Məhkəmə qərarları › İş №2-1(3-6)-774/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-774/2026

05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-774/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 63 yaşdan yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Iddiaçı bildirir ki, onun ümumi iş stajının 25 ildən çox olmasına baxmayaraq, cavabdeh əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina edir. Halbuki, onun işləməsi müvafiq olaraq əmək kitabçasında öz əksini tapır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının sığorta stajı 17 il 03 gün təşkil edir. Həmin stajın 11 il 4 ay 3 günü ##.##.2006-cı il tarixinədək olmuşdur, ##.##.2008-ci il tarixindən ##.##.2016-cı il tarixinədək isə 5 il 8 ay olmuşdur. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 5 il 08 ay sığorta stajı olmasına baxmayaraq iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təminatının aparılması mümkün olmamışdır. Belə ki, iddiaçıya ##.##.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Ikinci mübahisələndirilən dövr isə ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək olan dövrü əhatə edir. Əmək kitabçasındakı qeyddən görünür ki, güya iddiaçı həmin dövrdə “Məktəbli və Tələbə Iaşə” ATSC-nin Suraxanı rayon Təhsil şöbəsinin * saylı internat məktəbində işləmişdir. Qeyd olunan müəssisə ilk mübahisələndirilən dövrdəki müəssisədən fərqli olmasında baxmayaraq əmək kitabçasında iddiaçının bu müəssisədə işə daxil olma qeydləri ilə əvvəlki müəssisədən işdən çıxma qeydləri eyni xəttlə yazılmışdır. Bu da həmin əmək kitabçasındakı müvafiq qeydlərin mötəbərliyini əhəmiyyətli dərəcədə şübhə altına salır. Digər tərəfdən isə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında isə “Məktəbli və Tələbə Iaşə” ATSC-nin ##.##.2004-cü il tarixində dövlət qeydiyyatına alındığı göstərilmişdir. Iddiaçı isə həmin müəssisədə 1999-cu il tarixindən 2001-ci il tarixinədək işlədiyini iddia edir. Sözügedən dövrlər üzrə onun əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim edildikdən sonra iddiaçının təkrar müraciəti əsasında sığorta stajına daxil edilməsinə baxıla bilər. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2-1(112)-16923/2025 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilərək, İddiaçı 63 yaşdan, yəni ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AA****** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı ##.##.1960-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında ##.##.1992-ci il tarixli, *** saylı qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə ## ###### 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" ## #### 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-******/**** saylı imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilən sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən onun sığorta stajı 17 il 03 gün təşkil edir. Həmin stajın 11 il 4 ay 3 günü ##.##.2006-cı il tarixinədək olmuşdur, ##.##.2008-ci il tarixindən ##.##.2016-cı il tarixinədək isə 5 il 8 ay olmuşdur. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçı İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində 5 il 8 ay sığorta stajı olmasına baxmayaraq iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təminatının aparılması mümkün olmamışdır. Belə ki, iddiaçıya ##.##.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il ######ın #-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş aylıq sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək eyni növ əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan maddənin tələbindən də görünür ki, 2019-cu ilin yanvar ayının 1-dək yaşa görə sosial müavinət alan şəxslərə adıçəkilən Qanunun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparıla bilməz. Iddiaçı da həmin kateqoriya şəxslərə aid olduğu üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmamışdır. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən onun əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1993-cü il tarixdən ##.##.1999-cu il tarixədək (işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edildiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Əmək kitabçasının doldurulma qaydasından əlavə olaraq da məhkəmə tərəfindən göndərilmiş sorğulara gələn cavablardan da aydın olur ki, iddiaçının həmin müəssisədə işləməsinə dair ziddiyyətli məqamlar mövcuddur. Belə ki, Dövlət Satistika Komitəsindən gələn cavabdan da görünür ki, “xxxx” Kiçik Müəssisəsi adında 2 statistik vahidin məlumatları mövcuddur və bunlardan heç biri iddiaçının işləməyə başladığını iddia etdiyi dövrdə qeydiyyata alınmamışdır. Iddiaçının əmək kitabçasında onun bu müəssisədə 1993-cü il tarixdən işlədiyi göstərilsə də, bu müəssisələr 1996-cı il tarixdə qeydiyyata alınmışdır. Onlardan biri iddiaçının əmək kitabçasında göstərilən işdən çıxma tarixindən əvvəl qeydiyyatdan çıxarılmış, digəri barəsində isə əlavə məlumat mövcud olmamışdır. Həmçinin, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsi tərəfindən verilmiş məlumatdan da görünür ki, müəssisə ##.##.1995-ci il tarixdən qeydiyyata alınmışdır. Bununla da bir daha aydın olur ki, iddiaçının əmək kitabçasına əsasən işlədiyini iddia etdiyi dövrdə hələ həmin müəssisə heç qeydiyyata alınmamış və bu səbəbdən də iddiaçı tərəfindən mübahisələndirilən dövr mötəbər hesab oluna bilməz. Ikinci mübahisələndirilən dövr isə ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək olan dövrü əhatə edir. Əmək kitabçasındakı qeyddən görünür ki, guya iddiaçı həmin dövrdə Suraxanı rayon Təhsil şöbəsinin * saylı internat məktəbində işləmişdir. Lakin əmək kitabçasının təhlili zamanı müəyyən olunur ki, iddiaçının əvvəlki müəssisədən işdən çıxma qeydi ilə yeni müəssisəyə işə qəbul qeydi eyni xətt və eyni yazı ilə aparılmışdır. Halbuki, söhbət iki fərqli hüquqi subyektdən - iki ayrı müəssisədən gedir. Fərqli işəgötürənlər tərəfindən aparılmalı olan qeydlərin eyni xətt və yazı ilə doldurulması həmin qeydlərin: işəgötürən tərəfindən aparılmadığını və ya əmək kitabçasının sonradan üçüncü şəxs tərəfindən doldurulduğunu ciddi şəkildə ehtimal etməyə əsas verir. Əgər iki fərqli müəssisəyə aid qeydlər eyni xətt və eyni yazı ilə aparılmışdırsa, bu artıq sadə prosedur pozuntusu deyil, sənədin mötəbərliyinə dair ciddi şübhə yaradan faktdır. Bakı Inzibati Məhkəməsi isə qeyd olunan bu faktı kifayət qədər araşdırmamış və iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Fakt açıq şəkildə göstərir ki, qeyd olunan iki dövrün mötəbərliyi şübhə altındadır, iki fərqli müəssisənin eyni şəxslər tərəfindən əmək kitabçasında qeyd edilməsi mümkünsüzdür və həmin əmək kitabçasını dolduran şəxsin artıq işəgötürən və ya onun səlahiyyətli nümayəndəsi olmadığı faktını ortaya çıxarır. Bakı Inzibati Məhkəməsi qərarında bildirir ki, iddiaçının ##.##.1993-##.##.1999 və ##.##.1999-##.##.2001-ci il tarixlərdəki müddətə dair əmək kitabçasının doldurulma qaydasının pozulması hazırkı iddianın təminini istisna etmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir Məhkəmə qərarda formal olaraq sadəcə əmək kitabçasındakı qeydlərin doldurulmasının işəgötürənin səlahiyyətləri olduğundan iddiaçının məsuliyyəyinə aid olmamasından həmin dövrü iddiaçının sığorta stajına daxil edir. Lakin hazırkı işdə məsələ əmək kitabçasının doldurulma qaydasının texniki pozuntusu ilə bağlı deyil. Hazırkı mübahisə əmək kitabçasındakı qeydlərin: ümumiyyətlə işəgötürən tərəfindən aparılıb-aparılmaması, həmin qeydlərin həqiqiliyi, qeydləri aparan şəxsin səlahiyyətli olub-olmaması ilə bağlıdır. Bundan başqa birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi vətəndaşın ##.##.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Lakin həmin məlumatların mötəbərliyi şübhə altındadırsa, məhkəmə əlavə sübutlar tələb etməli, arxiv sənədlərini araşdırmalı və ya digər araşdırmalar aparılmalıdır. Birinci instansiya məhkəməsi isə bu halları araşdırmadan yalnız əmək kitabçasındakı qeydlərə formal istinad etməklə iddianı təmin etmişdir. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sorğuya cavab olaraq bildirimişdir ki, Bakı şəhər Suraxanı rayon Təhsil şöbəsinin * saylı xxxxçi internat məktəbi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Həmçinin Dövlət Vergi XIdməti tərəfindən sorğuya cavab olaraq da qeyd olunmuşdur ki, Bakı şəhər Suraxanı rayon Təhsil şöbəsinin * saylı internat məktəbi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Qeyd olunanlara Bakı Inzibati Məhkəməsinin qərarında münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında bildirdi ki, iddiaçının mübahisələndirilməyən iş stajı 23 il 7 ay 7 gündür. Mübahisələndirilən dövr isə 1993-1999-cu illər aralığıdır. Mübahisələndirilmə əsası isə əmək kitabçasında həmin illərə dair qeydlərin kiril qrafikalı əlifba ilə yazılması təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, mübahisənin mahiyyətini iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan sığorta stajına malik olub-olmaması, daha konkret olaraq isə onun əmək kitabçasında ##.##.1993-cü il tarixdən ##.##.1999-cu il tarixədək olan əmək fəaliyyəti barədə qeydin sığorta stajına daxil edilməsinin mümkünlüyü təşkil edir. Ilk növbədə nəzərə alınmalıdır ki, cavabdehin inzibati icraat və birinci instansiya məhkəməsində irəli sürdüyü etirazlarla apellyasiya icraatının yekun mərhələsində müdafiə etdiyi mövqe eyni həcmdə qalmamışdır. Belə ki, əvvəllər cavabdeh iddiaçının əmək kitabçasındakı iki dövrə - ##.##.1993- ##.##.1999 və ##.##.1999-##.##.2001-ci illərə dair qeydlərin mötəbərliyini şübhə altına almış, birinci dövr üzrə kiril qrafikasından istifadə edilməsinə, ikinci dövr üzrə isə müxtəlif müəssisələrə aid qeydlərin eyni xətlə yazılmasına istinad etmişdir. Cavabdehin ilkin imtinasında hətta ##.##.1993-##.##.1999-cu illər üzrə əməkhaqqı arayışlarının və əmrlərdən çıxarışların əlavə təqdim edilməsi tələb olunmuşdur. Apellyasiya baxışı zamanı həmin şübhələrin yoxlanılması üçün əlavə araşdırma aparılmışdır. Bakı Şəhəri üzrə Təhsil Idarəsinin təqdim etdiyi rəsmi məlumatla iddiaçının ##.##.1999-cu ildən Bakı şəhəri Suraxanı rayon Təhsil şöbəsinin * saylı xxxxçi internat məktəbində əmək fəaliyyəti ilə məşğul olması təsdiqlənmiş, həmin müəssisənin fəaliyyəti dayandırıldıqdan sonra arxiv sənədlərinin başqa təhsil müəssisəsinə verildiyi bildirilmişdir. Bundan başqa, arxivdə iddiaçının işə qəbul və işdən azad edilməsinə dair əmrlərin aşkar olunduğu rəsmən təsdiqlənmişdir. ## #### 2026-cı il tarixli məhkəmə iclasında cavabdeh müxtəlif müəssisələr üzrə qeydlərin eyni xəttlə yazılması ilə bağlı şübhələrə əsaslanaraq xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin əlavə sorğulara cavablar alındıqdan sonra cavabdehin nümayəndəsi ## ###### 2026-cı il tarixli yekun məhkəmə iclasında həmin vəsatəti artıq müdafiə etmədiyini bildirmiş və onun baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası da vəsatəti baxılmamış saxlamışdır. Daha mühüm hal ondan ibarətdir ki, həmin yekun məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının mübahisələndirilməyən iş stajının 23 il 7 ay 7 gün olduğunu, artıq yalnız 1993-1999-cu illər aralığının mübahisələndirildiyini və həmin dövrün mübahisələndirilməsinin əsasını əmək kitabçasındakı qeydlərin kiril qrafikası ilə yazılmasının təşkil etdiyini birbaşa bildirmişdir. Qeyd olunanlar apellyasiya şikayətinə əlavədə də öz əksini tapmışdır. Beləliklə, apellyasiya baxışının sonunda mübahisənin faktiki predmeti əhəmiyyətli dərəcədə daralmışdır. Müxtəlif müəssisələrə aid qeydlərin eyni xəttlə yazılması, 1999-cu ildən sonrakı əmək fəaliyyətinin mövcudluğu və bu dövrün staja daxil edilməsi ilə bağlı əvvəlki etirazlar cavabdehin yekun mövqeyində saxlanılmamış, mübahisəli məsələ yalnız ##.##.1993-##.##.1999-cu illər üzrə əmək kitabçasında kiril qrafikasından istifadə edilməsi ilə məhdudlaşmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin hazırki redaksiyasına görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Deməli, iddiaçının pensiya kapitalının minimum pensiya təminatına kifayət etməməsi özlüyündə pensiya hüququnun olmaması nəticəsini doğurmur. Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtlər alternativ xarakter daşıyır: kifayət qədər pensiya kapitalı olmadıqda azı 25 il sığorta stajının mövcudluğu müstəqil olaraq yaşa görə əmək pensiyası hüququ yaradır. Sığorta stajının təsdiqi üsuluna gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci yarımbəndinə görə, ##.##.2006-cı ilədək müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işlənmiş müddət, ilk növbədə, əmək fəaliyyəti barədə sənədlərə, o cümlədən əmək kitabçasına əsasən müəyyən edilir. Yalnız həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda Fond işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə olunan məlumatları üzləşdirərək müvafiq akt tərtib etməlidir. Eyni hüquqi yanaşma mübahisəli dövrdə qüvvədə olmuş tənzimləmədə də mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndi iş stajını təsdiq edən əsas sənəd kimi əmək kitabçasını müəyyən etmişdir. Əmək kitabçası olmadıqda və ya oradakı qeydlər düzgün və dəqiq olmadıqda isə arayışlar, əmrlərdən çıxarışlar, şəxsi hesablar, əməkhaqqı cədvəlləri və digər sənədlər alternativ sübut vasitələri kimi nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 25-ci bəndi hazırkı mübahisə üçün xüsusilə əhəmiyyətlidir. Bu normaya görə əmək kitabçasındakı qeydlərin düzgünlüyü qeydin aparıldığı vaxt qüvvədə olan qaydalara əsasən qiymətləndirilməli, müəyyən olunmuş tələblərə tam riayət edilmədən aparılmış qeydlərin əmək stajının təsdiqi üçün qəbul edilməsinin mümkünlüyü barədə məsələ isə pensiya təyin edən orqan tərəfindən həll olunmalıdır. Başqa sözlə, əmək kitabçasının rəsmiləşdirilməsində hər hansı formal uyğunsuzluğun mövcudluğu həmin qeydin avtomatik olaraq hüquqi qüvvədən məhrum edilməsini nəzərdə tutmur. Birinci instansiya məhkəməsi əmək kitabçasının əmək fəaliyyətini təsdiq edən əsas sənəd olduğunu, onun doldurulmasının işəgötürənin səlahiyyət və məsuliyyət dairəsinə aid edildiyini və işçinin iradəsindən asılı olmayan rəsmiləşdirmə qüsurunun onun pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməyəcəyini qərarında kifayət qədər geniş əsaslandırmışdır. Cavabdehin mövqeyinin qiymətləndirilməsində “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası da nəzərə alınmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilmiş sənəd və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab edilir; şəxsdən həmin sənəd və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin tələb olunması qadağandır. 19.2-ci maddəyə əsasən isə, sənədin mötəbərliyinə əsaslı şübhə yarandıqda onun həqiqiliyinin müəyyənləşdirilməsi üçün tədbirləri inzibati orqan müstəqil şəkildə və öz hesabına həyata keçirməlidir. Həmin Qanunun 46.3-cü maddəsi bu təminatı daha konkret ifadə edərək maraqlı şəxsdən artıq işdə olan sənədin məzmununun həqiqiliyini sübut etməsinin tələb edilməsini qadağan edir. Bu baxımdan cavabdehin ilkin olaraq iddiaçıdan əmək kitabçasındakı qeydin mötəbərliyini təsdiqləmək üçün əlavə olaraq əməkhaqqı arayışları və əmrlərdən çıxarışlar tələb etməsi qanunvericilikdə müəyyən edilmiş sübutetmə mexanizmi ilə ziddiyyət yaradır. Şəxs öz əmək kitabçasını təqdim etdikdən sonra həmin kitabçanın saxta və ya həqiqətə uyğun olmayan məlumat ehtiva etməsi sübuta yetirilməyincə, onun üzərinə eyni faktı təkrar sübut etmək vəzifəsi qoyula bilməz. Hazırkı işdə iddiaçı əmək fəaliyyətini təsdiq edən qanunla nəzərdə tutulmuş əsas sənədi - əmək kitabçasını təqdim etmişdir. Bundan sonra cavabdeh həmin sənəddəki konkret qeydin etibarsızlığını iddia etdiyindən, həmin etibarsızlığı doğuran faktların mövcudluğunu sübut etməli idi. Sadəcə olaraq sənədin müəyyən xarici xüsusiyyətinə kiril qrafikasından istifadə olunmasına istinad edilməsi isə qeydin saxtalığını və ya əmək münasibətlərinin baş vermədiyini sübut edən fakt hesab edilə bilməz. Cavabdehin apellyasiya baxışının sonunda saxladığı yeganə dəlilin - 1993–1999cu illər üzrə qeydlərin kiril qrafikası ilə yazılmasının ayrıca hüquqi qiymətləndirilməsi zəruridir. Ilk növbədə, işdə olan əmək kitabçasının özünün SSRI dövründə verilmiş rusdilli “Трудовая книжка” formasında olduğu və 1984-cü ildə açıldığı görünür. Kitabçanın əvvəlki əmək fəaliyyəti qeydləri də uzun illər ərzində kiril qrafikası ilə aparılmışdır. Bu sənədin ümumi tərtibatı və xronoloji ardıcıllığı nəzərə alınmadan yalnız konkret qeyddə kiril qrafikasından istifadə edilməsinin ayrılıqda saxtalıq əlaməti kimi qəbul edilməsi əsaslandırılmış sübut qiymətləndirilməsi sayıla bilməz. Cavabdehin istinad etdiyi “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmişdir. Halbuki mübahisəli əmək fəaliyyətinin başlanmasına dair qeyd ##.##.1993-cü ilə aiddir. Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 25-ci bəndi qeydlərin məhz onların aparıldığı vaxt qüvvədə olan qaydalara görə qiymətləndirilməsini tələb etdiyindən, 1996-cı ildə qəbul edilmiş tərtibat qaydasının 1993cü ildə edilmiş işə qəbul qeydinə geriyə tətbiq olunaraq həmin qeydin hüquqi qüvvədən məhrum edilməsi üçün əsas kimi götürülməsi düzgün sayıla bilməz. Bununla yanaşı, 1999-cu ildə aparılmış qeydlərə münasibətdə də kiril qrafikasının mövcudluğu əmək münasibətinin baş verməməsini təsdiq edən sübut deyil. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2001-ci il tarixli *** nömrəli Fərmanında dövlət səviyyəsində latın qrafikalı Azərbaycan əlifbasına keçidin təxminən on il davam etdiyi və bu keçidin ölkədə yalnız 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyi rəsmən qeyd edilmişdir. Deməli, 1990-cı illərdə, o cümlədən 1993-1999-cu illərdə müxtəlif müəssisələrin kargüzarlığında və əvvəldən kiril qrafikası ilə aparılan əmək kitabçalarında kiril əlifbasından istifadənin davam etməsi tarixi kontekstdən kənar hal deyildir. Bu fakt kiril qrafikasından istifadənin bütün hallarda tərtibat qaydalarına uyğun olduğu anlamına gəlməsə də, onun öz-özlüyündə qeydin saxta olmasını, sonradan əlavə edilməsini və ya həmin əmək fəaliyyətinin mövcud olmamasını sübut etmədiyini göstərir. Hüquqi baxımdan formal qüsurla sənədin həqiqətə uyğun olmaması eyniləşdirilə bilməz. Sənədin tərtibatında yol verilmiş qüsur onun sübut qüvvəsinin qiymətləndirilməsi zamanı nəzərə alına bilər, lakin faktiki məlumatın həqiqətə uyğun olmadığını müəyyən etmək üçün həmin qüsurla əmək münasibətinin baş verməməsi arasında obyektiv əlaqə göstərilməlidir. Hazırkı işdə belə əlaqəni təsdiq edən sübut təqdim edilməmişdir. Əksinə, cavabdeh əvvəlcə əmək kitabçasındakı yazıların eyni şəxs tərəfindən aparıldığı barədə şübhənin ekspertiza ilə yoxlanılmasını istəsə də, sonradan öz vəsatətini müdafiə etməmişdir. Beləliklə, qeydin sonradan yazılması, dəyişdirilməsi və ya başqa şəxs tərəfindən saxtalaşdırılması barədə ehtimal ekspert rəyi və yaxud başqa mötəbər sübutla təsdiqlənməmişdir. Məhkəmə isə ehtimalı sübutla əvəz edə bilməz. Əmək kitabçasındakı qeydin işəgötürən və ya onun məsul şəxsi tərəfindən aparılması da nəzərə alınmalıdır. Işçi əmək kitabçasının aparılma üsulunu, istifadə olunan qrafikanı, qeyd yazan şəxsin xəttini, möhürün formasını və digər texnikirəsmiləşdirmə elementlərini müəyyən etmir. Belə hallarda işəgötürənin sənədləşmə sahəsində mümkün nöqsanlarının, işçinin həmin nöqsanın yaranmasında iştirakı və ya saxtakarlıq etməsi sübuta yetirilmədən, sonradan onun pensiya hüququndan məhrum edilməsinin əsası kimi istifadə olunması hüquqi müəyyənlik və ədalətli inzibati icraat prinsiplərinə uyğun deyil. Beləliklə, apellyasiya baxışında yaranmış yeni faktiki vəziyyət işin nəticəsi üçün həlledicidir. Hal-hazırda 23 il 7 ay 7 gün sığorta stajı mübahisəsizdir və mübahisə yalnız ##.##.1993-##.##.1999-cu illər arasındakı dövrə aiddir. ##.##.1993-##.##.1999-cu illər arasındakı əmək fəaliyyəti isə altı ildən artıq müddəti əhatə edir. Bu dövr əmək kitabçasındakı qeyd əsasında sığorta stajına daxil edildikdə iddiaçının ümumi sığorta stajının qanunvericiliklə tələb olunan 25 illik minimum həddən artıq olması şübhə doğurmur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar