Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-576/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri yaşayış sahəsinə çevrilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 15 ünvanında yerləşən, 127.40 kv. metrdən ibarət olan * nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə 1121045659 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına ##.##.2021-ci il tarixdə tərtib olunmuş 011011002052-05101-****** reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ** saylı evin, * saylı mənzili binanın 1-ci mərtəbəsində yerləşir.
3. Yasamal RİH tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2023-cü il tarixli, * nömrəli Göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır.
4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ##.##.2026-cı il tarixli, *-**-**-**/*-**/**** saylı cavab məktubu ilə məhkəməyə təqdim olunmuş Yaasamal rayon MKTB ** saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, * №-li arayışda göstərilmişdir ki, həmin (Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ** saylı evin, * saylı mənzili) mənzil 2021-ci il tarixdən etibarən faktiki olaraq hotel (qonaqlama xidməti) kimi fəaliyyət göstərir. Qeyd olunan sahənin həm əsas küçədən- İ.Səfərli küçəsindən (blokdan), həm də həyət tərəfdən L.Tolstoy küçəsindən müstəqil girişləri mövcuddur.
5. Alternativ Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** saylı mütəxəssis rəyində göstərilmişdir ki: 1-ci sual üzrə (mənzildə konstruksiya dəyişikliyi aparılıbmı, mənzilə yükdaşıma, dayanıqlıq və möhkəmliyə təsir edirmi?) Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 15 ünvanında yerləşən * saylı mənzilin bəzi arakəsmə divarlarının (öz yükünü daşıyan divarlar) sökülməsinə, yüngül konstruksiyadan yeni arakəsmə divarların quraşdırılmasına baxmayaraq, mənzilin (binanın) yükdaşıyıcı və örtük konstruksiyalarına müdaxilə olunmadığı və nəticə etibari ilə sözügedən mənzilin mövcud vəziyyətinin texniki pasporta uyğun olduğu müəyyən edilir. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 15 ünvanında yerləşən * saylı mənzilin (daşnmaz əmlakın) yükdaşıyıcı və örtük konstruksiyalarına müdaxilə olunmadığını nəzərə alaraq, daşınmaz əmlakın mövcud vəziyyətdə istifadə olunması, əmakın yerləşdiyi binanın konstruktiv elementlərinin dayanıqlığına və möhkəmliyinə təsir (xələl) gətirə biləcəyi hər-hansı amil aşkar olunmadı. 2-ci sual üzrə (obyektin neçə giriş-çıxışı mövcuddur): İddiaçı xüsusi mülkiyyətində olan və təyinatı üzrə “MossArt" adı altında otel kimi fəaliyyət göstərən daşınmaz əmlakın tərkibinə aid olan sahələrə faktiki olaraq bir neçə giriş-çıxış yolunun olduğu, bunlardan birinin İslam Səfərli küçəsindən, digərinin Lev Tolstoy küçəsindən olduğu və həmin giriş-çıxışların digər sakinlərin sərbəst hərəkətinə maneçilik yaratmaması müəyyən edilir. 3-cü sual üzrə (Bina neçə mərtəbəlidir və obyektin altında zirzəmi varmı varsa da, təyinatı nədir): İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 15 ünvanında yerləşən * saylı mənzilin (“MossArt” adı altında otel kimi fəaliyyət göstərən daşnmaz əmlak) yerləşdiyi binanın layihə üzrə 2 (iki) mərtəbəli olduğu, mənzilin altında “MossArt” adı altında otel kimi fəaliyyət göstərən daşnmaz əmlakın tərkibinə daxil olan zirzəminin mövcudluğu və həmin zirzəminin təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi istifadə olduğu müəyyən edilir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməklə, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi ev 15, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri yaşayış sahəsinə çevrilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Yasamal RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi ev 15, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bununla bağlı daşınmaz əmlak ##.##.2021-ci il tarixdə qeydiyyata alınaraq ona 1121045659 reyester nömrəli çıxarış verilmişdir. Həmin tarixdə də mənzilə dair texniki pasport tərtib edilmişdir. Həmin vaxtdan da həmin yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Uzun illərdir ki, fəaliyyət göstərir və vergi orqanında qeydiyyatdadır. Texniki pasportda olduğu kimidir. Heç bir konstruktiv dəyişiklik edilməmişdir. Eyni zamanda həmin yaşayış sahəsinin altı qeyri - yaşayış sahəsidir. Həmin sahəyə qonşulardan təcrid olunmuş müstəqil giriş mövcuddur. Həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Yasamal RİHə ərizə ilə müraciət edilmiş, cavabdeh orqan inzibati akt qəbul etməli olduğu halda bundan imtina edərək imtinasında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2023-cü il tarixli * nömrəli Göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, Qanunvericilikdə istənilən icra qurumunun o cümlədən Şəhərsalma və Arxitektura Komitəsinin tapşırığı əsasında qanunun icrasını dayandırılmır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2023-cü il tarixli * nömrəli Göstərişi qanun deyil, heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi cavabdehin imtinası sadəcə məqsədli şəkildə qanunsuz və əsassız verilən imtinadır. Çünki yaşayış sahəsinin qeyri yaşayış sahəsinə çevrilməsi üçün əsaslar mövcuddur. Həmin yaşayış sahəsinin altı qeyri yaşayış sahəsidir və hazırda fəliyyət göstərir. Yasamal RİH-nin göstərdiyi müddətdən sonra kifayət qədər yaşayış sahəsinin qeyri yaşayış sahəsinə çevrilməsi ilə bağlı sərəncamları mövcuddur. Bu da onu göstərir ki, RİH bərabərlik prinsipini pozmuşdur.
8. Cavabdeh orqan tərəfindən iddiaya dair hər hansı bir münasibət bildirilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
10. Cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 15 ünvanında yerləşən * saylı mənzilin bəzi arakəsmə divarları (öz yükünü daşıyan divarlar) sökülmüş, yüngül konstruksiyadan yeni arakəsmə divarların quraşdırılmış, mənzilin (binanın) yükdaşıyıcı və örtük konstruksiyalarına müdaxilə olunmuşdur. İş üzrə mənzilin bəzi arakəsmə divarlarının (öz yükünü daşıyan divarlar) sökülməsinə dair verilmiş mütəxəssis rəyi ekspertiza rəyini əvəz edə bilməz. Digər tərəfdən yuxarıda qeyd edildiyi sökülən sahənin dayanıqlığını müəyyən etmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin rəyinə ehtiyac olmuşdur. Odur ki, həmin yaşayış sahəsində lahiyə olmadan, müvafiq orqanlardan rəy alınmadan mənzilin içərisində texnikitəhlükəsizlik qaydalarına riayyət olunmadan istinad divarlarının bir qismi sökülmüş, texniki vəziyyəti baxımından təhlükəli olan mənzil, həmin ərazidə yaşayanların hüquq və mənafelərinə zidd istifadə edilə bilməz. Yaşayış ərazisində qeyri-yaşayış obyektlərinin istifadəsi orada yaşayan sakinlərin hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırıkmışdır ki, cavabdeh tərəfindən sözügedən mənzilə baxış keçirilməmiş, inzibati orqan imtinasını sadəcə Şəhərsalma və Arxitektura Komitəsinin məktubuna istinadən vermişdir. Göründüyü kimi heç bir baxış keçirilmədən ünvanda guya ki aparılmış yenidənqurma, inşaat işlərini əsas gətirilərək apellyasiya şikayətinin verilməsi formal xarakter daşımışdır.
c) Proses iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə vasitəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3.Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
21. Belə ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi ev 15, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri yaşayış sahəsinə çevrilməsinə dair sərəncam verilməsini tələb edir.
22. Cavabdeh orqan isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2023-cü il tarixli, * nömrəli Göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsinin dayandırıldığını bidirərək, ona imtina cavabı vermişdir.
23. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi ev 15, mənzil 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir və başqa şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzil yaşayış sahəsi olsa da faktiki olaraq qeyri-yaşayış sahəsi (obyekt) kimi istifadə olunur.
24. İşin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
25. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **/**** saylı ekspert rəyinə əsasən tədqiq olunan mənzilə dair olan ##.##.2021-ci il tarixli texniki pasportda tədqiqat obyektinin təyinatının mənzil olaraq qeyd olunduğu, lakin faktiki olaraq sözügedən tədqiqat obyektinin faktiki olaraq “Mossart” adı altında otel kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Tədqiq olunan tikiliyə dair olan ##.##.2021-ci il tarixli texniki pasport ilə tikilinin mövcud vəziyyəti müqayisə edilərkən bəzi arakəsmə divarlarda (öz yükünü daşıyan divarlarda) qapı boşluğunun yaradılması, yüngül konstruksiyadan yeni arakəsmə divarların quraşdırılması, əsas yükdaşıyıcı divarlarda hər-hansı bir sökülmə, quraşdırma və ya konstruktiv dəyişilmə olmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzildə edilmiş dəyişikliklərin onun yerləşdiyi binanın təhlükəsizliyinə xələl gətirib-gətirmədiyinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil. Sualın cavabını Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinə sorğu verməklə əldə etmək olar. Tədqiq olunan tikilinin faktiki olaraq, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərdiyini, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşdiyini, giriş-çıxışının küçəyə və ümumi istifadədə olan dəhlizə açılan qapılar vasitəsilə olduğunu, eləcə də Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20 və ** saylı maddələrinin bəndlərində göstərilən tələblərini nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən ** saylı evin, * saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur.
26. Eyni zamanda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, binanın təhlükəsizlik və dayanıqlığa dair normativ tələblərə cavab verilməsini müəyyən etmək üçün ilkin layihə sənədləri araşdırılmalı, həmin sahə daxil olmaqla bütövlükdə müayinə olunmalı, inşaat konstruksiylarının yararlılığına dair hesabat hazırlanmalıdır ki, bu da müvafiq lisenziyaya malik olan təşkilat tərəfindən mülkiyyətçinin vəsaiti hesabına aparıla bilər. Eyni zamanda, hal-hazırda Agentlik ölkənin müxtəlif şəhər və rayonlarında öz səlahiyyətləri, habelə ali dövlət orqanlarının tapşırıqları əsasında müvafiq tədbirlərin həyata keçirilməsini təmin etdiyini və bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertizalarının aparılması üçün tərəfimizdən hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir.
27. Qanunvericiliyin normalarına əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etmişdir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.