Məhkəmə qərarları › İş №2-1(3-6)-628/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-628/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-628/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İsmayıl qızının cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Gumbatov Rovshanın iştirakı ilə, iddiaçı İddiaçı İsmayıl qızının cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli, ** nömrəli əmrinə əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Ramana qəsəbəsində 500 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı İddiaçı İsmayıl qızının torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması və yerləşmə cizgisinin verilməsi ilə bağlı cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə etdiyi müraciət, ##.##.2025-ci il tarixli məktub ilə təmin edilməmişdir. İddiaçı İddiaçı İsmayıl qızı cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının ## ###### 1995-ci il tarixli, ** №-li sərəncamına və Abşeron rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli, ** nömrəli çıxarışına əsasən iddiaçıya Ramana qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin naturadakı vəziyyətinin müəyyənləşdirilərək mərzçəkmə planının tərtib olunması və plan cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının ## ###### 1995-ci il tarixli, ** №-li sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli, ** №-li çıxarışına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Ramana qəsəbəsində 500 kv.m. torpaq sahəsi ayrılmışdır. O, uzun illərdir ki, qanuni sahibliyində, istifadəsində olan həmin ərazidə 100 kv. m. olan fərdi yaşayış evi tikmişdir və ondan fasiləsiz olaraq istifadə edir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında ## ###### 2008-ci il, **** №-li sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazi hüdudları daxilindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sovxoz ərazisində həyətyanı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıla bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması qanunsuzdur. Həmçinin qeyd edilir ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və koordinatlar barədə məlumat Sabunçu Rayon İcra Hakimiyyətində yoxdur. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Azərbaycan SSR Ali Sovetinin 1963-cü il # ###### tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş və həmin ərazilərdə kənd təsərrüfatı müəssisələri kolxoz və sovxozlar yaradılmışdır. Bu torpaq sahələrindən 1990cı illərin əvvəllərinə qədər təyinatı üzrə səmərəli istifadə olunsa da, sonrakı illərdə həmin təsərrüfatların əksər hissəsi öz fəaliyyətini dayandırmış, istifadələrində olan torpaq sahələri isə Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyələrinin qərarları əsasında ayrıayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmişdir. Ayrılan torpaq sahələrinin əksəriyyəti yaşayış məntəqələrindən kənarda kənd təsərrüfatına tam yararlı və ya gölməçələrin əraziləri, sututarlar və eyni zamanda bütün kommunikasiyalardan uzaqda yerləşən torpaq sahələri olmuşdur. Vətəndaşlar isə həmin torpaq sahələrində pərakəndə formada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri inşa etmişlər. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** saylı Sərəncamı əsasında Sabunçu rayonunun inzibati ərazisində yerləşən 5 kənd təsərrüfatı müəssisəsi üzrə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan 2502,81 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Bundan istifadə edən vətəndaşlar onlara ayrılmış torpaq sahələrinin sənədləşməsi məqsədilə Sabunçu RİH-nə müraciət edərək torpaq sahələrinin mövcud vəziyyətdə koordinatlarının müəyyən edilməsi və torpaq sahələrinə cizginin çəkilib verilməsini xahiş edirlər. Kənd təsərrüfatı müəssisələri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin müəyyən hissəsi Sabunçu rayon İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılan ərazilərdən kənarda olduğundan, eyni zamanda həmin ərazilərin vaxtı ilə sututarlar və ya gölməçələr olması, bu ərazilərdə vətəndaşlara torpaq sahələrinin ayrılmasının praktiki olaraq mümkün olmaması səbəbindən Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların xahişinin təmin edilməsində çətinliklər yaradır. Müraciət edən vətəndaşlar dövlət arxivindən torpaq sənədlərinə dair arayışlar təqdim etsələr də, həmin vətəndaşların vaxtı ilə qeyd edilən müəssisələrdə işləmələri müvafiq sənədlərlə təsdiq edilmir və şübhə doğurur. Həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yalnız yaşayış məntəqələrinin torpaq sahələrinə aid kateqoriyadan olan torpaq sahələri ayrıla bilərdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1995-ci il tarixli, ** nömrəli sərəncamına və Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli, ** nömrəli əmrinə əsasən iddiaçı İddiaçı İsmayıl qızına fərdi yaşayış evinin tikintisi üçün Ramana qəsəbəsində ayrılmış 500 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin naturadakı vəziyyətinin müəyyənləşdirilərək mərzçəkmə planının tərtib olunması və yerləşəmə sxeminin (plan cizginin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 26 il bundan öncə yəni 2000-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə iddia tələbində də torpaq sahəsinə dair yerləşəmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Azərbaycan SSR Ali Sovetinin 1963-cü il # ###### tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqəsilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş və həmin ərazilərdə kənd təsərrüfatı müəssisələri-kolxoz və sovxozlar yaradılmışdır. Bu torpaq sahələrindən 1990-cı illərin əvvəllərinə qədər təyinatı üzrə səmərəli istifadə olunsa da, sonrakı illərdə həmin təsərrüfatların əksər hissəsi öz fəaliyyətini dayandırmış, istifadələrində olan torpaq sahələri isə Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyələrinin qərarları əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmişdir. Ayrılan torpaq sahələrinin əksəriyyəti yaşayış məntəqələrindən kənarda kənd təsərrüfatına tam yararlı və ya gölməçələrin əraziləri, sututarlar və eyni zamanda bütün kommunikasiyalardan uzaqda yerləşən torpaq sahələri olmuşdur. Vətəndaşlar isə həmin torpaq sahələrində pərakəndə formada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri inşa etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, maddəsində nəzərdə tutulan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsindən görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünürki, İddiaçı İsmayıl qızı ##.##.1981-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır; Abşeron Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunan sənədlərin Dövlət Arxivinə təhvil verildiyi bildirilmişdir; Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubu ilə Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli ** nömrəli əmrindən arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. ; Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli ** nömrəli əmrində göstərilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq Novruzova Samirə İsmayıl qızına 0,05 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,107 hektar təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 147,3 kv.m və 117 kv.m olan 2 ədəd yaşayış evi mövcuddur. Həmçinin sahədə köməkçi tikililər vardır. Torpaq sahəsi ümumi hasar daxilindədir, iddiaçının və qohumunun istifadəsindədir. Faktiki olaraq göstərilən 0,107 ha torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmamışdır. Göstərilən torpaq sahəsi sovxoz ərazisi deyil. AZ-İ ****** saylı nikah haqqında şəhadətnaməyə əsasən Hümbətov Rövşən və Novruzova Samirə İsmayıl qızı ##.##.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada “Hümbətova” soyadı verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli, ** nömrəli əmrinə əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Ramana qəsəbəsində 500 kv.m. torpaq sahəsi verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən yerləşmə cizigisi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (V.S.Quliyevin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə *-*(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli; R.N.Nəcəfovun Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə *-*(***)- ****/**** nömrəli, ## ####### 2023-cü il tarixli; R.N.İsmayılovun Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- ****/**** nömrəli, ## ######## 2023-cü il tarixli; S.H.Abdulovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə *-*(***)- ****/**** nömrəli, ## #### 2023-cü il tarixli; S.T.Rəhimovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli; N.R.Əliyevin Xəzər rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- ****/**** nömrəli, ## #### 2023-cü il tarixli; N.M.Eyvazovun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- ****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- *(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən qəbul edilmiş cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair inzibati iş üzrə 2-1(102)- ****/**** nömrəli, ## ##### 2024-cü il tarixli nömrəli qərardadla da cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş və şikayət mümkün sayılmamışdır. Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda cavabdeh tərəfindən öz mövqeyinin əsaslı olması ilə bağlı yeni dəlillər və məlumatlar təqdim etmədiyini əsas götürmüşdür. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur”. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsinin ayrılması barədə qərarın ləğv edilmədiyini, geri çağrılmadığını, dəyişdirilmədiyini və hal-hazırda öz hüquqi qüvvəsini saxladığını nəzərə almamışdır. Digər tərəfdən isə qeyd olunur ki, aparılmış araşdırma zamanı iddia olunan torpaq sahəsinə dair digər şəxsin müraciətinin olmadığı, Sabunçu rayon ərazisində yerləşməklə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması, dövlət mülkiyyətində olmuş olması, hər hansı digər fiziki şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Həmçinin, həmin sahənin faktiki istifadə olunması, fərdi yaşayış evi və köməkçi tikililər inşa edilməsi də müəyyən edilir ki, hal-hazırda naturada göstərilən torpaq sahəsinin ayrıldığı vaxtda naturada təhvil verildiyi barədə hər hansı şübhə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar