Məhkəmə qərarları › İş №2-1(3-6)-851/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-851/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-851/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə (əvvəlki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliklə bağlı minik avtomobili ilə təmin olunmasına dair tibbi göstərişin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda arxiv bazasında iddiaçıya dair ##.##.2021-ci il tarixli, ***** saylı “Xəstəlik haqqında şəhadətnamə”dən başqa heç bir sənədin saxlanılmadığını bildirilmiş və sözügedən şəhadətnamə məhkəməyə təqdim edilmişdir.

2. ##.##.2021-ci il tarixli, ***** saylı “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən iddiaçıya “partlayış travması (##.##.2020), sağ budun yuxarı 1/3 güllə yaralanması, sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sınıq fraqmentlərinin eksternal fıksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm)” diaqnozu qoyulmuşdur və sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Komissiyanın qərarı: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

3. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya dair icraat materialları təqdim edilmişdir. ##.##.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən iddiaçı həmin tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və ona “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, partlayış travması, sağ budun yuxarı 1/3-nin güllə yaralanması, sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fıksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası, hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozu qoyularaq 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir.

4. ##.##.2022-ci il tarixli avtomobil müayinələrinin nəticəsinə dair məlumata əsasən iddiaçının *** nömrəli qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina edilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının tibbi şəhadətnamələndirilməsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir

6. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, T ***/**** saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutıf’na müraciət etmiş və aparılmış müayinələrdən sonra ona “Odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonrakı vəziyyət, sağ bud sümüyünün yuxarı A-nin qeyri-düzgün bitişmiş sınığı cərrahi əməliyyatından sonrakı vəziyyət, yumşaq toxumada yad cisim, sağ aşağı ətrafın 6sm qısalılığı, əzələ atrofiyası, sağ diz oynağının kontrakturası, yerişin çətinləşməsi - Y36.4, M79.5, Z98.8, M62.5, M24.5, R26.8” diaqnozu qoyulmuşdur. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

7. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab etməklə ona əlilliyi ilə bağlı minik avtomobili ilə təmin olunmağına dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsində iştirak etmiş, hərbi əməliyyatlar nəticəsində aldığı travmalarla bağlı ona “digər növ partlayışlar və ya qəlpələrlə törədilmiş zədələnmələr, partlayış travması, sağ budun yuxarı ½-nin güllə yaralanması, sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fıksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası,hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozu qoyulmuşdur. Cavabdeh orqan tərəfindən onun əlilliyinin qiymətləndirilməsi aparılmış və ona ##.##.2021-ci ildə 5 illik müddətə 3-cü dərəcəli əlillik təyin olunmuş, əlillik səbəbi “Azərbaycan Respublikasının müdafiəsi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda” qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2021-ci il tarixli, ***** saylı xəstəlik haqqında şəhadətnaməsinə əsasən aldığı travmalara görə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Göründüyü kimi onun aldığı travma onoda hərəkət məhdudluğuna səbəb olmuş və buna görə də, o, minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi üçün cavabdehə müraciət elmiş, cavabdeh isə bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2021-ci ildən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir və aşağı ətrafda yaranmış travma səbəbindən normal hərəkət və yürüş imkanından məhrumdur.

10. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı ** nömrəli Poliklinikasının ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X7: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər....; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması Sağ budun yuxarı 1\3 nin güllə yaralanması Sağ bud nahiyyəsinin yuxarı 1\3də qəlpəlin yerdəyişmiş sınığına görə sınığ fraqmentlərini eksternal fiksasiyasından sonrakıbitişmiş sınığı. Sağ diz oynağının miogen konrakturası.Sağ aşağı ətrafın anatomik qısalığı (3 sm). Sağ a\ə əzələ atrofiyası Hərəkətin və yerişin pozulmaları, kəskin pozulması Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, VDD sindromu.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə ##.##.2022-ci il tarixli müayinə aktı əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması Sağ budun yuxarı 1/3-nin güllə yaralanması Sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpəlin yerdəyişmiş sınığına görə sınığ fraqmentlərini.; Tsekin əlavə diaqnozu: eksternal fiksasiyasından sonrakıbitişmiş sınığı. Sağ diz oynağının miogen konrakturası.Sağ aşağı ətrafın anatomik qısalığı (3 sm). Sağ a\ə əzələ atrofiyası”; 501 №- li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57 qrafasında qeyd olunan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş” səbəbi ilə imtina verilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qeyd edilməlidir ki, iddiaçıda mövcud olan “sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fiksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası, hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozları “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əksgöstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6.1-ci bəndində göstərilən “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; hemiplegiya, nəzərəçarpan hemiparez; nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda” diaqnozlarına nəzəri olaraq uyğun gəlir.

13. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyi müvafiq qaydada müəyyən edilmiş, onun sərbəst hərəkət və yürüş imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdığı tibbi sənədlərlə təsdiq olunmuşdur. Bu hal onun reabilitasiya vasitələri ilə təmin olunmaq hüququnu şərtləndirir. Ekspertin müvafiq məsələ ilə bağlı rəy verməkdin imtian etməsi isə iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlil avtomobili ilə təmin olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. iddiaçının əlillik vəziyyətinə Bakı ** nömrəli Poliklinikasının ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X7: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər....; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması Sağ budun yuxarı 1\3 nin güllə yaralanması Sağ bud nahiyyəsinin yuxarı 1\3də qəlpəlin yerdəyişmiş sınığına görə sınığ fraqmentlərini eksternal fiksasiyasından sonrakıbitişmiş sınığı. Sağ diz oynağının miogen konrakturası.Sağ aşağı ətrafın anatomik qısalığı (3 sm). Sağ a\ə əzələ atrofiyası Hərəkətin və yerişin pozulmaları, kəskin pozulması Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, VDD sindromu.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə ##.##.2022-ci il tarixli müayinə aktı əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması Sağ budun yuxarı 1/3-nin güllə yaralanması Sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpəlin yerdəyişmiş sınığına görə sınığ fraqmentlərini.; Tsekin əlavə diaqnozu: eksternal fiksasiyasından sonrakıbitişmiş sınığı. Sağ diz oynağının miogen konrakturası.Sağ aşağı ətrafın anatomik qısalığı (3 sm). Sağ a\ə əzələ atrofiyası”; 501 №- li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57 qrafasında qeyd olunan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Əsaslandırma: Məhkəmə bildirmişdir ki, göndərişdə qeyd edilən əsas diaqnoz - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması Sağ budun yuxarı 1\3 nin güllə yaralanması Sağ bud nahiyyəsinin yuxarı 1\3də qəlpəlin yerdəyişmiş sınığına görə sınığ fraqmentlərini eksternal fiksasiyasından sonrakı bitişmiş sınığı- Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinin təyinatına əsas vermir. Bundan əlavə məhkəmə iddiaya məcburetmə növündə iddia kimi qiymət versə də, ##.##.2022-ci il tarixli imtina qərarından ##.##.2025-ci ildə məhkəməyə verilmiş şikayəti mümkün hesab etmişdir. Üstəlik iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, imtina barədə o, Agentlik tərəfindən ##.##.2023-cü ildə də məlumatlandırılmışdı. Bunlara baxmayaraq məhkəmə obyektiv olmayan və əsassız qərar qəbul etmişdir. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X6 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. 3.5. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. 3.6. Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. 3.7. Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. 3.8. Tibbi göstəriş olduğu halda, Şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. 3.9. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. 3.12. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir. 3.13. Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. 3.15. Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. 3.16. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbitexniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.17. Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57 qrafasına əsasən aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, II dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;

4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, II dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda II-III dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oyna-ğının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan III-IV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki budçanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş” səbəbi ilə imtina verilmişdir. Qeyd olunan normaların məzmunundan aydın şəkildə görünür ki, şəxsə avtomobil verilməsi ilə bağlı göndərişin verilməsi üçün xüsusi səbəbdən əlillik təyinatı olması kifayət etmir. Eyni zamanda şəxsə təyin olunmuş əlilliyin diaqnozu *** saylı Qərarın əlavəsində göstərilən xəstəliklərin dairəsinə aid olmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il * nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, “. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdqi edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququnun olması qeyd olunmuşdur. İddiaçının qeyd olunan diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. İddiaçının tibbi göstəriş verilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nin “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nauyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb

17. Həmçinin, apellyasiya baxışı zamanı cavabdeh “E-kabinet” vasitəsilə ərizə təqdim edərək Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz olunmasını xahiş etmişdir.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və hüquqi varisin əvəz olunması barədə ərizənin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, hüquqi varisin əvəz olunması barədə ərizənin təmin olunmasına etiraz etməmişdir.

20. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz olunmasını qərara almışdır.

Tətbiq edilən hüquq

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi ....... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. ..... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

12. Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür . 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsinin vəsaiti, dövlət icbari şəxsi sığorta vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

22. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi olan “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6-cı bölməsinin: (“Digər reabilitasiya vasitələri” adlanır.) 6.1-ci bəndinə əsasən şəxsə minik avtomobili aşağıdakı göstərişlər olduğu hallarda təyin edilir: 1) ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, II dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, II dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda II-III dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları; 12) onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan IIIIV dərəcəli əyilmələr; 13) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 14) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 15) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 16) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iddiaya məcburetmə növündə iddia kimi qiymət versə də, ##.##.2022-ci il tarixli imtina qərarından ##.##.2025-ci ildə məhkəməyə verilmiş şikayəti mümkün hesab etmişdir. Üstəlik iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, imtina barədə o, Agentlik tərəfindən ##.##.2023-cü ildə də məlumatlandırılmışdır. Bunlara baxmayaraq məhkəmə obyektiv olmayan və əsassız qərar qəbul etmişdir.

28. Lakin İş materiallarından müəyyən olunur ki, iddiaçı ##.##.2023-cü il tarixdə və mart 2025-ci il tarixdə yenidən cavabdehə müraciət etmiş, cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubu ilə təqdim edilən sənədlər və araşdırmanın nəticəsində müəyyən edilmiş diaqnoz və ağırlaşmalar reablitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən minik avtomobilinin təyinatına tibbi göndəriş verilməsinin mümkün olmadığını bildirmişdir. Həmin məktub iddiaçıya ##.##.2025-ci il tarixdə təqdim olunmuşdur.(İ/ V-10)

29. İddiaçı isə hazırkı iddia ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

30. Beləliklə, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

31. İddianın mahiyyəti və apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı əlilliyi müəyyən edilən şəxs olduğundan, habelə normal hərəkət və yürüş imkanından məhrum olduğundan onun əlilliyi ilə bağlı minik avtomobili ilə təmin olunmağına dair tibbi göstərişin verilməsini xahiş etmişdir. Cavabdeh “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə olan siyahıda iddiaçıya qoyulan diaqnozun olmadığı üçün onun tələbinin təmin edilməsindən imtina etmişdir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndində əlillik təyininə əsas olan xüsusi səbəblər kimi aşağıdakılar göstərilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.

33. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi olan “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6-cı bölməsi “Digər reabilitasiya vasitələri” adlanır.

34. İşin faktiki hallarına tətbiq edilən normalardan çıxış edərək məhkəmə Kollegiyası qeyd edir ki, əlilliyi müəyyən edilmiş şəxsə minik avtomobilinə tibbi göstərişin verilməsi üçün onun əlilliyi ya “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndində nəzərdə tutulmuş xüsusi səbəblərdən birinə əsasən təyin edilməli və xəstəliyi “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əksgöstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6.1-ci bəndində göstərilən diaqnozlardan biri və ya bir neçəsinə uyğun olmalıdır.

35. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsi ##.##.2021-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə təyin edilmişdir. Yəni, minik avtomobilinə tibbi göstərişin verilməsi üçün birinci şərt, yəni əlilliyin xüsusi səbəbdən müəyyən edilməsi şərti ödənilir.

36. Qeyd edilməlidir ki, ##.##.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının əliliyi qiymətləndirilmiş və ona “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, partlayış travması, sağ budun yuxarı 1/3-nin güllə yaralanması, sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fiksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası, hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Lakin, ekspert həmin diaqnozların “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6.1-ci bəndində göstərilən diaqnozlara uyğun olub-olmaması ilə bağlı rəy verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmə həmin uyğunluğu nəzərəi olaraq müəyyən etməyə çalışmışdır.

37. Belə ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, T ***/**** saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutıf’na müraciət etmiş və aparılmış müayinələrdən sonra ona “Odlu silah yaralanması, sağ budun güllə yaralanmasından sonrakı vəziyyət, sağ bud sümüyünün yuxarı A-nin qeyri-düzgün bitişmiş sınığı cərrahi əməliyyatından sonrakı vəziyyət, yumşaq toxumada yad cisim, sağ aşağı ətrafın 6sm qısalılığı, əzələ atrofiyası, sağ diz oynağının kontrakturası, yerişin çətinləşməsi - Y36.4, M79.5, Z98.8, M62.5, M24.5, R26.8” diaqnozu qoyulmuşdur. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

38. Lakin birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıda mövcud olan “sağ bud nahiyyəsinin yuxarı 1/3-də qəlpənin yerdəyişmiş sınığına görə sınıq fraqmentlərinin eksternal fiksasiyasından sonrakı bitişmiş sınığı, sağ diz oynağının miogen kontrakturası, sağ aşağı ətrafın anatomik qısalığı (3 sm), sağ ayaq əzələ atrofiyası, hərəkətin və yerişin pozulmaları, kəskin pozulması, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, VDD sindromu” diaqnozları “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6.1-ci bəndində göstərilən “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; hemiplegiya, nəzərəçarpan hemiparez; nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda” diaqnozlarına nəzəri olaraq uyğun gəlir.

39. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıda mövcud olan diaqnoz yalnız sağ diz oynağının miogen kontrakturası olduğu halda, lakin “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi olan “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin 6cı bölməsinin (“Digər reabilitasiya vasitələri” adlanır.) 6.1-ci bəndinin 15-ci yarımbəndi “hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda “ şəxsə minik avtomobili təyin edilməsini nəzərdə tutmuşdur.

40. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdqi edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququnun olması qeyd olunmuşdur. İddiaçının qeyd olunan diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. İddiaçının tibbi göstəriş verilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nin “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

41. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə # ##### 2026-cı il tarixli tövsiyyə məktubunda qeyd edilmişdir ki, Məhkəmələrin icraatında olan əlillik, pensiya və çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qərarın mübahisələndirilməsinə dair işlərə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına nail olmaq məqsədi ilə aşağıdakıların nəzərə alınması tövsiyə olunur: “-- 6. Minik avtomobili ilə təmin edilməyə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə, o cümlədən minik avtomobili ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. Sözügedən Qaydanın 3-cü bəndində əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsinin şərtləri və qaydasına dair xüsusi tənzimləmələr məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlərə baxılan zaman nəzərə alınmalıdır. Bundan başqa, reabilitasiya vasitələri ilə təmin edilmə adıçəkilən Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu hallarda həyata keçirilə bilər. Qaydaya Əlavənin 6.1 -ci bəndində minik avtomobili ilə təmin edilmənin konkret xüsusi tibbi göstərişləri sadalanmışdır. Odur ki, məhkəmələr hüquq müəyyənedici sənədlərdə göstərilən xəstəliklərin Qaydaya Əlavənin 6.1-ci bəndində nəzərdə tutulan tibbi göstərişlərlə eyniliyini müəyyən etməlidirlər. Tərəflər arasında sözügedən eyniliyin mövcudluğu ilə bağlı mübahisə yarandıqda məhkəmələr xüsusi bilik tələb olunduğunu nəzərə almaqla mütəxəssis və ya ekspert rəyinin alınması məsələsinə baxa bilərlər.”

42. Məhkəmə Kollegiyası işin yuxarıda istinad olunan hallarından və tətbiq olunan normalardan çıxış edərək apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

43. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar