. Özəlləşdirmə hüququnun qorunması üçün mühüm olan şəxsin yalnız # ####### 2009-cu ilədək həmin mənzildə faktiki yaşaması deyil, həmin tarixədək qanunun tanıdığı hüquqi əsasla mənzil üzərində istifadə hüququ əldə etməsidir. Halbuki apellyasiya icraatında aparılmış araşdırma nəticəsində belə hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna SOCAR-ın verdiyi # ###### 2025-ci il tarixli cavabdan görünür ki, iddiaçıya dair aşkar edilmiş sənəd məhz ## #### 2012-ci il tarixli birgə iclas protokoludur. Həmin məlumatda, eyni zamanda, mübahisəli yaşayış binasının Nazirlər Kabinetinin ## ###### 2011ci il tarixli sərəncamının icrası çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin balansına verildiyi göstərilmişdir. SOCAR-ın ## ####### 2025-ci il tarixli digər cavabında isə iddiaçının heç bir zaman SOCAR üzrə mənzil uçotunda olmadığı bildirilmişdir. Beləliklə, iş materiallarında iddiaçıya mübahisəli mənzilin # ####### 2009-cu ilədək verildiyini təsdiq edən sərəncam, order, kirayə müqaviləsi və ya həmin sənədləri əvəz edə biləcək başqa hüquqmüəyyənedici sənəd mövcud deyildir. Bu kontekstdə 2012-ci il tarixli müvəqqəti yaşayış orderinin hüquqi mahiyyəti də nəzərə alınmalıdır. Həmin sənəd iddiaçının müəyyən yaşayış sahəsindən istifadə etməsinə hüquqi əsas yaratmış olsa da, onun verildiyi tarix və xarakteri həmin hüququ # ####### 2009-cu ilədək mövcud olmuş hüquq kimi qiymətləndirməyə imkan vermir. Əksinə, həmin sənəd mənzilə dair hüquqi münasibətin 2009cu ildən sonrakı dövrdə rəsmiləşdirildiyini göstərir. 2017-ci il tarixli sərəncamın özü də əvvəlki tarixə hüquqi nəticə doğurmur. Həmin sərəncamla iddiaçı mübahisəli mənzilin kirayəçisi hesab edilmiş, daha sonra məhz həmin sərəncam və 2012-ci il tarixli müvəqqəti yaşayış orderi əsasında onun daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Buna görə 2017-ci ildə istifadə hüququnun dövlət qeydiyyatına alınması faktı iddiaçının həmin mənzil üzərində 2009-cu ildən əvvəl özəlləşdirmə hüququna malik olmasının sübutu kimi qiymətləndirilə bilməz. Kollegiya apellyasiya şikayətində irəli sürülmüş bərabərlik prinsipi ilə bağlı dəlilə də münasibət bildirilməsini zəruri hesab edir. İddiaçı hesab edir ki, # ####### 2009-cu ilədək və həmin tarixdən sonra rəsmiləşdirilmiş sənədlər arasında fərq qoyulması eyni kateqoriyaya aid şəxslərə fərqli münasibət təşkil edir. Lakin bu dəlil də əsaslı deyildir. Mübahisəli fərqləndirmə inzibati orqanın və ya məhkəmənin öz mülahizəsi əsasında müəyyən etdiyi meyardan deyil, birbaşa qanunvericilikdən irəli gəlir. Mənzil Məcəlləsinin 146.1-ci maddəsi əvvəlki hüquqi rejim əsasında # ####### 2009cu ilədək artıq yaranmış özəlləşdirmə hüquqlarının saxlanmasını təmin edir, 146.2-ci maddə isə Məcəllə qüvvəyə mindikdən sonra verilmiş müəyyən dövlət mənzil fondu yaşayış sahələrinə əvvəlki özəlləşdirmə rejiminin tətbiq edilmədiyini nəzərdə tutur. Buna görə # ####### 2009-cu ilədək qanuni əsasla mənzil əldə etmiş şəxslərlə yalnız həmin tarixdən sonra yaşayış sahəsi əldə etmiş şəxslərin hüquqi vəziyyətləri eyni deyildir. Hüquqi rejimlərin zaman baxımından dəyişməsi və qanunvericinin əvvəl yaranmış hüquqları qoruyan keçid müddəası müəyyən etməsi özlüyündə bərabərlik prinsipinin pozulması hesab edilə bilməz. Kollegiya, həmçinin nəzərə alır ki, dövlət qeydiyyatı orqanı daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaratmaq və ya dövlət mənzil fonduna aid mənzili özəlləşdirmək barədə qərar vermək səlahiyyətinə malik deyildir. Qeydiyyat orqanı yalnız qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd əsasında artıq yaranmış hüququ dövlət reyestrində tanıyıb rəsmiləşdirə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsi də qeydiyyat üçün ərizəyə Qanunun 8-ci maddəsində göstərilən hüquqi əsaslardan birinin əlavə edilməsini tələb edir. Hazırkı halda iddiaçının təqdim etdiyi sənədlər onun mənzil üzərində istifadə hüququnu təsdiq etsə də, həmin mənzil üzərində tələb etdiyi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası təşkil etmir. Bu səbəbdən qeydiyyat orqanının iddiaçıya münasibətdə mövcud istifadə hüququnu mülkiyyət hüququ kimi qeydə alması faktiki olaraq mövcud olmayan hüququn qeydiyyat yolu ilə yaradılması nəticəsinə gətirib çıxarardı ki, bu da daşınmaz əmlakın dövlət qeydiyyatı institutunun hüquqi mahiyyəti ilə uzlaşmır. Bu baxımdan, cavabdehin iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi qanunazidd hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar