Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-725/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-36-3/2-M-11861-48/2025/ 2808nömrəli ##.##.2025-ci il tarixli imtina məktubuna əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müraciətə baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcbui köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6- cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. X2 Arif qızının qeydiyyatı ünvan 2 ünvanında olduğundan ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.
2. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı ##.##.2005-ci il tarixdə anadan olmuşdur.
3. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Məmiyeva Leyla Arif qızı ##.##.1978-ci il tarixdə anadan olmuşdur.
4. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Məhərrəmov Məmmədalı İzətulla oğlu ##.##.1972-ci il tarixdə anadan olmuşdur.
5. Xətai rayon VVADQ şöbəsi tərəfindən ##.##.2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı ****** nömrəli “Doğum haqqında şahadətnamə”yə əsasən İddiaçı ##.##.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Məhərrəmov Məmmədalı İzətulla oğlu, ana qrafasında Məmiyeva Leyla Arif qızı qeyd edilmişdir.
6. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, ****** nömrəli ##.##.2004-cü il tarixli “Məcburi köçkün” vəsiqəsinə əsasən Məhərrəmov Məmmədalı İzətulla oğlu Cəbrayıl rayonundan 1993-cü ildən məcburi köçkündür.
7. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Şahvəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən ##.##.2005-ci il təvəllüdlü İddiaçı həqiqətən məcburi köçkündür və 33 (otuz üç) manat olmaqla hər ay vahid aylıq müavinət alır.
8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli, 3-36- */*-****/**** nömrəli məktubla İddiaçı məcburi köçkün statusunun verilməsinə dair Komitəyə daxil olmuş ərizəsi və ərizəyə verilmiş cavabın surəti məhkəməyə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün” statusu və onu təsdiq edə vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2005-ci ildə Cəbrayıl rayonu Şahvəlli Ərazi dairəsi, Şahvəlli kəndində anadan olmuşdur. Atası Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. X4 İzzətulla oğlu ilə X2 Arif qızı ##.##.2004cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Atası Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və həmçinin ona ##.##.2004-cü ildə məcburi köçkün vəsiqəsi verilmişdir. Onlar dövlət tərəfindən məcburi köçkünlər üçün müəyyən olunan imtiyazlardan yararlanırlar, o və ailə üzvüləri yemək xərci müavinatı alırlar (60 AZN). 2025-ci ilin iyul ayında məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin ## ######## 2025-cü il tarixli № *-**-*/*-M*****- **/****/***** saylı məktubu ilə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydaları"ın 4.1.6-cı bəndinə istinad edilərək övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Məktubda qeyd edilir ki, X2 Arif qızının qeydiyyatı ünvan 1 ünvanda olduğundan məcburi köçkün statusunu təsdiq edən sənədlərin (vəsiqə) verilməsi Komitənin imkanı xaricindədir. Hesab edir ki, X2 Arif qızının qeydiyyatının ünvan 1 ünvanı olması ona məcburi köçkün statusunu təstiq edən vəsiqənin verilməsindən imtina olunması üçün əsas ola bilməz. Komitənin ## ######## 2025-cü il tarixli № *-**-*/*-M-*****-**/****/***** saylı imtina məktubu əsassızdır və məcburi köçkün vəsiqələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxs) statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şexs( "məcburi köçkün" statusu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən valideyinlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almış uşaqlara "məcburi köçkün "statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2022- ci il tarixli Qərarında məhkəmə kollegiyası qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanıın daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalara təsbit edilmiş tələb "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxs) statusu haqqında" Azərbaycan Respublikasının Qanunununda nəzərdə tutulmamışdır.Lakin Qaydalar "məcburi köçkün" statusunun verilməsi üçün (qanunla nəzərdə tutulmayan) "yaşayış yeri üzrə qeydiyyatla bağlı" məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunmasına dair konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyanın və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə əsasən qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan Qərarında xüsusilə qeyd olunur ki, inzibati orqan imtinasını əsaslandırdığı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxs) "məcburi köçkün” statusu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın qüvvədə olmasına baxmayaraq, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifat və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6- cı bəndinə əsasən “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir Bu da o deməkdir ki, "Qaydalar"ın həmin tələbi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxs) statusu haqqında" Qanuna və konstitusion dəyərlərə ziddir.
11. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, iddiaçı ##.##.2005-ci il təvəllüdlüdür. İddiaçının X2 Arif qızı ünvan 1 ünvanında qeydiyyatdadır, iş üzrə onun məcburi köçkün statusuna malik olması müəyyən edilmir. X4 İzətulla oğlu Cəbrayıl rayonundan məcburi köçkündür, Cəbrayıl rayonu, Şahvəlli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.
13. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- *****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları. Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. ... Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. ... Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - Əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
20. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)– Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri– tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ. Ümumi müddəalar ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. IV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı ##.##.2005-ci il təvəllüdlüdür. İddiaçının X2 Arif qızı ünvan 1 ünvanında qeydiyyatdadır, iş üzrə onun məcburi köçkün statusuna malik olması müəyyən edilmir. X4 İzətulla oğlu Cəbrayıl rayonundan məcburi köçkündür, Cəbrayıl rayonu, Şahvəlli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.
26. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.
27. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.
28. Hazırkı işdə iddiaçıya münasibətdə 3-cü şərtin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir.
29. Cavabdehin hazırkı əsas dəlilləri iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtlərin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, iddiaçının anası işğal olunmuş rayon üzrə daimi qeydiyyatda deyildir.
30. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir.
31. Belə ki, yuxarıda da, qeyd edildiyi kimi, iddiaçının anası ünvan 1 ünvanında qeydiyyatda olmaqla onun daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir.
32. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı hesab edilməli, iddiaçının tələbi təmin edilməməklə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” barədə iddiası rədd edilməlidir.
33. Məhkəmə qeyd edir ki, oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarında ifadə olunmuşdur.
34. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. ( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)
37. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.