Məhkəmə qərarları › İş №2-1(3-6)-904/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-904/2026

21.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-904/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş ##.##.2025-ci il tarixli məktubu ilə Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı (X3) ##.##.2000-ci il tarixli ** nömrəli əmrin verilməsinə əsas olan Abşeron RİH-nin ##.##.1995-ci il tarixli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 X6 Fəhlə Komitəsinin sənədləri saxlanması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilməmişdir. Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı (X3) ##.##.2000-ci il tarixli ** nömrəli əmrindən İddiaçı adına olan arxiv çıxarışı məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş:

2. Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən, Ramana Südçülük sovxozunda yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssislərə vermək üçün hər ailəyə 0.10 hektar hesabı ilə 150 ailəyə 15 ha həyətyanı, 4.8 ha küçə və yollar altına, cəmi 19.8 ha həyətyanı torpaq fondu ayrılması haqqında tərtib edilmiş ilkin sənədlər təsdiq edilmişdir.

3. Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli, ** nömrəli əmrdən çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə tərəfindən həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamı nəzərə alınaraq, İddiaçı 0.1 ha torpaq sahəsi ayrılmışdır. Əsas: F.73, s1a, s.v.111.b.5. Qeyd: Əmrə ayrıc aktı, sxemi və s. bu kimi sənədlər daxil edilməmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1035.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə keçmiş S.Əliyev adına Südçülük Maldarlıq və Damazlıq Sovxozu ərazisindən Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin torpaq sahəsi Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisidir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə olaraq, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatları məhkəməyə təqdim edilmişdir.

5. Müayinə (baxış) aktından görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi faktiki olaraq 1035.0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri 4 tərəfdən mişar daşı ilə əhatə olunmuş, 2 tərəfdən qonşularla, 2 tərəfdən yol ilə əhatə olunmuş fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsində 144.5 kv.m ölçüdə 1 mərtəbəlikürsülü yaşayış evi, 118.8 kv.m ölçüdə y/evi, 80.0 kv.m q/yaşayış tikilisi, 32.0 kv.m anbar mövcuddur. Torpaq sahəsinin ayrılması haqqında hüquqmüəyyənedici sənədlər, yerləşmə sxemi təqdim olunmamışdır. Torpaq sahəsinin bir hissəsindən və 80.0 kv.m-lik tikilidən qeyri-yaşayış sahəsi (dini mərasimlərin keçirilməsi) kimi istifadə olunur. Torpaq sahəsi Ramana qəsəbəsinin ərazisində yerləşir. Torpaq sahəsinin planı və koordinatı akta əlavə edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000ci il ** №-li əmri ilə, Sovxoz fəhlə komitə iclasının ##.##.1984-cü il ** nömrəli protokolunun qərarından çıxarışa əsasən, iddiaçıya ayrılmış 0,1 ha həyətyanı torpaq sahəsinin plan cizgisinin (sxemin, yerləşmə cizgisinin) və xəritədən çıxarışın verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il ** №-li əmri ilə Sovxoz fəhlə komitə iclasının ##.##.1984-cü il tarixli, ** nömrəli protokolunun qərarından çıxarışa əsasən ona 0,1 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin plan (cizgi sxem) və xəritədən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh ona ##.##.2025-ci il tarixli məktubla imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il ** №-li əmri ilə Sovxoz fəhlə komitə iclasının ##.##.1984-cü il ** nömrəli protokolunun qərarından çıxarışa əsasən, ona 0,1 ha həyətyanı torpaq sahəsinin 186 sıra sayı ilə qeyd edilərək ayrılması və AR Milli Arxiv İdarəsi Abşeron İcra Hakimiyyəti Abşeron rayon dövlət arxivində aşkar edilməsi, lakin torpaq sahəsinin ölçülərinin qeyd edilməməsi vətəndaş olaraq onun təqsiri deyil.

8. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Ramana südçülük sovxozunda həyətyanı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıla bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması qanunsuzdur. Həmçinin bildirilir ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Sabunçu Rayon İcra Hakimiyyətində yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab edilir ki, imtina əsaslı olmuşdur. Qanunvericiliyin tələbindən də açıq görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin bildirilir ki, Azərbaycan SSR Ali Sovetinin 1963-cü il ## ###### tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqəsilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş və həmin ərazilərdə kənd təsərrüfatı müəssisələri kolxoz və sovxozlar yaradılmışdır. Bu torpaq sahələrindən 1990-cı illərin əvvəllərinə qədər təyinatı üzrə səmərəli istifadə olunsa da, sonrakı illərdə həmin təsərrüfatların əksər hissəsi öz fəaliyyətini dayandırmış, istifadələrində olan torpaq sahələri isə Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyələrinin qərarları əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmişdir. Ayrılan torpaq sahələrinin əksəriyyəti yaşayış məntəqələrindən kənarda kənd təsərrüfatına tam yararlı və ya gölməçələrin əraziləri, sututarlar və eyni zamanda bütün kommunikasiyalardan uzaqda yerləşən torpaq sahələri olmuşdur. Vətəndaşlar isə həmin torpaq sahələrində pərakəndə formada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri inşa etmişlər. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** saylı Sərəncamı əsasında Sabunçu rayonunun inzibati ərazisində yerləşən 5 kənd təsərrüfatı müəssisəsi üzrə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan 2502.81 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Bundan istifadə edən vətəndaşlar onlara ayrılmış torpaq sahələrinin sənədləşməsi məqəsdilə Sabunçu RİH-nə müraciət edərək torpaq sahələrinin mövcud vəziyyətdə koordinatlarının müəyyən edilməsi və torpaq sahələrinə cizginin çəkilib verilməsini xahiş edirlər. Kənd təsərrüfatı müəssisələri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin müəyyən hissəsi Sabunçu Rayon İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılan ərazilərdən kənarda olduğundan, eyni zamanda həmin ərazilərin vaxtı ilə sututarlar və ya gölməçələr olması, bu ərazilərdə vətəndaşlara torpaq sahələrinin ayrılmasının praktiki olaraq mümkün olmaması səbəbindən Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların xahişinin təmin edilməsində çətinliklər yaradır. Müraciət edən vətəndaşlar dövlət arxivindən torpaq sənədlərinə dair arayışlar təqdim etsələr də, həmin vətəndaşların vaxtı ilə qeyd edilən müəssisələrdə işləmələri müvafiq sənədlərlə təsdiq edilmir və şübhə doğurur. Həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən, vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yalnız yaşayış məntəqələrinin torpaq sahələrinə aid kateqoriyadan olan torpaq sahələri ayrıla bilərdi.

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli, ** nömrəli Sərəncamının tələbinə uyğun olaraq Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli, ** nömrəli əmrinə əsasən ayrılmış 0,1 ha torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilərək verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçıya torpaq sahəsi 26 il bundan öncə yəni 2000- ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə iddia tələbində də torpaq sahəsinə dair yerləşmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

c) Proses iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli, 695-IQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 1995-ci il tarixli ** nömrəli sərəncamına əsasən ona ayrılmış 0,1 hektar torpaq sahəsinə dair yerləşmə cizgisnin verilməsini tələb edir.

22. Cavabdeh orqan isə iddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığını bildirərək, imtina cavabı vermişdir.

23. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli, ** nömrəli Sərəncamına uyğun olaraq, Abşeron rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli, ** nömrəli əmrinə əsasən, İddiaçı fərdi ev tikdirmək üçün 0.1 ha torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir.

24. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

25. Eyni zamanda cavabdeh orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə Abşeron rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə X2 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli, ** nömrəli əmri və Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1995- ci il tarixli, ** nömrəli Sərəncamı (inzibati akt) ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayır.

26. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının niyyəti məhz faktiki istifadəsində olan torpaq sahəsinə dair cizginin tərtib olunmasından ibarət olduğundan cavabdeh orqan tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar