Məhkəmə qərarları › İş №2-1(3-6)-944/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-944/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-944/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ##.##.2019-cu il tarixdən prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə təyin olunmuş əmək pensiyasının ##.##.2024-cü ilədək olan dövr üzrə son 3 il müddətinə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ##.##.2019-cu il tarixdən prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə təyin olunmuş əmək pensiyasının ##.##.2024-cü ilədək olan dövr üzrə son 3 il müddətinə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ######## 1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlamış və ## ###### 2010-cu ilə qədər fasiləsiz olaraq müxtəlif vəzifələrdə - Azərbaycan Respublikası Nəqliyyat prokurorluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun şöbə və idarə prokuroru vəzifələrində qulluq keçmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ####### 2010-cu il tarixli, **** saylı Sərəncamına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunmuş və ##.##.2011-ci ildən fəaliyyətə başlamaqla hakim səlahiyyətinin son yaş həddinə qədər, yəni ## ######## 2024-cü ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluq orqanlarında 17 il 6 aydan artıq, yəni 18 il 3 ay qulluq etdiyi üçün 60 yaşına çatdığı vaxtdan - ## ### 2019- cu ildən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə” haqqında Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan normalarının əlaqəli təhlilindən görünür ki, mübahisəsiz qaydada ## ### 2019-cu ildə prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Buna əsasən də prokurorluq orqanlarında xidmətin yuxarı yaş həddinə çatmağından sonrakı dövr üçün 3 illik pensiyasının hesablanıb verilməsi barədə cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh özünün ## ####### 2025-ci il tarixli cavab məktubu ilə xahişini təmin etməkdən imtina etmişdir. Həmin cavab məktubunda bildirilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ## ######## 2025-ci il və # ####### 2025-ci il tarixlərində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə # ### 2024-cü il tarixindən hesablanmaqla # ###### 2024cü il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilib. Daha sonra hakim vəzifəsindən azad olunmağınızla əlaqədar prokurorluq orqanlarının əməkdaşı kimi ödənilən yaşa görə əmək pensiyanız # ######## 2024-cü tarixindən tam məbləğdə müəyyən edilib. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar # ###### 2025-ci il tarixindən pensiyanız 2384,58 manat məbləğində müəyyən edilərək sizə ödənilib. Eyni zamanda bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarına əsasən prokurorluq orqanlarının əməkdaşı kimi ödənilən yaşa görə əmək pensiyanız # ####### 2025-ci il tarixində sabiq hakim kimi yenidən hesablanaraq 2384,58 manatdan 6428,25 manata artırılıb. Həmçinin sizə ##.##.2024- ##.##.2025-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 51106,37 manat fərq məbləği hesablanıb. Həmin vəsait cari aydan etibarən hissə-hissə (hər ay 3931,26 manat) əmək pensiyanızın (6428,25 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülür”. Göründüyü kimi, ona # ### 2024-cü il tarixindən hesablanmaqla # ###### 2024-cü il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilib. Daha sonra hakim vəzifəsindən azad olunması ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşı kimi ödənilən yaşa görə əmək pensiyası # ######## 2024-cü il tarixindən tam məbləğdə müəyyən edilib. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar # ###### 2025-ci il tarixindən pensiyası 2384,58 manat məbləğində müəyyən edilərək ödənilib. Bu əsasa görə də onun prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə pensiya haqqının olması cavabdeh tərəfindən etiraf edilərək, rəsmiləşdirilmişdir. Belə olduğu təqdirdə həmin cavab məktubunda, “ ... həmçinin əlavə olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, prokurorluq orqanlarında qulluğunuza yaşa görə xitam verilmədiyindən sizə müraciətinizdə göstərdiyiniz qaydada 60 yaşınızın tamamlandığı tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil” bildirilməsi tamamilə qanunsuz və əsassızdır. Əks təqdirdə sual olunur: cavabdeh # ###### 2024-cü il tarixində ona prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə pensiya təyin edərkən, # ######## 2024-cü il tarixindən pensiyanı tam məbləğdə müəyyən edərkən və pensiyanın indeksləşdirilməsi ilə əlaqədar # ###### 2025-ci il tarixindən pensiya 2384,58 manat məbləğində müəyyən edilərək ödənilərkən cavabdeh yuxarıda qeyd etdiyi qanunun tələblərini nəzərə almamışdırmı? Bundan əlavə, cavabdehin məktubunun özündə bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanır. Müraciətində göstərdiyi müddət guya Mərkəzi Filiala müraciət edilən tarixdən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Bu səbəbdən də müraciətində göstərilən dövr üzrə əmək pensiyasının yenidən hesablanması da qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bu tamamilə səhv mövqedir. Çünki o, öz müraciətində məhz son üç ilə hesablanaraq pensiyasının verilməsini xahiş etmişdir. Cavabdehin məktubunda göstərilən Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə təmin edilməyən və həmin qərardan verdiyi apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə təmin olunmaması ilə bağlı olan inzibati iş, onun hakim vəzifəsində işlədiyi illərin prokurorluq orqanlarındakı qulluq illərinə birləşdirilərək prokurorluq orqanlarının əməkdaşı kimi əmək haqqının 80 faizi miqdarında tam əmək pensiyasının təyinatı ilə bağlıdır. Lakin hazırkı, sonuncu müraciəti isə cavabdeh tərəfindən artıq təyin olunmuş və ödənilən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının 60 yaşının tamam olduğu gündən, yəni # ### 2019-cu il tarixdən sonrakı ##.##.2024-cü ilədək olan dövr üzrə son 3 ilə düşən pensiyanın hesablanaraq verilməsi barədədir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı daha əvvəl “məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq, iddiaçıya ##.##.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2019-cu ildən ##.##.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qərarında qeyd olunmuşdur ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçıya ##.##.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı yaşa görə əmək pensiyası təyin edilməsi üçün o həmin tarixə prokurorluq orqanlarında azı 35 il qulluq etmiş olmalı idi, lakin iddiaçının prokurorluq orqanlarında qulluq müddəti 18 il 3 ay 3 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.2-ci maddəsi isə iddiaçıya şamil olunmur. Belə ki, onun prokurorluq orqanlarında yaşa görə qulluğuna xitam verilməmişdir. Iddiaçının prokurorluq orqanlarında qulluğuna xitam verilməsi prokurorluq orqanlarında qulluq keçmənin son yaş həddinə çatması ilə bağlı deyil, hakim təyin edilməsi ilə əlaqədar olmuşdur, bu səbəbdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.2-ci maddəsinə əsasən, iddiaçının 60 yaşdan prokurorluq əməkdaşı kimi pensiya almaq hüququ yaranmamışdır. Iddiaçı Bakı Inzibati Məhkəməsinin müvafiq qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Iddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Iddiaçı iddia ərizəsində Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasında baxılmasının bu müraciətinə və hazırkı iddia ərizəsinə heç bir aidiyyəti olmadığını bildirsə də, iddiaçının əvvəlki və hazırkı iddia tələbləri eynilik təşkil etməklə hazırkı tələbdə iddia ərizəsinin yalnız texniki tərtibatı dəyişdirilmiş, iddiaçının hüquqi marağı və işin faktiki halları dəyişməmiş, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə eynidir və həmin iddia tələbinə dair hazırda məhkəmə araşdırması davam edir. Belə ki, mahiyyət etibarilə hər iki tələb üzrə iddiaçı İddiaçı 60 yaşının tamam olduğu # ### 2019-cu il tarixindən prokurorluq işçisi kimi yaşa görə pensiya hüququnun yarandığını, həmin tarixdən pensiya təyin edilərək # ### 2024-cü il tarixinədək ödənilməli olduğunu iddia edir. Iddiaçının cavabdeh inzibati orqana müraciətləri də eyni məzmunlu olmaqla, hazırda Ali Məhkəmənin icraatında olan iş üzrə araşdırılan cavabdeh orqanın imtina əsası da indiki imtina əsası ilə eynilik təşkil edir. Inzibati Prosessual Məcəllənin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. ... Işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə (B.M.Cəlalov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının çatmaq istədiyi hüquqi maraq ##.##.2019-cu il tarixdən prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə təyin olunmuş əmək pensiyasının ##.##.2024-cü ilədək olan dövr üzrə son 3 il müddətinə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə yönəlmişdir. Məhkəmə öz qərardadında qeyd edir ki, iddiaçı hazırkı iddia tələbindən əvvəl “##.##.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı (26 il 7 ay iş stajı nəzərə alınmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2019-cu ildən ##.##.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, eyni zamanda iddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, şikayət təmin edilməmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmur, ona görə ki, iddiaçının Bakı Inzibati Məhkəməsinin icraatında olmuş *-*(***)-****/**** saylı inzibati iş üzrə iddia tələbi "##.##.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı (26 il 7 ay iş staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2019cu ildən ##.##.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə deyil, hakimlik fəaliyyətinin bir hissəsinin prokurorluq stajı ilə birləşdirilərək, iddiaçıya prokurorluq orqanlarında xidmətə görə qanunla müəyyən olunmuş əmək haqqının 80 faizi miqdarında pensiya təyin olunması barədə olmuşdur. Hazırkı inzibati iş üzrə isə iddia tələbi 2024-cü ildə artıq iddiaçıya təyin olunmuş 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyasının ##.##.2019-cu il tarixdən prokurorluq orqanlarında qulluqla bağlı yuxarı yaşa çatmağına görə əmək pensiyasının ##.##.2024-cü ilədək olan dövr üzrə son 3 il müddətinə hesablanaraq ödənilməsi barədə olmuşdur. Lakin məhkəmə iddia tələbləri üzrə hüquqi marağının fərqli olmasını nəzərə almayaraq, əsassız olaraq iddia ərizəsini mümkün saymamışdır. Məhkəmə öz qərardadında səhvən qeyd etmişdir ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aktları mövcuddur. Məhkəmənin bu qənaəti ilə də razılaşmaq olmaz. Ona görə ki, doğrudur, həmin mübahisələr eyni tərəflər arasında baş vermişdir. Lakin mübahisələrin predmetləri və əsasları müxtəlif olmuşdur. Çünki birinci iddia tələbində əgər hakimlik stajının bir hissəsinin prokurorluq orqanlarındakı stajına birləşdirilərək əmək pensiyasının təyin olunmasını xahiş edirdisə, digər iddia tələbində artıq iddiaçıya təyin olunmuş prokurorluq pensiyasının eyni məbləğdə olmaqla son 3 il üçün hesablanıb verilməsini xahiş etmişdir. Hazırkı iddia tələbində iddiaçının hüquqi marağı artıq, hakimlik stajının birləşdirilməsi deyil, qanunla müəyyən olunmuş qaydada 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası almaq hüququna əsaslanaraq və razılaşaraq, həmin məbləğdən çıxış etməklə son 3 ilə düşən pensiyasının hesablanması təşkil edir. Lakin məhkəmə isə bunu nəzərə almamışdır. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasının 5.9-cu bəndinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, Qanunun 32-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə öz qərardadında da qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasında baxılmasının bu müraciətinə və hazırkı iddia ərizəsinə heç bir aidiyyəti olmadığını bildirsə də, iddiaçının əvvəlki və hazırkı iddia tələbləri eynilik təşkil etməklə hazırkı tələbdə, iddiaçının hüquqi marağı və işin faktiki halları dəyişməmiş, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə eyni olmuşdur. Məhkəmə bu halda da səhv mövqedən çıxış edir. Çünki yuxarıda da qeyd etdiyi kimi birinci iddia tələbində əgər hakimlik stajının bir hissəsinin prokurorluq orqanlarındakı stajına birləşdirilərək əmək pensiyasının təyin olunmasını xahiş etmişdirsə, hazırkı iddia tələbində artıq iddiaçıya təyin olunmuş prokurorluq pensiyasının eyni məbləğdə olmaqla son 3 il üçün hesablanıb verilməsi iddiaçının qanuni marağını təşkil edir. Bu halda da əvvəlki tələbi üzrə qəbul olunmuş məhkəmə qərarları, hazırkı iddia tələbi üzrə heç bir preyudisial əhəmiyyətə malik deyildir. Məhkəmə nəzərə almamışdır ki, ilkin olaraq iddiaçıya ##.##.2024-cü il tarixdə ümumi əsaslarla təyin olunmuş pensiya sonradan cavabdeh yol verdiyi səhvini düzəldərək iddiaçıya 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyasını təyin etmişdir və hətta sonradan pensiyasının məbləğini bir daha dəqiqləşdirmişdir. Əgər qanunla iddiaçıya prokurorluq orqanlarında xidmətinə görə əmək pensiyası düşmürdüsə, onda nə üçün bu növ əmək pensiyasını cavabdeh iddiaçıya təyin etmişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdeh iddiaçıya 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyasını təyin edərkən də, həmin vaxtı əvvəlki 3 ilə düşən pensiya məbləğini də hesablayıb verməli idi. Lakin cavabdeh bunu etməmişdir. Hazırkı iddia tələbi də buradan yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Iş materiallarının, birinci instansiya məhkəməsinin qərardadının, apellyasiya şikayətinin dəlillərinin, cavabdehin etirazlarının, tərəflərin verdikləri izahatların, habelə mübahisə ilə bağlı əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qarşılıqlı əlaqədə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdehdən ##.##.2019-cu il tarixdən prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə əmək pensiyası almaq hüququnun mövcudluğunu əsas götürərək, ##.##.2024-cü ilədək olan dövrün son üç ili üçün pensiyanın hesablanaraq ödənilməsini tələb edir. Apellyasiya şikayətinin əsas məzmunu ondan ibarətdir ki, iddiaçının qənaətinə görə, hazırkı tələb əvvəllər məhkəmədə baxılmış tələbdən fərqlənir: əvvəlki mübahisədə hakim işlədiyi müddətin prokurorluq orqanlarındakı qulluq stajına daxil edilməsi və bunun nəticəsi kimi ##.##.2019-cu ildən pensiya təyin edilməsi tələb olunduğu halda, hazırda artıq təyin edilmiş pensiyanın əvvəlki dövrə aid son üç il üzrə ödənilməsi tələb edilir. Lakin iddia tələblərinin eyniliyinin müəyyən edilməsi zamanı onların yalnız redaksiya baxımından necə ifadə olunması deyil, tələb edilən hüquqi nəticə, həmin nəticənin söykəndiyi maddi hüquq münasibəti, tələbə əsas verən faktlar və iddiaçının məhkəmə müdafiəsi vasitəsilə nail olmaq istədiyi son məqsəd birlikdə nəzərə alınmalıdır. Başqa sözlə, əvvəlki iddia ərizəsinin mətnindən müəyyən ifadələrin çıxarılması, tələb olunan dövrün qısaldılması və ya artıq mübahisələndirilmiş maddi hüququn nəticələrindən yalnız bir qisminin ayrıca tələb şəklində təqdim edilməsi özlüyündə yeni mübahisə yaratmır. Inzibati Prosessual Məcəllənin 78-ci maddəsi mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini təsbit edir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının müddəalarında da bu qayda konkretləşdirilərək göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əhatə olunan mübahisə yenidən məhkəməyə çıxarıldıqda iddia mümkün sayılmamalıdır. Plenum, həmçinin mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsinin iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermədiyini xüsusi vurğulamışdır. Hazırkı işdə məhz belə prosessual vəziyyət mövcuddur. Iş materiallarından müəyyən olunur ki, iddiaçı bundan əvvəl hakim vəzifəsində işlədiyi müddətin prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi, ##.##.2019-cu il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2019- ##.##.2024-cü il tarixləri arasındakı dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə birinci instansiya məhkəməsinin mövqeyi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə də iddiaçının kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, əvvəlki mübahisə üzrə istifadə oluna bilən adi hüquqi müdafiə vasitələri tükənmiş, iddiaçının ##.##.2019-cu il tarixdə prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmaması məsələsinə dair məhkəmə mövqeyi qanuni qüvvə almışdır. Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki əvvəlki iş üzrə məhkəmələr yalnız hakimlik stajının prokurorluq stajına daxil edilməsi barədə abstrakt bir məsələni deyil, məhz həmin hesablamanın nəticəsi kimi iddiaçının ##.##.2019-cu ildən prokurorluq işçisi kimi pensiya almaq hüququnun olub-olmamasını və buna görə 2019-2024-cü illər üzrə ödəniş tələb edə bilib-bilməməsini həll etmişlər. Hazırkı iddia ilə tələb olunan son üçillik dövr isə əvvəlki iddiada tələb edilmiş ##.##.2019-##.##.2024-cü il dövrünün daxilindədir. Cavabdehin apellyasiya baxışı zamanı haqlı olaraq göstərdiyi kimi, əvvəlki tələbin bəzi elementlərinin hazırkı iddia mətnindən çıxarılması onun maddi-hüquqi mahiyyətini dəyişdirmir; hazırkı tələb əvvəlki tələbin daha dar həcmdə ifadə edilmiş hissəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Kərimov və qeyrilərinin şikayəti üzrə ## ### 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe də bu yanaşmanı tələb edir. Konstitusiya Məhkəməsi göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı mübahisələndirilən maddi hüququn və ya həmin hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti müəyyənləşdirir; belə aktın preyudisial təsiri onunla müəyyən edilmiş faktların və hüquq münasibətlərinin tərəflər tərəfindən yenidən mübahisələndirilməsini, məhkəmə tərəfindən isə başqa prosesdə təkrar araşdırılmasını istisna edir. Eyni qərarda iddianın obyektinin - iddiaçının əldə etmək istədiyi konkret maddi nemətin - iddianın predmetinə daxil olduğu və onun formal şəkildə ayrıca təqdim edilməsinin müstəqil əhəmiyyət daşımadığı da vurğulanmışdır. Bu hüquqi mövqelər hazırkı işə tətbiq edildikdə görünür ki, iddiaçının əvvəlki prosesdə nail olmaq istədiyi maddi nəticə ilə hazırkı prosesdə əldə etməyə çalışdığı nəticə arasında keyfiyyət baxımından fərq yoxdur. Hər iki halda ödəniş tələbinin zəruri ilkin şərti eynidir: iddiaçının 60 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdə prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası almaq hüququnun mövcud olması. Bu ilkin maddi-hüquqi məsələ isə əvvəlki işdə iddiaçının əleyhinə qəti həll edilmişdir. Ona görə də əvvəlki iddiada bütün ##.##.2019-##.##.2024-cü il dövrünün, hazırkı iddiada isə həmin dövrün yalnız son üç ilinin tələb edilməsi mübahisənin hüquqi mahiyyətini dəyişmir. Əks yanaşma qəbul edilərsə, qanuni qüvvəyə minmiş qərarın təsiri iddia tələbinin məbləğini və ya dövrünü hissələrə bölməklə asanlıqla aradan qaldırıla bilər ki, bu da Inzibati Prosessual Məcəllənin 78-ci maddəsinin məqsədini və res judicata prinsipini faktiki olaraq mənasızlaşdırardı. Iddiaçının “hazırda pensiya artıq təyin edilmişdir, əvvəlki işdə isə pensiya hüququnun yaranması tələb olunurdu” dəlili də iş materialları ilə təsdiqlənmir. Inzibati orqanın sənədlərindən görünür ki, iddiaçıya prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası ## ###### 2024-cü ildə ##.##.2024-cü il tarixdən hesablanmaqla təyin edilmişdir. Pensiyanın ##.##.2019-cu il tarixdən təyin edilməsi barədə inzibati akt mövcud deyil. Əksinə, ilkin hesablamada onun prokurorluq orqanlarındakı 18 il 3 aylıq qulluq müddəti nəzərə alınmış və pensiyanın başlanğıc tarixi ##.##.2024-cü il müəyyən edilmişdir. Buna görə də hazırkı tələbin “artıq 2019-cu ildən təyin edilmiş pensiyanın ödənilməmiş hissəsinin alınması” kimi təqdim edilməsi onun hüquqi və faktiki əsasını düzgün əks etdirmir. Işdə olan sonrakı sənədlər də bu nəticəni dəyişmir. Bakı Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının icrası ilə əlaqədar iddiaçının pensiyası sonradan sabiq hakim kimi yenidən hesablanmış, ##.##.2024-cü il tarixdən 5946,58 manat, ##.##.2025-ci il tarixdən isə indeksləşmə nəzərə alınmaqla 6428,25 manat müəyyən edilmiş və ##.##.2024-##.##.2025-ci il dövrü üzrə yaranmış fərq hesablanmışdır. Bu yenidən hesablama hüquqi təbiətinə və əhatə etdiyi dövrə görə ##.##.2019-cu ildə prokurorluq işçisi kimi pensiya hüququnun mövcudluğu barədə əvvəllər həll edilmiş məsələdən fərqlidir. Sabiq hakim kimi pensiyanın ##.##.2024-cü ildən yenidən hesablanması 2019-cu ildə prokurorluq işçisi kimi pensiya hüququnun yaranmasını təsdiq edən yeni hüquqi fakt hesab edilə bilməz və qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarının nəticəsini geriyə qüvvə ilə dəyişdirmir. Iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edərək yalnız son üç il üçün ödəniş tələb etməsi də yeni maddi-hüquqi əsas yaratmır. Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının onu almaq hüququ yarandığı gündən, müraciət tarixindən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin olunmasını, 37.7ci maddəsi isə keçmiş müddət üçün alınmamış pensiyanın həmin şərt nəzərə alınmaqla ödənilməsini müəyyən edir. Bu normalar pensiya hüququnun yaranması üçün müstəqil maddi şərtlər müəyyən etmir, onlar artıq mövcud olan pensiya hüququ üzrə geriyə ödənişin zaman həddini tənzimləyir. Başqa sözlə, üçillik qayda əvvəlcə mövcud olmayan pensiya hüququnu yaratmır. Buna görə 2019-cu ildə pensiya hüququnun mövcud olmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyi halda, sonradan tələb olunan ödəniş dövrünün üç illə məhdudlaşdırılması həmin hüququ yenidən mübahisələndirmək imkanı vermir. Apellyasiya şikayətində əvvəlki və hazırkı iddiaların əsaslarının fərqli olduğu barədə irəli sürülən dəlil də qəbul edilə bilməz. Iddianın əsası yalnız iddia ərizəsində istinad edilən maddələrin nömrəsindən ibarət deyil. Onu iddiaçının tələb etdiyi hüquqi nəticəni doğurduğunu düşündüyü faktların məcmusu təşkil edir. Hər iki işdə həmin faktlar eynidir: iddiaçının ##.##.1959-cu ildə doğulması, ##.##.1992-ci ildən prokurorluq orqanlarında qulluq etməsi, 2010-cu ilin sonunda hakim təyin olunması ilə prokurorluqdakı qulluğuna xitam verilməsi, ##.##.2019-cu ildə 60 yaşının tamam olması və həmin tarixdən prokurorluq işçisi kimi pensiya almaq hüququnun yarandığının iddia edilməsi. Baş Prokurorluğun təqdim etdiyi məlumat da iddiaçının prokurorluq orqanlarından yaşa görə deyil, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi ilə əlaqədar azad edildiyini təsdiq edir. Deməli, hazırkı iddiada əvvəlki mübahisənin nəticəsinə təsir edə biləcək yeni tarixi fakt mövcud deyil. Beləliklə, hazırkı və əvvəlki məhkəmə icraatlarında tərəflərin eyni olması ilə yanaşı, maddi hüquq münasibətinin, iddiaçının qorunmasını tələb etdiyi hüquqi marağın, tələbin əsasını təşkil edən həlledici faktların və əldə edilmək istənilən nəticənin də eyni olduğu müəyyən edilir. Hazırkı iddianın ödəniş dövrü baxımından əvvəlki tələbdən daha dar formalaşdırılması bu eyniliyi aradan qaldırmır. Əksinə, hazırkı tələb əvvəlki işdə mahiyyəti üzrə rədd edilmiş daha geniş tələbin tərkib hissəsini təşkil edir. Məhz bu səbəbdən birinci instansiya məhkəməsinin mübahisənin mahiyyəti üzrə təkrar araşdırmaya keçməyərək iddianı mümkün saymaması prosessual qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarilə, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və əvvəlki məhkəmə icraatının nəticələrini düzgün müəyyən etmiş, Inzibati Prosessual Məcəllənin 78-ci maddəsindən, iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqelərindən və hüquqi müəyyənlik prinsipindən düzgün nəticə çıxarmışdır. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər həmin nəticəni şübhə altına alan, qərardadın ləğvinə səbəb ola biləcək maddi və ya prosessual hüquq pozuntusunun mövcudluğunu təsdiq etmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar