Məhkəmə qərarları › İş №2-1(3-6)-918/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-918/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-918/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, **/** saylı qərarın ləğv olunması, vəkilin hüquqi yardımından istifadə üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdeh Badamdar Bələdiyyəsindən alınıb ona verilməsi və Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 313-cü maddələri ilə cinayət əlamətləri olması ilə bağlı prokurorluğa məlumat verilməsinə dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədiyyə bildirişi və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, İddiaçı Səbail rayonu Badamdar Bələdiyyəsinin büdcəsinə yaranmış 821,27 manat torpaq və əmlak vergi borcunu ödəməkdən yayındığı üçün ##.##.2025-ci il tarixli, **/** saylı Qərar qəbul edərək icrası Səbail rayon Icra şöbəsinə həvalə edilmişdir. Belə ki, Badamdar Bələdiyyəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş, lakin ##.##.2025-ci il tarixdə şəxsin evinin qapısı qarşısına qoyulmuş «BVXO»nin rəhbəri X2» tərəfindən imzalanmış Tədiyə bildirişi, Seriya №**************-dən görünür ki, iddiaçının Badamdar Bələdiyyəsinə vergi borcu, faiz məbləği olmaqla ümumilikdə 1717,54 manat borcu vardır. Bu məsələ və digər hallarla bağlı Badamdar Bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla görə «Bakı şəhəri, Səbail rayonu, Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2021-ci il tarixli, **/*** saylı qərarın ləğv olunması barədə qərarın, Bakı şəhəri, Səbail rayonu, Badamdar Bələdiyyəsinin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 308 və 313-cü maddələri ilə cinayət əlamətləri olması ilə bağlı prokurorluğa məlumat verilməsinə dair xüsusi qərardad qəbul edilməsi» barədə iddia ərizəsi ilə 2021-ci il tarixdə Inzibati Məhkəməyə müraciət olunmuş, Badamdar Bələdiyyəsi məhkəmə qarşısında yol verdiyi qanunsuzluqları etiraf edərək «hesabladığı» borca tam aydınlıq gətirməyi öhdəsinə götürmüş, borcun məcburi qaydada ödənilməsinə dair qəbul etdiyi qərar tərəflərindən ləğv olunmuş, bu səbəbdən iddia geri götürülmüşdür. Bununla bağlı Bələdiyyənin rəhbər şəxsləri ilə görüş zamanı Bələdiyyənin fəaliyyətsizliyi, həmin vaxt 8 il ərzində Bələdiyyə tərəfindən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 42-ci küçədə hansısa işin (bir daşı üst-üstə qoyub-qoymaması, bir mismarı vurub-vurmaması) soruşulmuş, həmin ərazidə yüzlərlə sakinin yaşadığı halda zibil qutularının olmaması, asfaltın çəkilməməsi və sair nöqsanlar (hansı ki, bunlar bu gündə bələdiyyə tərəfindən yerinə yetirilməmişdir) nəzərlərinə çatdırılmış, bu nöqsanları şəxsən qəbul etmişlər. Iddiaçı həmin ünvanda yaşadığı 12 il müddətində Bələdiyyəyə 448,90 manat, eyni zamada 42-ci küçədə yaşayan digər sakinlər tərəfindən də müəyyən ödəmələr olduğu halda Bələdiyyə tərəfindən bu günədək həmin ərazidə heç olmasa 4 qəpiklik iş görülməyib. Əksinə iddiaçı tərəfindən öz vəsaiti hesabına 42-ci küçədə 2018 və 2024-cü illərdə 2850 kv.m. sahədə asfatlanma işləri görülmüş, küçədə səkilər qoyulmuş, 100-dək müxtəlif növ ağaclar əkilmiş, küçə işıqlandırılmış, yağış sularının həyətlərə axmasın deyə drenaj quraşdırılmış və s. işlər görülmüşdür. Təkcə asfalt işlərinə dair çəkilmiş xərc 67869,90 manat təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilməmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.V.Babayev) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı, yəni iddiaçıya məxsus 0.094 ha torpaq sahəsi və 590.7 kv.m. fərdi yaşayış evinin xüsusi mülkiyyət olması dövlət reyestrindən çıxarışla təsdiq olunmuş və xüsusi mülkiyyətçiyə əmlak vergi hesablaması aşağıdakı hüquqi mexanizm üzrə aparılır və vergitutma obyekti reyestr məlumatları əsasında müəyyən edilir. Vergi Məcəlləsində təsbit edilmiş müvafiq zona və kateqoriya üzrə baza dərəcəsi Bələdiyyələr tərəfindən qanunla müəyyən edilmiş hədlər daxilində təsdiq edilmiş dərəcə əsasında tətbiq edilir və hər ilin avqustun 1-dək hesablanmış məbləğ üzrə tədiyə bildirişi xüsusi mülkiyyətçinin ünvanına göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən vergi ödəyicisi müəyyən edilmiş müddətdə ödənişin ödəmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş günə cari vergi ödəməsi məbləğinin 0.1% məbləğində faiz tutulur. Borc ödənilmədikdə inzibati akt icraya yönəldilir. Bu mexanizm avtomatlaşdırılmış və qanunla əvvəlcədən müəyyən edilmiş sistemə əsaslanır. Burada kollegial müzakirə predmeti yoxdur. Vergi borcunun məbləği mübahisə predmeti kimi konkret hesablamaya əsaslanmalıdır və bu fakt iddiaçı tərəfindən riyazi və ya hüquqi əsaslarla təkzib edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin nümayəndəsi nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən tələb olunan sənədlər təqdim edilmişdir. X6 hüquqşünası rəhmətə getdiyindən məhkəmə proseslərində tərəf olaraq iştirak etməmişlər. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olarq bildirdi ki, “ ... Tədiyyə bildirişləri, qərarlar və hansı ünvanlara göndərilməsinə dair çıxarışlar və balansdan çıxarış - vergi ödəyicisinin hansı hissədə cəlb olunduğunu göstərən sənədlərdir. Şəxs əvvəllər də bələdiyyəni məhkəməyə vermişdir. Tədiyyə bildirişini ünvana çatdırmaq müfəttişin borcudur. Müfəttişi prokurorluğa vermişdir ki, qapıma niyə sənəd gətirirsən. Bu şəxs ümumiyyətlə tədiyyə bildirişi təqdim ediləndə etiraz edir və hətta ətrafındakı qonşulara da özünün etiraz etdiyini və bələdiyyə qərarının məhkəmə tərəfindən ləğv edildiyini bildirir. Şəxs 2022-ci ilin qərarını məhkəməyə verməklə ləğv etdirib. ... Sənədlərdə qeyd olunan 831,62 manat borc ##.##.2025-ci il tarixdə 3 illik olaraq hesablanılıb. Tədiyyə bildiriləri çıxarılandək sistemdə borcun üzərinə faizlər hesablanılır. ... Əvvəlki tədiyyə bildirişləri icra şöbəsinə göndərilib. ... Bildirişləri əvvəllər müfəttiş çatdırırdı, indi isə qanunla müəyyən edilmiş qaydada rəsmi olaraq ünvana göndərilir. Vətəndaş özü də təsdiqləyir ki, bildirişlər ona çatdırılmışdır. ... Bildirişlərin çatdırılmasına dair xəbərnamələr təqdim edilmiş sənədlərin arasında olmalıdır. ... Məhkəmə qərarından qeyd olunub ki, inzibati məhkəməyə birbaşa niyə müraciət olunub məhkəmə qərarı olmadan. Tədiyyə bildiriş il ərzində bir dəfə çıxarılır və o vətəndaşın ünvanına göndərilir. ... Protokol irihəcmlidir, ona görə ondan çıxarış təqdim edilir. Praktikada həmişə belə olub. ... Orqanda işçi qıtlığı var”. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş materiallarından görünür ki, mübahisənin predmeti Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, **/** nömrəli qərarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Həmin qərarla iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və əmlaka görə 821,27 manat məbləğində borcun Badamdar Bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi və qərarın icrasının Bakı şəhəri Səbail rayon Icra şöbəsinə həvalə olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin qərarı ləğv etmiş, sonradan ##.##.2026-cı il tarixli qərardadla qərarın nəticə hissəsində yol verilmiş aşkar yanlışlıq aradan qaldırılaraq ləğv edilən bələdiyyə qərarının tarixi “##.##.2025-ci il” kimi oxunmuş, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi göstərilmişdir. Cavabdeh apellyasiya şikayətində əsasən ona istinad etmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak və torpaq sahəsi mövcuddur, həmin əmlak və torpaq sahəsi vergitutma obyektidir, vergi borcu qanundan irəli gəlir, bu səbəbdən birinci instansiya məhkəməsi borcun maddi əsasını araşdırmadan formal prosessual səbəblərlə bələdiyyənin qərarını ləğv etmişdir. Lakin bu dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Belə ki, hazırkı mübahisədə iddiaçının ümumiyyətlə daşınmaz əmlak və torpaq sahəsinin mülkiyyətçisi olması deyil, məhz konkret inzibati aktın - ##.##.2025-ci il tarixli, **/** nömrəli qərarın qanuni, əsaslandırılmış və inzibati icraat qaydalarına uyğun qəbul edilib-edilməməsi yoxlanılır. Mülkiyyət hüququnun mövcudluğu avtomatik olaraq istənilən məbləğdə vergi borcunun mövcudluğu, həmin borcun düzgün hesablanması, ödəmə müddətinin çatması və məcburi icraya yönəldilməsi üçün zəruri prosedurların yerinə yetirilməsi anlamına gəlmir. Inzibati məhkəmə icraatında mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bu qayda inzibati orqan tərəfindən qəbul edilmiş aktın məhkəmə nəzarətindən formal şəkildə deyil, məhz onun faktiki və hüquqi əsaslarının mövcudluğu baxımından keçirilməsini tələb edir. Hazırkı işdə cavabdeh inzibati orqan 821,27 manat məbləğində borcun hansı illər üzrə, hansı vergi növü üzrə, hansı dərəcə ilə, hansı baza göstəricilərinə əsasən, hansı əsas borc və hansı faiz məbləğindən ibarət olduğunu aydın, ardıcıl və sənədlərlə təsdiq edilmiş şəkildə sübuta yetirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli sorğu ünvanlanaraq mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının təsdiq edilmiş surətləri tələb edilmişdir. Lakin iş materiallarından və məhkəmə qərarının məzmunundan görünür ki, cavabdeh həmin qərarın qəbulunu zəruri edən faktiki şərtləri təsdiq edən tam və yetərli sənədləri məhkəməyə təqdim etməmiş, hesablamanın qaydasını açıqlamamış, vergi borcunun konkret hansı dövrü əhatə etdiyini əsaslandırmamış və məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin apellyasiya şikayətində “vergitutma obyekti sübut olunmuşdur, vergi ödəyicisinin statusu sübut olunmuşdur, borc faktı mövcuddur” məzmunlu dəlili də əsaslı hesab edilə bilməz. Vergitutma obyektinin mövcudluğu ilə konkret vergi borcunun məbləğinin qanuni hesablanması müxtəlif hüquqi məsələlərdir. Vergitutma obyekti mövcud olsa belə, inzibati orqan borcun hesablanma qaydasını göstərməli, vergi ödəyicisinə qanunla müəyyən edilmiş qaydada tədiyyə bildirişi göndərməli, ödəmə müddətinin çatmasını və borcun vaxtında ödənilməməsini təsdiq etməli, faiz hesablanmışdırsa, onun başlanğıcını, müddətini və məbləğini ayrıca əsaslandırmalıdır. Bu tələblər formal xarakter daşımır, onlar vergi ödəyicisinin hansı məbləği, hansı əsasla və hansı müddətdə ödəməli olduğunu bilməsi, həmin hesablamaya səmərəli şəkildə etiraz edə bilməsi və inzibati aktın məhkəmə tərəfindən yoxlanıla bilməsi üçün zəruridir. Iş materiallarında olan tədiyyə bildirişləri də cavabdehin mövqeyini kifayət qədər təsdiq etmir. Əksinə, həmin sənədlərdə məbləğlərin müxtəlif tarixlərdə fərqli göstərilməsi, eyni seriya nömrəsi ilə ayrı-ayrı tarixli bildirişlərin tərtib edilməsi, əvvəlki dövrlər üzrə borcun və faiz məbləğinin hansı qaydada formalaşmasının aydın olmaması inzibati orqanın hesablamasının şəffaf və yoxlanıla bilən olmadığını göstərir. ##.##.2025-ci il tarixli tədiyyə bildirişində 2025-ci il üzrə əmlak vergisinin və torpaq vergisinin göstərilməsi, həmin məbləğlərin ödənilmə müddətinin isə gələcək tarixlər - ##.##.2025 və ##.##.2025 kimi qeyd edilməsi də əhəmiyyətlidir. Belə olan halda ##.##.2025-ci il tarixdə hələ ödəmə müddəti çatmamış cari il üzrə vergi məbləğinin artıq məcburi icraya yönəldilən borcun tərkibinə daxil edilməsi inzibati aktın əsaslandırılması baxımından ciddi sual yaradır. Cavabdeh bu uyğunsuzluğu aradan qaldıran hər hansı aydın hesab cədvəli və ya digər mötəbər sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətində Konstitusiya Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarına istinad etməsi də mübahisələndirilən aktın qanuniliyini təsdiq etmir. Həmin hüquqi mövqedən irəli gələn əsas nəticə ondan ibarətdir ki, inzibati orqan pul tələbinin icraya yönəldilməsi barədə qərarı yalnız öz səlahiyyətləri çərçivəsində və qanuna uyğun şəkildə qəbul edə bilər. Yəni icraya yönəltmə mexanizmi inzibati orqanı borcun mövcudluğunu, məbləğini, ödəmə müddətini, vergi ödəyicisinə bildirişlərin təqdim edilməsini və inzibati aktın qəbul qaydasını sübuta yetirmək vəzifəsindən azad etmir. Əksinə, inzibati akt məhkəmə qərarı olmadan icra sənədi kimi təqdim edildikdə, həmin aktın qanuniliyi, əsaslandırılması və prosedur tələblərə uyğunluğu daha ciddi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsinin Konstitusiyanın 143, 144 və 145-ci maddələrinə, eləcə də “Inzibati icraat haqqında” Qanunun kollegial inzibati orqanın iclası və protokoluna dair müddəalarına istinad etməsi də əsassız sayılmamalıdır. Apellyasiya şikayətində cavabdeh göstərir ki, hər bir konkret fiziki şəxsə hesablanmış vergi borcu barədə kollegial iclasın keçirilməsi tələb olunmur və bu, inzibati-texniki xarakterli fəaliyyətdir. Lakin hazırkı işdə söhbət yalnız daxili texniki hesablamadan və ya sadəcə tədiyyə bildirişinin tərtibindən getmir. Mübahisələndirilən sənəd “Qərar” adlanır, bələdiyyə adından qəbul edilib, şəxsin üzərinə 821,27 manat məbləğində pul öhdəliyi qoyur, onun məcburi ödənilməsini nəzərdə tutur və icra şöbəsinə yönəldilir. Belə akt ünvanlandığı şəxs üçün hüquqi nəticə yaradan fərdi inzibati aktdır. Bu səbəbdən onun qəbul edilməsinin qanuni prosedura uyğunluğu, aktı qəbul edən orqanın səlahiyyəti və qərar qəbul etmə formasının sübuta yetirilməsi zəruridir. Iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli, **/** nömrəli qərarda bələdiyyə iclasının keçirilməsi, iclasın vaxtı və yeri, iştirak edən üzvlər, səsvermənin nəticəsi, müzakirə predmeti və qərarın hansı protokol əsasında qəbul edilməsi barədə məlumat yoxdur. Qərarda hər hansı iclas protokoluna istinad da edilməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh nümayəndəsinin “protokol irihəcmlidir, ona görə çıxarış təqdim edilir, praktikada həmişə belə olub” məzmunlu izahı isə qanunun tələb etdiyi prosessual formanın əvəzini vermir. Əgər bələdiyyə kollegial inzibati orqan kimi qərar qəbul edirsə, həmin qərarın qəbul edildiyi iclas və protokol qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı, bu fakt iş materialları ilə təsdiq edilməlidir. Sədr tərəfindən təkbaşına tərtib edilmiş və ya yalnız sədr tərəfindən imzalanmış çıxarış tam protokolun mövcudluğunu və qərarın qanuni kollegial qaydada qəbul edildiyini sübuta yetirmək üçün yetərli sayıla bilməz. Cavabdehin “prosessual formalizm maddi hüquqdan üstün tutulmuşdur” dəlili də qəbul edilə bilməz. Inzibati hüquqda forma və prosedur öz-özlüyündə məqsəd deyil, şəxsin hüquqlarının müdafiəsinin, inzibati orqanın qanunla bağlılığının və məhkəmə nəzarətinin təminatıdır. Vergi öhdəliyi kimi şəxsin əmlak sahəsinə müdaxilə edən publik hüquq tədbirlərində inzibati orqan yalnız nəticənin maddi baxımdan mümkün olduğunu deyil, həmin nəticəyə qanuni prosedurla gəldiyini də sübut etməlidir. Hesablamanın qeyriaydın olması, bildirişlərin təqdim edilməsinin sübuta yetirilməməsi, borcun hansı dövr və hansı tərkib üzrə formalaşmasının göstərilməməsi, eləcə də qərarın kollegial qəbul qaydasına dair sənədlərin olmaması formal qüsur deyil, bunlar inzibati aktın qanuniliyinə birbaşa təsir edən mühüm hallardır. Cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində iştirak etməməsini bələdiyyənin hüquqşünasının vəfat etməsi ilə izah etməsi də apellyasiya şikayətinin təmin olunması üçün əsas yarada bilməz. Inzibati orqanın məhkəmə qarşısında sübut təqdim etmək vəzifəsi konkret işçinin şəxsiyyəti ilə bağlı deyil, həmin orqanın institusional vəzifəsidir. Cavabdeh hüquqşünasın olmaması səbəbindən işdə iştirak edə bilmədiyini iddia edirsə, bunu vaxtında məhkəməyə bildirmək, iclasın təxirə salınmasını xahiş etmək, başqa nümayəndə təyin etmək və tələb olunan sənədləri təqdim etmək imkanına malik idi. Bu imkanlardan istifadə edilməməsi inzibati aktın faktiki və hüquqi əsaslarının sübuta yetirilməməsinin nəticələrini iddiaçının üzərinə keçirmir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərəzli davranması barədə ifadələr də hüquqi əsaslandırma kimi qəbul edilə bilməz. Məhkəmə aktının qanuniliyi və əsaslılığı emosional və ümumi mülahizələrlə deyil, iş materiallarında olan sübutlar, tətbiq edilən maddi və prosessual hüquq normaları, habelə məhkəmənin gəldiyi nəticələrin həmin sübutlarla uyğunluğu baxımından qiymətləndirilir. Cavabdeh birinci instansiya məhkəməsinin hansı konkret sübutu araşdırmadığını, hansı hüquq normasını yanlış tətbiq etdiyini və həmin yanlışlığın işin nəticəsinə necə təsir etdiyini əsaslandıra bilməmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola biləcək hüquqi və faktiki arqumentlərə malik deyil. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyini əsaslı şəkildə qiymətləndirmiş, inzibati aktın qəbul qaydası və əsaslandırılması ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə həmin nəticələri təkzib etmir, yalnız ümumi vergi öhdəliyinin mövcudluğu barədə mülahizələrə və inzibati aktın qanuniliyini əvəz edə bilməyən formal istinadlara əsaslanır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar