Məhkəmə qərarları › İş №2-1(3-6)-727/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-727/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-727/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxslər: X3 və qeyriləri) “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X23 (sədrlik edən və məruzəçi), X25 və X20 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli **** nömrəli sərəncamına əsasən mərhum X8 fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. ** saylı Dövlət Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, mərhum X8 vərəsəsi İddiaçı Həsənağa qızıdır.

3. Müayinə aktından görünür ki, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsi 6 hissəyə bölünüb. Torpaq sahəsinin iddiaçı və ya başqa şəxs tərəfindən satıldığını müəyyən etmək mümkün deyil.

4. Sabunçu RİH Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X3, X1, X9, Seirbeyzadə Hicran Kamal qızı, X4, X15, üçüncü şəxs4, X2, üçüncü şəxs5, X11, üçüncü şəxs8, X5, üçüncü şəxs10, üçüncü şəxs2, üçüncü şəxs11, üçüncü şəxs9, X6 həmin ünvanda yaşayırlar.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin sərəncamı ilə torpaq sahəsi mərhum oğluna ayrılmış, lakin yerləşmə cizgisi verilməmişdir. İddiaçı torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

7. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, hər hansı formada xəritəçəkmə, planalma və mərz işlərinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanının səlahiyyətləri xaricindədir.

8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X3, X1, X9, Seirbeyzadə Hicran Kamal qızı, X4, X15, üçüncü şəxs4, X2, üçüncü şəxs5, X11, üçüncü şəxs8, X5, üçüncü şəxs10, üçüncü şəxs2, üçüncü şəxs11, üçüncü şəxs9, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdirlər.

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli **** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində mərhum X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair iddiaçı İddiaçı yerləşmə sxeminin (cizgi) verilməsi öhdəliyinin Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçıya torpaq sahəsi 33 il bundan öncə yəni 1993-cü ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 1200 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Eyni zamanda mübahisəli torpaq sahəsi faktiki olaraq 6 hissəyə bölünmüşdür. Həmçinin göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilata və 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli, 695-IQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli **** nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi dair yerləşmə cizgisinin verilməsini tələb edir.

22. Cavabdeh orqan isə bildirir ki, torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi onun səlahiyyətlərinə aid deyildir.

23. İş materiallarından göründüyü kimi X8 Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli **** nömrəli sərəncamına əsasən torpaq sahəsi ayrılmışdır, həmin sərəncam hazırda qüvvədədir. X8 öldükdən sonra İddiaçı Həsənağa qızı onun vərəsəsi təyin edilmişdir. Sözügedən torpaq sahəsi ona ayrıldığı zamandan iddiaçının istifadəsindədir. Hazırda iddiaçı sözügedən Sərəncam əsasında ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən yerləşmə cizgisinin verilməsinin onun səlahiyyətləri daxilində olmadığı bildirilməklə imtina edilmişdir.

24. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

25. Eyni zamanda cavabdeh orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə inzibati akt ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayır.

26. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının niyyəti məhz faktiki istifadəsində olan torpaq sahəsinə dair cizginin tərtib olunmasından ibarət olduğundan cavabdeh orqan tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar