Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-649/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ##.##.2024-cü il tarixli 01241000351268 və ************** nömrəli yük gömrük bəyannamələri ilə “xxxx” MMC-nin ünvanına gələn malların gömrük dəyərinin sövdələşmə qiymətinin invoys ixrac bəyannaməsi, müqavilə və müqaviləyə əlavələrə əsasən ************** nömrəli bəyannamə üzrə 45000 ABŞ dolları, ************** nömrəli bəyannamə üzrə isə 25000 ABŞ dolları olaraq qəbul edilərək və malların qeyd olunan gömrük dəyərinə uyğun rəsmiləşdirilməsi, həmçinin müəssisəyə hazırkı günə 1200 dollar dəyərində dəymiş ziyanın İddiaçı MMC-nin bank hesabına ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli, GDD2422150162 və GDD********** nömrəli gömrük dəyərinə əlavə düzəliş edilməsi üçün verilmiş bildirişləri ləğv edərək ##.##.2024-cü il tarixli, 01241000351268 və ************** nömrəli yük gömrük bəyannamələrində qeyd olunan malların dəyərinin müəssisənin təqdim etdiyi dəyərə uyğun rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli 01241000351268 və ************** nömrəli yük gömrük bəyannamələri ilə İddiaçı MMC-nin ünvanına gələn mallar Bakı Baş Gömrük İdarəsinə bəyan olunmuşdur. Mallar bəyan olunarkən malların sövdələşmə qiyməti (müqavilə və invoys dəyəri) əsas götürülərək bəyan edilmişdir və həmin sövdələşmə qiyməti müvafiq olaraq ************** nömrəli bəyannamə üzrə 45000 ABŞ dolları, ************** nömrəli bəyannamə üzrə isə 25000 ABŞ dollarıdır. Mallar bəyan edildikdən sonra gömrük orqanı malların dəyərinə düzəliş edilməsi ilə bağlı bildirişlər vermişdir. Bununla razılaşmayaraq müəssisə məktubla müraciət edərək cavabdeh bildirmişdir ki, bu tələbləri tamamilə qanunsuz və əsassızdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə əsasən malların gömrük dəyərinin müəyyənləşdirilməsinin əsas üsulu malların sövdələşmə qiymətidir. Bu ixrac bəyannamələrində öz əksini tapmış, bank köçürməsi və müqaviləyə əlavələrdə göstərilmişdir. Həmçinin, növbəti üsulla malların gömrük dəyərini müəyyən etməyə o halda icazə verilir ki, ilkin üsuldan istifadə oluna bilməsin. Cavabdehin gömrük dəyərinə düzəliş edilmsəi barədə bildirişində malların dəyərinin hansı üsulla müəyyən olunması aydın deyildir. Həmçinin, malların rəsmi müqavilə və bank ödənişi əsasında alınan dəyərini tərəflərndən sbüut edəcək dəlillər sistemə əlavə olunduğundan cavabdeh tərəfindən digər üsullar üzrə hər hansı hesablama aparması qanunsuzdur və yuxarıda qeyd etdikləri Qanunun ciddi pozuntusudur. Bunun da, nəticəsində maşınların boş dayanmasına görə müəssisələri hər saxlanılan gün üçün 100 ABŞ dolları əlavə cərimə ödənişi etmək məcburiyyətində qalmışlar. Hazırki günə isə artıq ziyanları 1200 dollardır. Tərəflərindən verilmiş malların dəyərinə düzəliş edilməsi il bağlı bildirişlərlə qətiyyən razı deyillər. Dəfələrlə qəbula gələrək şifahi müraciətlərinin cavabsız qaldığını görmüşlər. Lakin, bu halın tərəflərindən onların xeyrinə aradan qaldırımadığnı və bu qanunsuz hərəkət və hərəkətsizliyi davam etdikcə ziyan məbləğinin daha da, çoxalacağını nəzərə alaraq gömrük ödənişlərinə bank qarantiyası təqdim edərək malların gömrük nəzarətindən ##.##.2024-cü il tarixində çıxartmışlar. Mübahisə ilə bağlı məhkəmə müstəvisində ədalətli qərar qəbul ediləyəyindən əmindirlər. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Özbəkistan Respublikasından iddiaçı İddiaçı MMC-nin ünvanına idxal edilmiş “tibbi avadanlıqlar” yükünə dair təqdim edilmiş 01241000351268 və ************** nömrəli gömrük bəyannamələri və onlarla birgə təqdim olunan sənədlərin qanunvericilik aktlarında müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmış və məlumatların eyniləşdirilməsi aparılmışdır. Qeyd olunan gömrük bəyannamələrin 31-ci qrafasında malların təsviri bölməsində əmtəələrin fiziki, texniki və ticarət xüsusiyyətlərinə aid (malın markası, istehsalçısı, unikal eyniləşdirmə nömrəsi və s.) göstərilən məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. ************** nömrəli gömrük bəyannməsinə əlavə edilmiş fotoşəkillərdə malın üzərində olan markirovkada istehsalçı qismində Yaponiyanın “GE X3” şirkəti göstərilsə də, gömrük bəyannaməsiin 31-ci qrafasında istehsalçı kimi Özbəkistanın “xxxx” LLC şirkəti bəyan edilmişdir. Eynilə, ************** nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş fotoşəkillərdə malın üzərində olan markirovkada istehsalçı qismində Almaniyanın “xxxx” LLC şirkəti göstərilsə də, gömrük bəyannaməsinin 31-ci qrafasında istehsalçı kimi Özbəkistanın “xxxx” LLC şirkəti bəyan edilmişdir. Eyni zamanda bildirilmişdir ki, təqdim edilmiş fotoşəkillər və sənədlər idxal edilmiş “tibbi avadanlıq” yükünün istismarı zamanı müəyyən təmir proseslərinə və tərkib hissələrinin dəyişdirilməsi kimi əməliyyatlara məruz qalması barədə məlumatlara işarə edir. Buna əsas kimi fotoşəkillərdə “focal spots” adlı avadanlıq hisəssinin istehsal ilinin “2018-ci il” və istehsalçısının Hindistanın “X1 LTD” Şirkəti kimi göstərilməsidir. Əlavə olaraq nəzərə çatdırılmışdır ki, avadanlıqların istehsal ilinin “2012”-ci il kimi bəyan olunduğunu, həmçinin istismar edildiyini nəzərə alaraq Dövlət Gömrük Komitəsinin “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında” ## ####### 2014-cü il tarixli ***/*** nömrəli Sərəncamının tələblərinə əsasən təqdim olunan gömrük bəyannamələrinin 37-ci qrafasının 2-ci yarımbölməsində 47 kodu (malların keçirilmə xüsusiyyətinin adı “köhnəlmiş və ya istismar edilmiş malların keçirilməsi”) qeyd olunmamışdır. Aparılmış araşdırma nəticəsində ##.##.2024-cü il tarixli 01241000351322 və 01241000351268 sorğu nömrəli gömrük bəyannamələri ilə birgə təqdim edilmiş sənədlərdə malların ticarət nişanı, markası, artikulu, standartı, istehsalçı barədə məlumat, şəkilləri və malın digər texniki xüsusiyyətləri haqqında məlumatların göstərilməməsi və daşınma xərcinin müşaiyət sənədlərində ayrıca qeyd edilməməsi, daşınmaz xərclərinin sövdələşmə qiymətinə daxil edilmədiyi və ya sövdələşmə qiymətindən bu xərclərin çıxılması qeyd edildiyi hallarda daşınma xərclərinin hesablanması üçün hesab-fakturanın təqdim edilməməsi malın sövdələşməsi qiymətində əsaslı uyğunsuzluqlar yaratmışdır. Çatışmayan sənədlərin siyahısı aşağıdakı kimi olmuşdur: 1. Malın ticarət nişanı, markası, artikulu, standartı, istehsalçı barədə məlumat, şəkilləri və malın digər texniki xüsusiyyətləri haqqında məlumatların olduğu sənəd. 2. Mənşə sertifikatı 3. Proformainvoya 4. Sığorta sənədi 5. Daşınma xərclərinin sövdələşmə qiymətinə daxil edilmədiyi və ya sövdələşmə qiymətindən bu xərclərin çıxılması qeyd edildiyi hallarda daşınma və ya daşınma xərclərinin hesablanması üçün hesab-faktura. 6. İstehsalçının kataloqları, spesifikasiyalar, qiymət siyahıları (preyskurant və s.) 7. Bəyan edilmiş gömrük dərəcini təsdiqləmək üçün digər sənədlər (Azərbaycan Respublikasının gömrük ərazisinə konkret malların tədarükü üçün qiymət təklifləri). Qeyd edilənlərlə bağlı, rəsmiləşdirmə zamanı iddiaçıya yazılı qaydada “Uyğunsuzluq və çatışmazlıqlara dair” məktub və ##.##.2024-cü il tarixli müraciət məktubuna cavab olaraq ünvanlanmış ##.##.2024-cü il tarixli 3-33- 1100/2-005942/2024 nömrəi məktubda qeyd edilən nüanslar bildirilsə də, nə rəsmiləşdirmə prosesində, nə də, artıq 1 ildir ki, davam edən məhkəmə proseslərində iclaslarında zəruri məlumatlar və təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin ##.##.2024-cü il tarixli, GDD2422150162 və GDD********** nömrəli gömrük dəyərinə əlavə düzəlişin edilməsi üçün verilmiş bildirişləri ləğv edərək ##.##.2024-cü il tarixli, 01241000351268 və ************** nömrəli yük gömrük bəyannamələrində qeyd olunan malların dəyərinin müəssisənin təqdim etdiyi dəyərə uyğun rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 ildən artıq müddətdə araşdırması “davam etmiş” iş üzrə baş tutmuş məhkəmə iclaslarında dəfələrlə cavabdeh qurum tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı olan uyğunsuzluqlar və çatışmazlıqların mövcudluğuna dair bəyanatlar verilmiş, yazılı etirazda da bütün bu nüanslar qeyd edilmiş, həmin çatışmazlıq və uyğunsuzluqlarla bağlı inzibati orqan tərəfindən iddiaçıya yazılı formada məlumat təqdim edildiyinə dair mötəbər sübutlar da təqdim edilmişdir. Həmin çatışmazlıq və uyğunsuzluqlar bir daha məhkəmənin diqqətinə çatdırılır: Hər iki gömrük bəyannaməsinin 31-ci qrafasında malların təsviri bölməsində əmtəələrin fiziki, texniki və ticarət xüsusiyyətlərinə aid (malın markası, istehsalçısı, unikal eyniləşdirmə nömrəsi və s.) göstərilən məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. ************** nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş fotoşəkillərdə malın üzərində olan markirovkada istehsalçı qismində Yaponiyanın “GE X3” şirkəti göstərilsə də, gömrük bəyannaməsinin 31-ci qrafasında istehsalçı kimi Özbəkistanın “xxxx" LLC şirkəti bəyan edilmişdir. Eynilə ************** nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş fotoşəkillərdə malın üzərində olan markirovkada istehsalçı qismində Almaniyanın “xxxx” göstərilsə də, gömrük bəyannaməsinin 31-ci qrafasında istehsalçı kimi Özbəkistanın “xxxx" LLC şirkəti bəyan edilmişdir. Həmçinin bəyannamələrin “Mənşə ölkəsi” adlanan 16-cı qrafasında Özbəkistan olaraq bəyan edilmişdir. Yalnız gömrük orqanı tərəfindən mallara fiziki baxış keçirildikdən sonra malların mənşəyi ilə bağlı sözügedən uyğunsuzluqlar iddiaçıya bildirilmiş və iddiaçı da bu reallıqla razılaşaraq bəyannamənin 16 və 31-ci qrafalarında aidiyyəti düzəlişlər edilmişdir. Eyni zamanda, təqdim edilmiş fotoşəkillər və sənədlər idxal edilmiş “tibbi avadanlıq” yükünün istismarı zamanı müəyyən təmir proseslərinə və tərkib hissələrinin dəyişdirilməsi kimi əməliyyatlara məruz qalması barədə məlumatlara işarə edir. Buna əsas kimi fotoşəkillərdə “focal spots” adlı avadanlıq hissəsinin istehsal ilinin “2018-ci il” və istehsalçısının Hindistanın “X1 Ltd” şirkəti kimi göstərilməsidir. Əlavə olaraq, avadanlıqların istehsal ilinin “2012-ci il” kimi bəyan olunduğunu, həmçinin istismar edildiyini nəzərə alaraq Dövlət Gömrük Komitəsinin “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında” ## ####### 2014-cü il tarixli ***/*** nömrəli Sərəncamının tələblərinə əsasən təqdim olunan gömrük bəyannamələrinin 37-ci qrafasının 2-ci yarımbölməsində 47 kodu (malların keçirilmə xüsusiyyətinin adı “köhnəlmiş və ya istismar edilmiş malların keçirilməsi”) qeyd olunmamışdır. Malların “EXW Daşkənd” çatdırılma şərti əsasında Özbəkistanın yüklənmə məntəqəsindən şəhərindən təyinat nöqtəsinə qədərki yuxarıdakı normalarda sadalanan xərclər barədə təsdiqedici sənədlərin təqdim edilmədiyini də məhkəmənin diqqətinə çatdırılır. “Gömrük dəyərinin müəyyən edilməsinin Vahid Metodikası”nın 2 Nömrəli Əlavəsi ilə təsdiq edilmiş “Əmtəə və sövdələşmə xüsusiyyətləri üzrə gömrük dəyərinin müəyyən edilməsinin üsullarına dair təsnifat cədvəli”ndə 2-ci kateqoriya olan “işlənmiş (istifadə olunmuş, köhnəlmiş) mallar”ın gömrük dəyərinin müəyyən edilməsinin 1-ci üsul ilə müəyyən edilməsinin mümkün olmadığı göstərilir. Hazırkı iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş mötəbər sübut qismində “Uyğunsuzluq və çatışmazlıqlara” dair məktubda da gömrük dəyərinin təsdiq edilməsi üçün təqdim edilmiş sənədlər arasında ziddiyyət və çatışmazlıqlar olması, həmçinin gömrük dəyərini formalaşdıran xərclərin təfsilatları barədə məlumat və ya təsdiqedici sənədlərin təqdim edilməməsi səbəbindən gömrük dəyərinin müəyyən olunmasının əsas üsulu tətbiq edilməməsi üçün hüquqi əsası təşkil etmişdir. Həmçinin 1-ci instansiya mərhələsində tərəfindən daha öncəki məhkəmə iclaslarında digər idxalatçılar tərəfindən istifadə edilmiş və mənşə ölkəsi də eynilik təşkil edən eyni malların sövdələşmə qiymətləri əsas götürülərək gömrük dəyərinə düzəliş bildirişi təqdim edilən gömrük bəyannamələrinin surətləri də məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, təyin edilmiş məhkəmə iclasları məhz uyğunsuzluqlar və çatışmazlıqlarla bağlı təsdiqedici sənədlərin təqdim edilməsi məqsədilə və onun şifahi vəsatəti əsasında təxirə salınmış, lakin iddiaçı həmin sənədləri təqdim etmədən, əsası olmayan şifahi bəyanatlar səsləndirmiş, məhkəmə isə bu hissədə öz münasibətini bildirmədən iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbləri baxımından tərəfə gömrük orqanının təqdim etdiyi bildirişlə razılaşmamaq və bu halda hansı hərəkətlərin edilməli olması ilə bağlı hüquqları izah edilmişdir. Bu zaman hətta gömrük rəsmiləşdirilməsi gedişində əlavə xərclərin yaranmasının qarşısının alınması məqsədilə tərəfə Gömrük Məcəlləsində nəzərdə tutulan təminat növlərindən istifadə etməklə, bəyan edilən malın istifadə üçün ona verilməsi barədə hüquqları da izah edilmişdir. Göründüyü kimi, iddiaçı “xxxx” MMC gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh qurumun ondan tələb etdiyi sənədləri nə inzibati orqana, nə də birinci instansiya məhkəməsinə təqdim etməmiş, bəyanannamələrdə olan mövcud uyğunsuzluqları və çatışmazlıqları aradan qaldırmamış, bununla bağlı hər hansı əsaslandırıcı mövqe göstərməmişdir. Həmçinin, Ali Məhkəmənin sözügedən qərarında da qeyd edildiyi kimi, cavabdeh tərəfindən məhkəməyə qeyd edilən digər xarici ticarət iştirakçılarına təqdim edilmiş invoyslardan ibarət istinadlar təqdim edilmiş, qanunun tələbinə əsasən bildirişlər təqdim edilmiş, buna baxmayaraq Bakı İnzibati Məhkəməsi heç bir əsas olmadan və sübutlar qiymətləndirilmədən iddianı təmin etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarına invoys ixrac bəyannaməsi, 01241000351268, ************** nömrəli bəyannamələr, hesab fakturalar, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024cü il tarixli, GDD2422150162 və GDD********** nömrəli gömrük dəyərinə əlavə düzəliş edilməsi üçün verilmiş bildirişlər, ##.##.2024-cü il tarixli 01241000351268 və ************** nömrəli yük gömrük bəyannamələri, malların fotoşəkilləri və digər sənədlər əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; 1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri; 40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. ... 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. 242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. İş materialları ilə müəyyən edilir ki, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər cavabdeh tərəfindən əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.Buna baxmayaraq cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını əsaslandıra bilməmiş,, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. Beləliklə də, inzibati orqan tərəfindən inzibati icraat aparılması zamanı həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Malların istehsalçı ölkələri ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş əvvəlki bəyannamələrdəki uyğunsuzluqlar ##.##.2024-cü il tarixli bəyannamələr ilə aradan qaldırılmışdır və bu uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra da, malların gömrük dəyərində əvvəlki bəyannamələrlə sonrakı bəyannamələr arasında hər hansı bir fərq məbləği yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşmaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunmuş sənədlərdə malların ticarət nişanı, markası, artikulu, standartı, istehsalçısı, barədə məlumat arasında uyğunsuzluqlar mövcud olmuş və daşınma xərci müşaiyət sənədlərində ayrıca qeyd edilməmiş, mənşə sertifikatı təqdim edilməmişdir. Belə ki, Özbəkistan Respublikasından iddiaçı İddiaçı MMC-nin ünvanına idxal edilmiş “tibbi avadanlıqlar” yükünə dair təqdim edilmiş 01241000351268 və ************** nömrəli gömrük bəyannamələrinin 31-ci qrafasında malların təsviri bölməsində əmtəələrin fiziki, texniki və ticarət xüsusiyyətlərinə aid (malın markası, istehsalçısı, unikal eyniləşdirmə nömrəsi və s.) göstərilən məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. ************** nömrəli gömrük bəyannməsinə əlavə edilmiş fotoşəkillərdə malın üzərində olan markirovkada istehsalçı qismində Yaponiyanın “GE X3” şirkəti göstərilsə də, gömrük bəyannaməsiin 31-ci qrafasında istehsalçı kimi Özbəkistanın “xxxx” LLC şirkəti bəyan edilmişdir. Eynilə, ************** nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş fotoşəkillərdə malın üzərində olan markirovkada istehsalçı qismində Almaniyanın “xxxx” LLC şirkəti göstərilsə də, gömrük bəyannaməsinin 31-ci qrafasında istehsalçı kimi Özbəkistanın “xxxx” LLC şirkəti bəyan edilmişdir. Həmçinin, təqdim edilmiş fotoşəkillər və sənədlər idxal edilmiş “tibbi avadanlıq” yükünün istismarı zamanı müəyyən təmir proseslərinə və tərkib hissələrinin dəyişdirilməsi kimi əməliyyatlara məruz qalması barədə məlumatlara işarə edir. Buna əsas kimi fotoşəkillərdə “focal spots” adlı avadanlıq hisəssinin istehsal ilinin “2018-ci il” və istehsalçısının Hindistanın “X1 LTD” Şirkəti kimi göstərilməsidir. Əlavə olaraq, avadanlıqların istehsal ilinin “2012”-ci il kimi bəyan olunsa da, həmçinin istismar edilmiş mallar olsa da gömrük bəyannamələrinin 37-ci qrafasının 2ci yarımbölməsində 47 kodu (malların keçirilmə xüsusiyyətinin adı “köhnəlmiş və ya istismar edilmiş malların keçirilməsi”) qeyd olunmamışdır. İddiaçının tərtib etdiyi və bəyan etdiyi gömrük bəyannamələrinin rəsmiləşdirilməsi aparılan zaman cavabdeh tərəfindən iddiaçıya müvafiq uyğunsuzluqların aşkar edilməsi barədə bildirişlər verilmiş, məhkəmələrin gəldiyi qənaətin əksinə olaraq həmin bildirişlərdə gömrük dəyərinin müəyyən edilməsi üsullarının ardıcıllığına riayət olunaraq, Gömrük Məcəlləsinin 221.3-cü və "Gömrük tarifi haqqında" Qanunun 11.3-cü maddəsinə uyğun olaraq şəxsin gömrük dəyərinə təklif edilən düzəlişlə razılaşmadıqda yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Həmin bildirişlərdə gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi və ya bəyan edilmiş gömrük dəyərinin düzgünlüyünü təsdiq edən sənədlərin 5 (beş) iş günü ərzində təqdim edilməsi təklif olunmuşdur. Iddiaçı bəyan edilmiş gömrük dəyərinin düzgünlüyünü təsdiq edən sənədləri 5 (beş) iş günü ərzində gömrük orqanına təqdim etməmiş, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etməmişdir. İddiaçı “xxxx” MMC gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh qurumun ondan tələb etdiyi sənədləri nə inzibati orqana, nə də birinci instansiya məhkəməsinə təqdim etməmiş, bəyanannamələrdə olan mövcud uyğunsuzluqları və çatışmazlıqları aradan qaldırmamış, bununla bağlı hər hansı əsaslandırıcı mövqe göstərməmişdir. Gömrük qanunvericiliyinin tələblərinə görə, gömrük dəyərinin sövdələşmə qiyməti əsasında müəyyən edilməsi üçün təqdim olunmuş məlumatlar dəqiq, tam və yoxlanıla bilən olmalıdır. Lakin hazırkı halda gömrük orqanına təqdim edilmiş sənədlər həmin meyarlara cavab vermədiyindən, gömrük dəyərinin müəyyən edilməsinin əsas üsullarının tətbiqi mümkün olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən ehtiyat üsulunun tətbiq olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmənin qeyd edilən qərarları gömrük orqanı tərəfindən vaxtilə bildirişlərin verilməməsi və digər xarici ticarət iştirakçılarının bəyanlarına istinad edilməməsi səbəbindən haqlı olmuşdur. Indiki halda isə, cavabdeh tərəfindən məhkəməyə qeyd edilən ixracatçının digər xarici ticarət iştirakçılarına təqdim etdiyi invoyslardan ibarət istinadlar təqdim edilmiş, qanunun tələbinə əsasən bildirişlərin təqdim edildiyi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-649/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-649/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver