Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-57/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. İddiaçı X2 təqdim etdiyi 2022-ci il gəlir vergisi bəyannaməsindən görünür ki, mikrosahibkar kimi 2022-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 152217,50 manat, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 126847,91 manat, vergiyə cəlb edilən gəlir 25369,59 manat, ödənilməli gəlir vergisi isə 5073,92 manat bəyan edilmişdir.
2. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi kameral vergi yoxlaması üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsindən görünür ki, mikrosahibkar kimi 2022-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 152217,50 manat, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 10297,44 manat, vergiyə cəlb edilən gəlir 141920,06 manat, ödənilməli gəlir vergisi isə 28384,01 manat bəyan edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” **********072100 nömrəli, 14 mart 2024-cü il tarixli qərar qəbul olunmuşdur. Qərara əsasən iddiaçıya təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 29.506,92 manat vergi hesablanmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
4. İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə (əvvəlki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 mart 2024-cü il tarixli, 2439/2021/072100 saylı qərarının ləğv olunması, qərar əsasında hesablanmış 28.384,01 manatın, hesablanmış və gələcəkdə həmin məbləğə hesablanacaq faizlərin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı daha sonra ərizə təqdim edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin üçüncü şəxs qismində işə cəlb olunmasını və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 noyabr 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2- 292699/2024 saylı Qərarının ləğv olunması, qərar əsasında hesablanmış 28.384,01 manatın, hesablanmış və gələcəkdə həmin məbləğə hesablanacaq faizlərin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə tərəfindən ərizə təmin edilmiş, üçüncü şəxs qismində işə cəlb olunma barədə ərizə baxılmamış saxlanılmış, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.
7. İddiaçının nümayəndəsi xx.xx.2025-ci ildə yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 iyul 2025-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2-737368/2025 saylı Qərarının ləğv olunması, Qərar əsasında hesablanmış 28.384,01 manatın, hesablanmış və gələcəkdə həmin məbləğə hesablanacaq faizlərin silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 mart 2024-cü il tarixli, **********072100 saylı qərarına əsasən iddiaçıya kameral yoxlama nəticəsində 28.384.01 manat məbləğində vergi borcu hesablanmışdır. Kameral vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında vergi orqanı tərəfindən ona təqdim olunmuş məktub 15 mart 2024-cü il tarixlidir. Deməli, məktub ona 15 mart tarixindən sonra təqdim olunmuşdur. İddiaçıya kameral vergi yoxlaması nəticəsində vergi hesablanması barədə qərar isə artıq 14 mart tarixində qəbul olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət edilmədiyindən cavabdehin qərarı ləğv olunmalıdır.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı bir neçə dəfə mübahisələndirilən dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Lakin, dəqiqləşmiş vergi bəyannaməsi üzrə hesabatlar nəzərə alınmamışdır. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh orqanın xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 737368/2025 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması zamanı iddiaçı qanunvericiliklə müəyyən edilmiş vergi orqanın hüquqdan istifadə edərək Nazirlər Kabinetinin 55 nömrəli qərarına uyğun bəyannamə təqdim etdiyi müəyyən edilmişdir. Lakin, uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində "Kompleks nahar xidməti” təyinatı ilə 152217,5 manat, o cümlədən "xxxx" MMCyə (VÖEN: **********) 106013,5 manat və "xxxx" MMC-yə (VÖEN: **********) 46204,0 manat dəyərində elektron qaiməfakturanın təqdim olunduğu, 4682,4 manat dəyərində müxtəlif ərzaq mallarının əldə edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən hesablama metodu ilə xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində cəmi gəlirlər 152217,5 manat, o cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 152217,5 manat, cəmi xərclər 10297,44 manat, o cümlədən əmək haqqı 4250,0 manat, sosial sığorta haqqı 1661,0 manat, malın dəyəri 2582,19 manat, bank xidməti üzrə xərclər 1804,25 manat qeyd edilmiş, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 106440,04 manat güzəşt məbləği nəzərə alınmaqla vergiyə cəlb olunan gəlir məbləğinin 35480,02 manat, hesablanmış vergi məbləğinin 7096,0 manat bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında fərdi sahibkarın iki nəfər şəxslə əmək müqavilələrinin olmasına baxmayaraq 2022-ci ilin 1-ci, 3-cü və 4-cü rübü üzrə cari "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” təqdim edilmədiyi, qeyd olunan dövrlər üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə əlavə sosial sığorta haqlarının hesablandığı müəyyən edilmişdir. Lakin, daha sonra Nazirlər Kabinetinin 55 nömrəli qərarına uyğun olaraq 152217,5 manat gəlirə münasibətdə 5073,9 manat (152217,5/120*20*20%) gəlir vergisi bəyan etmişdir. İddiaçı vergi orqanına inzibati qaydada müraciət edərək 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Daxil olmuş şikayət üzrə araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixli **********817600 nömrəli "Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək fərdi sahibkar (və ya səlahiyyətli nümayəndəsinin) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, fərdi sahibkar İddiaçı xx.xx.2024-cü il tarixdə inzibati araşdırmada iştirak etmiş və şikayət məktubunun məzmununa uyğun olaraq izahat təqdim etmişdir. İddiaçı inzibati araşdırmaya təqdim etdiyi izahatında yeməklərin bişirilməsi və çatdırılması (ketirinq) fəaliyyəti ilə məşğul olduğunu, kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablandıqdan sonra fəaliyyətini dayandırmalı olduğunu, hal-hazırda fəaliyyət göstərmədiyini, elektron qaiməfaktura ilə təqdim edilmiş yeməklərin faktiki yaşadığı Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1A, mənzil 53 yerləşən mənzildə hazırlandığını, vergi qanunvericiliyindən məlumatı olmadığı üçün fəaliyyət göstərdiyi ünvanın vergi orqanında qeydiyyata qoymadığını, gündəlik 90-100 nəfər üçün yeməklərin hazırlandığını, orta hesabla bir nəfər üçün qiymətin 4,5-5,0 manat arasında dəyişdiyini, iaşə xidməti sahəsində rəqabətə davam gətirmək üçün yüksək keyfiyyətli mallardan, yəni sənaye üsulu ilə istehsal edilmiş xammaldan deyil, bilavasitə təbii xamallardan istifadə edildiyini, göstərilmiş iaşə xidmətində yalnız yüksək keyfiyyətli ət məhsullarından istifadə edildiyini, ət və meyvə-tərəvəzlərin alışı zamanı heç bir mağazanın elektron qaimə-faktura təqdim etmədiyini, ən yaxşı halda nəzarət kassa aparatının çekini təqdim edildiyini, bu çek üzrə alınmış malların dəyərini vergi orqanı xərc kimi nəzərə almadığı üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində xərc olaraq bəyan edilmədiyi qeyd edilmişdir. İnzibati araşdırma zamanı şikayətin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə 141920,06 manat (152217,5- 10297,44) vergiyə cəlb olunan və 28384,01 manat (141920,06 x 20%) ödənilməli gəlir vergisi məbləğinin təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanına əsasən İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ifadə verərək bildirdi ki, onunla əmək müqaviləsi bağlamadan sahibkarlıq fəaliyyəti onun anası tərəfindən aparılır. İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən gəlir və xərclər sənədləşdirilmiş məlumatlar əsasında müəyyən edilməsinə baxmayaraq, “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”, “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt” və s. kimi zəruri hesab edilən sənədlər vergi orqanına təqdim edilməmişdir. Həmçinin, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın 2022-ci il üzrə cəmi gəlirlərinin 152217,5 manat, hesablama metodu tətbiq edilməklə xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində cəmi xərclərinin 10297,44 manat olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə vergi orqanına 2022-ci il üzrə gəlir vergi bəyannaməsi təqdim edərək (Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin şərtlərinə əsasən) vergi məbləğini 7096,0 manat, daha sonra xx.xx.2025-ci il tarixdə (Nazirlər Kabinetinin 55 nömrəli qərarına uyğun) 5073,92 manat olaraq bəyan etmişdir. İddiaçının əldə etdiyi 152217,50 manat gəlirə şərti rentabellik norması tətbiq etməklə gəlir vergisi hesablaması düzgün olmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1563/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2-737368/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır.
11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, fərdi sahibkar xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “hazır yeməklərin göndərilməsi” kimi qeyd edilmiş və onun adına vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyekti (obyekti) mövcud olmamışdır. Bununla belə, uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində “Kompleks nahar xidməti” təyinatı ilə ümumilikdə 152 217,5 manat məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Bu məbləğin: • 106 013,5 manatı "xxxx" MMC-yə (VÖEN: **********), • 46 204,0 manatı "xxxx" MMC-yə (VÖEN: **********) təqdim edilmiş qaimələr üzrə olmuşdur. Həmçinin iddiaçı tərəfindən 4 682,4 manat dəyərində müxtəlif ərzaq məhsullarının alındığı da aşkar edilmişdir. Lakin iddiaçı 2022-ci il üzrə cari gəlir vergisi bəyannaməsini təqdim etməmişdir ki, bu isə vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmişdir. Həmin bəyannamədə: • cəmi gəlirlər – 152 217,5 manat, • cəmi xərclər – 10 297,44 manat (o cümlədən əmək haqqı – 4 250,0 manat, sosial sığorta haqqı – 1 661,0 manat, malın dəyəri – 2 582,19 manat, bank xidmətləri – 1 804,25 manat) göstərilmişdir. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq 106 440,04 manat güzəşt məbləği nəzərə alınmış, nəticədə vergiyə cəlb olunan gəlir 35 480,02 manat, hesablanmış vergi isə 7 096,0 manat kimi bəyan edilmişdir. Lakin bəyannamədə kənarlaşmalar tam aradan qaldırılmadığından Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üzrə əlavə 20 771,52 manat gəlir vergisi hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********684600 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Bildirilmişdir ki, iddiaçı sonradan vergi orqanına müraciət edərək 2022-ci il üzrə hesablanmış gəlir vergisi məbləğinin azaldılmasını xahiş etmişdir. İnzibati araşdırma zamanı verdiyi izahatda iddiaçı gəlir və xərclərinin uçotunu aparmadığını və uçot aparmalı olduğunu bilmədiyini qeyd etmişdir (izahat əlavə olunur). Beləliklə, iddiaçı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən nəzərdə tutulan güzəşt hüququndan yararlana bilməyəcəyindən və gəlir vergisini Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” 55 nömrəli qərarına uyğun olaraq hesablamış, 152 217,5 manat gəlirə münasibətdə 5 073,9 manat (152217,5 / 120 × 20 × 20%) bəyan etmişdir. Lakin aparılmış araşdırmadan sonra iddiaçının təqdim etdiyi bəyannamə cavbdeh tərəfindən əsaslı sayılmamış və 2022-ci il üzrə vergiyə cəlb olunan gəlir – 141 920,06 manat (152 217,5 – 10 297,44),ödənilməli vergi – 28 384,01 manat (141 920,06 × 20%) məbləğində hesablamalar təsdiqlənmişdir. İddiaçı tərəfindən əvvəllər bəyan edilmiş 5 073,9 manat nəzərə alınmaqla cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-2- 3/2-737368/2025 nömrəli KVY qərar əsasında 2022-ci il üzrə 23 310,09 manat gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bu Məcəllə ilə müəyyən olunmus qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə ictimai iaşə sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması qaydaları təsdiq edilmişdir. Qaydalara əsasən ictimai iaşə fəaliyyəti göstərən vergiödəyiciləri gəlir və xərclərini dəqiq və vaxtında sənədləşdirməli, onları müvafiq hesabat dövrlərinə aid etməli və fəaliyyət üzrə bütün əməliyyatların uçotunu aparmalıdırlar. Həmçinin mühasibat uçotu, gəlir və xərclərin uçotu, əmtəə-material ehtiyatlarının rəsmiləşdirilməsi və uçot sənədlərinin tərtib olunması ilə bağlı Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə riayət olunmalıdır. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən fəaliyyət üzrə əməliyyatların tam sənədləşdirilməsi təmin edilməmiş, gəlir və xərclərin uçotu qeyd olunan qaydalara uyğun aparılmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı ifadəsində bildirmişdir ki, faktiki sahibkarlıq fəaliyyəti onun anası tərəfindən əmək müqaviləsi bağlanmadan həyata keçirilmişdir. Eyni zamanda ictimai iaşə fəaliyyəti üzrə gəlir və xərclərin sənədlər əsasında müəyyən edilməli olmasına baxmayaraq, “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”, “Satışın nəticələrinə görə malların silinməsi aktı” və digər zəruri uçot sənədləri vergi orqanına təqdim edilməmişdir. Ümumi şəkildə vergi ödəyicisinin fəaliyyətinə nəzər saldıqda aydın olur ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda əldə etdiyi gəlirləri bəyan etməmiş, yalnız vergi orqanı tərəfindən pozuntular aşkarlanıb hesablama aparıldıqdan sonra bəyannamə təqdim etmişdir. Gəlir və xərclərin uçotunun aparılması üzrə qanunvericilik tələblərinə əməl etməməsi, maliyyə intizamına biganə yanaşması və fəaliyyətinin şəffaflığını təmin etməməsi isə vergi ödəyicisinin öz öhdəliklərinə məsuliyyətsiz münasibətini açıq şəkildə ortaya qoyur. Məhkəmə hesab etmişdir ki, cavabdeh xərcləri təsdiq edən sənədlərin mövcud olmamasına istinad etməklə həmin xərcləri nəzərə almadan qərar qəbul etmiş və iddiaçıya 2022-ci il üzrə əlavə 23 210,09 manat gəlir vergisi hesablayaraq Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdehin münasibəti: Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına xüsusi hallarda — o cümlədən uçot və sənədləşmə tələbləri yerinə yetirilmədikdə — vergi öhdəliyini əlaqəli məlumatlar əsasında hesablamaq hüququ verir. Bu imkan yalnız vergi orqanına məxsusdur və vergi ödəyicisi həmin maddənin müddəalarına istinad edərək özünə vergi hesablaya bilməz. Bu baxımdan iddiaçının əldə etdiyi 152 217,50 manat gəlirə şərti rentabellik norması tətbiq etməklə vergi hesablaması hüquqi cəhətdən əsassız olmuşdur. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilmədikdə, mühasibat uçotu aparılmadıqda və ya müəyyən edilmiş qaydada aparılmadıqda, uçot sənədləri itirildikdə və nəticədə vergitutma obyektini müəyyənləşdirmək mümkün olmadıqda, vergi orqanı ödənilməli verginin məbləğini əlaqəli məlumatlar əsasında hesablamaq hüququna malikdir. Bu norma, mahiyyət etibarilə, vergi ödəyicisinin uçot aparmaq və məlumat təqdim etmək üzrə qanuni öhdəliklərini icra etməməsinin vergi orqanının fəaliyyətinə maneə yaratmasının qarşısını almağa yönəlmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 130.1-ci maddəsi vergi ödəyicisine gəlir və xərclərinin dəqiq və vaxtında uçotunu aparmaq öhdəliyini birbaşa şəkildə müəyyən edir. Eyni qaydada, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsi gəlirlərin, xərclərin və vergitutma obyektlərinin uçotunu aparmağı vergi ödəyicisinin dəyişməz vəzifəsi kimi təsbit edir. Bu baxımdan vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədləri təqdim etməməsi vergi orqanının qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərini tətbiq etməkdən imtina etməsi üçün əsas ola bilməz. Əksinə, belə hallarda vergi orqanı əlaqəli məlumatlardan istifadə etməklə rəsmiləşdirilməmiş gəlir və xərcləri müəyyən edə bilər. Qanunvericiliyin təfsiri və tətbiqi zamanı iyerarxiya prinsipi nəzərə alınmalı, mübahisə predmeti olan hüquq münasibətlərinə ilk növbədə ali hüquqi qüvvəyə malik normativ aktlar tətbiq edilməlidir. Bu isə hüquqtətbiqedici orqanın — o cümlədən məhkəmənin — qərar qəbul edərkən Vergi Məcəlləsinin birbaşa tələblərini əsas götürməsini zəruri edir. Məhkəmənin iddiaçının iddiasını təmin etməklə, faktiki olaraq, gəlirlərini bəyan etməyən, uçot aparmayan və fəaliyyətini qanunvericiliyə uyğun sənədləşdirməyən vergi ödəyicisini müdafiə etməsi isə yalnız konkret iş üzrə deyil, ümumi vergi tutma siyasəti baxımından da təhlükəli presedent yaradır. Belə mövqe vergi ödəyicilərinə qanunvericilik tələblərini pozmaqla da məhkəmədə hüquqi müdafiə ala biləcəkləri mesajını verir ki, bu da həm vergi intizamına zərbə vurur, həm də vergidən yayınma hallarının artmasına əlverişli mühit yaradır. Bundan əlavə, iddiaçının uçot aparmaması məhsul aldığı satıcıların da uçotdan gizlənməsinə şərait yaratmış olur. Məhkəmənin belə hallarda uçotsuz fəaliyyətə dolayı dəstək verməsi isə dövlət adından verilən qərarın ümumi vergi siyasətinin məqsədlərinə və vergi inzibatçılığının mahiyyətinə zidd olduğunu açıq şəkildə göstərir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
14. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
15. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X7ni keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən: 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
25. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
26. İddiaçı xx.xx.2025-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür.
27. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2-737368/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “xərc sənədləri olmadığı halda cavabdeh vergi orqanı bütün gəlirə 20 faiz tətbiq etməklə gəlir vergisi hesablamaqda haqlı olmamışdır. O, bu zaman Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi hesablanmalı idi. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir”.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
29. İş materiallarında olan iddiaçının təqdim etdiyi 2022-ci il gəlir vergisi bəyannaməsindən görünür ki, mikrosahibkar kimi 2022-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 152217,50 manat, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 126847,91 manat, vergiyə cəlb edilən gəlir 25369,59 manat, ödənilməli gəlir vergisi isə 5073,92 manat bəyan edilmişdir.
30. Cavabdehin təqdim etdiyi kameral vergi yoxlaması üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsindən görünür ki, mikrosahibkar kimi 2022-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 152217,50 manat, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 10297,44 manat, vergiyə cəlb edilən gəlir 141920,06 manat, ödənilməli gəlir vergisi isə 28384,01 manat bəyan edilmişdir.
31. İşin birinci instansiyası məhkəməsində icraatı zamanı cavabdehin iddiaçı barəsində qəbul etdiyi və hazırda iddiaçının mübahisələndirdiyi “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2- 737368/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə əsasən iddiaçıya 2022-ci il gəlir vergisi üzrə 23210,09 manat məbləğində əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, təqdim edilmiş 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 23310,09 manat vergi məbləğinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
32. İşin birinci instansiya məhkəməsində icraatı zamanı təqdim olunmuş cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə elektron qaimə-fakturalarla 152 217.50 manat dəyərində malların (işlərin, xidmətlərin) təqdim edildiyi, müvafiq dövr üzrə cəmi xərclərinin uçot-baza məlumatlarına əsasən 10 297.44 manat təşkil etdiyi müəyyən edilmişdir. Hesablama aparılarkən real gəlir-xərclər üzrə aparılmışdır. Hesablamanın aparılması qaydası: (152 217.50-10 297.44)*20% =28 384.01.
33. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur.
34. Belə ki, kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər.
35. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir.
36. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz.
37. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, vergi ödəyicisinin 2022ci il üzrə satış dövriyyəsi 152217,50 manat olmuş, cavabdeh də bu halı qəbul etmişdir. Qərarın 1-ci sətirlərində qeyd olunan məbləğ iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə gəlir müəyyən edilməklə hesablanmışdır. Vergi orqanı tərəfindən qərarın 3-cü sətirlərində qeyd olunan məbləğ isə satış dövriyyəsindən əldə edilmiş vəsaitdən qəbul edilən 10297,44 manat xərc çıxıldıqda əldə edilən məbləğin 20%-ə vurmaqla hesablanması ilə müəyyən edilmişdir. Halbuki xərc sənədləri olmadığı halda cavabdeh vergi orqanı bütün gəlirə 20 faiz tətbiq etməklə gəlir vergisi hesablamaqda haqlı olmamışdır. O, bu zaman Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi hesablanmalı idi.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
39. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir.
40. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.
41. Hazırki iş üzrə aparılan araşdırmalar onu deməyə əsas verir ki, cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır.
42. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıdakı qaydada sərgilənmişdir. (2-1(102)-2643/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-1(102)-943/2024 saylı xx.xx.2024-cü il tarixli qərarları və xx.xx.2024cü il tarixli 2-1(102)- 2914/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-489/2025 nömrəli qərardadları ).
43. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
44. Nəzərə alınmalıdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır.
46. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.
47. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır.
48. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
50. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
51. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi hesablanmasının zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir.
52. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
53. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
54. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
55. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
56. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
57. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
58. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
59. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktı qəbul edən cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir.
60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2025 nömrəli, 13 oktyabr 2025-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev