Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-583/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X13 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı Həsənova (Hüseynova) Sevinc Akif qızının cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı Həsənova (Hüseynova) Sevinc Akif qızı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının adına sənədləşdirilməli idi. Qeyd edilən ünvan 2005-ci il tarixindən də əvvəl iddiaçının istifadəsində olmuşdur. Həmin sahə tərəfindən abadlaşdırılmış, daş hasara alınmış bağ sahəsi kimi ailə üzvləri ilə birgə istifadə etmişdir. Sonradan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Səbail Bələdiyyəsinə müraciət edilmiş, Azərbaycan Respblikasının Prezidentinin ## ###### 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və “Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunlarına və Səbail Bələdiyyəsinin iclasının ** saylı protokoluna əsasən torpaq sahəsi əlavə edilmiş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsinə dair sərəncam verilmişdir. Bununla əlaqədar ona torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Həmin torpaq sahəsi üzərində istifadə hüquqları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdikdə iddiaçıya imtina cavabı verilmişdir. Cavabdeh qurum tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktub iddiaçıya göndərilmişdir Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair təqdim edilən alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən, təqdim edilmiş texniki pasportda göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən, həmçinin perimetrik ölçü fərqləri olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, hüquq sahibinin soyadının dəyişməsi ilə bağlı əlaqəli sənəd təqdim edilməmişdir. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırılmışdır ki, iddiaçının bələdiyyə tərəfindən ona ayrıldığını iddia etdiyi torpaq sahəsi 2023-cü il tarixədək “Şahinbağ” əhəngdaşı yatağının torpağı olmaqla dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə aid olmuşdur. Bələdiyyə əmlakının şəxsin mülkiyyətinə,istifadəsinə və ya icarəsinə verilməsi barədə qərar qəbul edilir və bu qərar bələdiyyə iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Işdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə Səbail bələdiyyəsinin kollegiyal qərarı ilə deyil, bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi sərəncam ilə verilmişdir. Iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin nə milli arxiv fondunda, nə də onu qəbul etmiş inzibati orqanda əsası mövcud olmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, ehtimallara əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə araşdırması zamanı işin obyektiv və hərtərəfli həlli məqsədilə məhkəmə tərəfindən bütün aidiyyəti dövlət qurumlarına sorğular göndərilmiş, həmin sorğulara onun mövqeyini təsdiq edən cavablar daxil olmuşdur. Buna baxmayaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, hazırkı işin halları üzrə onun qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmənin əsassız qərarının qəbul edilməsində istinad etdiyi halların biri də odur ki, ona ayrılan torpaq sahəsi dövlət torpağında yerləşir. Halbuki ona ayrılan sahə ilə bağlı ekspertiza keçirilmiş və ekspertin (yalan ifadə verməklə bağlı cinayət məsuliyyətinə cəlb edilmə barədə xəbərdarlıq edilmiş şəxs) apardığı təhqiqat və verdiyi rəy ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Səbail rayonu, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı İddiaçı faktiki istifadəsində olan 1000 kv.metr torpaq sahəsi, Bakı şəhəri, Səbail rayonu, Səbail Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. Məhkəmə ekspertin mötəbər rəyini də şübhə altına almışdır. Halbuki bunun üçün heç bir əsas mövcud olmamışdır. Bundan başqa ona ayrılan sahə ətrafında ilkin sənəd bələdiyyə qərarı olan Daşınmaz Əmlak tərəfindən mülkiyyət hüququ ilə qeydiyyata alınmış torpaq sahələri mövcuddur ki, torpaq sahələrinin kateqoriyası qrafasında “yaşayış məntəqələri torpaqları” qeyd edilmişdir. Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 10 sot torpaq sahəsinin mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin sərəncamı onun qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Bundan başqa, torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələr və perimetrik ölçülər qeyd edilməmişdir. Amma cavabdeh tərəfindən imtinasının dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və onun hüquqlarımın pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Həmçinin birinci instansiya Məhkəməsi qərarın əsası kimi göstərdiyi bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilməsinə münasibətdə iddiaçı qeyd etmişdir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Buna baxmayaraq nəzərə alınmalıdır ki, bələdiyyə sərəncamının bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilib-edilməsindən asılı olmayaraq, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. O cümlədən cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd (sərəncam) qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Məhkəmə araşdırması zamanı onun tərəfindən “yaxın ərazidə yerləşən çıxarışlı torpaq sahələrinin mövcudluğu barədə” vəsatət verilsə də, məhkəmə müvafiq sorğunu göndərməmişdir. 500 metr radiusda olan sahələrin mövcudluğunu müəyyən etmək istəməmişdir. Məhkəmə qərarında iddianın rədd edilməsinə əsas kimi, ona ayrılan sənədlərin arxiv əsaslarının mövcud olmaması da göstərilmişdir. Halbuki, inzibati mübahisələrə baxan hər bir hakimə məlum olmalıdır ki, Səbail Bələdiyyəsinə məxsus sənədlər uzun müddət əvvəl digər məsələ ilə əlaqədar Prokurorluq orqanlarının əməkdaşları tərəfindən götürülmüş və bu günədək geri qaytarılmamışdır. Məhz həmin sənədlərin geri qaytarılmaması səbəbindən onlar Səbail Bələdiyyəsinin arxiv sənədləri kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər filialına təhvil verilməmişdir. Bu hal isə iddiaçıdan asılı olmayan, obyektiv və təbii səbəblərlə əlaqədardır. Nəticədə, iddiaçı tərəfindən məhkəməyə hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş bələdiyyə qərarı barədə “qanunvericiliyin tələblərinə uyğun olmayan sənəd” kimi yanlış təəssürat formalaşmışdır ki, bu da işin faktiki hallarının düzgün qiymətləndirilməməsinə gətirib çıxarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Inzibati Icraat haqqında Qanunun 24.1-ci madəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Işin faktiki hallarından görünür ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı sərəncamına əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən və uzun müddət onun istifadəsində olan 0.10 ha torpaq sahəsi əlavə edilmiş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsinə dair sərəncam verilmişdir. Bununla əlaqədar müvafiq qaydada torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, torpaq sahəsinin sxemi tərtib edilmiş, torpaq sahəsinin dəyəri bələdiyyə büdcəsinə köçürülmüşdür. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında , etirazında o hallara istinad etmişdir ki: - torpaq sahəsinə dair təqdim edilən alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. - elektron kadastr məlumatlarına əsasən, təqdim edilmiş texniki pasportda göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. - təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən, həmçinin perimetrik ölçü fərqləri olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - hüquq sahibinin soyadının dəyişməsi ilə bağlı əlaqəli sənəd təqdim edilməmişdir. - bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi bağlı gəldiyi nəticədə habelə qeyd etmişdir ki, - iddiaçının bələdiyyə tərəfindən ona ayrıldığını iddia etdiyi torpaq sahəsi 2023-cü il tarixədək “Şahinbağ” əhəngdaşı yatağının torpağı olmaqla dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə aid olmuşdur. - iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamı “Inzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin tələbi nəzərə alınmaqla etibarsız inzibati akt olmuşdur. - iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin nə milli arxiv fondunda, nə də onu qəbul etmiş inzibati orqanda əsası mövcud olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə aktından görünür ki, ərizəçinin nümayəndəsi tərəfindən göstərilən faktiki torpaq sahəsi ümumi ərazidə yerləşməklə fiziki sərhədləri hər tərəfdən şərtidir. Torpaq sahəsi üzərində tikili yoxdur. Torpaq sahəsinin planında perimetrik ölçülər və dəqiq istinad göstərilməmişdir. Sahənin şimal-şərq hissəsinin bir kənarı üzərində 3-xətli 2-stekalı elektrik hava xətti keçir. Göstərilən faktiki sahənin yerləşməsinə dair koordinatı və sxemi tərtib olunaraq baxılması üçün akta əlavə olunmuşdur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Səbail Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Səbail Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamı və ona əsas olan sənədlər Bələdiyyənin hazırkı arxiv məlumat bazasında aşkar edilməmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-**/*-*****/**** nömrəli ## ###### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Bakı şəhəri Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli Sərəncamı ilə İddiaçı 1000 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatına əsasən təqdim edilmiş texniki pasportda göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən, həmçinin perimetrik ölçü fərqləri olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “Azəriqaz” Bakı Regional Qaz Istismarı Departamenti tərəfindən məhkəməyə ünvanlanan **-*-*-*/*-**/**** nömrəli ## ###### 2025-ci il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsinə əməkdaşlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin ərazisindən “Azəriqaz” IB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan *-**-*F/*- ***/**** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*-**/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, sözügedən sahənin bitişik, qonşuluğunda qeydiyyatdan keçmiş sahə aşkar edilməmişdir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 *-**-**/*-***/**** nömrəli ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi torpaq sürüşməsi ərazisi deyil. Qeyd olunan sahə balansdan çıxarılmış Şahinbağ mişardaşı yatağının ərazisində yerləşir. Yataq haqqında məlumat almaq üçün X11 Fonduna müraciət etmək tövsiyə olunur. - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Fondunun *-**-**/*-***/**** nömrəli ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 üzrə Komissiyasının ## #### 2023 tarixli ** saylı Protokoluna əsasən “Şahinbağ” əhəngdaşı yatağı ehtiyatının tükənməsi və yataq ərazisində yaşayış binalarının inşa edilməsi səbəbindən X14 dövlət balansından çıxarılmışdır. Cavabdehin imtina və etirazının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamına əsasən, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bununla əlaqədar torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, yerləşmə cizgisi tərtib olunmuşdur. Iş materiallarına əlavə olunmuş * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli ## ###### 2014-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** №-li sərəncamı əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1000 kvm torpaq sahəsinin adına “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi, həmin sərəncama əsasən torpağın alqı-satqısının qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunması qərara alınmışdır. Məhkəmə kollegiyası həmçinin onu da diqqətə çatdırır ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, Komitə tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin Komitə tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “Inzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. Inzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. Ictimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. Inzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. Inzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Səbail Bələdiyyəsinin aktı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasının və etirazının elektron kadastr məlumatlarına əsasən, təqdim edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlilinə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılaraq ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə Təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin torpaq sahəsinin cizgiyə uyğun olaraq 1000 kv.metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qərardadın ikinci və dördüncü sualları üzrə Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Səbail rayonu, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı İddiaçı qızının faktiki istifadəsində olan 1000 kv.metr torpaq sahəsi, Bakı şəhəri, Səbail rayonu, Səbail Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə Iddiaçının naturada göstərdiyi Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 1000 kv.metr torpaq sahəsi elektrik xəttinin mühafizə zolağında yerləşmir. Qərardadın beşinci sualı üzrə Iddiaçının naturada göstərdiyi torpaq sahəsi park-yaşıllıq ərazisinə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi boş torpaq sahəsidir. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Cavabdehin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyindən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşmür. Bununla belə Kollegiya cavabdeh orqanın sözügedən dəlilinə münasibətdə onu da qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1991-ci il # ###### tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində də təsbit olunmuşdur. Həmin normaya əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağmədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2019-cu il tarixli qərarında, *-*(***)-****/**** saylı iş üzrə ## #### 2020-ci il tarixli qərarında, 2- *(***)-***/**** saylı iş üzrə ## #### 2020-ci il tarixli qərarında, *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2021-ci il qərarında, *-*(***)-****/**** saylı iş üzrə ##.##.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Həmçinin, mübahisəli torpaq sahəsi elektrik xəttinin mühafizə zonasına düşsə belə, iş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən iddiaçıya cavabdeh inzibati orqana təqdim etmək üçün verilmiş ##.##.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, torpaq sahəsi mövcud ərazidə “xxxx” ASC-yə məxsus 6kV-luq elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin elektrik veriliş xəttinin istismarına maneçilik törətmədiyi və qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. Beləliklə, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən hətta torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən kollegiya cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın hüquq sahibinin soyadının dəyişməsi ilə bağlı əlaqəli sənəd təqdim etməməsi barədə dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarına əlavə olunmuş AZ II seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ## ###### 2015-ci il tarixdə X2 ilə İddiaçı arasında nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqan lazımi qaydada inzibati icraat aparmamışdır. Halbuki, inzibati icraat çərçivəsində qeyd olunan anlaşılmazlıq aradan qaldırıla bilərdi. Birinci instansiya məhkəməsinin iddiaçının bələdiyyə tərəfindən ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin 2023-cü il tarixədək “Şahinbağ” əhəngdaşı yatağının torpağı olmaqla dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə aid olması ilə iddia tələbinin rədd edilməsi barədə gəldiyi qənaətinə münasibətdə isə məhkəmə kollegiyası diqqətə çatdırır ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən “X7 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış ** nömrəli ## ##### 2026-cı il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim olunmuşdur. Həmin mütəxəssis rəyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Fondu tərəfindən *-**-**/*-***/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla təqdim olunmuş Fondda saxlanılan mənbəyə əsasən Şahinbağ əhəngdaşı yatağının geoloji xəritəsi əsasında tərtib edilmişdir. “X7 və Ekspertiza Mərkəzi” MMC-nin ** nömrəli ## ##### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki:
1. Təqdim edilən xəritə üzərində İddiaçı Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı Sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 10 sot torpaq sahəsinin yeri sxeminə əsasən müəyyən olundu.
2. İddiaçı Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı Sərəncamına əsasən ayrılmış torpaq sahəsi ilə Şahinbağ əhəngdaşı yatağı ilə üst-üstə düşmür.
3. İddiaçı ayrılmış torpaq sahəsinin ayrıldığı dövrdən indiyədək olan müddət ərzində əhəngdaşı yatağı ərazisinə düşməmişdir. Göründüyü kimi, həm mütəxəssis rəyi, həm də ekspert rəyi ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi iddiaçıya ayrılan zamanı və hal-hazırda bələdiyyə torpağı olmaqla Şahinbağ əhəngdaşı yatağı ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsinin “iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin nə milli arxiv fondunda, nə də onu qəbul etmiş inzibati orqanda əsası mövcud olmamışdır” qənaətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən də aydın olduğu kimi Səbail Bələdiyyəsinə məxsus sənədlər uzun müddət əvvəl müəyyən məsələlər ilə əlaqədar Prokurorluq orqanlarının əməkdaşları tərəfindən götürülmüş və bu günədək geri qaytarılmamışdır. Məhz həmin sənədlərin geri qaytarılmaması səbəbindən onlar Səbail Bələdiyyəsinin arxiv sənədləri kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər filialına da təhvil verilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, arxivdə həmin aktın bu və ya digər səbəbdən saxlanılmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Həmçinin, qanunvericilikdə sözügedən hüquqmüəyyənedici sənədin arxiv nüsxəsi ilə birlikdə təqdim edilməsinə dair tələb də mövcud deyildir. Beləliklə ekspert və mütəxəssis rəylərindən, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, cavabdehin göstərilən sahənin dövlət mülkiyyəti torpağı olması, sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati X23 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə qarşı ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli, X3 Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X17 Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, X9 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli, X4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli və X1 Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Son olaraq məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid edilməsi iş üzrə araşdırmalar zamanı müəyyən edilmədi. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. Iddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 50 manat cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Bakı şəhəri Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 1700326621 Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli