Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-653/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və Ağalarov Həmid Azər oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Həsənzadə Ceyhun Cabbar oğlunun iştirakı ilə, İddiaçı Həsənzadə Ceyhun Cabbar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10255/2025 saylı 12.02.2026-ıi il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: I. İddiaçı Həsənzadə Ceyhun Cabbar oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun pensiya hüququnun pozulması ilə bağlı qəbul edilmiş inzibati aktın ləğv olunmasına, 10 il əlillik müddətinin 10.02.2021-ci il tarixində tamam olduğunu nəzərə alaraq qanuna müvafiq II qrup əlilliyinin müddətsiz olaraq təyin edilməsinə, onun əlilliyə görə pensiya hüququnun bərpa olunmasına və pensiyanın kəsildiyi tarixdən bu günədək hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.01.1999-cu il tarixdən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti sıralarında kapitan rütbəsində həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətini 17.08.2009-cu il tarixədək davam etdirmişdir və XDMX rəisinin 17.08.2009-cu il tarixli 120 şh nömrəli əmri ilə xəstəliyi səbəbilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bildirir ki, o, şəkərli diabet II tip insulin tələbli diabetik polineyropatiya diaqnozu ilə 18.01.2010-cu il tarixdən II-ci dərəcəli əlildir. “Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Bakı XDMX MüalicəDiaqnostika Mərkəzi" 3859003AAAEY nömrəli göndərişi əsasında 17.06.2021-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir. O, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilmiş 12.11.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir" barədə əsaslı və düzgün qərar qəbul edilmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Beləliklə aşağıda göstərilənlərə əsasən mənim iddiam təmin edilməlidir: - işə qəbul olunarkən müayinədən keçərkən heç bi problemi olmamışdır. İşdən azad olmağının səhhətimlə bağlı olması sənədlərdə öz təsdiqini tapır və əliliyinin qanuna müvafiq olaraq müəyyən edilmişdir. 10.02.2021-ci ildə II qrup əlillik müddətinin 10 ili tamam olduğu üçün qanuna müvafiq olaraq əlilliyim müddətsiz olaraq təyin olunmalı olduğu halda əksinə əlilliyi ləğv olundu. Bu barədə cavabdehə məktub ünvanlayaraq, izahat tələb etmişdir. 04.10.2022-ci il tarixdə cavabdeh məktub göndərərək əlilliyimi dayandırmaq səbəbini guya onun (diaqnoz insulindən asılı olmayan şəkərli diabet, tibb II orta ağır gedişli) diaqnozu ilə əlaqələndirdiyini bildirdi. Halbuki elə həmin qurumun 3 saylı TSEK-ı tərəfindən 10.02.2016-cı il tarixdə onun xəstəliyi haqqındakı rəyi (şəkərli diabet II tip insulin tələbli diabetik poleneyropatiya. 2.2 II dərəcəli əllillik. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon aslılığı vəziyyətilə) olmuşdur. Göründüyü kimi əlilliyini dayandırarkən cavabdeh yalnışlıqla və yaxud qəsdən səhhətində baş verən və dövlətin səlahiyyətli komissiyası tərəfindən rəsmən təsdiq olunan ağırlaşmanı nəzərə almamışdır. Pensiya hüququnun əlindən alınması ona maddi və mənəvi zərər vurmuşdur. Belə ki, o uzun müddət maddi sıxıntı üzündən xəstəliyinin inkişafının qarşısını almaq üçün tələb olunan dərman vasitələrini əldə edə bilməmişdir. Nəticədə neyropatiya ilə əlaqədar bədənindəki iltihablaşma yüksək həddə (280 dərəcəyə) çatmışdır. Ayağında yaranan aşırı şişkinlik və dözülməz ağrılar səbəbilə 24.09.2024-cü il tarixdə Təcili Yardım vasitəsilə Mərkəzi Nefçilər Xəstəxanasına nəql olunmuşdur və 20 gün stasionar şəraidə müalicə almışdır. Vəziyyəti qismən sabitləşdikdə xəstəxanadan evə buraxılmış və bu günə qədər ambulator şəraitdə müalicəsi davam edir. Bundan sonra bir daha əlilliyimin qiymətləndirilməsi üçün TSERA-ya göndəriş almış, lakin bu dəfə də komissiya üzvləri əlilliyini bərpa etməkdən imtina etmişlər. Və buna da səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetitin 13.05.2022-ci il tarixli 187 nömrəli yeni qərarına istinad etdiklərini bildirdilər. Halbuki ona 2010-cu ildə əllillik təyin olunub. 10.02.2021-ci ildə isə (10 ilin tamamında) dayandırılıb. Yəni Nazirlər Kabinetinin əlillik haqqındakı qanununa əsasən təyin etdiyi yeni meyarların ona tətbiq olunması ədalətsizdir və Konstitusiyanın 149-cu maddəsinə ziddir. Cavabdehin pensiyanın ləğvi imtinası qanunsuz və əsassızdır. Yəni əmək fəaliyyəti prosesində aldığı xəstəlik nəticəsində faktiki olaraq işdən çıxarılmışdır və bundan sonra ona xəstəliyi ilə bağlı əlillik verilmişdir. Belə olduğu halda o əsassız olaraq AR Sosial Müdafiə Nazirliyinin yararsız fəaliyyəti nəticəsində 12 ildən çox (23 ilə yaxın hərbi stajı olduğu halda) əmək fəaliyyətindən kənarda qalmış və əmək fəaliyyətində irəli çəkilmə şansından gələcəkdə yüksək pensiya almaq imkanından məhrum edilmişdir. Ona pensiya kəsilərkən işlədiyi dövlət qurumu əməkdaşların sağlamlığı ilə ciddi nəzarətədə saxlayır və tez-tez tibbi müayinədən keçirirdi. Xəstəliyi nəticəsində gözü, prostat vəzi və bir çox daxili orqanları zərər çəkmişdir və bunun nəticəsində onda əsəb pozğunluğu əmələ gəlmişdir. Cavabdehin hansı formada araşdırma apararaq əlilliyini təsdiq etməməsi qeyri-müəyyəndir. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Həsənzadə Ceyhun Cabbar oğlunun əlillik vəziyyəti DTSERA-da 17.06.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 21420075889). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da 14.07.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 22420289810). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin S00249403MCN nömrəli 02.02.2025-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, C.Həsənzadəyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 2327 nömrəli Arayış verilmişdir. Həmin arayışda “İnsulindən asılı olmayan şəkərli diabet, tip II, orta ağır gedişli, subkompensə mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş 01.06.2021 və 14.07.2022-ci il tarixlərində DTSERA-da əyani müayinələrdə olmuş, “Xəstənin müayinəsi zamanı şikayətləri əsəbilikdən, yuxusuzluqdan, görmə zəifliyindən, ayaqlarında keyimədən, sidiyə tez-tez getmədən, cinsi zəiflikdən olmuşdur. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet TİP 2. insulin tələbli” diaqnozu araşdırılmışdır. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına dirsəkaltı ağacla daxil olmuş, Şəkərli diabet xəstəliyindən, hər iki aşağı ətrafında ödem, iltihabi neyropatiya olmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Tioqamma, Aktovegin, Nukleo, Milqamma, Angioflux, Neyromedin qeyd edilmiş reseptlər təqdim etmişdir. Baxış zamanı hər iki aşağı ətrafda hərarət normal olmuş, nəbz orta dolğunluqda hiss edilmişdir. Leyla Medical Center-in 01.10.2024-cü il tarixli Topuq MR müayinəsinin nəticəsi “Tibiotalar oynaq məsafəsində mayə artışı izlənilir. Posterior subtalar resesdə və retrokalkaneal bursada maye artışı təyin edilir. Tibial sümükdə coğrafik dağımlı heterogen siqnal dəyişikliyi sahələri izlənilir (osteonekroza bağlı olduğu düşünülmüşdür, differensial diaqnozda hematoportik dəyişikliklər düşünülə bilər). Sinus tarsia qonşu talar sümükdə subkortikal degenerativ sahələr və ətrafında minimal sümük ödemi təyin edilir. Tibialis posterior, fleksor digitorum longus və fleksor hallucis longus əzələ vətərləri yatağında maye artışı təyin edilir. Müayinə sahəsində yumşaq toxumalarda yayqın ödem izlənilir” kimi qeyd edilmişdir. Təqdim etdiyi, 30.10.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Bu incələmədə əldə edilən nəticə aşağı ətraf sinirlərinin zədələnməsi ilə gedən xronik sensormotor aksonal polineyropatiya ilə uyğundur” kimi qeyd edilmişdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 00.00.0000-ci il tarixli 9386 nömrəli Tibbi rəyində diaqnoz “Arxa qütbün və ləkənin degenerasiyası. Başlanğıc qocalıq kataraktası. Diger proliferativ retinopatiya. Vis OD-0.2 k/e, Vis OS-0.3 k/e” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da 03.02.2025-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OUQPDR. Başlanğıc katarakta. VİS OD=0.1 k/i 0.3, VİS OS=0.3 k/i 0.4” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da 03.02.2025-ci il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral tipli axınlar, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir. Trifazik axınlar” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən ağırlaşmalar aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10255/2025 saylı 12.02.2026-cı il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, bildirmişdir ki, hüquqi savadsızlılğı baxımından ona edilən hüquqi yardımın məzmununu anlamadan əlilliyinin 17.06.2021-ci ildən bərpa edilməsini istəmiş, lakin hal-hazırda iddia tələbinə dəqiqləşdirmə verərək, ona cavabdeh təşkilat tərəfindən əlilliyin təyin edilməsindən imtina barədə 03.02.2025-ci il tarixli qərarının ləğv edilməsini tələb edir. Ona görə də iddiaçı ona edilmiş sonuncu imtina qərarına mahiyyəti üzrə baxılması üçün mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 12.02.2026-cı il tarixli qərardadının ləğv edilməsini və yeni iddia tələbinə mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsi olmadan keçirilməsini mümükn hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının əsas hüquqi marağı pensiya hüququnun pozulması ilə bağlı qəbul edilmiş inzibati aktın ləğv olunması, 10 il əlillik müddətinin 10.02.2021-ci il tarixində tamam olduğunu nəzərə alaraq ona qanuna müvafiq II qrup əlilliyinin müddətsiz olaraq təyin edilməsi, onun əlilliyə görə pensiya hüququnun bərpa olunması və pensiyasının kəsildiyi tarixdən bu günədək hesablanmasından ibarətdir. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 11 mart 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, C.Həsənzadə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2010-2021-ci illərdə ikinci dərəcə əlillik statusuna malik olmuşdur. Bildiririk ki, qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa 03.02.2025-ci il tarixində, saat 14:04-də, 055-838-25-13 telefon nömrəsinə və 09.04.2025-ci il tarixində, saat 09:58-də, 055-778-98-88 telefon nömrəsinə SMS vasitəsilə məlumat göndərilmişdir. İş materiallarından müəyyən edilir ki, 10.02.2021-ci il tarixdən sonra iddiaçının əlillik vəziyyəti DTSERA-da 17.06.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da 14.07.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 22420289810). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin S00249403MCN nömrəli 28.01.2025- ci il tarixli göndərişi əsasında 02.02.2025-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da 03.02.2025-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı əlillik dərəcəsinin sonuncu, yəni 28.01.2025-ci il göndərişin tarixindən deyil, 10.02.2016-cı il tarixdə 5 il müddətinə verilmiş əlillik dərəcəsinin müddətinin bitdiyi 10.02.2021-ci il tarixdən təyin edilməsini tələb edirdi. Lakin apellyasiya şikayətinin araşdırılması zamanı iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, cavabdeh təşkilatın 03.02.2025-ci il tarixli imtina qərarının ləğv edilməsi və ona müddətsiz əlilliyin təyin edilməsini xahiş etmişdir. Qeyd olunan yeni tələb birinci instansiya məhkəməsinin araşdırma predmeti olmadığına görə kollegiya hesab edir ki, sonrakı prosessual hərəkətlərin edilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, cavabdeh təşkilatın 03.02.2025-ci il tarixli imtina qərarından şikayətin verilməsi üçün prosessual müddətin ötürüldüyü təqdirdə müddətin bərpası üçün üzürlü halların olubolmaması araşdırıldıqdan sonra iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Ona görə də, qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10255/2025 saylı 12.02.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş qeyd olunan halların ətraflı araşdırılması məqsədi ilə həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: İddiaçının apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10255/2025 saylı 12.02.2026-cı il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-653/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-653/2026
09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver