Məhkəmə qərarları › İş №2-1(3-6)-783/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-783/2026

12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-783/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qərarların ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ##.##.1959-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçının əmək kitabçasından görünür ki, o Bakı şəhəri Tramvay parkında ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək tramvay sürücüsü şagirdi, ##.##.1981-ci il tarixdən ##.##.1993-cü il tarixədək 3-cü dərəcəli tramvay sürücüsü, ##.##.1993-cü il tarixdən ##.##.1998-ci il tarixədək vaqon şöbəsində gecə növbəsində vaqon nizamlayıcısı, ##.##.1998-ci il tarixdən ##.##.2004-cü il tarixədək planlı təmir sexində çilingər vəzifələrində işləmişdir.

3. İddiaçıya ##.##.2016-cı il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müddətsiz təyin edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarına əsasən iddiaçıya ##.##.2016-cı il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xidməti araşdırma səbəbinə görə dayandırılması qərara alınmışdır.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması haqqında” qərarına əsasən iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, iddiaçıya əmək pensiyası ödənişinin dayandırılması, ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır.

6. ##.##.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs ##.##.2024-cü il tarixli 3-17-1/2-M******/2024 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs ##.##.2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyə zidd olaraq ##.##.2016-cı il tarixindən təyin edildiyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunur. İddiaçı imzalamaqdan imtina etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

7. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi, ##.##.2024-cü il tarixindən iddiaçıya ödənilməyən pensiya ödənişinin hesablanaraq ödənilməsi və əvvəl iddiaçıya təyin olunan 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul etdiyi ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” və ##.##.2024-cü il tarixli *- **-*/*-******/**** nömrəli “Əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.2016-cı il tarixində Fondun Nərimanov Rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin olunmuşdur. İddiaçı təyin olunan pensiya ödənişlərini 2024-cü ilin dekabr ayına qədər almış, dekabr ayından etibarən pensiya ödənişləri dayandırılmışdır. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubu iddiaçının ünvanına göndərərək bildirmişdir ki, əmək pensiyasının dayandırılması haqqında cavabdeh orqan tərəfindən qərar qəbul edilmişdir. Cavabdeh orqan göndərdiyi məktubda qeyd edir ki, ##.##.2016-cı il tarixində Fondun Nərimanov Rayon şöbəsi tərəfindən iddiaçıya səhvən pensiya təyin edilmişdir və bunu onunla əsaslandırır ki, işlədiyi tramvay sürücüsü şagirdi və vaqon nizamlayıcısı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə XXVIII bölməsində qeyd edilməmişdir və bu səbəbdən qeyd olunan vəzifələri güzəştli şərtlərlə pensiya təyinatı üzrə staja daxil olunmur. Cavabdehin mövqəyi ilə razı deyildir və cavabdeh orqanın qərarını qanunsuz və əsasız hesab edir. Cavabdeh orqan tərəfindən heç bir inzibati icraat aparılmadan iddiaçının pensiyasını dayandırmışdır. Pensiyanın dayandırılması ilə bağlı cavabdeh orqan tərəfindən iddiaçıya məlumat verilməmiş və onu idarəyə dəvət etməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə XXVIII bölməsində tramvay sürücüsü şagirdi qeyd edilməsə də, tramvay sürücüsü qeyd edilmişdir, tramvay sürücüsü və tramvay sürücüsü şagirdi faktiki olaraq eyni fünksiyaları yerinə yetirir, sadəcə tramvay sürücüsü şagirdi nəzarət altında qeyd olunan funksiyalarını yerinə yetirir. Bundan əlavə olaraq vaqon nizamlayıcısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993- cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə XXVIII bölməsində qeyd edilməsə də, vaqonların hərəkət sürətinin tənzimləyiciləri qeyd edilmişdir və göstərilən əmək funksiyalarına əsasən eyni iş görürlər.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Qanunun 9.1-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi ******* nömrəli əmək kitabçasında Bakı şəhəri Tramvay parkında ##.##.1980-##.##.1981-ci il tarixləri arasındakı dövr ərzində tramvay sürücüsü şagirdi, ##.##.1981-##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində tramvay sürücüsü, ##.##.1993-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində vaqon şöbəsinə gecə növbəsində vaqon nizamlayıcısı və ##.##.1998-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində planlı təmir sexində çilingər vəzifələrində işlədiyi qeyd edilib. Lakin, “* nömrəli Bakı Avtonəqliyyat müəssisəsi”nin iddiaçıya dair # #### 2016-cı il tarixli ** nömrəli arayışında ##.##.1980-##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində tramvay sürücüsü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçıya dair sənədlərdə uyğunsuzluq var. Eyni zamanda, sözügedən iddiaçının əmək kitabçasında qeyd olunan, işlədiyi tramvay sürücüsü şagirdi, vaqon nizamlayıcı və çilingər vəzifələri çalışdığı müəssisə tərəfindən ona dair verilmiş arayışda istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın nəqliyyat (XXVIII) bölməsinin şəhər elektrik nəqliyyatı (4) bəndində nəzərdə tutulan tramvay sürücüsü vəzifəsinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay (##.##.1981-##.##.1993-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya ##.##.2016-cı il tarixindən Fondun Nərimanov rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar iştirakı ilə ## ###### 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə iddiaçıya ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuş, lakin tərtib edilən akt imzalanmamışdır. Bununla əlaqədar, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2024-cü ilin dekabr ayından dayandırılması haqqqında inzibati akt qəbul edilib. Qanunun 39.1 -ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə ümumilikdə 11681,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. İddiaçıya ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilib. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır, Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrıayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul etdiyi ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” və ##.##.2024-cü il tarixli *- **-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması haqqında” qərarlarının ləğv edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdeh inzibati orqan iddiaçıya aid məlumatların yerində dəqiqləşdirməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmişdir. Belə ki, pensiya təyinatı ilə bağlı sənədlər toplusu inzibati orqanın özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu cavabdehin bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, 2016-ci ildə aparılmış pensiya təyinatı barədə qərarını uzun müddət (9 il) keçdikdən sonra yenidən təftiş edərək, ləğv etmək qərarına gəlmişdir.”

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2024-cü ilin dekabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə ümumilikdə 11681,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. Məlumat üçün bildirirlər ki, iddiaçıya ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddianı təmin edərkən analoji işlər üzrə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirən üç ulduz nişanı ilə indeksləşdirilmiş ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarına istinad etmişdir. Həmin qərarın 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçının əmək pensiyasının dayandırılmasına (azaldılmasına) əsas olan hallar ##.##.2024-cü il tarixində aşkarlanmış və həmin tarixdə də iddiaçıya məktub göndərilmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il ## #### tarixli 321-IQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən:

21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”(##.##.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar. “Qaydalar”a * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

22. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunun: .... 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ...... 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. .....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” rəhbər tutularaq, iddiaçıya ##.##.2016-cı il tarixdən etibarən daimi olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin cavabdeh tərəf pensiya təyinatına əsas verən halların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayarkən məlum olmuşdur ki, iddiaçının əmək kitabçasında əks olunan tramvay sürücüsü şagirdi, vaqon nizamlayıcı və çilingər vəzifələri müəssisənin arayışında qeyd edilən həmin Siyahının nəqliyyat (XXVIII) bölməsinin şəhər elektrik nəqliyyatı (4) bəndindəki "tramvay sürücüsü" vəzifəsinə uyğun gəlmir. Bu səbəbdən iddiaçının güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olduğu qənaətinə gəlinmişdir.

28. Bu hala istinad edərək cavabdeh ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” və ##.##.2024-cü il tarixli *-**-*/*-*- *****/**** nömrəli “Əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması haqqında” qərarlar qəbul edərək iddiaçının pensiyasını dayandırılmışdır

29. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini məhkəmədən xahiş edir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.

31. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh mübahisələndirilən qərarları qəbul edərkən iddiaçının işlədiyi tramvay sürücüsü şagirdi və digər bir neçə vəzifəni tramvay sürücüsü vəzifəsinə aid etməyərək onun güzəştli iş stajının 12 il 6 aydan az (12 il 4 ay (##.##.1981##.##.1993-cü il tarixləri arasındakı dövr)) təşkil etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ##.##.2025-

32. ci il tarixli məktubunda müvafiq siyahıda “vaqon şöbəsinə gecə növbəsinə 2-ci dərəcəli vaqon nizamlayıcısı” və “planlı təmir sexinə çilingər" vəzifələri ilə uyğunluq təşkil edən peşələrin (vəzifələr) mövcud olmadığı qeyd edilmiş, lakin tramvay sürücüsü şagirdi vəzifəsinin uyğunsuzluğu ilə bağlı münasibət bildirilməmişdir.

33. Həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarının 1-1ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. Məhkəmə hesab edir ki, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın norması kimi qeyd edilən normanın qüvvəsi geriyə şamil edilməlidir.

34. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

35. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadı, 40-cı bənd).

36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-***/**** №-li iş üzrə ##.##.2023-cü il il tarixli, 2-1(102)-***/**** №-li iş üzrə ##.##.2021-cü il il tarixli qərarlarında qeyd edilmiş hüquqi mövqeyə əsaslanır.

37. Göstərilən qərarlarda iddiaçıların müvafiq vəzifələr üzrə şagird kimi işlədiyi dövlər də güzəştli iş stajına daxil edilmişdir. Halbuki müvafiq siyahılarda heç bir kateqoriya üzrə şagird vəzifəsi qeyd edilməmişdir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır

39. Etimadın qorunması prinsipinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarı).

40. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

41. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən müvafiq Qanunun 67.12-ci maddəsinin tələbinə əməl edilməmiş, qərarların qəbul edilməsinə əsas kimi göstərdiyi halların 1 il müddətində ona məlum olduğunu sübuta yetirə bilməmişdir.

42. Eyni zamanda o da qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətinin dəlili kimi iddiaçının əmək pensiyasının dayandırılmasına (azaldılmasına) əsas olan halların ##.##.2024-cü il tarixində aşkarlandığını və həmin tarixdə də iddiaçıya məktub göndərildiyini bildirsə də, nəzərə alınmalıdır ki, iddiaçıya pensiya təyinatına əsas verən sənədlər (əmək kitabçası, müvafiq arayışlar və s.) 2016-cı il tarixdən, yəni iddiaçıya pensiya təyin edildiyi vaxtdan etibarən cavabdehdə mövcud olmuşdur. Bu sənədlər üzərində hər hansı bir uyğunsuzluğun olub-olmamasını müəyyən etmək imkanı inzibati orqan üçün hər zaman mövcud olmuşdur. "İnzibati icraat haqqında" Qanunun kontekstində bu, inzibati orqanın hələ 2016-cı ildə "bilməli olduğu hallara" aid edilir.

43. Digər tərəfdən “İnzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsində qeyd olunan "aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində" müddəti inzibati orqanın subyektiv mülahizəsindən (məsələn, daxili yoxlamanı nə vaxt keçirmək istəməsindən) asılı ola bilməz.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli “İcmal məktubu”nda qeyd edilmişdir ki, “....Məhkəmə təcrübəsində qarşılaşılan mübahisələrin bir qismi əvvəllər təyin edilmiş əlilliyin və ya pensiyanın sonradan inzibati orqan tərəfindən ləğv edilməsi ilə əlaqədardır. Həmin işlərdə qiymət verilməli olan əsas məsələlərdən biri də “İnzibati icraat haqqında” Qanunun 67.12 və 68.3-cü maddələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət şərti ilə bağlı qanunvericiliyin imperativ tələbinə inzibati orqan tərəfindən riayət olunubolunmamasıdır. Bu məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsi müəyyən edən 2024-cü il ## ###### tarixli, 2- *(***)- ****/**** nömrəli və 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli üçulduz (***) qərarlarında göstərilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Məhkəmələr, həmçinin nəzərə almalıdır ki, qanunverici müddətin axımının başlanmasını buna dair əsasın inzibati orqana məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bundan başqa, inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu göstərmək, eləcə də həmin halların ona məlum olma vaxtı barədə bildirməklə bağlı sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Ona görə də, hər bir işdə müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi üçün inzibati orqan konkret, uyğun və yetərli əsaslar və buna dair sübutlar təqdim etməli, öz növbəsində, məhkəmələr də hər bir işin fərdi hallarını da nəzərə almaqla inzibati orqanın inzibati aktın ləğv olunmasını şərtləndirən halların ona məlum olduğu gündən 1 (bir) illik müddət daxilində hərəkət etdiyini dəqiq müəyyənləşdirməlidir. Əgər inzibati orqan 1 (bir) illik müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə bağlı daxili nəzarət qaydasında aparılmış yoxlamaların (araşdırmaların, monitorinqlərin, auditlərin və s.) nəticələrinə istinad etmişsə, bu zaman mütləq sözügedən yoxlamaların keçirilməsinə səbəb olmuş legitim faktiki hallar və əsaslı hüquqi səbəblər aydın və konkret şəkildə göstərilməli, eləcə də yoxlamaların başlanılmasına, aparılmasına və nəticələrinin rəsmiləşdirilməsinə dair sənədlər məhkəməyə təqdim edilməlidir. İnzibati aktın ləğv olunmasını şərtləndirən hallar kimi kənar rəsmi mənbədən daxil olmuş məlumata istinad olunduğu zaman isə inzibati orqan məlumatın konkret nədən ibarət olduğunu, hansı rəsmi mənbədən və nə vaxt daxil olduğuna dair dəqiq və mötəbər məlumatlar təqdim etməlidir. Məhkəmələr sözügedən həmin sənədlər və məlumatlar əsasında apardıqları qiymətləndirmə ilə hər bir işdə iddiaçının konkret halına münasibətdə inzibati aktın ləğv olunmasını şərtləndirən halların inzibati orqana məlum olma (bildiyi və ya bilməli olduğu vaxt) anını düzgün müəyyənləşdirməli, 1 (bir) illik müddət şərtinin hüquqi müəyyənlik və hüquqi təhlükəsizlik prinsiplərinin vacib təminatlarından biri olduğunu həmişə nəzərə almalıdırlar. Bu mənada, daha əvvəl aparılmış yoxlamalar və ya yenidən hesablamalarla əhatə olunan (olunmalı olan), lakin aşkarlanmamış, yaxud aşkarlansa da lazımi münasibət bildirilməmiş hallarla bağlı müddətin axımı sonrakı yoxlama və ya yenidən hesablama ilə əlaqələndirilə bilməz....”

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar