Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-834/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2017-ci il tarixində təqdim edilmiş *******AABSD nömrəli TQS№*** də və ** saylı Bakı Şəhər xəstəxanasında göstərilən xəstəliklərinə görə ikinci dərəcə əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, ona ##.##.2025-ci il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi göstərilməklə əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, ##.##.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İ Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər RHK 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. ##.##.1994-cü il tarixdən, ##.##.1997-ci ilədək ***/*** saylı hərbi hissələrdə əsgər vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixili ** saylı qərarına əsasən Xəzər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən Aprel ayı 1994-cü ildə aldığı və ##.##.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: "Qəlpə yaralanmalarından sonra başın sol alın-gicgah nahiyyəsində tüklü hissənin sərhədində bir ədəd, başın sağ təpə gicgah nahiyyəsində bir ədəd sağ əl pəncəsinin arxa səthində, 2-3-cü daraqarası sahədə bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Xəzər rayon Idarəsinin ##.##.2016-cı il tarixli **** nömrəli göndərişi. ##.##.2016-cı il tarixli *** nömrəli arayışı. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin ##.##.2016-cı il tarixli *** nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri. MN MHHK-nin həkim -mütəxəssisinin-cərrahın rəyi ilə təsdiq edilir) «hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin a) bəndində öz əksini tapmışdır. ** saylı Bakı şəhər Xəstəxanasının **** №-li Epikrizində göstərilən digər diaqnozlar ona təyin edilmişdir. O, özünü həmin vaxtdan narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr almışdır. Bu zaman bir sıra müalicələr də almışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. ** saylı Bakı şəhər Xəstəxanası tərəfindən Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Epikriz) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona ##.##.2025-ci il imtina verilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, ona Diaqnoz əlillik əlaməti təyin etməməsi, barədə qərar qəbul edilmişdir. Hesab edir ki, cavabdeh orqanın bu imtina qərarı kifayət qədər əsassızdır. Hazırda aradan keçən müddətdə xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin, sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə xəstəliyi ilə bağlı stasionar və ambulator müalicələr almağına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da ağır mərhələyə keçmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim G.C.Tanrıverdiyeva) iddia təmin edilərək, cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı ##.##.2025-ci il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi göstərilməklə əlillik təyin olunması öhdəliyinin cavabdeh Cavabdeh publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və ReablitasiyaAgentliyinin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “T90.5 Kəllədaxili travmaların nəticələri, Kəllə daxili travmaların nəticələri” . Əsasnamənin 6-ci bəndinə əsasən Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Ağırlaşma halları olaraq F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş-beynin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan cəngolma tutmaları ilə (ayda 7-8 dəfə). Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7-ci bəndində qeyd olunan ... patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçıya ##.##.2025-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə sağlamlığının 40% ititrilməsinə görə bir illik müddətinə əlilik təyin edilmişdir. Vətəndaşın mübahisəsi səbəbli əlaqə ilə bağlı olmuşdur. Bu da müayinə zamanı müəyyən edilmişdir ki, şəxsin səhhətində müharibə nəticəsində olan xəstəliklərin izləri əlilik təyininə əsas olmayacaq dərəcədədir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında məhkəməyə bildirdi ki, Həm səbəbli əlaqə, həm də dərəcə ilə razi deyil. Onun ümumi xəstəliklə hər hansı əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı 1994-cü ildə döyüş zonasında aldığı kəllə-beyin travması və qəlpə yaralanmalarının səbəb əlaqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, ** nömrəli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Həmin qərar inzibati orqan üçün hüquqi əhəmiyyət daşıyan ilkin hərbi-tibbi sənəd olmaqla, iddiaçının sonrakı davamlı qalıq əlamətlərinin və həmin travmanın uzaq nəticələrinin səbəb əlaqəsinin qiymətləndirilməsində nəzərə alınmalı idi. Cavabdehin apellyasiya şikayətində bu səbəb əlaqəsini faktiki olaraq yalnız çapıq toxumaları ilə məhdudlaşdırması, baş-beyin travmasının sonrakı üzvi-psixi və nevroloji ağırlaşmalarını isə həmin səbəb əlaqəsindən ayırması işin tibbi və hüquqi hallarına uyğun deyil. Iddiaçıya ##.##.2017-ci il tarixdə “Qapalı kəllə-beyin travmadan sonrakı davamlı qalıq əlamətləri, epilepsiya, ayda 5-6 dəfə qıcolma tutmaları, posttravmatik ensefalopatiya, başın qəlpəli yaralanmasından sonrakı vəziyyət” və digər xəstəliklər göstərilməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Bu hal özlüyündə hazırkı dövrdə əlilliyin avtomatik bərpası üçün əsas olmasa da, eyni travma mənşəli patologiyanın əvvəllər cavabdeh tərəfindən əlillik səviyyəsində tanınması baxımından hüquqi əhəmiyyət kəsb edir. Cavabdeh sonrakı qiymətləndirmədə bu inzibati-tibbi ardıcıllığı tutarlı əsaslandırma ilə təkzib etməli olduğu halda, bunu etməmişdir. ##.##.2025-ci il tarixli Forma 88 göndərişində iddiaçıda əsas diaqnoz kimi T90.5 kəllədaxili travmaların nəticələri, ağırlaşma kimi isə F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu, yəni İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu, psixotik daxilolmalar, epileptiform tutmalar və koqnitiv funksiyaların enməsi göstərilmişdir. Bundan başqa göndərişdə G40.5 - tez-tez baş verən qıcolma tutmaları ilə epilepsiya, G93.4 - posttravmatik ensefalopatiya, G83.1 - sol aşağı ətrafın monoparezi, əzələ gücünün 3 bal olması, E11.4 - II tip şəkərli diabet, nevroloji ağırlaşmalarla, eləcə də ürək-damar sistemi üzrə yanaşı patologiyalar qeyd olunmuşdur. Göndərişdə həyat fəaliyyəti kateqoriyaları üzrə özünəqulluq, sərbəst hərəkətetmə, davranışına nəzarətetmə və öyrənmə bacarıqları üzrə II dərəcə, əmək fəaliyyəti üzrə isə III dərəcə məhdudlaşma göstərilmişdir. Bu məlumatlar iddiaçının xəstəliyinin yalnız formal diaqnoz səviyyəsində deyil, həyat fəaliyyətinə real və davamlı təsir edən funksional pozuntu səviyyəsində olduğunu göstərir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü “F07.0 diaqnozu əsas diaqnoz deyil, yalnız ağırlaşmadır və əlillik səviyyəsində deyil” dəlili qəbul edilə bilməz. Əlilliyin qiymətləndirilməsi zamanı yalnız əsas diaqnozun adı deyil, həmin xəstəliyin ağırlaşmaları, uzaq nəticələri, funksional təsirləri və həyat fəaliyyətinin məhdudlaşma dərəcəsi birlikdə qiymətləndirilməlidir. Əks yanaşma Forma 88-in mahiyyətini, yəni əsas xəstəliklə onun ağırlaşmaları arasında tibbi-funksional əlaqəni nəzərə almamaq demək olardı. Hazırkı işdə F07.0 diaqnozu ayrıca, müstəqil və təsadüfi psixi pozuntu kimi deyil, məhz 1994-cü ildə alınmış kəllə-beyin travmasının üzvi nəticəsi kimi göstərilmişdir. Bu hal həm Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024 və ##.##.2024-cü il tarixli həkim-psixiatr komissiyası rəyləri, həm də məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının rəyində iddiaçı canlı müayinə olunmaqla onda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, psixotik daxilolmalarla, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə” F07.0 diaqnozunun aşkar edildiyi göstərilmişdir. Ekspertiza yalnız iddiaçının subyektiv şikayətlərinə deyil, iş materiallarına, əvvəlki tibbi sənədlərə və canlı müayinənin nəticələrinə əsaslanmışdır. Buna görə cavabdehin “ekspert rəyi instrumental müayinə olmadan, subyektiv qaydada verilmişdir” dəlili əsassızdır. Iş materiallarında baş-beynin MRT müayinəsində alın-təpə-gicgah payları səviyyəsində FLAIR və T2 hiperintensiv kiçik qlioz sahələrinin izlənilməsi, kortikal sulcus və girusların dərinliyi və genişliyinin nisbi artması, EEQ müayinələrində paroksizmal aktivlik və ensefalopatiya əlamətlərinin qeyd olunması barədə məlumatlar mövcuddur. Bu hallar üzvi psixi pozuntunun obyektiv əsasını təşkil edən tibbi göstəricilər kimi qiymətləndirilməlidir. Cavabdeh TSEK-in əyani müayinəsinə üstünlük verilməli olduğunu bildirsə də, bu dəlil məhkəmə nəzarətinin və məhkəmə ekspertizasının hüquqi əhəmiyyətini aradan qaldırmır. Inzibati orqan tibbi-sosial ekspertiza sahəsində xüsusi səlahiyyətə malik olsa da, həmin səlahiyyət mütləq və məhkəmə nəzarətindən kənar səlahiyyət deyil. Inzibati orqan əlilliyi qiymətləndirərkən təqdim edilmiş bütün tibbi sənədləri tam, hərtərəfli və obyektiv araşdırmalı, şəxsin xeyrinə olan halları da nəzərə almalı və gəldiyi nəticəni aydın əsaslandırmalıdır. Hazırkı işdə cavabdeh iddiaçıya yalnız I10 - essensial hipertenziya üzrə ümumi xəstəlik səbəbi ilə 40 faiz orqanizmin funksiyalarının pozulması müəyyən etmiş, lakin Forma 88-də və məhkəmə ekspertizasında təsdiqini tapmış əsas travma mənşəli üzvi-psixi və nevroloji pozuntulara hüquqi baxımdan adekvat qiymət verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə insanın həyat fəaliyyətinin əsas kateqoriyalarına özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti bacarıqları daxildir. Həmin Meyarlara əsasən bu kateqoriyalardan hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması 61-80 faiz aralığında, III dərəcə məhdudlaşması isə 81-100 faiz aralığında orqanizmin funksiyalarının pozulması kimi qiymətləndirilir. Bununla yanaşı, konkret xəstəliklər üzrə faiz göstəricisi və müddət həmin Meyarlara Əlavədə xüsusi olaraq müəyyən edilmişdir. “Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular” bölməsində baş beynin zədələnməsi və disfunksiyası ilə bağlı üzvi psixi pozuntuların qiymətləndirilməsi zamanı psixi pozuntuya səbəb olan üzvi patologiyanın obyektiv təsdiqi, xəstəliyin davametmə müddəti, intellektual-mnestik pozuntular, psixotik epizodların olması və tezliyi, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi, müalicə və reabilitasiya müdaxilələrinin mümkünlüyü nəzərə alınmalıdır. Həmin bölmənin 7.6.2.2-ci yarımbəndində məqsədyönlü fəaliyyət qabiliyyətinin azalması, təfəkkürdə nəzərəçarpan dəyişikliklər, davranış pozuntuları, ağır və müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və dekompensasiyalar halları üçün orqanizmin funksiyalarının pozulması 65-80 faiz, müddəti isə 2 il müəyyən edilmişdir. Hazırkı işdə iddiaçının əsas funksional pozuntusunun məhz travma mənşəli F07.0 üzvi şəxsiyyət pozuntusu, psixotik daxilolmalar, koqnitiv funksiyaların enməsi, epileptiform tutmalar və posttravmatik ensefalopatiya ilə bağlı olduğu, bu pozuntuların Forma 88-də göstərildiyi və məhkəmə ekspertizası ilə təsdiq edildiyi nəzərə alınmaqla, onun vəziyyəti “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə uyğun qiymətləndirilməlidir. Bu nəticə həm Forma 88-də bir neçə həyat fəaliyyəti kateqoriyası üzrə II dərəcə məhdudlaşmanın göstərilməsi, həm də F07.0 diaqnozunun ağırlaşmalarla birlikdə təsdiqlənməsi ilə uzlaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ##.##.2025-ci il tarixli Forma 88 göndərişində göstərilən, iş materialları və məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə təsdiqini tapmış T90.5 kəllədaxili travmaların nəticələri və onun F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, psixotik daxilolmalar, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi, posttravmatik ensefalopatiya kimi ağırlaşmaları nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi üzrə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində istinad edilən diskresion səlahiyyət dəlili də hazırkı halda birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, məhkəmə cavabdehin tibbi-sosial ekspertiza sahəsində səlahiyyətini öz səlahiyyəti ilə əvəz etməmiş, cavabdehin qəbul etdiyi inzibati aktın qanuniliyini, faktiki əsaslarını, tibbi sənədlərlə uyğunluğunu və səbəb əlaqəsinin düzgün müəyyən edilib-edilmədiyini yoxlamışdır. Iş üzrə xüsusi bilik tələb edən məsələ məhkəmə-psixiatrik ekspertizası vasitəsilə araşdırılmış, ekspertiza iddiaçıda Forma 88-də göstərilən F07.0 diaqnozunun mövcudluğunu təsdiq etmişdir. Bu halda cavabdehin əvvəlki əyani müayinə nəticəsinə üstünlük verilməsi barədə ümumi xarakterli dəlili məhkəmə ekspertizasının və digər tibbi sənədlərin sübut əhəmiyyətini aradan qaldırmır. Buna görə apellyasiya şikayətinin “diaqnoz əlillik səviyyəsində deyil”, “məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə inzibati orqanın səlahiyyətinə müdaxilə etmişdir”, “ekspert rəyi subyektivdir” məzmunlu dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi iddiaçının əlilliyinin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Lakin bununla yanaşı qərarın nəticə hissəsində əlilliyin təyin edilmə müddəti və orqanizmin funksiyalarının pozulması dərəcəsi göstərilmədiyindən, qərar həmin hissədə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi göstərilməklə 2 il müddətinə orqanizmin funksiyalarının 65-80 faiz pozulması ilə bağlı əlilliyin təyin olunması öhdəliyi cavabdeh Cavabdeh publik hüquqi şəxsinin üzərinə qoyulsun. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-834/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-834/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver