Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-543/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Abdullayeva Kamilla Arif qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və Həmid Azər oğlu Ağalarovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Abdullayeva Kamilla Arif qızının nümayəndəsi və vəkili Əhmədov Cavid Nizami oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13403/2025 saylı, 10.12.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Mütəfəkkir” şirkətinin direktoru Muradov Əli Məmməd oğlunun şəxsində gələcəkdə “icraçı” adlanacaq bir tərəfdən, Abdullayeva Kamilla Arif qızı gələcəkdə “sifarişçi” adlanacaq digər tərəf arasında bağlanmış 16.09.2002-ci il tarixli ilkin müqavilədən görünür ki, “Mütəfəkkir” şirkətinin vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 185 saylı ünvanda inşa olunmuş yaşayış binasının mənzili üçün alqı-satqı müqaviləsi tərəflərin öhdəlikləridir. Müqaviləyə əsasən “İcraçı” Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 185 saylı ünvanda yerləşən 13 mərtəbəli, 2 bloklu yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 52 saylı, ümumi sahəsi 98 kv.m olan 2 otaqlı mənzilin tikintisinin bu müqavilədə göstərilən işlərin yerinə yetirilməsi ilə başa çatdırılmasını öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin qiyməti 24000 ABŞ dolları olmaqla həmin məbləği Azərbaycan Respublikasının Milli Bankının ABŞ dolları kursuna uyğun olaraq manatla ödəyir.
2. “Mütfəkkir” MMC-nin 20.05.2025-ci il tarixli maliyyə arayışından görünür ki, “Mütəfəkkir” şirkəti tərəfindən bağlanmış “ilkin müqavilə” ilə 16 sentyabr 2002-ci ildən mülkiyyətçisi olduğu Yasamal rayonu 613-cü məhəllə, Murtuza Muxtarov küçəsi 185 ünvanında yeni inşa edilmiş 13 mərtəbəli yaşayış binasında, giriş 2, mərtəbə 7, ümumi sahəsi 98 kv.m, 2 otaqdan ibarət olan 52 saylı mənzilin dəyərini tam ödəmişdir.
3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, mənzil 13 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Binaın qəbul aktı və təsdiq edilmiş eskiz layihəsi təqdim edilməmişdir. Mənzilin faktiki sahəsi 87.2 kv.metrdir. Qapı 3, giriş 2.
a) Birinci instansiya məhkəməsində icraat.
4. İddiaçı Abdullayeva Kamilla Arif qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185, 52 saylı mənzilə dair iddiaçı Abdullayeva Kamilla Arif qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185, 52 saylı mənzildə yaşayır. Həmin mənzilin 16 sentyabr 2002-ci il tarixində "Mütəfəkkir" MMC ilə bağlanmış ilkin müqaviləyə əsasən mülkiyyətçisidir. 20.05.2025-ci il tarixində "Mütəfəkkir" MMC tərəfindən verilmiş maliyyə arayışı əsasında iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 185 ünvanında yeni inşa edilmiş yaşayış binasının 2-ci girişinin, 7-ci mərtəbəsində ümumi sahəsi 08 kv.m olan 2 otaqlı 52 saylı mənzilin dəyərini tam ödədiyi və borcunun olmaması təsdiq edilmişdir. İddiaçı həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh 08.07.2025-ci il tarixli məktub ilə çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin bu imtinası əsassızdır. İddiaçının adına rəsmiləşdirmək istədiyi mənzilin yerləşdiyi binada yerləşən hər hansı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması məsələsi araşdırılmış və cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 185 ünvanında inşa edilmiş binada yerləşən ayrı-ayrı mənzillər üzərində müxtəlif şəxslərin hüquqları qeydiyyata alınaraq bu barədə həmin mənzillərə dair reyestrdən çıxarışlar verilmişdir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, məhəllə 613, Murtuza Muxtarov küçəsi, 185D saylı ünvanda inşa edilmiş yaşayış binasının yaşayışa yararlı olub-olmaması (qəzalı) barədə məlumatın verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 3-18-2/2-30/2025 saylı, 06.01.2025-ci il tarixli məktubu ilə aparılmış müayinələr nəticəsində qeyd edilən yaşayış binasının dayanıqlıq baxımından tikinti-norma və qaydalarının tələblərinə cavab verməməsinin aşkar edildiyi və qeyd olunan yaşayış binasında nəzərdə tutulmuş gücləndirmə işləri başa çatdırılmadığından məsələyə müsbət münasibət bildirilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq mənzilin sənəd üzrə ümumi sahəsinin 98.0 kv.m qeyd olunsa da, faktiki 87.2 kv.m təşkil etdiyi məlum olmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13403/2025 saylı, 10.12.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
8. İddiaçı Abdullayeva Kamilla Arif qızı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
f) Proses iştirakçılarının izahatları
11. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
20. Belə ki, hazırda iddiaçı istifadəsində olan yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir.
21. İddiaçının dəlili isə ondan ibarətdir ki, 16.09.2002-ci il tarixli ilkin müqaviləyə əsasən “İcraçı” (“Mütəfəkkir” şirkətinin direktoru Muradov Əli Məmməd oğlu) Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 185 saylı ünvanda yerləşən 13 mərtəbəli, 2 bloklu yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 52 saylı, ümumi sahəsi 98 kv.m olan 2 otaqlı mənzilin tikintisinin bu müqavilədə göstərilən işlərin yerinə yetirilməsi ilə başa çatdırılmasını öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin qiyməti 24000 ABŞ dolları olmaqla həmin məbləği Azərbaycan Respublikasının Milli Bankının ABŞ dolları kursuna uyğun olaraq manatla ödəyir.
22. Cavabdeh orqan isə bildirir ki, sözügedən çoxmərtəbəli yaşayış binasına dair istismara icazə sənədi idarəyə təqdim edilmədiyindən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185, 52 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyildir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq mənzilin sənəd üzrə ümumi sahəsinin 98.0 kv.m qeyd olunsa da, faktiki 87.2 kv.m təşkil etdiyi məlum olmuşdur.
23. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş 06.04.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, 2008-ci ildə, adı gedən ünvandakı yaşayış binasına yaxın ərazidə, “Mütəfəkkir” MTK-ya məxsus 17 mərtəbəli yaşayış binasının uçması zamanı ətraf binalarda dayanıqlıq baxımından yoxlama işləri aparılmışdır. Yoxlama zamanı müraciətdə qeyd edilən ünvandakı yaşayış binası dayanıqlıq baxımından tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2008-ci il tarixli 61s nömrəli Sərəncamına əsasən həmin yaşayış binasında güçləndirmə-bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur. Gücləndirmə-bərpa işləri binanın zirzəmi və qeyri-yaşayış hissəsində başlanılmış, lakin mənzillər daxilində aparılmasına sakinlər etiraz etmişlər. Bununla da işlər yarımçıq saxlanılmışdır. Sonradan həmin yaşayış binası “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun siyahıya daxil edilmiş, lakin aparılmış müayinələr nəticəsində qeyd edilən yaşayış binasında dayanıqlıq baxımından tikinti norma və qaydalarının tələblərinə cavab verməməsi bir daha təsdiq edilmişdir. Fərmanın qüvvədə olduğu müddətdə bu nöqsanın aradan qaldırılması barədə məlumat daxil olmadığından, binanın istismara hazırlığı barədə müvafiq rəyin verilməsi mümkün olmamışdır.
24. İş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir.
25. Qanunvericiliyin müddəalarına əsasən istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz.
26. Belə olduğu təqdirdə Abdullayeva Kamilla Arif qızına alqı-satqı müqaviləsi üzrə verilmiş yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması mümkün olmur.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13403/2025 saylı, 10.12.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı Abdullayeva Kamilla Arif qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13403/2025 saylı, 10.12.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.