Məhkəmə qərarları › İş №2-1(3-6)-9/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-9/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-9/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli *** №-li qərarına əsasən ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda plan-cizgisi sxemində göstərilən koordinatlar daxilində yerləşən 0,12 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə istifadəsinə ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi təqdim edilmişdir. Həmin qərarla ona ayrılmış torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla təhvil verilmiş, həmin torpaq sahəsini mişar daşı ilə hasara almış və təyinata üzrə istifadə etmişdir. Həmin torpaq sahəsi qanuni əsaslarla sahibliyində və istifadəsində olmaqla, faktiki mülkiyyətçi kimi davranır. Eyni zamanda, bütün kommunikasiya xətləri ilə təchiz olunmuşdur. Istifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və komunal xərcləri ödəmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi onun qanuni hüquqlarını məhdudlaşdırır. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən sahələrinin ümumi ərazinin bir hissəsində yerləşdiyi, ərazidə hasarlama və mərzçəkmə işlərinin aparılmadığı və iddiaçı faktiki sahənin perimetrik ölçülərini bilmədiyindən faktiki sahənin koordinatlarını tərtib etmək mümkün olmamışdır. (torpaq sahələri iddiaçının istifadəsində deyil). Elektron kadastr məlumatına əsasən şərti göstərilən sahə dövlət mülkiyyəti torpağı olmaqla, “xxxx” ASC-nin məlumatlarına əsasən su xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında ##.##.2003-cü il tarixli *** saylı Qərarı ilə mühafizə zonaları müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalı, iddia tələbi təmin edilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən rəy alınmadan ayrılması iddiaçının etimad hüququnun mövcudluğuna xələl gətirə bilməz, bu səbəbdəndir ki, qüvvədə olan inzibati akt əsasında hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün də əsas ola bilməz. Oxşar işlər üzrə məhkəmə təcrübəsində Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığına istinad olunur. Məhkəmə hesab edir ki, nə qədər ki bələdiyyə xəritələrinin təsdiqi prosesi başa çatdırılmadığına istinad edilir, ümumiyyətlə hazırkı torpaq sahəsinin bələdiyyə hüdudlarından kənarda olmasına dair konkret hala da istinad edilməsi yolverilməz hesab edilməlidir. Çünki iş materiallarından da göründüyü kimi, Səbail Bələdiyyəsinə Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2000-ci il tarixli sərəncamı ilə torpaq sahələri ayrılmışdır və mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müvafiq ekspert rəyi ilə təsdiq olunur ki, həmin ekspert rəyində göstərilən halları təkzib edən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını isə təsdiq edən dəlillər təqdim olunmamışdır. Bununla bağlı həmin ərazidə hüququ qeydiyyata alınmış kifayət qədər çıxarışlar təqdim edilsə də, məhkəmə bunları nəzərə almamışdır. Iddiaçı olaraq mülkiyyət hüququ pozulmuş və inzibati qanunvericilikdə göstərilən etimad prinsipi nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: Iddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk olaraq aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. Iclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Iş materiallarında olan: - Bakı şəhəri Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilmişdir. - Iddiaçı İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə müraciət etsə də, müraciəti cavablandırılmamışdır. - Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib olunmuş ** nömrəli, ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada təqdim olunan, Bakı şəhəri Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarına əsasən İddiaçı ayrılmış, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsi həmin torpaq sahəsinə dair tərtib olunmuş cizgiyə uyğundur. Bakı şəhəri Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarına əsasən ayrılmış, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Həmin torpaq sahəsi digər torpaq sahələri ilə üst-üstə düşmür, su, elektrik və qaz xətlərinin mühafizə zonasında yerləşir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Səbail Bələdiyyəsi tərəfindən verilmiş **-**/H-**-**/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının adına Səbail rayonu, Səlyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi barədə Bələdiyyənin ##.##.2005-ci il tarixli, *** saylı qərarı və ona əsas olan sənədlər Bələdiyyənin hazırda mövcud olan arxiv bazasında aşkar edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsi tərəfindən məhkəməyə ünvanlanmış *-**- */*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Üçüncü şəxs ##.##.2005-ci il tarixli *** nömrəli, ##.##.2022-ci il tarixli ** nömrəli və ##.##.2005-ci il tarixli ** nömrəli qərarları Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsinin tabeliyində “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış *-**-*-**/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı Bakı şəhəri Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli Qərarı ilə İddiaçı 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su X5 Su Meliorasiya Xidməti publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış *-**-*/*- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, sözügedən ünvandakı torpaq sahəsi xxxx” publik hüquqi şəxsin xidməti ərazisinə aiddir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək mövqeyini aşağıdakı kimi əsaslandırır. Işin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri Səbail bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı əsasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilmişdir. Bununla əlaqədar müvafiq qaydada torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, torpaq sahəsinin planı tərtib edilmiş, torpaq sahəsinin dəyəri bələdiyyə büdcəsinə köçürülmüşdür. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m. olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasında qeyd edilmişdir ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerəşməsini məyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad edilməmişdir. Cavabdeh inzibati orqanın etirazında isə o hallara istinad etmişdir ki: - göstərilən sahələrin ümumi ərazinin bir hissəsində yerləşdiyi, ərazidə hasarlama və mərzçəkmə işlərinin aparılmadığı və iddiaçı faktiki sahənin perimetrik ölçülərini bilmədiyindən faktiki sahənin koordinatlarını tərtib etmək mümkün olmamışdır. (torpaq sahələri iddiaçının istifadəsində deyil). - elektron kadastr məlumatına əsasən şərti göstərilən sahə dövlət mülkiyyəti torpağı olmaqla, “xxxx” ASC-nin məlumatlarına əsasən su xəttinin mühafizə zonasında yerləşir. - təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir. Məhkəmə kollegiyası əvvəla cavabdeh inzibati orqanın ilkin imtina əsası ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası bununla yanaşı etirazın digər dəlilləri ilə razılaşaraq diqqətə çatdırır ki, torpaq sahəsinə dair hüquqların qeydə alınması üçün həmin torpaq sahəsinin təsdiqlənmiş cizgisinin təqdim edilməsi zəruridir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz. Cizgidə dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərə uyğun olaraq mübahisəli iddia olunan torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının aydınlaşdırılması üçün üçüncü şəxs Səbail Bələdiyyəsinə sorğu ünvanlanaraq Bakı şəhər Icra Hakimiyyəti Başçısının Üçüncü şəxs yurisdiksiyasına torpaq sahələrinin ayrılmasına dair müvafiq sərəncamın və həmin sərəncama əlavə edilmiş xəritənin (ayrıc göstəricilərinin) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən **-***/**** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Icra Hakimiyyətinin *** saylı, ##.##.2000-ci il tarixli Sərəncamı və ayrılmış ərazinin hüdudlarını müəyyən edən xəritə Səbail bələdiyyəsinə təhvil verilmədiyindən həmin Sərəncamın və xəritənin surətinin təqdim edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq diqqətə çatdırır ki, mübahisəli iddia olunan torpaq sahəsinin Səbail rayonunun ərazi hüdudları daxilində yerləşməsi Bələdiyyəyə inzibati ərazi hüdudları daxilində istənilən yerdən torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyət vermir. Qeyd olunduğu kimi, Bakı şəhərində yerləşən bələdiyyələrə torpaq sahələri Bakı şəhər Icra Hakimiyyəti tərəfindən 2000-ci il tarixdə qəbul edilmiş Sərəncamlar əsasında müxtəlif ölçülərdə torpaq sahələri ayrılmış və bələdiyyələr yalnız onlara ayrılması nəzərdə tutulmuş (məxsus olan) torpaq sahələrinin vətəndaşlara ayrılmasında səlahiyyətli olmuşlar. Hazırkı inzibati iş materiallarından isə Səbail Bələdiyyəsinin həmin torpaq sahəsini ayırarkən iddia olunan torpaq sahəsinə münasibətdə səlahiyyətli olması müəyyən edilmir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “30.Iddiaçının torpağının dövlət və bələdiyyə mülkiyyətində olması istiqamətində aşağı instansiya məhkəmələri tərəfindən müəyyən qədər araşdırma aparılsa da, bu hal tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, aşağı instansiya məhkəmələri torpağın Səbail bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaqlara aid olduğu nəticəsinə gələrkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş *-**-**/*-**/**** nömrəli ## ###### 2023-cü il tarixli rəyə istinad etmişlər. Lakin həmin rəyin məzmunundan mübahisəli ərazinin Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi nəticəsinə necə gəlinməsi ilə bağlı hər hansı əsaslandırma aparılmamışdır və torpağın Səbail Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşməsinə dair iş materiallarında hər hansı təsdiqedici sənəd yoxdur”. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, iddiaçı hüquqmüəyyənedici sənəd kimi Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** nömrəli qərarına istinad edir. Lakin sözügedən Qərara nəzər yetirdikdə aydın olur ki, qərarın əsli və əslinin təsdiq edilmiş surəti mövcud deyildir. Iş materiallarına yalnız “əsli ilə düzdür” T.Abiyev tərəfindən imzalanmış nüsxəsinin təsdiq edilmiş surəti əlavə edilmişdir. Səbail bələdiyyəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq da bildirişmişdir ki, istinad edilən qərar və ona əsas olan sənədlər arxiv bazasında yoxdur. Hətta digər arxiv idarələrində də sözügedən sənədlər aşkar edilməmişdir. Inzibati işin materiallarından göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması (və ya məxsus olması) sübut olunmamaqla yanaşı, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericiliyin normalarına da əməl edilməmişdir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının anolaji iş üzrə qərarında da oxşar hüquqi mövqe sərgilənərək qeyd edilmişdir ki, “35. Hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. Işə baxan apellyasiya instansiyası məhkəməsi isə bələdiyyə qərarının qanuniliyini yuxarıda istinad olunan normaların tələbləri baxımından qiymətləndirməmişdir”. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan dəlilləri əsassız sayaraq qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib olunmuş rəydə torpaq sahəsinin digər sahələr ilə üst-üstə düşməməsi, su, elektrik və qaz xətlərinin mühafizə zonasında yerləşmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha diqqətə çatdırır ki, həmin qurumun hansı səlahiyyət əsasında rəy verməsi, elektron kadastr baza məlumatı mühafizə zonası barədə fikir irəli sürməsi iş materialları ilə müəyyən edilmir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Lakin, məhkəmə ekspertizası sahəsinin təkmilləşdirilməsi məqsədilə özəl ekspertiza fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı məsələlərin baxılması prosesi hələ də davam etdiyindən özəl məhkəmə ekspertlərinin fəaliyyətlərinin hüquqi əsası olan müvafiq şəhadətnamələrin verilməsi prosesinin başlanılmaması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmin rəydəki məlumatları həmçinin ona görə əsaslı hesab etmir ki, “xxxx” publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətinizdə qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda yerləşən torpaq sahəsində “xxxx” publik hüquqi şəxsin istismarında olan D500 mm kanalizasiya xətti yerləşdiyi məlum olmuşdur. Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. Beləliklə, iş materiallarından göründüyü kimi cavabdeh Idarə və səlahiyyətli qurum olan xxxx” publik hüquqi şəxsi iddia edilən torpaq sahəsinin kanalizasiya xəttinin üzərində yerləşməsini bildirmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası əlavə araşdırmaya lüzum görməyərək onu da diqqətə çatdırır ki, Səbail bələdiyyəsinə ayrılan torpaq sahələrinə dair ayrıc aktı mövcud olmadığından (məhkəmə sorğularına cavab olaraq bələdiyyə tərəfindən təqdim edilməmişdir) məhkəmə ekspertizasının təyin edilməsi əhəmiyyətsizdir. Beləliklə, iddia olunan ərazinin bələdiyyənin mülkiyyətində olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar