Məhkəmə qərarları › İş №2-1(3-6)-928/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-928/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-928/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “istifadə edilməmiş məzuniyyət pullarının və maddi yardımın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasi Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində kompensasiyanın və 57.024 (əlli yeddi min iyirmi dörd) manat maddi ziyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı İddiaçı xeyrinə maddi ziyana görə 57.024 manat, mənəvi zərərə görə 66.000 manat, ümumilikdə 123.024 manat pul tutularaq ona verilmişdir. Qətnamədə götərilmişdir ki, “...Mülki işin materiallarında olan «xxxx» ASC tərəfindən ##.##.2023-cü il tarixində verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək 14656.62 AZN mədaxil olunmuş, 14656,72 AZN məxaric olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX Bakı İstintaq təcridxanasının ##.##.2022-ci il tarixli, *** saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsinin ##.##.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməklə ##.##.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasında həbsdən azad olunmuşdur. ... İddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus olan əmək haqqı kartı üzrə son ilin (aylar üzrə xüsusilə) çıxarışdan görünür ki, İddiaçı orta aylıq əmək haqqı məbləği 864 manat, ümumilikdə 57.024 manat (57.024 manat:66 ay=864 manat orta aylıq gəliri) manat təşkil etmişdir. Göründüyü kimi, o, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində isə 66 ay ərzində əmək haqqından məhrum olmuşdur. Məhkəmə bu halda hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 57.024 (864 manat x 66 ay = 57.024) manat məbləğində pul tutulmalıdır. ... Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı İddiaçı xeyrinə maddi ziyana görə 57.024 AZN (əlli yeddi min iyirmi dörd manat), mənəvi zərərə görə 66.000 (altmış altı) manat, ümumilikdə 123.024 AZN (bir yüz iyirmi üç min iyirmi dörd manat) pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.”

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2023-cü il tarixli, 3-23/2- ****/**** nömrəli məktubundan görünür ki, ## ###### 2023-cü il tarixli *(***)-****/**** nömrəli icra sənədinə uyğun olaraq 123.024 manat vəsaitin İddiaçı bank hesabına köçürülməsi ## ######## 2023-cü il tarixdə təmin edilmişdir.

3. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Maliyyə Nazirliyinin ##.##.2023-cü il tarixdə şöbəyə daxil olmuş, ##.##.2023-cü il tarixli məktubunda icra sənədi üzrə 123024 manat pul vəsaitinin İddiaçı bank hesabına köçürülməsi ##.##.2023-cü il tarixdə təmin edildiyi göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir.

4. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- ****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi ##.##.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş ##.##.2023-cü il tarixdə icra sənədinə "İcra Haqqında Azərbaycan Respublikası Qanunu”nun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir.

5. Cavabdeh N №-li hərbi hissənin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 ##.##.2017-ci ildən ##.##.2022-ci il tarixə kimi olan dövrdə 3066 manat maddi yardım, 3387,29 manat istifadə etmədiyi məzuniyyət günləri əvəzinə pul kompensasiyası ödənilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 2017-2022-ci illər üçün istifadə edilməmiş məzuniyyət pullarının, 13 və 14-cü maddi yardımların ona verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. O, 2004-2006-cı illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cavabdeh müvafiq hərbi hissəsində xidmət etmişdir. 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti adı “Tərtər işi” olan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı ## ### 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və digər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli Qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Barəsində həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. ## #### 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin # #### 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, R Kamran Əliyev İddiaçı və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının ## ##### 2019-cu il tarixli qərarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında ## ######## 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının ## ####### 2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin # #### 2018- ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının ## ##### 2018-ci il tarixli qəranna, Tərtər Hərbi Məhkəməsinin # #### 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında ## ######## 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının ## ####### 2018-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının ## ##### 2019-cu il tarixli qərarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin # #### 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının ## ##### 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 1# ###### 2022-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühim işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, R Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində ## ###### 2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Nəsimi rayon Məhkəməsinin ## #### 2023cü il tarixli qətnaməsi ilə ona vurulmuş maddi ziyana görə 57024 manat (aylıq 864 manat maaş 66 ay üçün hesablanıb) və mənəvi ziyana görə 66000 manat verilməsi qət edilib. Ancaq məhkəmə qətnaməsindən göründüyü kimi ona məzuniyyət pulları qətnamədə öz əksini tapmayıb. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) ## ##### 2024-cü il tarixində ərizə ilə müraciət etmiş və xahiş etmişdir ki, 2017-2022-ci il tarixləri üçün nəzərdə tutulmuş və istifadə edilməmiş məzuniyyətlərə görə ödənişləri və eyni zamanda 13 və 14-cü maddi yardımları ödənilsin.

8. Cavabdeh iddiaya yazılı münasibətində göstərmişdir ki, İddiaçı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə bağlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və sonuncunun ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilərək maddi ziyana görə 57.024, mənəvi ziyana görə 66000 manat ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur, (məlumatlar hazırkı işdə olan iddia ərizəsindən götürülmüşdür). Maddi ziyanın hesablanması çox guman ki, sənədlər, ekspertlərin rəyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində hesablanmış və həmin mülki iş üzrə iddiaçı olmuş İddiaçı həmin məbləğin hesablanması ilə bağlı iradı olmuşdursa öz prosessual hüquqlarından istifadə edərək müvafiq hərəkət edə bilərdi. O, isə həmin məbləğə dair etirazını bildirməmiş, ora daxil olan hesablaşmalar ilə razılaşmışdır. Artıq maddi zərər hesablanmışdır, məhkəmə aktı qüvvəsini almışdır və AR MPM- nin 82.3-cü maddəsinə görə iddiaçı üçün preyudisial xarakter daşıyır. Həmin maddəyə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində də mübahisələndirilmir və yenidən sübut edilmir. 2017-2022-ci illərdə İddiaçı hərbi xidmətdə olmadığından, məzuniyyət və 13- 14-cü maaşın (iddiaçı maddi vardım kimi göstərmişdir) ödənilməsini tələb edə bilməz. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hətta xidmət edən şəxslərə də həmişə 13-14-cü maaşın ödənilmir. Nöqsanlar olduqda, pozuntular və sair əsaslar olduqda ondan məhrum oluna bilirlər. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeçiliyində olan orqanlar deyil ki, sonuncu onların hərəkətlərinə görə öhdəlik daşısın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 1100-cu maddəsinə uyğun olaraq, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanlarının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhz bu səbəbdən “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq zərərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maliyyə siyasəti həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan səlahiyyətlərini həyata keçirtmədiyindən həmin vəzifə üzərinə qoyula bilməzdi.

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. İddiaçı bu qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2- *(***)-****/**** saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istifadə edilməmiş məzuniyyət pullarının və maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

12. İddiaçı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 6453.29 manat məbləğin kompensasiya və maddi yardım kimi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məzuniyyət hərbi qulluqçunun normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddətdir və hərbi xidmət keçən hərbi qulluqçuya istirahətinin təşkili məqsədilə verilir. Birdəfəlik maddi yardım isə hərbi xidmət keçən hərbi qulluqçuya əlavə təminat kimi, komandirin əmri əsasında təqdim edilir.

15. İşdən görünür ki, iddiaçı ##.##.2017- ##.##.2022-ci il tarixlərdə hərbi xidmətdə olmamış, barəsində seçilmiş həbs qətimkan tədbiri, daha sonra isə azadlıqdan məhrumetmə cəzası ilə bağlı müvafiq olaraq istintaq təcridxanası və cəzaçəkmə müəssisəsində olmuş, ##.##.2022-ci ildə cinayət işinə Cinayət Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.

16. İddiaçı “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən ziyanın ona ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə də Qanunun 5-ci maddəsində nəzərdə tutulan ziyanı hesablayaraq iddiaçıya ödənilməsini qət etmişdir, hansı ki, Qanunun tələbinə əsasən həmin ziyan həmçinin əmək haqqı ilə yanaşı başqa gəlirlərin, ocümlədən işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş bütün digər gəlirin kompensasiyasını da ehtiva etmişdir.

17. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya cəzanı çəkdiyi dövrdə əldə edilməmiş bütün gəlirlər hesablanmaqla kompensasiya ödənildiyindən, onun məhz həmin səbəbdən itirdiyi , istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya və birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı hazırkı tələbinin hüquqi əsası mövcud deyil və bu səbəbdən iddia təmin olunmamalıdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmiş hallar iddia tələbinin təmin edilməsi üçün kifayət etdiyi halda məhkəmə iddia rədd edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarında istinad edilmiş dəlillər əslində iddia tələbinin təmin edilməsi üçün şərh edilməli olduğu halda məhkəmə bunun əksini etmişdir. Belə ki, qərarda geniş istinad edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsindən və həmin qətnamənin icrası ilə əlaqəli sənədlərdən görünür ki, iddiaçı şərti adlandırılan “Tərtər işi” çərçivəsində qanunsuz və əsassız dindirməyə, ağır işgəncələrə məruz qalmış, eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və digər ağır maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində ittiham edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 66 aydan sonra bəraət alaraq ##.##.2022-ci il tarixdə azadlığa buraxılmışdır. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində qanunsuz və əsassız azadlığını ittirdiyi dövr maddi və mənəvi kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən madiziyana görə 57,024 (əlli yeddi min iyirmi dörd) manat pul vəsaiticavabdeh Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilmişdir. Burada qeyd edilən 57,024 manat pul vəsaitinin hesablanması qaydasına və hesablamanın əsaslandığı sənədə diqqət edilməlidir. Bakı İnzibati Məhkəməsinin qərarında da istnad edildiyi kimi bu məbləğ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən iddiaçının həbs edilənə qədərhəqiqi hərbi xidmətlə əlaqədar orta aylıq əmək haqqının iddiaçının qanunsuz və əsassız olaraq həbsdə qaldığımüddətə vurulmaqla hesablanmışdır. Orta aylıq əmək haqqı isə “xxxx” ASC tərəfindən iddiaçının xidmət etdiyi dövrdə aldığı əmək haqqının toplanıb on ikiyə bölünməsi yolu ilə 864 manat müəyyən edilmişdir. 864 manat 66 aya vurulmaqla iddiaçıya ödənilməli olan maddiziyana görə kompensasiya təyin edilmişdir (66*864=57,024). Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin təyin etdiyikompensasiya iddiaçının yalnız orta aylıq əmək haqqını nəzərə almaqla iddiaçının hazırkı iş üzrə tələb etdiyi birdəfəlik maddi yardım və istifadə etmədiyi məzuniyyət günləri əvəzi pul kompnesasiyası məbləğlərini əhatə etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində birdəfəlik maddi yardım və istifadə edilməyən məzuniyyət günlərinin sayı və məbləğinin hesablanması ilə bağlı heç bir qeyd yoxdur. Hazırkı iş üzrə isə Cavabdeh N nömrəli hərbi hissəsi (iddiaçı həbs edilənə qədər qeyd edilən hərbi hissədə xidmət etmişdir) tərəfindən müvafiq hesablama aparılmış və müvafiq maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Həmin sənəddən görünür ki, iddiaçıya verilməli olan maddi yardım hesablanaraq 3066,00 manat, istifadə edilməyən məzuniyyət günləri əvəzi pul kompnesasiyası isə 3887,29 manat, cəmi 6453,29 (altı min dörd yüz əlli üç manat iyirmi doqquz qəpik) manat təşkil edir. Məhz belə bir dəqiq hesablama və rəsmi maliyyə arayışı Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra iddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edilən dəqiq hesablanmış pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbuletməsini xahiş etmişdir. Faktiki cavabdeh inzibati orqanın tabeçiliyində olan hərbi hissənin maliyyə şöbəsinin tərtib etdiyi maliyyə arayışı iddinın təmin edilməsi üçün məhkəməyə kifayət etməli olduğu halda məhkəmə öz qərarında belə bir arayışın əldə edilməsi faktına istinad etsə də, onun qiymətləndirməsini aparmamışdır. Beləliklə, iddiaçının xeyrinə şərh edilməli olan faktiki halın və həmin halın mövcudluğuna dəlalət edən sənədin olmasına baxmayaraq məhkəmə qeyri-obyektiv mövqedən çıxış edərək qanunvericiliklə təsbit edilmiş qərəzsizlik prinsipini də pozmuşdur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -maddə 1 Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; ... Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. -maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. -maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.

24. “Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, 377- IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: -maddə 114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət; -maddə 121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

25. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ##.##.1992-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il ######ın #- də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir, o cümlədən: ...hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım;

26. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə əsasən: -maddə 193. Hərbi qulluqçulara mükafatın ödənilməsi hərbi hissə komandirinin əmri əsasında, komandirə (rəisə) isə -yuxarı komandirin (rəisin) əmri əsasında həyata keçirilir. Əmrdə mükafatın kimə və hansı məbləğdə ödənilməli olduğu, habelə mükafatın azaldılması və ya mərhum edilmə səbəbləri göstərilir. Göstərilən komandirlərin (rəislərin) əmrləri əsasında hərbi qulluqçulara təqvim ili ərzində əlavə pul mükafatlarının ödənilməsi həyata keçirilir. -maddə 203. Hərbi qulluqçulara (müddətli xidmətdən başqa) hər il aylıq vəzifə maaşı və hərbi rütbə maaşı həcmində maddi yardım edilir. -maddə 204. Maddi yardım Bu Əsasnamənin 193-cü maddəsində adları çəkilən komandirlərin (rəislərin) maddi yardımın məbləği göstərilən əmrləri əsasında, adətən onlar müəyyən edilmiş məzuniyyətə, müalicəyə, xidmət üzrə yerdəyişmələr zamanı həqiqi hərbi xidmətdən tərxis olunanda və başqa hallarda edilir. -maddə 205. Maddi yardımın məbləği müəyyənləşdirilərkən maddi yardımın edilməsi haqqında əmrin imzalandığı gün hərbi qulluqçuların aldığı maaşlar nəzərə alınır. Bu zaman vəzifə maaşları artımlar, əlavələr və əlavə ödəmələr nəzərə alınmadan qəbul edilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Daha sonra məhkəmə Kollegiyası 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, istinad olunan normalardan görünür ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya və birdəfəlik maddi yardım şəxsin hərbi xidmət keçdiyi dövrlərə münasibətdə verilir.

32. Belə ki, məzuniyyət hərbi qulluqçunun normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddətdir və hərbi xidmət keçən hərbi qulluqçuya istirahətinin təşkili məqsədilə verilir.

33. Birdəfəlik maddi yardım isə hərbi xidmət keçən hərbi qulluqçuya əlavə təminat kimi, komandirin əmri əsasında təqdim edilir.

34. İşdən görünür ki, iddiaçı ##.##.2017- ##.##.2022-ci il tarixlərdə hərbi xidmətdə olmamış, barəsində seçilmiş həbs qətimkan tədbiri, daha sonra isə azadlıqdan məhrumetmə cəzası ilə bağlı müvafiq olaraq istintaq təcridxanası və cəzaçəkmə müəssisəsində olmuş, ##.##.2022-ci ildə cinayət işinə Cinayət Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.

35. İşdən görünür ki, İddiaçı “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən ziyanın ona ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə də Qanunun 5-ci maddəsində nəzərdə tutulan ziyanı hesablayaraq iddiaçıya ödənilməsini qət etmişdir, hansı ki, Qanunun tələbinə əsasən həmin ziyan həmçinin əmək haqqı ilə yanaşı başqa gəlirlərin, o cümlədən işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş bütün digər gəlirin kompensasiyasını da ehtiva etmişdir.

36. Göstərilənləri nəzərə alan məhkəmə Kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddiaçıya cəzanı çəkdiyi dövrdə əldə edilməmiş bütün gəlirlər hesablanmaqla kompensasiya ödənildiyindən, onun məhz həmin səbəbdən itirdiyi, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya və birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı hazırkı tələbinin hüquqi əsası mövcud deyil və bu səbəbdən iddia təmin olunmamalıdır

37. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

38. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası əlavə onu da qeyd edir ki, iddiaçı hazırkı iş üzrə Cavabdeh N nömrəli hərbi hissəsi (iddiaçı həbs edilənə qədər qeyd edilən hərbi hissədə xidmət etmişdir) tərəfindən təqdim olunmuş müvafiq maliyyə arayışına istinad etsə də, bu arayış vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, tətbiq olunan normalara əsasən istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya və birdəfəlik maddi yardım şəxsin hərbi xidmət keçdiyi dövrlərə münasibətdə verilir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar