Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-589/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Cəbiyev Qəzənfər Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Həmid Azər oğlu Ağalarovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Cəbiyev Qəzənfər Tofiq oğlunun, cavabdehin nümayəndəsi Əmirli Gülüsüm Ələddin qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13073/2025 saylı, 12.01.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. 950 nömrəli hərbi hissə komandirinin 10.10.2020-ci il tarixli 288 nömrəli Əmrindən çıxarışa əsasən polkovnik-leytenant Cəbiyev Qəzənfər Tofiq oğlu, maddi-texniki təminat idarəsinin (A4) aerodrom texniki təminat şöbəsi rəisinin aviasiya texniki əmlakı üzrə baş köməkçisi 10.10.2020-ci il tarixdən 10 (on) gün müddətinə 415, 416, 418 nömrəli hərbi hissələrə (Sumqayıt, Kürdəmir, Şəmkir rayonu) ezamiyyətə getmiş hesab olunmuşdur. Əsas: polkovnik-leytenant M.N.Rzayevin raportu (dax.ol.№ 16508)
2. 950 nömrəli hərbi hissə komandirinin 19.10.2020-ci il tarixli 297 nömrəli Əmrindən çıxarışa əsasən 415, 416, 418 nömrəli hərbi hissələrdə ezamiyyətdə olan polkovnikleytenant Cəbiyev Qəzənfər Tofiq oğlunun ezamiyyət müddəti 19 oktyabr 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixədək uzadılmışdır. Əsas: polkovnikleytenant M.N.Rzayevin raportu (dax.ol.№ 16834)
3. 950 nömrəli hərbi hissə komandirinin 29.10.2020-ci il tarixli 307 nömrəli Əmrindən çıxarışa əsasən 415, 416, 418 nömrəli hərbi hissələrdə ezamiyyətdə olan polkovnikleytenant Cəbiyev Qəzənfər Tofiq oğlunun ezamiyyət müddəti 29 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Əsas: polkovnikleytenant M.N.Rzayevin raportu (dax.ol.№ 17317)
4. 950 nömrəli hərbi hissə komandirinin 08.11.2020-ci il tarixli 317 nömrəli Əmrindən çıxarışa əsasən polkovnik-leytenant Cəbiyev Qəzənfər Tofiq oğlu, maddi-texniki təminat idarəsinin (A4) aerodrom texniki təminat şöbəsi rəisinin aviasiya texniki əmlakı üzrə baş köməkçisi 08.11.2020-ci il tarixdə 415, 416, 418 nömrəli hərbi hissələrdən (Sumqayıt, Kürdəmir, Şəmkir rayonu) ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cəbiyev Qəzənfər Tofiq oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, o, 44 günlük Vətən Müharibəsi dövrü 950 №- li hərbi hissədə MTT (maddi texniki təminat) idarəsində ATT (aerodrom texniki təminat) şöbəsi rəisinin aviasiya texniki əmlakı üzrə baş köməkçi vəzifəsində xidmət keçmiş və döyüş əməliyyatları vaxtı maddi döyüş təminatı ilə məşğul olmuşdur. Göstərdiyi fəaliyyətə görə “Cəbrayılın Azad Olunmasına Görə”, “Füzulinin Azad Olunmasına Görə”, “Qubadlının Azad Olunmasına Görə,” “Zəngilanın Azad Olunmasına görə” və “Şuşanın Azad Olunmasına Görə” medalları ilə təltif olunmuşdur. Lakin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi indiyədək verilməmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün 02.06.2025-ci il tarixdə cavabdehə yazılı ərizə ilə müraciət etmişdir. Lakin müraciətə 25.06.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir.
7. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırğının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteram” adı və vəsiqəsi verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin istinad olunan normasından göründüyü kimi, İkinci Qarabağ müharibəsində hərbi xidmətdə olmuş və müvafiq meyarlara cavab verən şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra mümkündür. Yəni şəxsin müraciəti üzrə inzibati orqan (hazırkı halda Müdafiə Nazirliyi) tərəfindən müsbət rəy verildikdən sonra müvafiq sənədlər müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilir. Nazirlər Kabineti tərəfindən sənədlərə baxıldıqdan sonra müraciətin təmin edilməsi məqsədəmüvafiq hesab edilməsə (razılıq verilməsə), şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün olmamaqdadır. Hazırda isə iddiaçı tələbini düzgün müəyyən etməmiş, tələbini “cavabdeh orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi” olaraq qeyd etmişdir ki, bu da Əsasnamənin tələbinə uyğun deyildir. Belə ki, iddia tələbi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi” olaraq müəyyən edilməlidir. Həm qanunvericiliyin tələbi, həm də mövcud məhkəmə praktikası bu istiqamətdədir. Digər tərəfdən, iş materiallarında mövcud olan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın 25.06.2025-ci il tarixli 3-25-14/2-Q887/22-20/2025 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti üzrə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən müsbət rəy verilmiş və sənədlər razılaşdırılması üçün 27.04.2024-cü il tarixdə Nazirlər Kabinetinə göndərilmişdir. Lakin iddiaçının 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı ilə bağlı təqdim etdiyi sənədlər “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmayan hesab edilməklə, Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair müraciətinin təmin olunmasından cavabdeh tərəfindən imtina edilməmiş, sənədlər razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərmişdir. Yəni cavabdeh orqan müvafiq Əsasnamə ilə qeyd olunan öhdəliyi sənədlərin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsi öhdəliyini icra etmişdir. Sənədlərin Nazirlər Kabineti tərəfindən geri qaytarılmasına müdaxilə isə cavabdeh inzibati orqanın səlahiyyət dairəsinə aid deyildir. Beləliklə, hazırkı iddia tələbinin - “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin Müdafiə Nazirliyi tərəfindən verilməsi” tələbinin realizəsi praktiki olaraq mümkün olmamaqla, inzibati orqanın səlahiyyəti yalnız sənədlərin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsi ilə məhdudlaşdırılmışdır. Bu isə yuxarıda qeyd edildiyi kimi, cavabdeh orqan tərəfindən icra edilmişdir. Odur ki, artıq icra edilmiş öhdəliyin yenidən icrasından söhbət gedə bilməz və bu halda iddianın mümkünlüyü məsələsi müzakirə mövzusudur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13073/2025 saylı, 12.01.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Cəbiyev Qəzənfər Tofiq oğluna “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, 950 nömrəli hərbi hissə komandirinin 10.10.2020-ci il tarixli 288 nömrəli əmrindən çıxarışa əsasən, Q.T.Cəbiyev maddi-texniki təminat idarəsinin aerodrom texniki təminat şöbəsi rəisinin aviasiya texniki əmlakı üzrə baş köməkçisi kimi 415, 416, 418 nömrəli hərbi hissələrə (Sumqayıt, Kürdəmir, Şəmkir rayonları) ezamiyyətə getmiş hesab olunmuşdur; 950 nömrəli hərbi hissə komandirinin 08.11.2020-ci il tarixli 317 nömrəli əmrindən çıxarışa əsasən, ezamiyyətdən gəlmiş hesab olunmuşdur. Göründüyü kimi, iddiaçının 10.10.2020-08.11.2020-ci il tarixlərdə ezamiyyətdə olduğu ərazilər Sumqayıt, Kürdəmir və Şəmkir rayonları qeyd edilmişdir ki, həmin ərazilərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə sadalanan ərazilərə daxil deyildir. Digər tərəfdən, iddiaçının Sumqayıt, Kürdəmir və Şəmkir rayonlarında ezamiyyətdə olarkən hansı xidməti öhdəlikləri icra etdiyi iş materialları ilə müəyyən olunmamaqla (bununla bağlı heç bir təsdiqedici- müəyyənedici sənəd yoxdur) yanaşı, məhkəmə də iddiaçının “Vətən müharibəsi” dövründə məhz hansı fəaliyyət istiqamətlərini realizə edərək maddi-texniki təminat növünü yerinə yetirdiyi qənaətinə gəldiyini əsaslandıra bilməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmədə iddiaçı iddia tələbinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir; Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ 17.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
21. Belə ki, iddiaçı 44 günlük Vətən Müharibəsi dövründə 950 №- li hərbi hissədə MTT (maddi texniki təminat) idarəsində ATT (aerodrom texniki təminat) şöbəsi rəisinin aviasiya texniki əmlakı üzrə baş köməkçi vəzifəsində xidmət keçdiyini və döyüş əməliyyatları vaxtında maddi döyüş təminatı ilə məşğul olduğunu bildirərək ona “Müharibə veteran adı və vəsiqəsinin verilməsi”ni tələb edir. 22.Cavabdeh orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair müraciətinin təmin olunmasından imtina edilmədiyini, sadəcə sənədlərin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərildiyini bildirərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.
23. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
24. İş materiallarından göründüyü kimi iddiaçı Cəbiyev Qəzənfər Tofiq oğlu 10.10.2020ci il tarixdən 08.11.2020-ci il tarixdə 415, 416, 418 nömrəli hərbi hissələrdə ezamiyyətdə olmuş və müvafiq hərbi hissələrin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir (müvafiq fakt iş materiallarına əlavə olunmuş 950 nömrəli hərbi hissə komandirinin əmrləri ilə təsdiq olunmuşdur). 25.Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 02.04.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş Cəbiyev Qəzənfər Tofiq oğluna “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı razılaşdırılması məqsədilə 2022-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir. 26.Belə ki, Əsasnaməyə əsasən, müharibə veteranı adı həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də verilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 415, 416, 418 nömrəli hərbi hissələrin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. 27.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndində göstərilən şəxslərin dairəsinə aiddir. Odur ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması qanuna zidd və əsassız olmuşdur. 28.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsassızdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılmış, onlara düzgün hüquqi qiymət verilmiş, əsaslı olaraq iddia təmin edilmişdir. 29.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 30.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13073/2025 saylı, 12.01.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13073/2025 saylı, 12.01.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.