Məhkəmə qərarları › İş №2-1(3-6)-593/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-593/2026

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-593/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsinə dair məlumatların elektron sorğulanmasından müəyyən olunur ki, iddiaçının atası– ##.##.1984-cü il tarixli Qanuni nümayəndə ünvan 3 ünvanında qeydiyyatdadır.

2. Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli Nikah haqqında Şəhadətnamədən (surəti) müəyyən olunur ki, ##.##.1984-cü il təvəllüdlü Qanuni nümayəndə ilə ##.##.1988-ci il təvəllüdlü Namazova Suğra Qəzənfər qızı arasında ##.##.2008-ci il tarixində nikah bağlanmışdır.

3. Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli doğum haqqında Şəhadətnamədən (surəti) müəyyən olunur ki, ##.##.2009-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonunda doğulmuşdur. Atası ##.##.1984-cü il təvəllüdlü Qanuni nümayəndə, anası ##.##.1988-ci il təvəllüdlü Namazova Suğra Qəzənfər qızıdır.

4. Komitə tərəfindən verilmiş ##.##.2007-ci il tarixli, AA seriyalı, ****** №-li Məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçının atası– Qanuni nümayəndə 1993-cü ildən daimi yaşadığı Zəngilan rayonunu tərk etmiş və vəsiqənin verildiyi tarixdə Bakı şəhəri, Səbail rayonunda məskunlaşmışdır.

5. Zəngilan rayon İHB-nın Mincivan qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *** №-li ##.##.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkündür, məcburi köçkün ailəsində doğulduğu üçün 2009-cu ildən məcburi köçkünlərə verilən vahid aylıq müavinəti 2025-ci ilin iyun ayına kimi almışdır, həmin vaxtdan anası məcburi köçkün olmadığı üçün aylıq müavinəti dayandırılmışdır.

6. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-36-3/2-M-11474-**/****/***** №-li cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. ##.##.2009-cu il təvəllüdlü İddiaçı anası Namazova Suğra Qəzənfər qızının qeydiyyatı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Komitənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun valideyni (atası) Qanuni nümayəndə 1993-cü ildən etibarən Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. Bu barədə ona Komitə tərəfindən məcburi köçkün vəsiqəsi də verilmişdir. Hazırda yetkinlik yaşına çatmayan o, atası ilə birlikdə ünvan 4 ünvanında pasport qeydiyyatındadır. O, və qanuni nümayəndəsi faktiki olaraq Zəngilan rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında yaşayır və bu barədə *** saylı MKİS tərəfindən arayış verilmişdir. Zəngilan rayonu İHB-nın Mincivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *** nömrəli ##.##.2025-ci il tarixli arayışında göstərilmişdir ki, “onun atası Qanuni nümayəndə məcburi köçkündür, məcburi köçkün ailəsində doğulduğu üçün 2009-cu ildən məcburi köçkünlərə verilən vahid aylıq müavinəti 2025ci ilin iyun ayına kimi almışdır, həmin vaxtdan anası məcburi köçkün olmadığı üçün aylıq müavinəti dayandırılmışdır.” O, hal-hazırda məcburi köçkün statusu almaq və məcburi köçkünlərə verilən təminatlardan (təhsil haqqı güzəşti və s.) yararlanmaq niyyətindədir. Bu barədə onun qanuni nümayəndəsi- atası Qanuni nümayəndə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabeh orqan tərəfindən ona ##.##.2025-ci il tarixli imtina məktubu təqdim edilmişdir. İmtina məktubunda “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə istinad edilərək bildirilmişdir ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur.

9. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin ##.##.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

10. Cavabdeh Komitənin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə normativ hüquqi akt statusuna malik olan Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkibində olan mərkəzi icra hakimiyyəti orqanı kimi Komitə tərəfindən qəbul edilmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə uyğun olaraq hesab edir ki, iddiaçı məcburi köçkün statusuna malik olmayan şəxsdir.

13. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı və onun qanuni nümayəndəsi həmin yarımbəndin hazırkı vəziyyətdə tətbiq edilməsi ilə razılaşmır, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci ilə bağlı aylıq müavinətin aldığını əsas götürülməklə iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə, qeyd olunan yarımbəndin tələbinə uyğun olaraq iddiaçının anasının qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmamasını əsas müəyyən edərək iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtina ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, ilk növbədə, məhkəmə iddiaçının doğulduğu andan etibarən məcburi köçkün ailəsində yaşamağını, faktiki sosial vəziyyətini və dövlət tərəfindən uzun illər məcburi köçkün ailə üzvü kimi tanınmağını mübahisənin həlli üçün əhəmiyyətli fakt kimi qiymətləndirməmişdir. Halbuki iddiaçı doğulduğu gündən etibarən məcburi köçkün ailəsinin tərkibində yaşamış, bu ailənin sosial və hüquqi vəziyyətini bölüşmüşdür. Onun həyat şəraiti, sosial təminatı və hüquqi statusu məcburi köçkün ailəsinin bir hissəsi kimi formalaşmışdır. İkinci olaraq, məhkəmə anasının qeydiyyat ünvanını yalnız formal meyar kimi qiymətləndirmiş, lakin ailəsinin faktiki yaşayış yerini, köçürülmə şəraitini və məcburi köçkünlük kontekstində formalaşmış vəziyyətini araşdırmamışdır. Halbuki mübahisənin predmeti sadəcə qeydiyyat faktı deyil, onun məcburi köçkün ailəsində doğulub böyüməyi və dövlət tərəfindən uzun müddət bu statusun ailə üzvü kimi faktiki tanınmasıdır. Üçüncü olaraq, 2009–2025-ci illər ərzində ona məcburi köçkün ailə üzvü kimi müavinət ödənilməsi faktı məhkəmə tərəfindən yalnız qeyd edilmiş, lakin onun hüquqi nəticələri araşdırılmamışdır. Dövlət orqanlarının uzun illər ərzində iddiaçını məcburi köçkün ailəsinin üzvü kimi qəbul etməsi və sosial təminat sistemində bu şəkildə rəsmiləşdirməsi mübahisənin düzgün həlli üçün mühüm faktiki haldır. Hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, xüsusilə aşağıdakı məsələlərə lazımi hüquqi qiymət verməmişdir:– iddiaçının məcburi köçkün ailəsində doğulub böyüməyi;– ailəsinin faktiki yaşayış şəraiti;– uzun müddət məcburi köçkün ailə üzvü kimi sosial təminat almış olmağı;– inzibati orqan tərəfindən əvvəlki illərdə formalaşdırılmış hüquqi vəziyyətin nəticələri. Məhkəmə işğal olunmuş ərazilərdən köçürülmə nəticəsində ailəsinin daimi yaşayış yerini itirməsi faktının iddiaçının hüquqi vəziyyətinə təsirini araşdırmamışdır. Ailəsinin əvvəlki yaşayış yerinə faktiki qayıdışının olub-olmaması, dövlət tərəfindən daimi yaşayış sahəsi ilə təmin olunub-olunmaması kimi hallar iş üzrə həlledici əhəmiyyət kəsb etdiyi halda, məhkəmə bu məsələləri konkret faktlar əsasında araşdırmamışdır. Halbuki məcburi köçkün statusunun davam edib etməməsi bu faktlardan birbaşa asılıdır. Məhkəmə inzibati orqanın qərar qəbul edərkən hansı faktiki məlumatlara və araşdırmaya əsaslandığını tam şəkildə yoxlamamışdır. İnzibati aktın qəbul edilməsi zamanı hansı sənədlərin araşdırıldığı, hansı faktların nəzərə alındığı və hansı əsasla iddiaçının ailə üzvü kimi statusunun inkar edildiyi ətraflı şəkildə təhlil edilməmişdir. Bu isə inzibati nəzarətin effektivliyinə mənfi təsir göstərmişdir. Göstərilən faktiki halların hər biri iş üzrə yekun nəticə üçün həlledici əhəmiyyət daşıyırdı. Çünki mübahisə sırf formal qeydiyyat məsələsi deyil, iddiaçının məcburi köçkün ailəsinin üzvü kimi hüquqi vəziyyətinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə bu halları tam, obyektiv və qarşılıqlı əlaqədə araşdırmadan nəticəyə gəlmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları. Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. ... Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. ... Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - Əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

20. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)– Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri– tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ. Ümumi müddəalar ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. IV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı və onun qanuni nümayəndəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6. (Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.) yarımbəndin hazırkı vəziyyətdə tətbiq edilməsi ilə razılaşmır, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci ilə bağlı aylıq müavinətin aldığını əsas götürülməklə iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə, qeyd olunan yarımbəndin tələbinə uyğun olaraq iddiaçının anasının qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmamasını əsas müəyyən edərək iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edir.

25. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin imtina ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Qaydaların 4.1.6-cı yarımbəndində iddiaçılara məcburi köçkün statusu verilməsinə əsas olmuş hər iki şərt də ödənilmir. Yarımbəndin məzmunundan da göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, 1 Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2 hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

26. Hazırkı işin faktiki hallarından isə görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş 1-ci şərt ödənilsə də, iddiaçının məcburi köçkün statusunun alınması üçün zəruri olan 2ci şərt ödənilməmişdir.

27. 1-ci şərtlə bağlı aparılmış qiymətləndirmə ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər hazırkı iş üzrə birbaşa məcburilik xarakteri olmasa da yuxarı instansiya məhkəməsinin hazırkı növ işlər üzrə mübahisələrə baxılmasında məhkəmə qərarının stabilliyinin qorunması baxımından əhəmiyyət kəsb edən fərdi işlər üzrə qərarlarında vurğulandığı kimi, adıçəkilən Qaydaların 4.1.6-cı yarımbəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd olması, sözügedən Qaydaların atası “məcburi köşkün” statusuna malik uşaqların məcburi köçkün statusunun verilməsi barədə müddəasının, iddiaçıya münasibətdə ayrı-seçkilik baxımından yanaşmasına qiymət verilməməsi barədə yuxarı instansiya məhkəməsi tərəfindən mövqe nümayiş etdirilmişdir. Lakin, məhkəmə 2-ci şərtin ödənilməməsi səbəbindən 1-ci şərtin ödənilməsinin iddiaçıya münasibətdə hər hansı əhəmiyyət kəsb etmədiyi gənaətinə gəlir. Belə ki, yarımbənddən də göründüyü kimi hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olması imperativ qaydada müəyyən edilmişdir ki, bu şərt 1-ci şərtin ödənilməsi (atanın “məcburi köçkün” statusuna malik olması) ilə birgə vətəndaşa “məcburi köçkün” statusunu əldə etmək hüququnu yaradır.

28. Göründüyü kimi məhkəmə üçün iddianın imtina əsası həmin 2-ci şərtin ödənilməməsi ilə bağlı olmuşdur ki, işin faktiki hallarından, o cümlədən şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi iddiaçının anası Namazova Suğra Qəzənfər qızı Bakı şəhəi, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur ki, qeyd olunan hal iddiaçıya məcburi köçkün statusunun verilməsini istina edir. Belə ki, yarımbəndin tələbindən də göründüyü kimi hər yalnız iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini olmuş olması zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçının valideyni olan anası Bərdə rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyət vəsiqəsinə malik olan şəxsdir. Bu zaman iddiaçının qanuni nümayəndəsi qismində tanınan atası– Qanuni nümayəndə “məcburi köçkün” statuna malik olması və işğaldan azad olunmuş rayonda (Zəngilan rayonu) qeydiyyata olması iddiaçının xeyrinə dəyişməyən haldır.

29. Belə ki, iddiaçının hər iki valideyni Bakı şəhərində qeydiyyatdadırlar. Göründüyü kimi, iddiaçının valideynlərinin daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərti ödəməmişdir.

30. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. ( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)

33. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2026-cı il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar