Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-805/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “ARKTİKA PLUS” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərara əsasən əlavə hesablanmış əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 50.540,07 manat müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “ARKTİKA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, hesablanmış 30.640,39 manat vergi borcunun və 17.855,22 manat məbləğində faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “ARKTİKA PLUS” MMC dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. Lakin, vergi orqanı tərəfindən əsassız olaraq 30.640.39 manat vergi borcu və 17.855,22 manat məbləğində faiz borcu hesablanmışdır ki, bu da tamamilə əsassızdır. Belə ki, borcun hansı əsasla hesablanması, borcun yaranma mənbəyi barədə heç bir məlumat mövcud deyildir. İddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim olunaraq, mənfəət məbləği 0 (sıfır) göstərilmişdir.
4. Cavabdehin vəsatəti onunla əsaslandırılmışdır ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 46.2.1-ci maddəsinin tələblərinə düzgün əməl olunmamışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması ilə şəxsi vərəqəyə işlənmiş 30 640,39 manat vergi borcunun və 17855,22 manat məbləğində faiz borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahsələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarı qeyd etməmiş və bununla bağlı tələbini əsaslandırmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmən xahiş etmişdir.
5. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “ARKTİKA PLUS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” **************** nömrəli, ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
6. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin ##.##.2011-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, ##.##.2017ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “məişət əşyaları, bıçaq məmulatları, qab-qacaq, saxsı məmulatları, o cümlədən çini və saxsı qablarının pərakəndə satışın”dan ibarət olduğu, müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisi tərəfindən 2020-ci ilin təqdim edilmiş mənfəət vergi bəyannaməsinə əsasən 242915.75 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə ##.##.2021-ci il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergi bəyannaməsi üzrə 40520.69 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2021-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra müvafiq dövr üzrə ##.##.2023cü il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşmə verilərək kameral qaydada hesablanmış vergi məbləği azaldılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergi bəyannaməsi üzrə 50540.07 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bütün sənədlər vergi orqanına təqdim edilmişdir. Onun xərc sənədləri nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən MMC-yə hesablanmış 50 540,07 manat borc tamamilə əsassızdır, borcun hansı əsasla hesablanması, borcun yaranma mənbəyi barədə heç bir məlumat mövcud deyil. Bununla əlaqədar bildirilir ki, vergi ödəyicisi tərəfindən ##.##.2021-ci il tarixdə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində 2020-ci il üzrə gəlirinin 1 862.079,50 manat, xərcinin isə 1 804 597,40 manat olduğunu bəyan etmişdir. Daha sonra ##.##.2023-cü il tarixdə 2020-ci ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi heç bir göstərici olmadan təqdim edilmişdir. ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən hesablanmış vergi ödəyicinin özünün təqdim etdiyi bəyannamə əsasında və vergi ödəyicisinin 2020-ci il üzrə tələb edilən xərc sənədlərini vergi orqanına təqdim etməməsi səbəbindən hesablanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. Aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir. Beləliklə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar mənfəətinin müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarxili ** nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına istinad etmək hüququndan imtina edilə bilməz.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əməliyyatları vergi orqanı tərəfindən risk qrupuna salınmamış, əməliyyatları əmtəəsiz əməliyyatlar hesab edilməmişdir. Lakin məhkəmənin qərarında Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na istinad edərək, vergi orqanının iddiaçının əməliyyatlarını qeyd olunan meyarları əsas tutaraq əmtəəsiz hesab etməsini qeyd etməsi anlaşılan deyil. Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Onu da əlavə edirik ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanın əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyicisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları üzrə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçirilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: K.H.Əkbərov-sədrlik edən və məruzəçi, N.X.Nəbizadə və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
22. Cavabdeh orqan həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24.Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair verdiyi etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin işitrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasına iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edildi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
28. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
32. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 27-28-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
33. Hazırkı işin hallarından görünür ki, iddiaçının 2020-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 50.540,07 manat əlavə vergi məbləği (mənfəət vergisi) hesablanmışdır. Mübahisənin yaranmasının səbəbi isə iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində əks olunan malın dəyərinin cavabdeh tərəfindən hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər kimi nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, Vergi orqanı 242915.75 manat məbləğində xərcin vergi orqanına təqdim edilmiş vergi hesabatında əks olunmasına baxmayaraq həmin xərcə dair Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədlərin olmadığını bildirmişdir.
34. Ali Məhkəmənin İnzibati Kolleqiyasının növbəti dəfə iddia tələbinə Bakı Apellyaisya Məhkəməsi tərəfindən baxılarkən diqqət yetirilməli hallar yenidən araşdırılaraq aşağıdakılar qeyd edilir.
35. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı tərəfindən ##.##.2021-ci il tarixdə kassa metodu ilə təqdim edilmiş 2020-ci il üzrə cari mənfəət vergisi bəyannaməsində ümumi gəlir - 1 862 079,50 manat (o cümlədən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir – 1 862 079,50 manat), gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 1 811 982,60 manat, vergitutma məqsədləri üçün mənfəət 50 096,90 manat, hesablanmış mənfəət vergisi isə 10 019,38 manat göstərilmişdir. Daha sonra iddiaçı tərəfindən ##.##.2021-ci il və ##.##.2021-ci il tarixlərdə eyni göstəricilərlə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. İddiaçının ##.##.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə ##.##.2021-ci il tarixdə kameral vergi yoxlaması keçirilməklə 40 520,07 manat əlavə mənfəət vergisi məbləği hesablanmaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2021-ci il tarixli **************** nömrəli qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. İddiaçı ##.##.2023-cü il tarixdə müvafiq dövr üzrə sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini göstəricisiz (boş bəyannamə) təqdim etmişdir. İddiaçının 2020-ci ilin mənfəət vergisi üzrə kassa metodu ilə ##.##.2023-ci il tarixdə təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yenidən kameral vergi yoxlaması keçirilmişdir. Araşdırma zamanı uçot-baza məlumatlarında iddiaçının iqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur: 2020-ci il üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərində "Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)" sütunlarındakı məbləğlərin cəmi 1 869 079,50 manat olmuşdur (Cədvəl əlavə olunur); 2020-ci il ərzində ƏDV depozit hesabının göstəricilərinə əsasən 1 458 375,39 manat (262 469,77 /0,18) dəyərində alınmış mallara (işlərə, xidmətlərə) görə digər vergi ödəyicilərinin ƏDV depozit hesabına 262 469,77 manat ƏDV ödənilmişdir(Cədvəl əlavə olunur); Uçot-baza məlumatlarında 2020-ci il üzrə iddiaçı tərəfindən elektron qaimə-faktura ilə 1 466 191,77 manat (ƏDV-siz) dəyərində mallar (iş və xidmətlər) əldə edilmiş, 43 743,3 manat invoys dəyəri ilə mallar idxal edilmişdir(Cədvəl əlavə olunur); İddiaçı 2020-ci il üzrə təqdim etdiyi cari və dəqiqləşdirilmiş bəyannamələrin * №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığı 38 576,66 manat olmuşdur. İddiaçı kassa metodundan istifadə etməklə təqdim edilən mənfəət vergisi bəyannaməsi üzrə dövriyyəsini 1 862 079,50 manat bəyan etsə də (sonuncu ##.##.2023-cü il tarixli göstəricisiz dəqiqləşdirilmiş bəyannaməni nəzərə almasaq), 2020-ci il üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərində "Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)" sütunlarındakı məbləğlərin cəmi 1 869 079,50 manat olmuşdur. Halbuki, kassa metodundan istifadə edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği ilə ƏDV bəyannamələrində cəmi əməliyyatları üzrə daxil olmuş məbləğlərin cəmi (1 869 079,50 manat) bir-birinə bərabər olmalıdır. İddiaçı tərəfindən ümumilikdə 1 811 982,60 manat xərc (o cümlədən e-qaimə ilə 1 716 631,18 manat xərc) bəyan edilmişdir ki, bu xərclərin 242 915,75 manat məbləğində sənədlərlə (e-qaimə, idxal bəyannaməsi və elektron alış aktı) təsdiq edilməyən gəlirdən çıxılan xərclər olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı elektron qaimə-faktura ilə 1 466 191,77 manat (ƏDV-siz) dəyərində mallar əldə edilmiş, 43 743,3 manat dəyərində mallar idxal etmiş və ilin sonuna 38 576,66 manat mal qalığı saxlamışdır, belə olan halda iddiaçı e-qaimə və idxal sənədləri əsasında (icbari ödənişlər üzrə xərclər istisna olmaqla) 1 471 358,41 manat (1 466 191,77 (e-qaimə ilə alış) + 43 743,3 (idxal) - 38 576,66 (mal qalığı)) xərc bəyan edə biləcəyi halda, iddiaçı 1 716 631,18 manat (icbari ödənişlər üzrə xərclər istisna olmaqla) xərc bəyan etmişdir ki, buda yekunda 242 915,75 (1 716 631,18 - 1 471 358,41) manat məbləğində sənədlə təsdiq olunmayan xərclərin yaranmasına səbəb olmuşdur. Bununla bağlı iddiaçıya kənarlaşmaların səbəbləri və əsaslarını əks etdirən ##.##.2021-ci il tarixli, **************** nömrəli və ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Əlavə olaraq bildiririk ki, müvafiq dövr üzrə aparılmış kameral vergi yoxlaması zamanı əmtəəsiz (riskli) əməliyyatlar aparılması əsası ilə hər hansı vergi hesablaması aparılmamışdır. Məhkəmənin 2020-ci il üzrə vergilərin hesablanması zamanı hansı əsasla vergilərin Vergi Məcəlləsinin 67-ci maddəsi ilə hesablanmamağının səbəbləri barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə sorğusuna münasibətdə isə qeyd etmək istərdik ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına vergitutma obyektini birbaşa uçot məlumatları əsasında müəyyən etmək mümkün olmadıqda dolayı üsullara müəyyən etmək səlahiyyəti versə də, bu səlahiyyət hüquqi təbiətinə görə sərbəst fiskal mülahizə deyil, şərtləndirilmiş və məhdud diskresion səlahiyyət xarakteri daşıyır. Maddənin tətbiqinə dair ən mühüm hüquqi məhdudiyyət 67.14-cü bənddə təsbit olunmuşdur. Həmin normaya əsasən 67.1-də göstərilən hallar mövcud olsa belə, vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi VM 83.9-cu maddəyə uyğun hesablanmalıdır. Bu müddəa göstərir ki, gəlir və xərc elementlərinin konkret rəqəmlərlə müəyyən edilə bilməsi hüquqi baxımdan vergitutma obyektinin iqtisadi əsasının mövcudluğu deməkdir və belə halda dolayı üsula (şərti rentabellik) müraciət etmək üçün diskresion əsas aradan qalxır. Hazırkı işdə iddiaçının gəliri və xərci bəyannamədə aydın şəkildə göstərilib və cavabdeh tərəfindən qəbul edilib (sadəcə xərclərin bir hissəsi sənədlə təsdiq edilmədiyindən azaldılmışdır). Yəni vergitutma obyekti məlumdur. Obyekti məlum olan bir fəaliyyətə “şərti rentabellik” tətbiq etmək, Vergi Məcəlləsinin 3.1-ci maddəsindəki ədalətlilik prinsipinə ziddir. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.
36. Aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edildi ki, iddiaçı kassa metodundan istifadə etməklə təqdim edilən mənfəət vergisi bəyannaməsi üzrə dövriyyəsini 1 862 079,50 manat bəyan etsə də (sonuncu ##.##.2023-cü il tarixli göstəricisiz dəqiqləşdirilmiş bəyannaməni nəzərə almasaq), 2020-ci il üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305ci (Əməliyyatlar üzrə cəmi) sətirlərində "Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)" sütunlarındakı məbləğlərin cəmi 1 869 079,50 manat olmuşdur. Halbuki, kassa metodundan istifadə edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği ilə ƏDV bəyannamələrində cəmi əməliyyatları üzrə daxil olmuş məbləğlərin cəmi (1 869 079,50 manat) bir-birinə bərabər olmalıdır. Buna görə də iddiaçının mənfəət dövriyyəsi 7000 manat artırılmışdır.
37. Eyni zamanda iddiaçı elektron qaimə-faktura ilə 1 466 191,77 manat (ƏDV-siz) dəyərində mallar əldə edilmiş, 43 743,3 manat dəyərində mallar idxal etmiş və ilin sonuna 38 576,66 manat mal qalığı saxlamışdır, belə olan halda iddiaçı e-qaimə və idxal sənədləri əsasında (icbari ödənişlər üzrə xərclər istisna olmaqla) 1 471 358,41 manat (1 466 191,77 (e-qaimə ilə alış) + 43 743,3 (idxal) 38 576,66 (mal qalığı)) xərc bəyan edə biləcəyi halda, iddiaçı 1 716 631,18 manat (icbari ödənişlər üzrə xərclər istisna olmaqla) xərc bəyan etmişdir ki, buda yekunda 242 915,75 (1 716 631,18 - 1 471 358,41) manat məbləğində sənədlə təsdiq olunmayan xərclərin yaranmasına səbəb olmuşdur. Lakin yoxlama zamanı pandemiya ilə əlaqədar 242 915, 75 manat sənədsiz xərcdən 47 307,31 manat hissəsi iddiaçıya güzəşt edilərək sonda 195 608,44 (242 915, 75 - 47 307,31) sənədsiz xərc ümumi xərclərdən azaldılmışdır.
38. Həmçinin iş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən yoxlama zamanı əmtəəsiz (riskli) əməliyyatlar aparılması əsası ilə hər hansı vergi hesablanması aparılmamışdır. Hesablama zamanı yalnız gəlir-xərc metodu həyata keçirilmişdir.
39. İddiaçının gəlir və xərcləri (xərclərin sadəcə bir hissəsi sənədlə təsdiq edilməyib) müəyyən edilə bildiyindən və dolayısı ilə vergitutma bazası müəyyən olunduğundan Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq verginin hesablanmasına zərurət yaranmamışdır.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
41. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
42. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.