Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-95/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin fasiləsiz olaraq Nizami RİH-də davam etdirilməsi barədə sərəncamın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Açar sözlər: (mənzil növbəsinə götürülmə) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin fasiləsiz olaraq Nizami RİH-də davam etdirilməsi barədə sərəncamın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Salyan rayon İcra Hakimiyyəti başçısının ##.##.2011-ci il tarixli, ***-s saylı sərəncamından çıxarışdan müəyyən olunur ki, Salyan rayon İcra Hakimiyyəti başçısı yanında mənzil-məişət komissiyasının ##.##.2011-ci il tarixli iclasının * saylı protokolu barədə Salyan rayon Yeni Uluxanlı kənd sakini, şəhid ailəsi İddiaçı rayon icra hakimiyyətində yaşayış yeri üzrə “İ növbədə” mənzil almaq hüququ olanların siyahısında mənzil növbəsinə qəbul edilmişdir. İddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilmək barədə müraciətinə cavabdeh inzibati orqanın ##.##.2025-ci il tarixli, 516/2-N-2-***/**** №-li cavab məktubunda göstərilmişdir ki, iddiaçı əvvəl Salyan rayonunun Yeni-Uluxanlı kəndində qeydiyyatda olmuş, məhkəmə qərarı ilə ##.##.2024-cü il tarixdə öz yaşayış yerini dəyişərək Bakı şəhərində daimi qeydiyyata alınmışdır. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə etdiyindən iddaçının xahişinin yerinə yetirilməsi imkan xaricindədir. Nizami RİH tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli 516/2-N-28- ***/**** №-li məktubda göstərilmişdir ki, yaşayış yerini dəyişməyilə əlaqədar mənzil uçotunun Nizami RİH-də baxılmışdır. Müəyyən edilmişdir ki, o, ##.##.2024-cü ilə qədər Salyan rayonunun Yeni- Uluxanlı kəndində qeydiyyatda olmuş və salyan RİH başçısının ##.##.2011-ci il tarixli 138-s №-li sərəncamından çıxarışa əsasən şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilmişdir. Mənzil Məcəlləsinin 55.1.3. maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılırlar və həmin vətəndaşların mənzil növbəliyinin Bakı şəhərinin hər hansı bir rayonuna köçürülməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Nizami RİH-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, 516/2-N-2-***/**** №-li məktubunun qanunsuz hesab edilməsi və Salyan rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin fasiləsiz olaraq Nizami RİH-də davam etidirilməsi barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin üzərinə Salyan RİH-də olan növbəsinin fasiləsiz olaraq, Bakı şəhəri Nizami RİH-də davam etdirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci ildə cavabdehə müraciət edərək, Birinci Qarabağ müharibəsində ölmüş X1 arvadı kimi şəhid ailəsi qismində mənzil növbəsinə götürülməsi barədə sərəncam qəbul edilməsini xahiş etmişdir. Birinci Qarabağ müharibəsində əri zabit X1 döyüş əməliyyatlarında ölmüşdür. 1994-cü ildən hərbi şəhərcikdə uşaqları ilə yaşaması qeyri mümkün olduğundan Salyan rayonunda qohumlarının yanında yaşamışdır. Şəhid ailəsi kimi Salyan rayon İcra Hakimiyyəti başçısının ##.##.2011-ci il tarixli, 138-s №- li sərəncamı ilə şəhid ailəsi olaraq 1-ci növbədə mənzil almaq hüququ olanların siyahısında mənzil növbəsinə götürülmüşdür. 2004-cü ildən Bakı şəhərində müxtəlif ünvanlarda yaşayaraq sonradan 2011-ci ildən Şərur MTK-da qeyri-rəsmi, 2019-cu ildən rəsmi formada Şərur MTK-da xadiməçi kimi çalışır. Faktiki olaraq 20 ilə yaxın Bakı şəhərində kirayələrdə yaşayır. 2000-ci illərdən Salyan rayonunda ev tikintisi vədilə icra nümayəndəliyi sənədlərini qəbul etmiş lakin 2024-cü ilə qədər hər hansı tikinti təqdim edilmədiyi üçün ##.##.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncu ərizəyə baxılması üçün "Sosial Xidmətlər Agentliyinə" göndərmiş, müxtəlif vaxtlarda agentlik tərəfindən zənglər ona olunsa da rəsmi cavab verilməmişdir. ##.##.2024-cü ildə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin müvafiq qərardadı ilə aidiyyətlə bağlı iş Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. ##.##.2024-cü il tarixdə ünvan 1 ünvanında rəsmi qeydiyyata alınmışdır. Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-l(120)- 5129/2024 №li sərəncamı ilə məhkəmə iclası ##.##.2025-ci tarixə təyin edilmişdir. Məktub ##.##.2025-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Nizami RİH-nin ##.##.2025-cil tarixli məktubu poçt vasitəsilə ##.##.2025-ci ildə çatdırılmış, 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olmaqla mənzil növbəsinə dayanmaq hüququnun olması ilə əlaqələndirib imtina vermişdir. ##.##.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nizami RİH-nin imtinası ilə bağlı iddia ərizəsi vermişdir və məhkəmə iclası ##.##.2025-ci ilə təyin edilmişdir. ##.##.2025-ci il tarixdə Şirvan İnzibati Məhkməsində iclas keçirildi, ##.##.2025-ci il tarixə, sonra ##.##.2025-ci ilə təyin edildi. Məhkəmənin qərardadı ilə inzibati işə ərizə geri götürülməklə xitam verilmişdir. 07.04.25 tarixində Salyan Rayon İcra Hakimiyyətinə gedərək, hər hansı bir sərəncam olub-olmaması, olduğu halda verilməsi xahiş edilmişdir. Sərəncama əsasən ***-s saylı ##.##.2011-ci ildən 1-ci növbədə mənzil almaq hüququ olanların siyahısında mənzil növbəsinə qəbul edilmişdir. ##.##.2025-ci il tarixdə cavabdehə yeni məktub göndərərək, yeni məzmunlu konkret tələb irəli sürsə də ##.##.2025-ci il tarixli yeni cavab göndərmişdir. Həmin cavabla bağlı iddia ərizəsini inzibati məhkəməyə poçtla ##.##.2025-ci il tarixdə göndərmişdir. Cavabdeh Nizami RİH araşdırma aparmadan və onu çağırıb dindirmədən rəhbər tərəfindən imzalanmamış cavab məktubu göndərməklə qanunsuzluq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eynu məzmunda əsaslandırmışdır. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir: ... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. .... Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. ... Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respiublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə həll edilməli olan əsas məsələ iddiaçının Salyan Rayon İcra Hakimiyyətində 2011-ci ildən mövcud olan mənzil növbəsinin, yaşayış yerini Bakı şəhərinə dəyişməsi ilə əlaqədar olaraq, fasiləsiz şəkildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində davam etdirilməsini tələb etmək hüququnun mövcud olub-olmamasından ibarətdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Salyan Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2011-ci il tarixli, ***-s nömrəli sərəncamı ilə şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində birinci növbədə mənzil uçotuna götürülmüşdür. Həmin inzibati akt qüvvədədir və onun ləğv edilməsi və ya dəyişdirilməsi barədə hər hansı sonrakı inzibati akt qəbul edilməmişdir. Eyni zamanda müəyyən olunur ki, iddiaçı ## ####### 2024-cü il tarixədək Salyan rayonunda qeydiyyatda olmuş, həmin tarixdən yaşayış yerini dəyişərək Bakı şəhəri, Nizami rayonu ərazisində daimi qeydiyyata alınmışdır. İddiaçının cavabdeh inzibati orqan qarşısında irəli sürdüyü tələb isə Salyan Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin əvvəlki tarix və növbəlilik saxlanılmaqla Nizami Rayon İcra Hakimiyyətində davam etdirilməsindən ibarətdir. Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma, bir qayda olaraq, vətəndaşın yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 55.1.3-cü maddəsində isə vətəndaş digər inzibati ərazi vahidinin tərkibindəki yaşayış məntəqəsinə daimi yaşamağa çıxdıqda onun əvvəlki yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması nəzərdə tutulur. Bu normaların sistemli təhlili göstərir ki, mənzil uçotu konkret inzibati ərazi vahidi və həmin ərazi üzrə səlahiyyətli yerli icra hakimiyyəti orqanı ilə hüquqi bağlılıq yaradır. Qanunvericilik yaşayış yerinin dəyişdirilməsi halında əvvəlki inzibati ərazi vahidi üzrə formalaşmış mənzil növbəsinin avtomatik olaraq digər inzibati ərazi vahidinə keçirilməsini və ya əvvəlki növbə tarixinin yeni uçotda saxlanılmasını nəzərdə tutmur. Başqa sözlə, yaşayış yerinin dəyişdirilməsi ilə əvvəlki uçotun yeni inzibati ərazi vahidində hüquqi varislik qaydasında davam etməsi barədə norma mövcud deyildir. Şəhid ailələrinin mənzil təminatı ilə bağlı xüsusi statusa malik olması bu nəticəni dəyişmir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 4-cü maddəsi və Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2.16-cı bəndi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələrinin yaşayış sahəsi ilə birinci növbədə təmin olunmasını təsbit edir. Lakin həmin normalar mənzil növbəsinin bir yerli icra hakimiyyəti orqanından digərinə əvvəlki tarix və növbəlilik saxlanılmaqla keçirilməsi barədə ayrıca hüquq müəyyən etmir. Beləliklə, iddiaçının şəhid ailəsi statusu ona mənzil təminatında üstün növbəlilik verir, lakin bu status özlüyündə yaşayış yerini dəyişdirdikdə əvvəlki inzibati ərazi üzrə yaranmış mənzil növbəsinin digər inzibati ərazi üzrə fasiləsiz davam etdirilməsini tələb etmək hüququ yaratmır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçı hazırda qüvvədə olan ## ####### 2011-ci il tarixli inzibati akt əsasında Salyan Rayon İcra Hakimiyyətində mənzil növbəsində saxlanılır. Eyni zamanda həmin növbənin Nizami Rayon İcra Hakimiyyətində də əvvəlki tarixdən davam etdirilməsi faktiki olaraq eyni hüquqi əsas üzrə iki ayrı yerli icra hakimiyyəti orqanında paralel mənzil uçotunun yaranmasına gətirib çıxara bilərdi. Mənzil növbəsi institutu isə öz mahiyyətinə görə məhdud dövlət mənzil fondunun qanunla müəyyən edilmiş meyarlar və növbəlilik əsasında bölüşdürülməsinə xidmət edir. Buna görə də növbədə olan şəxslərin hüquqi vəziyyətinə təsir edən üstünlüklər yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulduğu halda tətbiq oluna bilər. Qanunda nəzərdə tutulmayan qaydada bir şəxsin əvvəlki növbə tarixinin digər inzibati ərazi vahidində saxlanılması həmin ərazi üzrə daha əvvəl uçota alınmış digər şəxslərin növbəlilik mövqeyinə təsir göstərə və bərabərlik prinsipini poza bilər. Bu baxımdan cavabdehin imtinasının hüquqi qiymətləndirilməsi yalnız Bakı şəhərində yeddi il fasiləsiz qeydiyyatda olma tələbi ilə məhdudlaşdırılmamalıdır. Hazırkı mübahisədə həlledici məsələ ondan ibarətdir ki, qanunvericilik Salyan Rayon İcra Hakimiyyətində yaranmış mənzil növbəsinin Nizami Rayon İcra Hakimiyyətinə həmin növbənin başlanğıc tarixi saxlanılmaqla keçirilməsini nəzərdə tutmur. Buna görə də cavabdehin tələb olunan məzmunda inzibati akt qəbul etmək üçün hüquqi səlahiyyəti və normativ əsası mövcud deyildir. İddiaçının uzun müddətdir faktiki olaraq Bakı şəhərində yaşaması barədə dəlilləri də bu nəticəni dəyişmir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçot inzibati-hüquqi institut olmaqla, onun yaranması və davam etməsi faktiki yaşayışdan deyil, qanunla müəyyən edilmiş qaydada uçota alınmadan və həmin uçotu aparan səlahiyyətli orqanın qərarından asılıdır. Faktiki yaşayışın mövcudluğu qanunvericilikdə nəzərdə tutulmayan növbə köçürülməsi mexanizmini yaratmır. Kollegiya, həmçinin qeyd edir ki, iddiaçının Salyan Rayon İcra Hakimiyyətində mənzil növbəsində saxlanılması onun şəhid ailəsi kimi mənzil təminatına olan hüququnun ümumiyyətlə aradan qalxması anlamına gəlmir. Hazırkı işin predmeti həmin hüququn mövcudluğu deyil, onun başqa inzibati ərazi vahidində əvvəlki növbə tarixi saxlanılmaqla davam etdirilməsi tələbinin hüquqi əsasının olub-olmamasıdır. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar və tətbiq edilməli hüquq normaları məcmu şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçının Salyan Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin fasiləsiz olaraq Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində davam etdirilməsi barədə sərəncamın qəbul edilməsini tələb etmək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən cavabdehin tələb olunan məzmunda inzibati akt qəbul etməkdən imtinası qanunazidd hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-95/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-95/2026
10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver