Məhkəmə qərarları › İş №2-1(3-6)-881/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-881/2026

21.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-881/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil işitrakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Cavabdeh tərəfidən iddiaçının müraciətinin təmin edilməsindən ##.##.2024-cü il tarixli, *-**/*-**-**-***/**** nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, göstərilən torpaq sahəsi “X1” MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır.

2. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının **** nömrəli, ##.##.1994-cü il tarixli sərəncamına əsasən İddiaçı İsmayıl oğluna Buzovna qəsəbəsində **/** nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ## ######## 2025ci il tarixli, *-**-*F/*-****/**** nömrəli məktubla keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə ##.##.1993-cü il tarixli **** saylı sərəncamının təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Sərəncama heç bir sənəd əlavə edilməmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən # ###### 2026-cı il tarixli, 3-21-3- **/*-**/**** nömrəli məkubla bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq hasardaxili 1001 kv.m təşkil edir. Sahə üzərində yaşayış evi və köməkçi tikililər inşa olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ). Sözügedən sahənin 25.0 m və 57.0 m məsafədə ləğv edilmiş quyu məlumatları mövcuddur. Bundan əlavə sahəyə dair digər fiziki şəxsin müraciəti barədə məlumat aşkar edilməmişdir. Sahə dövlət mülkiyyəti torpağıdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı İsmayıl oğlu cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyəti başçısının ## ###### 1994cü il tarixli sərəncamı ilə onun qanuni istifadəsinə ayrılmış 1200 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilərək verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyəi başçısının ## ###### 1994-cü il tarixli sərəncamı ilə ona Buzovna qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün sahəsi 1200 kv.m təşkil edən **/** nömrəli torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi fasiləsiz olaraq sahiblik və istifadəsindədir. Tərəfindən orada fərdi yaşayış evi inşa edilmişdir. Torpaq sahəsini mülkiyyət hüququ üzrə daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata aldırmaq qərarına gəlmişdir. Bunun üçün ASAN Xidmət mərkəzinə müraciət etdikdə ona bildirilmişdir ki, sərəncamla birlikdə ilkin olaraq torpaq sahəsini yerləşmə cizgisi təqdim edilməlidir. Həmin cizgi olmadığını bildirdikdə ona izah edilmişdir ki, torpaq sahəsini ayırmış olan icra hakimiyyəti orqanı tərəfindən tərtib edilməlidir. Bundan sonra cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, nümayəndəlik verilən məlumatda bildirmişdir ki, göstərilən torpaq sahəsi “X1” MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Bu imtina məktubunu qanunvericiliyin tələblərinə zidd olmaqla nəticə olaraq onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İlkin olaraq qeyd edir ki, “X1” MMCnin yaradılmasından çox əvvəl mübahisəli torpaq sahəsi onun qanuni istifadəsindədir. Torpaq sahəsinin ayrılmasına dair inzibati akt hesab edilən sərəncamı vermiş cavabdeh texniki sənəd olan cizginin verilməsini xahiş etdikdə torpaq sahəsinin “X1” MMC-yə aid olduğunu xatırlamışdır. İkinci vacib məqam ondan ibarətdir ki, torpaq ayrılması zamanı “X1” MMC-dən çox-çox əvvəl həmin ərazinin balanssaxlayıcısı olan “Əzizbəyovneft” NQÇİ tərəfindən ümumi ərazinin paylanması ilə bağlı ****-**-* nömrəli ##.##.1989-cu il tarixli razılıq məktubu verilmişdir ki, həmin məktuba istinad cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktda - Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyəti başçısının ## ###### 1994-cü il tarixli sərənamında əksini tapmışdır. Yəni, torpaq ayrılması zamanı balanssaxlayıcı olan təşkilatın razılığı mövcud olmuşdur. Əlavə olaraq bildirir ki, ətrafda yaşayan şəxslərdən aldğı məlumata əsasən ümumi ərazi AR DNŞ-nin balansında olmuş və uzun müddət bundan əvvəl balansdan çıxarılmışdır. Bu baxımdan cavabdehin imtinası əsassızdır. Eləcə də, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair cavabdeh tərəfindən eyni texniki sənədlər verilmişdir və torpaq sahəsinin əksəriyyəti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

7. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayon İcra Hakimiyyəti başçısının ## ###### 1994-cü il tarixli sərəncamı ilə iddiaçı İddiaçı İsmayıl oğlunun qanuni istifadəsinə ayrılmış 1200 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, istehsalın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə edilə bilər.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli, 695-IQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

20. Belə ki, iddiaçı Əzizbəyov Rayon İcra Hakimiyyəti başısının ## ###### 1994-cü il tarixli **** nömrəli sərəncamına əsasən ona ayrılmış 1200 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini tələb edir.

21. İddiaçının hazır ki, iddia tələbinin verilməsi üçün subyektiv hüququnun olması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir.

22. Belə ki, iş materiallarına əlavə edilmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının **** nömrəli, ##.##.1994-cü il tarixli sərəncamından görünür ki, İddiaçı İsmayıl oğluna Buzovna qəsəbəsində **/** nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi fasiləsiz olaraq sahiblik və istifadəsindədir. Tərəfindən orada fərdi yaşayış evi inşa edilmişdir.

23. Cavabdeh orqan isə göstərilən torpaq sahəsinnin “X1” MMC-nin ərazisində yerləşməsinə istinad edərək, imtina cavabı vermişdir.

24. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

25. Eyni zamanda cavabdeh orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının **** nömrəli, ##.##.1994-cü il tarixli sərəncamı (inzibati akt) ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və halhazırda öz hüquqi qüvvəsini saxlayır.

26. Cavabdehin imtina dəlillərinə münasibətdə isə kollegiya bildirir ki, iddiaçıya torpaq sahəsi ayrılması zamanı həmin torpaq sahəsinin ayrılması ilə bağlı “Əzizbəyovneft” NQÇİ tərəfindən ****-**-* nömrəli ##.##.1989-cu il tarixli razılıq məktubu verilmişdir və torpaq sahəsi iddiaçıya ayrıldığı zamandan 30 il keçməsinə baxmayaraq qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsindədir. Hazırda torpaq sahəsinin “X1” MMC-nin ərazisində yerləşməsi isə yerləşmə cizgisinin verilməsi ilə bağlı iddiaçının hüquqlarını ümumiyyətlə məhdudlaşdıra bilməz.

27. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının niyyəti məhz faktiki istifadəsində olan torpaq sahəsinə dair cizginin tərtib olunmasından ibarət olduğundan cavabdeh orqan tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar