Məhkəmə qərarları › İş №2-1(3-6)-915/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-915/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-915/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı "Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, 7 ünvanında yerləşən ölçüsü 0,0590 ha təşkil olan bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Allaverdiyev Hüseyn Nazim oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Tikinti Avtonəqliyyat İstehsalat Birliyinin ** nömrəli ## #### 1993-cü il tarixli orderdən görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsində TANİB-in “Qağayı “ uşaq istirahət zonasının təsərrüfat sahəsində yerləşən bağ evlərinə yaşayış sahəsi 24,0 kv.m olan bir otaqlı, ** nömrəli evdə ailəsi ilə birlikdə daimi yaşamaq üçün X1 verilmişdir.

2. “xxxx” Dövlət Şirkətinin Tikinti Avtomobil Nəqliyyatı İcarə Törəmə Müəssisəsinin müdiriyyətinin və həmkarlar komitəsinin yığıncağının ## ######## 1997-ci il tarixli Birgə Qərarı ilə TANİTM-in Bilgəhdə 5057-ci məhəllənin 10-cu sahəsində balansındakı “Qağajı” uşaq istirahət zonasının yardımçı təsərrüfat sahəsindəki istifadəsində olan, dəyəri 645738 manat, * saylı birotaqlı, yaşayış sahəsi 24.0 kv.m olan bağ evi torpaq sahəsi ilə birlikdə əvəzsiz olaraq X1 xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

3. “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, X1 məxsus 5057-ci məhəllə, 10-cu sahə küçəsi ünvanında yerləşən * saylı evə dair onun adına sentyabr 1997-ci ildə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən sözügedən texniki pasport tərtib edilmişdir.

4. ********** qeydiyyat nömrəli ##.##.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, 7 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli 3-21-3-30/2-23407/2025 ************ nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”də qeyd edilmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilməmiş, bundan başqa idarənin arxivində mövcud olan texniki pasport fərdi yaşayış evinə dair tərtib edilmiş, eyni zamanda elektron kadastr məlumatına əsasən göstərilən ərazi “Qağayı” (“Çayka”) sanatoriyasının ərazisidir. Həmçinin torpaq sahəsi təqdim edilən sənəd üzrə 0.0660 ha qeyd edilsə də, faktiki sahə 0.0590 ha təşkil edir. Əlavə olaraq, yaşayış evinə dair texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur.

6. ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, bağ sahəsi 2 tərəfdən daş hasarla və 2 tərəfdən dəmir torla hasarlanıb və torpaq sahəsi 70.0 kv.m azdır. Texniki pasporta əsasən evə baxış keçirildi və məlum oldu ki, qeydiyyatdan keçmiş ev mövcuddur, evin daxilində rekonstruksiya işləri aparılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, 7 ünvanında yerləşən ölçüsü 0,0590 ha təşkil olan bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, 7 ünvanında mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarımı daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınması ilə bağlı *********** nömrəli,##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin cavabdeh torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir.

9. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirir ki, torpaq sahəsinə dair təqdim edilmiş order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilməmişdir. Bundan başqa, idarənin arxivində mövcud olan texniki pasport fərdi yaşayış evinə dair tərtib edilmişdir. Eyni zamanda elektron kadastr məlumatına əsasən göstərilən ərazi Qağayı (Çayka) sanatoriyasının ərazisidir. Həmçinin torpaq sahəsi təqdim edilən sənəd üzrə 0.0660 ha qeyd edilsə də, faktiki sahə 0.0590 ha təşkil edir. Əlavə olaraq, yaşayış evinə dair texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur.

10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, 7 ünvanında yerləşən ölçüsü 0,0590 ha təşkil olan bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

11. Cavabdeh zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057 -ci məhəllə, 10-cu sahə 7 ünvanında yerləşən bağ evinin mülkiyyətçisidir, bağ evinin yerləşdiyi torpaq sahəsi də onun qanuni istifadəsindədir. Eyni zamanda verilmiş bağ sahəsinin ayrılması barədə hüququmüəyyənedici sənəd qüvvədədir, 35 (otuz beş) ildən çox istifadəsində olan müddətdə həmin bağ sahəsi barəsində olan hüquqmüəyyənedici sənəd hər hansı bir subyekt tərəfindən mübahisələndirilməmişdir.

b) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə iştirak edən iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verərək apellyasiya şikayətinin rədd edilməsini və verdiyi yeni iddia tələbi üzrə iddiasının təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edlmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməlidir.

23. Belə ki, iddiaçı tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, 7 ünvanında yerləşən ölçüsü 0,0590 ha təşkil edən torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.

24. Cavabdeh orqan isə, torpaq sahəsinə dair təqdim edilmiş order müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilmədiyini, idarənin arxivində mövcud olan texniki pasportun fərdi yaşayış evinə dair tərtib edildiyini, elektron kadastr məlumatına əsasən göstərilən ərazinin Qağayı (Çayka) sanatoriyasının ərazisində yerləşdiyini, həmçinin torpaq sahəsinin təqdim edilən sənəd üzrə 0.0660 ha qeyd edilsə də, faktiki sahə 0.0590 ha təşkil etdiyini bildirərək, imtina cavabı vermişdir.

25. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və həmin torpaq sahəsinin iddiaçının mərhum atasının mülkiyyətinə verilməsi barədə “xxxx” Dövlət Şirkətinin Tikinti Avtomobil Nəqliyyatı İcarə Törəmə Müəssisəsinin müdiriyyətinin və həmkarlar komitəsinin yığıncağının ## ######## 1997-ci il tarixli Birgə Qərarı və Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1997-ci ildə iddiaçının adına tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” mövcuddur.

26. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, * saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

27. Kollegiya qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması iş materiallarında olan (qərar, texniki pasportu) sənədlərlə təsdiq olunur. Həmçinin, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır.

28. Lakin, işin apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd olunan torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

29. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mərhum atasına verilmiş torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə əsasən hüququn mərhum X1 məxsus olması haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən arayışın verilməsi üçün hər hansı bir məhdudiyyət mövcud deyildir.

30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, 7 ünvanında yerləşən ölçüsü 0,0590 ha torpaq sahəsinin mərhum X1 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 5057-ci məhəllə, 10-cu sahə, 7 ünvanında yerləşən ölçüsü 0,0590 ha torpaq sahəsinin mərhum X1 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar