Məhkəmə qərarları › İş №2-1(3-6)-862/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-862/2026

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-862/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə sxeminin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X13 və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. İddiaçı ##.##.1950-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Abşeron rayonu S.Əliyev adına südlük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli ** nömrəli əmrində göstərilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 1995-ci il tarixli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq X3 0,10 hektar torpaq sahəsinin ayrılması əmr edilmişdir.

3. * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, ##.##.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsəlik işi ilə əlaqədar adına 2V-*** reyestr nömrəli ## #### 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X3 vərəsəsi oğlu – X5 tanınmışdır

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1091 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi daxildən mişar daşı ilə 3 hissəyə ayrılıb. Sahənin cənub-qərb yol sərhəddindən 5.4 metr məsafədə 6 kVt-lıq transformator mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 1091 kv.m sahə S.Əliyev adına Südçülük Maldarlıq və Damazlıq sovxozunun ərazisirldən Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sözügedən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin üst-üstə düşmə halı yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli əmrinə əsasən ayrılmış X4 ərazisində yerləşən 0,10 hektar torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizə icraata qəbul edilmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli, 6№-li əmri və Abşeron İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli, 25№-li qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X3 0,10 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. İddiaçı ailəsiylə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X4nda 2009-cu ildə torpaq sahəsinin üzərində ev inşa etdirmişlər və hal-hazırda həmin evdə yaşayırlar. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.

7. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Ramana qəsəbəsində həyətyanı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıla bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması qanunsuzdur. Həmçinin, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat cavabdehdə yoxdur. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin, Azərbaycan SSR Ali Sovetinin 1963- cü il 4 yanvar tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqəsilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş və həmin ərazilərdə kənd təsərrüfatı müəssisələri kolxoz və sovxozlar yaradılmışdır. Bu torpaq sahələrindən 1990-cı illərin əvvəllərinə qədər təyinatı üzrə səmərəli istifadə olunsa da, sonrakı illərdə həmin təsərrüfatların əksər hissəsi öz fəaliyyətini dayandırmış, istifadələrində olan torpaq sahələri isə Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyələrinin qərarları əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmişdir. Ayrılan torpaq sahələrinin əksəriyyəti yaşayış məntəqələrindən kənarda kənd təsərrüfatına tam yararlı və ya gölməçələrin əraziləri, sututarlar və eyni zamanda bütün kommunikasiyalardan uzaqda yerləşən torpaq sahələri olmuşdur. Vətəndaşlar isə həmin torpaq sahələrində pərakəndə formada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri inşa etmişlər. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** saylı Sərəncamı əsasında Sabunçu rayonunun inzibati ərazisində yerləşən 5 kənd təsərrüfatı müəssisəsi üzrə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan 2502,81 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Bundan istifadə edən vətəndaşlar onlara ayrılmış torpaq sahələrinin sənədləşməsi məqəsdilə Sabunçu RİH-nə müraciət edərək torpaq sahələrinin mövcud vəziyyətdə koordinatlarının müəyyən edilməsi və torpaq sahələrinə cizginin çəkilib verilməsini xahiş edirlər. Kənd təsərrüfatı müəssisələri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin müəyyən hissəsi Sabunçu Rayon İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılan ərazilərdən kənarda olduğundan, eyni zamanda həmin ərazilərin vaxtı ilə sututarlar və ya gölməçələr olması, bu ərazilərdə vətəndaşlara torpaq sahələrinin ayrılmasının praktiki olaraq mümkün olmaması səbəbindən Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların xahişinin təmin edilməsində çətinliklər yaradır. Müraciət edən vətəndaşlar dövlət arxivindən torpaq sənədlərinə dair arayışlar təqdim etsələr də həmin vətəndaşların vaxtı ilə qeyd edilən müəssisələrdə işləmələri müvafiq sənədlərlə təsdiq edilmir və şübhə doğurur. Həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yalnız yaşayış məntəqələrinin torpaq sahələrinə aid kateqoriyadan olan torpaq sahələri ayrıla bilərdi.

8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli əmrinə əsasən ayrılmış X4 ərazisində yerləşən 0,10 hektar torpaq sahəsinin yerləşmə sxeminin (plan cizginin) iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçıya torpaq sahəsi 26 il bundan öncə yəni 2000- ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə iddia tələbində də torpaq sahəsinə dair yerləşəmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə iddiaçı iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli, 695-IQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

20. Belə ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 1995-ci il tarixli sərəncamına əsasən ona ayrılmış 0,10 hektar torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsini tələb edir.

21. İddiaçının hazırki, iddia tələbinin verilməsi üçün subyektiv hüququnun olması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir.

22. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X3 ilə İddiaçı arasında # ######## 1972-ci ildə nikah bağlanmışdır. Qeyd olunan torpaq sahəsi ## ###### 2000-ci ildə X3 mənzil şəraitinin ağır olması səbəbindən adına ayrılmışdır. Yəni adı çəkilən torpaq sahəsi Xavər Daşdəmirovaya ayrılan vaxtı onun İddiaçıla rəsmi nikah münasibətləri olduğuna görə ər həmin torpaq sahəsinin üzərində birgə sahiblik hüququnu həyata keçirmiş və ona görə də onun torpaq sahəsi ilə bağlı yerləşmə cizgisini tələb etməkdə subyektiv hüququ var.

23. Cavabdeh orqan isə Kənd təsərrüfatı müəssisələri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin müəyyən hissəsinin Sabunçu Rayon İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılan ərazilərdən kənarda olduğundan torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi mümkün olmadığını bildirmişdir.

24. İş materiallarından göründüyü kimi qeyd olunan torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1995-ci il tarixli sərəncamı və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli, ** nömrəli əmri əsasında iddiaçının mərhum həyat yoldaşı X3 ayrılmışdır. Cavabdehin imtina əsaslarını o təşkil etmişdir ki, torpaq sahəsi sovxoz ərazisində - kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ayrılmışdır. Torpaq sahəsi ayrılarkən yerləşmə sxemi verilməmişdir. Torpaq sahəsinin ayrıc aktı, baş planı və ayrılmış sahənin koordinatları barədə məlumat cavabdehdə yoxdur.

25. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

26. Eyni zamanda cavabdeh orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli, ** nömrəli əmri və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 1995-ci il tarixli sərəncamı (inzibati akt) ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayır.

27. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının niyyəti məhz faktiki istifadəsində olan torpaq sahəsinə dair cizginin tərtib olunmasından ibarət olduğundan cavabdeh orqan tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar