Məhkəmə qərarları › İş №2-1(3-6)-717/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-717/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-717/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Tibbi-Sosial Ekspertiza və X3 Tibbi-Sosial Ekspertiza müayinələrindən görünür ki, iddiaçıya ##.##.2015-ci il tarixdən “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Başbeynin travma nəticəsində psixi pozuntusu” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, eyni diaqnoz əsasında ##.##.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. ##.##.2023-cü il tarixli müayinə məlumatlarından görünür ki, İddiaçı əlillik vəziyyəti Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin ##.##.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əsas diaqnoz F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin zədələnməsi və disf.” diaqnozunun əlillik əlaməti təyin etməməsi əsası ilə imtina olunmuşdur.

3. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən verilmiş cavaba əsasən, 1987-ci il təvəllüdlü İddiaçı səhhəti cəza çəkdiyi müddət ərzində həkim nəzarətində olmuş, zərurət yarandığı təqdirdə Müalicə müəssisəsinə (MM) köçürülərək tibbi tədbirlər orada davam etdirilmişdir. Azadlıqdan düçar olduğu ruhi xəsətliklə bağlı o, dəfərlərlə MM-da müayinə və müalicədə olmuş, tibbi tədbirlər Səhiyyə Nazirliyindən dəvət olunmuş professorun tövsiyələri əsasında həyata keçirilmişdir. Hər bir halda müalicə tədbirləri müsbət effekt vermiş, məhkumun narahtlığı aradan qalxmışdır. Metal yad cisim udması ilə bağlı ##.##.2023-cü il tarixdə p, MM-ya köçürülərək müayinələrdən keçirilmiş, mədəbağırsaq traktının rentgenoloji müayinəsi zamanı bir neçə ədəd kiçik ölçülü metal yad cisim (məftil parçası, qaşıq dəstəyi, dırnaqtutan) aşkarlanmışdır. Yad cisimlərin təbii yolla xaric olunmasının mümkünlüyü nəzərə alınaraq cərrahi müdacilə edilməmiş, həkim nəzarətində saxlanılmışdır. Növbəti həftədə aparılan müayinə zamanı yad cisimlərin təbii yolla xaric olunduğu müəyyən edilmişdir. Həkim müşahidəsində saxlanıldığı müddətdə İddiaçı ərizə ilə müraciət edərək ruhi xəstəliyi ilə bağlı əmək qabiliyyətinin qiymətləndirilməsi məsələsini qaldırmışdır. Bununla bağlı, məhkum təkrarən müayinə və həkim baxışlarından keçirilmişdir. Əlillik dərəcəsinin təyin edilməsi zamanı qaydalara uyğun olaraq ixtisaslaşdırılmış tibb müəssisəsinin həkim-psixiatrlarının komission baxışı tələb olunur.

4. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ tərəfindən verilmiş **** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. 2-ci sual üzrə: Yoxlanılan şəxs İddiaçı canlı müayinəsi zamanı ##.##.2023-cü il tarixli, *********CUZ nömrəli Forma 88-də göstərilən diaqnoz öz təsdiqini tapır. 3-cü sual üzrə: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “İddiaçı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin ##.##.2023-cü il tarixli, *********CUZ nömrəli tibbi göndərişi (Forma 088) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı baş beyin zədəsi aldığına görə ## #### 2005-ci il tarixdə Bakı şəhəri * saylı Psixi Xəstəxanaa yerləşdirilmiş və 2005-ci il tarixdə ona “Baş-beyin zədəsi” nəticəsində psixopatabənzər davranış pozuntusu” diaqnozu qoyulmuşdur. 2016-cı ilin yanvar ayında göstərilən diaqnoz əsasında ona II qup əlillik dərəcəsi verilmiş və o, pensiyaya çıxmışdır. 2021-ci ilin yanvar ayında əlilliyə görə pensiyanın verilməsi dayandırılmışdır. ##.##.2022-ci il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə ona əlilliyin bərpasından imtina olunmuşdur. Təkrarən ##.##.2023-cü il tarixdə qəbul edilmiş qərarda göndərişin natamam doldurulması əsası ilə əlilliyin bərpasından imtina olunmuşdur. Daha sonra ona diaqnoz əlillik təyin etmir əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur.

7. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək ##.##.2022-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu dekompensasiyalarla. Üzvi dissosiativ pozuntu diaqnozu müəyyən edilmişdir. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin ##.##.2023cü il tarixli, *********CUZ nömrəli tibbi göndərişi (Forma 088) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olunmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı həm hərbi xidmət dövründə, həm də ondan sonra F07.0 (Üzvi mənşəli şəxsiyyət pozuntusu) diaqnozu ilə ağır müalicələr keçmişdir. Bu xəstəlik onun iradəsindən asılı olmayaraq beynində gedən patoloji proseslərin nəticəsidir. İddiaçı 2005 -ci ildən 2025- ci ilə qədər müxtəlif əsəb Ruhi dispanserlərdə yataraq müalicəsini almışdır və * saylı cəza çəkmədə hal-hazırda gündəlik müalicəsini alır. Agentliyin şikayəti sadəcə vaxtı uzatmağa və vətəndaşı dövlət tərəfindən verilən sosial təminatdan məhrum etməyə yönəlmişdir.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsi olmadan keçirilməsi mümkün hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il); 7.7. Spesifik şəxsiyyət pozuntuları Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. 7.7.1. spesifik şəxsiyyət pozuntuları F60 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski (35-60 faiz, 2 il); 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması (65-80 faiz, 2 il);

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

17.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 18.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, iddiaçı əsas hüquqi marağı və məqsədi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *********CUZ nömrəli göndəriş (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir.

22. Cavabdeh orqan isə “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əliliyin təyinatından imtina etmişdir.

23. Göründüyü kimi xəstəliklərin iddiaçıda mövcud olması tərəflər arasında mübahisələndirilmir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir.

24. Belə ki, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, İddiaçı ümumi xəstəlik səbəbindən 2015-2021-ci illərdə ikinci dərəcə əlillik statusuna malik olmuşdur. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra vətəndaşa dair Ədliyyə Nazirliyinin tibb müəssisəsi tərəfindən *******AABNR nömrəli və N********AXN nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq ##.##.2022-ci il və ##.##.2022-ci il tarixlərində qiymətləndirilmiş və bütün hallarda natamam doldurulması səbəbindən (Səbəb: Diaqnostik müayinələr tam aparılmadığından) göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Bildiririk ki, vətəndaş dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Tibbi-sosial ekspert komissiyasının həkim-eksperti tərəfindən cəzaçəkmə müəssisəsində əyani müayinə olunmuşdur. Müayinəyə dair akt sənədi (tibbi sənədlər, müayinənin videogörüntüsü və.s) qərar verilməsi üçün Agentliyin Mərkəzi Tibbisosial ekspert komissiyasına göndərilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2022ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə Ədliyyə Nazirliyinin tibb müəssisəsinin J********CUZ nömrəli göndərişi əsasında şəxsin əlillik vəziyyəti ##.##.2023-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, ##.##.2023-cü il tarixindən sonra "Əlillik” altsisteminə vətəndaşa dair əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə yeni göndəriş daxil olmamışdır.

25. İşdə olan Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *********CUZ nömrəli göndərişdən görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz: F07. Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disf. Ağırlaşma: F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, automotulyasiyalarla (tez-tez dekompensasiyalar və özünə xəsrət yetirmələrlə). Göndərişdə həmçinin, həkim müayinəsinin nəticəsi olaraq qeyd olunmuşdur ki, (F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu) ##.##.2023-cü ildə Respublika Psixiatriya Xəstəxanasının və ƏƏSMN-nin psixiatr-ekspertinin birgə komissiyası xəstəyə baxış keçirmiş, nəticədə “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, automotulyasiyalarla (tez-tez dekompensasiyalar və özünə xəsrət yetirmələrlə)” diaqnozu müəyyən edilmişdir.

26. Həmçinin, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş **** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi ilə, iddiaçıda hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilmiş, müvafiq göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir.

27. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi ##.##.2023-cü il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, göstərilənlər iddiaçının orqanizminin funksiyalarının 65-80 faiz pozulması kimi qəbul edilməsinə və ona 2 il müddətinə əlillik təyin edilməsi üçün əsas verir.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçının orqanizm funksiyalarının pozulması 65-80 faiz qiymətləndirilərək 2 il müddətinə əlilliyi müəyyən olunmaqla dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı “İddiaçı orqanizm funksiyalarının pozulması 65-80 faiz qiymətləndirilərək 2 il müddətinə əlilliyi müəyyən olunması nəzərə alınmaqla” dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar