Məhkəmə qərarları › İş №2-1(3-6)-611/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-611/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-611/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı artıqödəmənin ləğvi və s. tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək 2-ci qrup əlil kimi pensiyanın verilməsinin təmin edilməsi, 2-ci qrup əlil kimi 2025-ci ilin iyun və iyul ayları üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinin təmin edilməsi, ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edilmiş artıqödəmə ilə bağlı qəbul edilmiş qərar, məktubların ləğv edilməsi, artıqödəmə ilə bağlı gəlinmiş nəticələrin qanunsuz hesab edilməsi, artıqödəmələr ilə əlaqədar pensiyanın azaldılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və gələcəkdə pensiyanın tam ödənilməsinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilərək, ondan tutulmasının cavabdehə qadağan edilməsi və ##.##.2024-cü il tarixən ##.##.2025-ci il tarixədək ona ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə yenidən ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilərək, ondan tutulmasının cavabdehə qadağan edilməsi, həmin qərara əsasən ondan tutulmuş məbləğlərin geri qaytarılması və ##.##.2024-cü il tarixən ##.##.2025-ci il tarixədək ona ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 2012-ci il tarixdən əlilliyə görə pensiya alır. ## #### 2021-ci il tarixdə əlilliyə görə pensiya ilə əlaqədar inzibati orqana yaxınlaşanda onun pensiyasının davam etdiyi, yəni əlavə hər hansı müayinəyə ehtiyacının olmadığı, 2-ci qrup əlil olmasının bəlli olduğu bildirilmiş və pensiya verilməsi davam etmişdir. Lakin birdən-birə 2024-cü ilin iyun ayında pensiyası kəsilmiş və ona xəstəxanada yatmalı olduğu bildirilmişdir. Həkim tərəfindən sənədlər düzgün doldurulmamış və ondan asılı olmayan səbəblərə görə məsələ uzanmış və nəhayət 2025ci ilin iyun ayında ona yenidən pensiya təyin olunmuşdur. 2025-ci ilin iyun və iyul ayları üçün pensiya məbləğləri ona verilməmiş, təkcə avqust ayının pensiya məbləği verilmişdir. Bundan başqa cavabdeh orqan qeyd edir ki, pensiya altsistemində onlar səhvən güzəştli şərtlərlə yaşa görə qeyd etmişlər. Bu texniki səhvə görə ondan 2021-ci ildən 2024-cü ilə kimi verilən qanuni pensiya pulu tutulmalı deyil. Onun 2-ci qrup əlilliyinə görə 2021-ci il tarixdən 2025-ci il tarixədək pul verilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya ##.##.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, ##.##.2024-cü il tarixədək ödənilmişdir. Nazirliyin elektron Informasiya ehtiyatlarında olan məlumatlara əsasən təkrar müayinə əsasında ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən həmin tarixdən 420,55 manat məbləğində olmaqla əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi halda “Pensiya" altsistemində səhvən pensiyasının növü güzəştli şərtlərlə yaşa görə qeyd edilmiş və nəticədə əlilliyin müddətinin ##.##.2021-ci il tarixdə bitməsinə baxmayaraq pensiyanın ödənişi ##.##.2024-cü il tarixdək davam etdirilmişdir. Bu səbəbdən qanunvericiliyin tələblərinə əsasən əlilliyə görə əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2-1(112)-15121/2025 saylı saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilərək iddiaçı İddiaçı tutulması cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilməsi və həmin qərara əsasən ondan tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin mövqeyinə əsasən iddiaçıya ##.##.2012-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və uzun müddət fasiləsiz ödənilmişdir. ##.##.2021-ci il tarixində iddiaçının əlillik müddəti bitsə də, iddiaçının bildirdiyinə görə o, cavabdehə müraciət etdikdə onun əlillik dərəcəsi ilə bağlı problemin olmadığı və ödənişlərin davam etdirildiyi ona bildirilmişdir. Lakin, 2024-cü ildə cavabdeh iddiaçının əlillik müddətinin əslində 2021-ci il tarixində bitdiyini aşkar etmiş və pensiya ödənişlərini dayandırmışdır. Yəni, həmin hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Məhkəmə hesab edir ki, müvafiq inzibati orqanlar arasında baş verən anlaşılmazlıq nəticə etibarilə iddiaçının təqsiri ucbatından baş vermədiyi üçün onun üçün əlavə öhdəliklərin yaranmasına səbəb olmamalıdır. Məhkəmə bildirmişdir ki, iddiaçı müvafiq inzibati orqanın şifahi məlumatına etimad göstərərək əlilliyə görə pensiyanı almağa davam etmişdir. Cavabdehin öz etirazında da göstərildiyi kimi pensiya növünün informasiya sistemində səhv qeyd edilməsi cavabdeh orqanın xidməti fəaliyyəti ilə bağlıdır və bu hal iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmamışdır. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqanın yol verdiyi səhvlərin mənfi nəticələri vətəndaşın üzərinə qoyula bilməz. Məhkəmə hesab edir ki, iddiaçıya 2021–2024-cü illər üzrə ödənilmiş pensiya məbləğlərinin artıqödəmə kimi qiymətləndirilməsi və tutulması hüquqi əsaslara malik deyildir. Bu səbəbdən, məhkəmə iddianın artıq ödəmənin ləğvi və tutulmuş məbləğin geri qaytarılması hissəsində əsaslı hesab edir. Məhkəmə iddianın ##.##.2024-cü il tarixən ##.##.2025-ci il tarixədək ona ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçının həmin tarixlərdə əlilliyi müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin ##.##.2012-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, ##.##.2024-cü il tarixinədək ödənilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən təkrar müayinə əsasında ##.##.2025-ci il tarixindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən həmin tarixdən 420,55 manat məbləğində olmaqla əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmişdir. Mərkəzi Filialın ##.##.2026-cı il tarixli, *-**-*/*-*-****/**** saylı məktubuna əsasən İddiaçı əlilliyin müddətinin ##.##.2021-ci il tarixində bitməsinə baxmayaraq, pensiyanın ödənişi ##.##.2024-cü il tarixinədək davam etdirilmişdir. Nəticədə ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək 11780,66 manat artıqödəmə məbləği müəyyən edilmişdir. Vətəndaş İddiaçı əlilliyi ##.##.2025-ci il tarixindən bərpa olunduqdan sonra pensiya ödənişi 2025-ci ilin avqust ayından davam etdirilmişdir. ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək yaranmış 799,04 manat keçmiş dövr məbləği artıq ödənilmiş 11780,66 manat məbləğdən əvəzləşdirildikdən sonra qalıq artıqödəmə məbləği 10981,62 manat təşkil edir. İddiaçı razılıq ərizəsi olmadığı üçün pensiyasından tutulma aparılmır. Iddiaçı İddiaçı əlillik müddətinin bitdiyini bildiyi halda ona səhvən ödənilmiş vəsaitləri qəbul etmişdir. Həmin haldan xəbərdar olduğu üçün iddiaçının etimad hüququnun qorunması qanunvericiliyə uyğun deyildir. Eyni zamanda artıqödəmə qərarının ləğv edilməsi qanunvericiliyə uyğun olmamışdır. Belə ki, həmin qərarda artıqödəmənin məbləği müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, cavabdeh qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, vətəndaşa ilk dəfə 2012-ci ildə təyinat aparılıb. Iki dəfə əlillik təyinindən sonra 2020-ci ildən artıq vətəndaşın əlilik üzrə pensiya hüququ aradan qalxmışdır. Lakin 2024-cü ilə qədər ödənişlər həyata keçirilmişdir. Nəticədə artıq ödəmə yaranmışdır. 11780,66 manat artıq ödənilmiş və 799 manat keçmiş dövr üzrə əvəzləşdirilmişdir. Qalan məbləğ isə ödənilməmişdir. Qərarda artıq ödəminin ləğv edilməsi qeyd edilmişdir, bu isə gələcəkdə cavabdehi artıq ödəmə tələb etmək hüququndan məhrum edir. Həmçinin, 2021-2024-cü illər üzrə vətəndaşın müvafiq pensiaynı almağa hüququ olmadığından artıq ödəmənin hesablanması və tələbi qanunauyğundur. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiuası tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Iddiaçı ##.##.1962-ci il təvəllüdlüdür. - Iddiaçıya ##.##.2012-ci il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. Onun əlilliyi yenidən qiymətləndirilərək ##.##.2014-cü, ##.##.2015-ci və ##.##.2016-cı il tarixdə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə, yəni 2016-cı ildə iddiaçıya əlillik dərəcəsi 5 il müddətinə təyin edilmiş və əlilliyin müddəti ##.##.2021-ci ildə bitmişdir. ##.##.2021-ci il tarixdə əlilliyi yenidən qiymətləndirilən zaman əlavə müalicəyə ehtiyacın olması səbəbindən ona əlillik verilməsindən imtina edilmişdir. ##.##.2025-ci il tarixdə iddiaçıya ##.##.2027-ci il tarixədək orqanizm funksiyalarının 80% pozulmasına görə əlillik təyin edilmişdir. - Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-A-******/**** saylı məktubu ilə bildirilmişdir ki, “… “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin ##.##.2012-ci il tarixində qüvvədə olmuş tələblərine əsasən sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, ##.##.2024-cü il tarixinədək ödənilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən təkrar müayinə əsasında ##.##.2025-ci il tarixindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyiniz müəyyən edildiyindən həmin tarixdən 420,55 manat məbləğində olmaqla əlilliyə görə əmək pensiyanızın ödənişi bərpa edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, sizə əlilliyə görə əmək pensiyası təyin edildiyi halda "Pensiya" altsistemində səhvən pensiyanızın növü güzəştli şərtlərlə yaşa görə qeyd edilmiş və nəticədə əlilliyinizin müddətinin ##.##.2021-ci il tarixində bitməsinə baxmayaraq pensiyanızın ödənişi ##.##.2024-cü il tarixinədək davam etdirilmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyanızın məbləğində ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir”. - Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-A-******/**** saylı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə iddiaçının təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 420,55 manat təşkil etmişdir. Həmin qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, pensiya növü əlilliyə görə seçilməli və müddət qeyd edilməli olduğu halda, yaşa görə qeyd edilmişdir. Vətəndaşın əlilliyi ##.##.2021-ci il tarixdən bitsə də, pensiya ödənişi ##.##.2024-cü il tarixədək davam etdirilməsi səbəbindən pensiya ödənişində 11780,66 manat artıq ödəmə müəyyən edilmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, iddiaçı İddiaçı ##.##.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, onun əlilliyi sonrakı illərdə yenidən qiymətləndirilmiş, sonuncu dəfə əlillik beş il müddətinə müəyyən edilmiş və həmin müddət 2021-ci ilin yanvar ayında başa çatmışdır. Iş materiallarında olan tibbi-sosial ekspertiza sənədlərinə əsasən, 2021-ci ildə aparılmış qiymətləndirmə zamanı əlavə müalicəyə ehtiyac olması əsası ilə iddiaçıya əlillik təyin edilməmiş, yalnız ##.##.2025-ci il tarixdən ona orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə ##.##.2027-ci il tarixədək əlillik müəyyən edilmişdir. Buna baxmayaraq, əlillik müddəti bitdikdən sonra da pensiya ödənişləri ##.##.2024-cü il tarixədək davam etdirilmişdir. Cavabdeh inzibati orqanın özünün də qəbul etdiyi kimi, bunun səbəbi iddiaçının pensiya növünün informasiya sistemində əlilliyə görə deyil, səhvən güzəştli şərtlərlə yaşa görə pensiya kimi qeyd edilməsi olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun sistemli təhlilindən görünür ki, əlilliyə görə əmək pensiyası şəxsin əlilliyinin mövcudluğu və həmin əlilliyin səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş müddəti ilə bilavasitə bağlıdır. Əlilliyə görə pensiya hüququ mücərrəd şəkildə şəxsin əvvəlki sağlamlıq vəziyyətinə deyil, qanunla müəyyən edilmiş qaydada qüvvədə olan əlillik statusuna əsaslanır. Bu səbəbdən əlillik müddəti bitdikdən sonra, yeni qiymətləndirmə ilə əlillik müəyyən edilmədiyi dövrdə şəxsə əlilliyə görə əmək pensiyasının ödənilməsi hüquqi baxımdan pensiya hüququnun qanuni icrası kimi qiymətləndirilə bilməz. Başqa sözlə, iddiaçıya 2021-2024-cü illərdə ödənilmiş məbləğlər inzibati orqanın informasiya sistemində yol verilmiş səhv nəticəsində ödənilmiş məbləğlər olmaqla, obyektiv mənada artıqödəmə kimi xarakterizə olunur. Bu baxımdan birinci instansiya məhkəməsinin həmin dövr üzrə ödənilmiş məbləğlərin ümumiyyətlə artıqödəmə kimi qiymətləndirilməsinin hüquqi əsaslara malik olmaması barədə nəticəsi ilə razılaşmaq mümkün deyildir. Inzibati orqanın səhvi, iddiaçının həmin səhvin yaranmasında təqsirinin olmaması və onun uzun müddət pensiya alması faktı artıqödəmənin obyektiv mövcudluğunu aradan qaldırmır. Həmin hallar artıqödəmənin tutulması, əvəzləşdirilməsi və vətəndaşın üzərinə maliyyə öhdəliyi kimi qoyulmasının mümkünlüyü məsələsinin qiymətləndirilməsi üçün əhəmiyyətlidir. Lakin bu hallar əlillik statusunun qüvvədə olmadığı dövrdə ödənilmiş məbləğin hüquqi təbiətini dəyişdirərək onu qanuni pensiya ödənişinə çevirmir. Ona görə də apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarında ##.##.2025-ci il tarixli qərarla müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilməsi hissəsinə münasibətdə əsaslı hesab edilməlidir. Eyni zamanda, artıqödəmənin müəyyən edilməsi ilə həmin məbləğin iddiaçıdan tutulması və ya iddiaçıya ödənilməli olan başqa pensiya məbləğləri ilə əvəzləşdirilməsi eyni hüquqi nəticə deyildir. Artıqödəmənin uçot qaydasında müəyyən edilməsi inzibati orqana həmin məbləği istənilən qaydada, pensiyaçının razılığı olmadan və məhkəmə qərarı alınmadan tutmaq səlahiyyəti vermir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1ci maddəsinin məzmununa görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə pensiyanı təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur. Bu norma imperativ xarakter daşıyır və artıqödəmənin mövcudluğu ilə bağlı inzibati orqanın qərarı ilə həmin məbləğin vətəndaşdan tutulması arasında ayrıca hüquqi prosedur fərqi müəyyən edir. Hazırkı işdə iddiaçının artıqödəmənin tutulmasına razılıq verməsi iş materialları ilə təsdiq olunmur. Əksinə, cavabdeh özü də iddiaçının razılıq ərizəsinin olmadığını göstərmişdir. Belə olan halda, inzibati orqan yalnız artıqödəməni uçotda müəyyən edə bilərdi, həmin məbləğin iddiaçının pensiyasından tutulması, gələcək ödənişlərdən çıxılması və ya ona ödənilməli olan keçmiş dövr pensiya məbləği ilə əvəzləşdirilməsi üçün isə ya pensiyaçının yazılı razılığı, ya da məhkəmə qaydasında təmin edilmiş tələb olmalı idi. Razılıq olmadan aparılan hər hansı tutulma və ya əvəzləşdirmə, adı pensiyadan tutulma kimi deyil, “qalıq artıqödəmənin azaldılması” kimi rəsmiləşdirilsə belə, mahiyyət etibarilə vətəndaşın mülkiyyət sferasına müdaxilədir və qanunda nəzərdə tutulmuş prosedur təminatlar olmadan həyata keçirilə bilməz. Bu səbəbdən cavabdehin “pensiyadan tutulma aparılmır” dəlili işin nəticəsinə təsir edən əsaslı arqument kimi qəbul edilə bilməz. Əgər iddiaçıya ##.##.2025-ci il tarixdən əlillik yenidən müəyyən edildikdən sonra həmin tarixdən ##.##.2025-ci il tarixədək yaranmış 799,04 manat keçmiş dövr pensiya məbləği artıqödəmə ilə əvəzləşdirilmişdirsə, bu, hüquqi mahiyyətinə görə iddiaçıya çatmalı olan pensiya məbləğinin onun razılığı olmadan əvvəlki artıqödəmə borcuna yönəldilməsi deməkdir. Belə əvəzləşdirmə “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələb etdiyi razılıq və ya məhkəmə qaydası təmin edilmədən aparıldığından qanuni hesab edilə bilməz. Bundan başqa, işin hallarından görünür ki, artıqödəmənin yaranması iddiaçının saxta sənəd təqdim etməsi, məlumat gizlətməsi, inzibati orqanı aldatması və ya rüşvət, hədə-qorxu, yaxud digər qanunsuz vasitələrdən istifadə etməsi nəticəsində baş verməmişdir. Cavabdehin özü pensiya növünün informasiya sistemində səhv qeyd edildiyini göstərmişdir. Bu səhv inzibati orqanın təşkilati və texniki fəaliyyət dairəsinə aiddir. Iddiaçı uzun müddət ərzində ona təyin edilmiş və fasiləsiz ödənilmiş sosial təminat məbləğini almış, həmin ödənişlər dövlət orqanının rəsmi sistemi vasitəsilə həyata keçirilmişdir. Bu şəraitdə iddiaçının hər bir pensiya ödənişinin hüquqi əsasını inzibati orqanın əvəzində yoxlamaq və dövlət informasiya sistemində olan texniki-hüquqi səhvi aşkar etmək öhdəliyi daşıdığı nəticəsinə gəlmək hüquqi dövlət, hüquqi müəyyənlik və inzibati orqana etimad prinsipləri ilə uzlaşmır. Etimadın qorunması prinsipi artıqödəmənin mövcudluğunu istisna etməsə də, həmin artıqödəmənin vətəndaşın üzərinə avtomatik və qeyd-şərtsiz maliyyə öhdəliyi kimi qoyulmasına mane olan mühüm hüquqi meyardır. Sosial təminat ödənişləri, xüsusilə əlilliyə görə pensiya, şəxsin gündəlik yaşayış ehtiyaclarının təmininə yönəlmiş mütəmadi ödənişdir. Belə ödənişlərin illər sonra, vətəndaşın təqsiri sübuta yetirilmədən və qanunda nəzərdə tutulmuş razılıq və ya məhkəmə qaydası gözlənilmədən geri tələb edilməsi, şəxsin sosial müdafiə və hüquqi sabitlik maraqlarına ağır müdaxilə yaradır. Ona görə də inzibati orqanın yol verdiyi texniki və təşkilati səhvin bütün mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması qəbul edilə bilməz. Apellyasiya şikayətində iddiaçının əlillik müddətinin bitdiyini bildiyi halda ödənişləri qəbul etməsi göstərilsə də, yalnız əlillik müddətinin başa çatması faktının iddiaçıya məlum olması onun inzibati aktın və ya davam edən ödənişlərin qanunsuz olduğunu bildiyi, yaxud kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi qənaətinə gəlmək üçün kifayət deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı əvvəllər uzun müddət ərzində əlillik statusu əsasında pensiya almış, müvafiq orqanlara müraciət etdiyini və ödənişlərin davam etdirildiyini bildirmiş, ödənişlər isə dövlət orqanının rəsmi sistemi vasitəsilə həyata keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçının inzibati orqanı aldatması, səhv və ya təhrif olunmuş məlumat təqdim etməsi, yaxud ona ödənilən məbləğlərin qanunsuz olduğunu açıq şəkildə bilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan artıqödəmənin tutulması üçün qanunla nəzərdə tutulmuş qaydada ayrıca məhkəmə tələbi irəli sürmək hüququndan məhrum deyildir. Lakin hazırkı işin predmeti iddiaçının artıqödəmənin ləğvi, tutulmanın qadağan edilməsi və tutulmuş məbləğlərin qaytarılması barədə tələbi, habelə cavabdehin birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti ilə məhdudlaşır. Beləliklə, birinci instansiya məhkəməsi artıqödəmənin tutulmasının qadağan edilməsi və tutulmuş məbləğlərin iddiaçıya qaytarılması hissəsində nəticə etibarilə düzgün mövqe tutmuş, lakin məhkəmənin 11780,66 manat artıqödəmənin özünün ləğv edilməsi barədə nəticəsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə formalaşmışdır. Əlillik statusunun qüvvədə olmadığı dövrdə ödənilmiş məbləğlərin artıqödəmə kimi müəyyən edilməsi qanuna zidd deyildir, qanuna zidd olan həmin məbləğin pensiyaçının razılığı və ya məhkəmə qərarı olmadan tutulması, əvəzləşdirilməsi və ya vətəndaşın faktiki borcu kimi icraya yönəldilməsidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianın ##.##.2024-cü il tarixən ##.##.2025-ci il tarixədək ödənilməyən əlilliyə görə pensiyanın ödənilməsi hissəsində əsaslı hesab etməmiş və mövqeyini haqlı olaraq onunla əsaslandırmışdır ki, iddiaçının həmin tarixlərdə əlilliyi müəyyən edilməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda göstərilmişdir ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. (3.1.). Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (3.3-1.). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-*****/**** saylı qərarı iddia tələbinin ##.##.2025-ci il tarixli qərarla müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilməsi hissəsində ləğv olunmalı və həmin hissədə iddia rədd edilməli, qərara qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərara əsasən müəyyən edilmiş 11780,66 manat artıqödəmənin ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar