Məhkəmə qərarları › İş №2-1(3-6)-732/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-732/2026

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-732/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı İddiaçı məxsus ##.##.1978-ci il tarixli əmək kitabçasına əsasən o, ##.##.1977 - ##.##.1978-ci illərdə fəhlə (1 il 20 gün), ##.##.1978 – ##.##.1980-ci illərdə müddətli həqiqi hərbi xidmət (2 il 2 gün), ##.##.1980- ##.##.1982-ci illərdə fəhlə (1 il 2 ay 3 gün), ##.##.1982 - ##.##.1982-ci illərdə məhkəmə iclas katibi (7 ay 7 gün), ##.##.1982 - ##.##.1987-ci illərdə Hüquq fakültəsində əyani tələbə (4 il 10 ay 27 gün), ##.##.1987 – ##.##.1991-ci illərdə Prokurorluqda xidmət (3 il 5 ay 10 gün), ##.##.1991 - ##.##.1991-ci illərdə X1 heyəti sədr müavinin köməkçisi (9 ay 25 gün), ##.##.1991 -##.##.1996-cı illərdə Ali Sovet Katibliyinin rəis müavini, qanunvericilik və qanunçuluq işləri katibi, Baş katibin müavini, Aparat rəhbərinin müavini (4 il 11 ay 24 gün), ##.##.1998 – hal hazıradək Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim, baş müəllim (26 il 11 ay 10 gün) vəzifələrində işləmişdir.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin ##.##.2024-cü il tarixli Arayışına əsasən iddiaçı ##.##.1997-ci illərdə Hidrometeorologiya Komitəsində aşağıdakı vəzifələrdə çalışmışdır: ##.##.1997-ci il tarixdən Hidrometeoroligiya Komitəsinin İdarəetmə aparatında hüquq məsləhətçisi (3 illik əmək müqaviləsi ilə) vəzifəsinə qəbul edilmişdir (Əmr 81/K, ##.##.1997) -##.##.1998-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr 112/K, ##.##.1998).

3. Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlərə əsasən, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (7 il 6 ay 4 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtinasının və dövlət qulluğu stajının düzgün hesablanmamasının və dövlət qulluğu stajının düzgün hesablamamasının qanunsuz hesab edilməsi və iddiaçıya dövlət qulluqçusu kimi dövlət qulluğu stajına uyğun 2024-cü ilin ######ın #-dən yaşa görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun * saylı DOST Mərkəzinə müraciət etmişdir. Müraciətə əmək haqqı barədə arayış, əmək kitabçası və dövlət qulluğunda staj barədə arayış əlavə olunmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin ## #### 2025-ci il tarixli, *-**- */*-A*****/**** saylıməktubu ilə dövlət qulluğu pensiyası almağa görə qanunla tələb olunan stajın müəyyən edilməsinə və dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh İdarənin hansı normativ–hüquqi akta əsasən və hansı qaydada hesablama aparması və nəticədə 7 il 6 ay 4 gün dövlət qulluğu stajının olması qənaətinə gəlməsi müəmmalıdır. O, aşağıda qeyd olunan əmək və dövlət qulluğu fəaliyyəti göstərmişdir: ##.##.1977 - ##.##.1978 Fəhlə 1 il 0 ay 20 gün, ##.##.1978 – ##.##.1980 Müddətli həqiqi hərbi xidmət 2 il 0 ay 2 gün, ##.##.1980 – ##.##.1982 Fəhlə 1 il 2 ay 3 gün, ##.##.1982 - ##.##.1982 Məhkəmə iclas katibi 0 il 7 ay 7 gün, ##.##.1982 - ##.##.1987 Hüquq fakültəsində əyani tələbə 4 il 10 ay 27 gün, ##.##.1987 - ##.##.1991 Prokurorluqda xidmət 3 il 5 ay 15 gün, ##.##.1991 – ##.##.1991 X1 heyəti sədr müavinin köməkçisi 9 ay 25 gün, ##.##.1991 – ##.##.1996 Ali Sovet Katibliyinin rəis müavini, qanunvericilik və qanunçuluq işləri katibi, Baş katibin müavini, Aparat rəhbərinin müavini 4 il 11 ay 24 gün, ##.##.1997 - ##.##.1998 Dövlət Hidrometerologiya komitəsində hüquqşünas 1 il 1 ay 9 gün, ##.##.1998 – hal hazıradək Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim, baş müəllim 26 il 11 ay 10 gün, cəmi 47 il 0 ay 22 gün. May 1998-ci ildən – 2006- cı ilədək Lisenziya əsasında pullu hüquqi xidmətlər göstərilməsi, 08 İyun 2006-cı ildən Vəkillik fəaliyyəti 19 il 6 ay. Cavabdeh inzibati orqanın imtinasından yuxarı inzibati orqana – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etsə də, inzibati şikayətə baxılması ilə bağlı qanunvericiliyin tələbləri də kobud şəkildə pozulmuş, şikayət qərarından şikayət edilən inzibati orqana göndərilməklə şikayətə mahiyyəti üzrə baxılması, inzibati icraatda iştirakının təmin olunması kimi mühüm prinsipləri pozulmuşdur. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkrar şikayət edərək şikayətimə aidiyyatı orqan tərəfindən qanunla müəyyən olunmuş qaydada baxılmasını tələb etsə də, qanunsuzluq və süründürməçilik davam etdirilmiş və yenidən cavabdeh inzibati orqan tərəfindən şikayətimə “baxılması” görüntüsü yaradılmaqla ## #### 2025-ci il tarixli, *-**-*/*-A- ******/**** saylı məktubu ilə bir daha müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın məktubu ## ###### 2025-ci ildə poçt vasitəsilə çatdırılmışdır. Beləliklə, cavabdeh inzibati orqan dövlət qulluğu stajının hesablanmasında və müraciətin mahiyyətinə uyğun qanunvericilik normasının tətbiqində ciddi səhvə yol vermiş, heç bir əsas olmadan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edildiyindən, imtina qanunsuz hesab olunmaqla, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbuledilməlidir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun: 2.1.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla aşağıdakı şəxslərin dövlət pensiyası almaq hüququ vardır:"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları; 5.1-cimaddəsinə əsasən, pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 1991-ci il #######ın ##-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 6-cı maddəsində müəyyən edilmişdir ki, pensiya dövlət qulluğunda, habelə 1991-ci il #######ın ##dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizimiqdarından çox olmamaqla. Dövlət qulluğu stajının hesablanması zamanı dövlət qulluğunda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət illəri də nəzərə alınmalıdır. Lakin İdarənin cavab məktubundan aydın olur ki, qulluq illərinin əhəmiyyətli dərəcədə böyük hissəsi ümumiyyətlə nəzərə alınmamışdır. İdarənin imtinasında müraciətin mahiyyətinə uyğun gəlməyən, dövlət qulluğu stajının müəyyən edilməsi yerinə dövlət qulluqçularına ödənilən pensiyaya əlavələrin hesablanması qaydasını müəyyən edən qanunvericilik normalarına – “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2ci və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddələrinə istinad olunmaqla qanundan bixəbər mövqe nümayiş etdirilmişdir. Bu normalarda müəyyən olunmuşdur: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-cimaddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında, 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ##.##.2025-ci il tarixində ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Mərkəzi Filiala müraciət etmiş, onun müraciətinə Mərkəzi Filial tərəfindən baxıldıqdan sonra imtina verilmişdir. Daha sonra iddiaçı həmin imtinadan inzibati qaydada şikayətlər vermişdir, iddiaçının sonuncu şikayəti ##.##.2025-ci il tarixində olmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-A-******/**** nömrəli məktubla iddiaçıya təkrar dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi dövlət qulluğu vəzifəsində kifayət qədər dövlət qulluğu stajının olmaması qeyd edilmişdir. Belə ki, "Dövlət qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, dövlət qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq hüquqları vardır. Həmin Qanununun 1.1.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Həmin qanunun 11-ci maddəsində inzibati və yardımçı vəzifələrin təsnifatı öz əksini tapmışdır. Həmin Qanunun 23-cü maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmçinin, dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Bundan başqa, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) Qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin qanunun 20.11.1-ci maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına (Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmişdir.) əsasən, 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur. İddiaçının Mərkəzi Filiala əvvəlki müraciətlərində təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (7 il 6 ay 4 gün (##.##.1982-##.##.1982-ci il, ##.##.1991- ##.##.1996-cı il və ##.##.1997-##.##.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları cüzi şəkildə belə araşdırmadan, onlara çəkişmə qaydasında baxmadan, düzgün hüquqi qiymət vermədən, mövcud olan iş materiallarının ziddinə qərar qəbul etməklə ədalət mühakiməsi orqanının təyinatına uyğun olmayan davranışa yol vermişdir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xaricdə ezamiyyətdə olmasını nəzərə alaraq məhkəmə iclasının onun işitrakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Maddə 32.1-1 Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Əvvəlki redaksiya (##.##.2017-ci il tarixədək qüvvədə olmuşdur): 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla Qüvvədə olan redaksiya: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən) 19.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

20. Belə ki, iddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. 21.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (7 il 6 ay 4 gün) olduğundan qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

22. İş materiallarından göründüyü kimi iddiaçının dövlət qulluğu stajı 15 ildən az (7 il 6 ay 4 gün (##.##.1982-##.##.1982-ci il, ##.##.1991-##.##.1996-cı il və ##.##.1997- ##.##.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinin tələbləri baxımından qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.

24. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində və həmin maddə ilə hüquqi bağlılığı olan 20-ci maddədə qeyd olunan subyektlərə (o, cümlədən dövlət qulluqçularına) yaşa görə əmək pensiyasıyasının təyin edilməsinin xüsusi norması mövcud deyil. Yəni həmin Qanunun 9 və 20-ci maddələrində göstərilən subyektlərə də yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 10-cu maddəsində göstərilən qaydalara uyğun (toplanmış pensiya kapitalını 144 aya bölməklə) olaraq hesablanır.

25. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilatdan ## #### 2017-ci ildən öncə və ##.##.2017-ci ildən sonra “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən subyektlərdən (hakim, prokuror və dövlət qulluqçusu vəzifələrində işləmiş şəxslərə) yaşa görə təyin edilmiş əmək pensiyalarının hesablanma qaydası ilə bağlı məlumat tələb edilmiş, sonuncu isə həmin kateqoriyadan olan şəxlərə təyin edilmiş əmək pensiyalarının hesablanması haqqında cədvəli məhkəməyə təqdim etmişdir. Qeyd olunan məlumatlara (cədvələ) nəzər yetirildikdə müəyyən edildi ki, Qanunun 20-ci maddəsində qeyd olunan kateqoriyadan olan şəxslərə yaşa görə əmək pensiyaları onların qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla təyin edilir. Başqa sözlə desək, həmin kateqoriyadan olan şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən pensiya məbləği üzrə hesablama Qanunun 10.4-cü maddəsində qeyd edilən qaydaya uyğun olmayan əmək haqqının nisbətində hesablanır.

26. Lakin nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirdiyinə görə növləri var. Həmin Qanunun 10.4-cü maddəsində yaşa görə, 13.5-ci maddəsində əlilliyə görə, 18.2ci maddəsində isə ailə başçısını itirdiyinə görə pensiyanın hesablanması qaydası tənzimlənir. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində müəyyən kateqoriyadan olan şəxslərə pensiyaya çıxmazdan öncə aldıqları əmək haqlarının 50- 80 % nisbətində əmək pensiyalarına əlavələrin verilməsi nəzərdə tutulub. Başqa sözlə desək əmək pensiyasının əmək haqqı nisbətində hesablanması qanunvericiliyin hər hansı bir normasında öz əksini tapmayıb.

27. Güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin pensiya hüququ digər şəxslərin pensiya hüququndan 2 əsasla fərqlənir. Həmin fərq pensiya ödənişi ilə təmin edilməsi üçün tələb edilən yaş həddinin aşağı olmasından və hesablanmış əmək pensiyasına əmək haqqının nisbətində verilən əlavələrdən ibarətdir. Buna misal olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində qeyd olunan subyektlərdən prokurorluq, ədliyyə, fövqəlladə hallar nazirliklərinin əməkdaşlarının azı 35 il həmin qurumlarda qulluq stajının olmasını göstərmək olar. Belə ki, qeyd edilən qurumlarda çalışan şəxslərin son yaş həddinin 65 yaş olmasına baxmayaraq onların həmin qurumlarda 35 illik əmək stajının olması son yaş həddinin aradan qaldırılmasına səbəb olur. (Misal: Şəxs 21 yaşında prokurorluq orqanlarına qulluğa qəbul edilir və prokurorluqda 35 illik əmək stajı tamam olarkən onun yaşı 56 olur. Baxmayaraq ki, “Prokurorluq haqqında” Qanunun 32.2-ci maddəsinə görə onun pensiya hüququ 65 yaşında yaranmalıdır,“Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə görə o, güzəşt hüququ olan şəxslərin kateqoriyasına aid olduğuna görə prokurorluq orqanlarında 35 illik əmək stajının olması onun pensiya yaşının mütləq şəkildə 65 olmasını aradan qaldırır.)

28. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində güzəştli pensiya hüququ olan müəyyən kateqoriyaya aid subyektlərə aldıqları əmək pensiyasının üzərinə sonuncu işlədiyi yerin əmək haqqı nisbətində əlavələrin verilməsi nəzərdə tutulub. Qeyd olunan əlavələr yuxarıda qeyd olunan subyektlərin həmin qurumlarda azı 15 il işlədikləri tədqirdə verilir. Lakin həmin kateqoriyadan olan şəxslərin qeyd olunan qurumlarda 15 ildən az sığorta stajının olması onların yaşa görə əmək pensiyasına çıxmaq hüququndan məhrum etmir. Qeyd olunan əlavələrin əmək pensiyasının üzərinə hesablanması Qanunun 20.30-cu maddəsində öz əksini tapıb.

29. Məhkəmə kollegiyası hesab edir ki, dövlət qulluqçusu üçün ayrıca pensiyanın təyin edilməsi norması mövcud olmadığından verilmiş iddia tələbinin (sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından, dövlət qulluğu stajının düzgün hesablanmamasına görə qanunsuz hesab edilməsi və dövlət qulluqçusu kimi dövlət qulluğu stajına uyğun 2024-cü ilin ######ın #-dən yaşa görə əmək pensiyasının hesablanması) təmin edilməsi mümkün deyil.

30. Belə ki, yuxarda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, dövlət qulluqçuları qanunla müəyyən edilmiş yaş həddinə çatarkən onların dövlət qulluğunda 15 illik sığorta stajı olduğu tədqirdə təyin edilmiş pensiya məbləğinə əlavələr hesablanır. İddiaçı İddiaçıyevin pensiya hüququ onunun 65 yaşının tamam olduğu ##.##.2024-cü ildən yaranması səbəbindən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin ##.##.2017-ci il sonra qüvvədə olan redaksiyasına görə onun pensiya məbləğina əlavənin hesablanması üçün dövlət qulluğunda 15 illik sığorta stajının olması mütləqdir.

31. Bu səbəbdən məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar