Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-969/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin fərdi şəxsi hesabına əlavə edilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2007-ci ildən ##.##.2007-ci ilədək "xxxx" MMC-də, ##.##.2007-ci ildən ##.##.2008-ci ilədək "xxxx" MMC-də, ##.##.2009-cu il tarixdən ##.##.2010-cu ilədək "xxxx" MMC-də və ##.##.2010-cu ildən ##.##.2011-ci ilədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin fərdi şəxsi hesabına əlavə edilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmək kitabçasında əmək fəaliyyətinə dair dövrlərə aid müvafiq qeyd, möhürlər olsa da, Dövlət Sosial Müdafiə Fondunun elektron sistemində bu staj dövrləri görünmür və bu da ümumi əmək stajının hesablanmasında qeyri-dəqiqlik (stajında azalma) yaranmasına gətirib çıxarır. Bu stajının azalması əsas cari iş yerində problemlər yaradır, çünki məzuniyyət günləri azalıb və bu da onun hüquqlarını məhdudlaşdırıb. Belə ki, ##.##.2025-ci il tarixində əmək kitabçasında mövcud olan əmək stajına dair bəzi dövrlərin Dövlət Sosial Müdafiə Fondunun elektron sistemində əks olunmamasının səbəbi və sözügedən dövrlərin sistemə əlavə edilməsinə köməklik göstərilməsi barədə aidiyyəti üzrə cavadehə ərizə ilə, eyni zamanda şifahi olaraq müraciət etmişdir. Şifahi olaraq araşdırma aparılıb tədbir görüləcəyi bildirilmişdir. Lakin yazılı olaraq bugünədək ərizəsinə rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 39-cu maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Lakin cavabdehə müraciətindən artıq 3 aya yaxın müddət keçsə də, müraciəti cavablandırılmamışdır. Sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “Işsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən də işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə həmin illərin sığorta stajına daxil edilməsi etimad hüququ ilə də əlaqələndirilməlidir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEIS) “Sığorta” (Hesabat) altsistemində 2009 və 2010-cu illər üçün 0111 fəaliyyət növünün kodu üzrə (Işəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə iddiaçıya dair məlumatlar aşkar edilməmişdir. “xxxx” MMC tərəfindən Nazirliyin MEIS-in “Sığorta” (Hesabat) altsistemində 2007 və 2008-ci illər üçün 0102 fəaliyyət növünün kodu üzrə (Işəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə iddiaçıya dair məlumatlar aşkar edilməmişdir. “xxxx” MMC tərəfindən Nazirliyin MEIS-in in “Sığorta” (Hesabat) altsistemində 2007-ci il üçün təqdim edilən məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçının məlumatlarının qeyd olunmadığı müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən Nazirliyin MEIS-in in “Sığorta” (Hesabat) altsistemində 2010 və 2011-ci illərə dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Bunlarla bağlı sözügedən müəssisələrə sorğu göndərilməsinə baxmayaraq müvafiq sənədlər və məlumatlar Mərkəzi Filiala təqdim olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Beləliklə, yuxarıda göstərilən əsaslara uyğun olaraq, iddiaçının iddia tələbi əsassızdır. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia rədd edilmişdir. Iddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi formal yanaşma tətbiq edərək sosial sığorta haqlarının ödənilməməsini iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi qəbul etmiş, lakin işçinin həmin ödənişlərə nəzarət imkanının olmamasını və dövlətin nəzarət funksiyasını nəzərə almamışdır. Məhkəmə iclas(lar)ında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, əmək kitabçasında qeyd olunan 4 il stajının fərdi şəxsi hesabına əlavə edilməsini xahiş edir. Bu cür hallarda məsuliyyət işçi yox, işəgötürən daşımalıdır. O, hazırda sadəcə işlədiyi illərin hesaba alınmasını xahiş edir. Bu vəzifə olaraq onun yox, işəgötürənin vəzifəsidir və dövlət də buna nəzarət etməlidir, yəni heç bir halda bu məsələnin zərərçəkəni işçi olmalı deyildir. Nəticədə əmək kitabçasının legitimliyinə şübhə yaranır. Hazırda işlədiyi yerdə struktur dəyişikliyi gözlənilir, bəzi işçilər işdən çıxarılaraq yenidən işlə təmin olunacaqlar. Bu məsələlər əsasında əmək kitabçasındakı qeydlərin düzgünlüyünə şübhələr formalaşa bilər. Belə ki, hazırda sistemdə əmək stajının 10 il görünməsinə baxmayaraq, 14 il iş stajı var. ... Məsələ təkcə xəstəliyi səbəbi ilə ödənilən ödənişlərin məbləğində deyil, eyni zamanda əmək kitabçamda olan məlumatlarının həqiqiliyinə şübhə yaranır. Bununla yanaşı əmək məzuniyyətinə çıxarkən staja görə əlavə günlər işəgötürən tərəfindən cavabdeh tərəfindən qəbul edilən əmək stajı nəzərə alınaraq verilir. Hansı ki, bu da reallığı əks etdirmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbimin təmin edilməsini xahiş edirəm. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi nümayəndə2 Bəhrəm qızı izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi şirkətlər tərəfindən həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənəd aşkar edilməmişdir. Belə ki, "xxxx" MMC tərəfindən həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiqləyən sənəddə iddiaçının adı aşkar olunmadı, digər şirkətlər tərəfindən isə ümumiyyətlə həmin dövr üzrə ödənişlərin edilməsini təsdiqləyən Forma B1 və Forma B3 sənədləri təqdim edilməmişdir. Inzibati orqan tərəfindən həmin iş yerlərinə müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı sorğular verilmişdir. Lakin şirkətlər tərəfindən heç bir sübut göndərilməmiş və hətta "xxxx" MMC isə 2010-2011-ci illərdə fəaliyyət göstərmədiyini və işçilərinə əmək haqqı ödənilmədiyini bildirmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot” haqqında Qanuna əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı məlumatların vaxtında və dürüst müvafiq mərkəzləşdirilmiş orqana təqdim edilməsi sığorta edənin vəzifəsidir. Hazırda isə şəxsin iddia etdiyi illərin 2006-cı ildən sonrakı illərə aid olmasına baxmayaraq sistemdə onun əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulmasını təsdiqləyən sənəd aşkar olunmamışdır. Hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 məhkəməyə bildirdi ki, iddianın mümkünlüyü məsələsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı əmək məzuniyyətinə əlavə günlər verilməsi məsələsində haqlıdır. Həmin vaxt şəxsin sığorta stajı nəzərə alınır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə mübahisənin predmetinin hüquqi mahiyyəti müəyyən edilməlidir. Iddiaçı dəqiqləşdirilmiş iddia tələbində ##.##.2007-ci ildən ##.##.2007-ci ilədək “xxxx” MMC-də, ##.##.2007-ci ildən ##.##.2008-ci ilədək “xxxx” MMC-də, ##.##.2009-cu ildən ##.##.2010-cu ilədək “xxxx” MMC-də və ##.##.2010-cu ildən ##.##.2011-ci ilədək “xxxx” MMC-də əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin fərdi şəxsi hesabına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Belə tələb inzibati aktın qəbul edilməsinə deyil, cavabdeh inzibati orqanın dövlət sosial sığorta sistemində aparılan fərdi uçotda müəyyən faktiki hərəkəti həyata keçirməsinə yönəldiyindən, Inzibati Prosessual Məcəllənin 2.2.3 və 34.1-ci maddələri mənasında öhdəliyin icrası haqqında iddianın predmetini təşkil edir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun məqsəd və məzmunundan görünür ki, fərdi şəxsi hesab sadəcə şəxsin hansı müəssisədə işlədiyini göstərən məlumat bazası deyildir. Fərdi şəxsi hesaba, digər məlumatlarla yanaşı, əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, hər ay üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği, habelə sığortaedən tərəfindən konkret sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği daxil edilir. Qanun bu məlumat kateqoriyalarını bir-birindən fərqləndirməklə onların fərdi şəxsi hesabda ayrıca uçotunu nəzərdə tutur. Həmin Qanunun 5.3-cü maddəsi fərdi şəxsi hesabda olan məlumatların sığortaçı tərəfindən müntəzəm olaraq dəqiqləşdirilməsini, 8.1.3-cü maddəsi isə sığortaolunanın fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadığı halda onların dəqiqləşdirilməsini tələb etmək hüququnu təsbit edir. Buna görə iddiaçının fərdi şəxsi hesabındakı məlumatların tamlığını və düzgünlüyünü tələb etmək hüququ mövcuddur və onun belə məlumatların dəqiqləşdirilməsində hüquqi marağı mübahisə doğurmur. Lakin fərdi şəxsi hesabdakı məlumatların dəqiqləşdirilməsini tələb etmək hüququ ilə iddiaçının göstərdiyi hər bir əmək fəaliyyəti dövrünün yalnız əmək kitabçasındakı qeyd əsasında sosial sığorta stajı kimi fərdi hesaba daxil edilməsini tələb etmək hüququ eyni məzmuna malik deyildir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 4.4-cü maddəsi elektron uçot sisteminin mövcudluğunun sosial sığorta stajına, əməkhaqqına və hesablanmış sosial sığorta haqlarına dair məlumatların yazılı sənədlər əsasında təqdim edilməsini istisna etmədiyini nəzərdə tutur. Buna görə ##.##.2006-cı ildən sonrakı dövrə aid olması səbəbindən əmək kitabçasının sübut kimi ümumiyyətlə hüquqi əhəmiyyət daşımaması barədə nəticə çıxarıla bilməz. Eyni zamanda, əmək kitabçasının sübutetmə imkanları onun məzmunu ilə müəyyən olunur. Şəxsin müəyyən tarixlərdə müəyyən müəssisədə əmək fəaliyyəti ilə məşğul olması barədə əmək kitabçasındakı qeyd əmək münasibətinin mövcudluğuna dair sübut kimi qiymətləndirilə bilər. Lakin həmin sənəd konkret ay üzrə iddiaçıya hansı məbləğdə əməkhaqqı hesablandığını, həmin əməkhaqqından nə qədər məcburi dövlət sosial sığorta haqqının hesablandığını, həmin məbləğin sığortaçıya ödənilibödənilmədiyini və ödənilmiş məbləğin konkret sığortaolunana aid edilməsini özündə əks etdirmirsə, əmək kitabçasının mötəbərliyi bu sənəddə olmayan həmin faktların da avtomatik olaraq sübuta yetirilməsi nəticəsini doğurmur. Bu baxımdan apellyasiya şikayətində “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsindəki mötəbərlik prezumpsiyasına istinad edilməsi də başqa nəticəyə gəlməyə əsas vermir. Həmin prezumpsiyanın mahiyyəti təqdim edilən sənədin həqiqiliyinə dair əsassız əlavə sübut tələb edilməsinin qarşısını almaqdır, o, sənədin sübut etdiyi faktların dairəsini onun faktiki məzmunundan kənara çıxarmır. “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi sənədin həqiqətə uyğun olmadığı sübut edilmədikdə onun mötəbərliyini nəzərdə tutur, 19.2-ci maddə isə əsaslı şübhə olduqda inzibati orqanın bunu öz hesabına araşdırmasını tələb edir. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində sosial sığorta stajı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə iş və ya digər fəaliyyət dövrlərinin məcmusu kimi müəyyən edilmiş, həmin Qanunun 21.1-ci maddəsində də əmək müqaviləsi əsasında işlənilən müddətin sosial sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsi ilə əlaqələndirilmişdir. Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 4.1.2 və 4.1.3-cü bəndləri də əmək pensiyasının təyin edilməsi zamanı ##.##.2006-cı ildən sonrakı dövr üzrə sosial sığorta stajının fərdi uçot məlumatlarına əsasən müəyyən edilməsini və işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilmiş iş müddətinin həmin məlumatlarda əks olunmasını nəzərdə tutur. Bununla belə, hazırkı mübahisənin birbaşa predmeti əmək pensiyasının təyin edilməsi olmadığından, həmin Qayda fərdi şəxsi hesabın dəqiqləşdirilməsinin xüsusi hüquqi rejimini müəyyən edən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunla birlikdə və ona uyğun şəkildə tətbiq edilməlidir. Beləliklə, hazırkı işdə əmək münasibətinin mövcudluğu ilə həmin əmək münasibəti dövrünün sosial sığorta stajı və digər fərdiləşdirilmiş sığorta məlumatları kimi şəxsi hesabda qeydə alınmasının əsasları bir-birindən fərqləndirilməlidir. Əmək münasibətinin mövcudluğu ikinci hüquqi nəticənin yaranması üçün əhəmiyyətli ilkin hal olsa da, özlüyündə kifayət etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətində işin hallarının xidməti vəzifəyə görə tam araşdırılmadığı barədə dəlilə də münasibət bildirərək qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyətli faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı və zəruri sübutları toplamalıdır. Məcəllənin 58.2 və 58.6-cı maddələri də məhkəməyə zəruri sənədləri tələb etmək, inzibati orqanın həyata keçirdiyi sübutetməni təzələmək və ya tamamlamaq imkanı verir. Eyni yanaşma inzibati icraat mərhələsində cavabdehin üzərinə düşür. “Inzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələrinə əsasən inzibati orqan işin düzgün həlli üçün əhəmiyyətli bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, maraqlı şəxsin xeyrinə olan halları da nəzərə almalı və yalnız onun təqdim etdiyi sübutlarla məhdudlaşmamalıdır. Iş materiallarından göründüyü kimi, hazırkı mübahisədə araşdırma yalnız iddiaçının fərdi şəxsi hesabında müvafiq məlumatların aşkar edilməməsinin müəyyənləşdirilməsi ilə məhdudlaşmamışdır. Iddiaçının müraciəti əsasında bütün dörd sığortaedənə müvafiq sorğular göndərilmiş, çatışmayan fərdiləşdirilmiş məlumatların bərpası məqsədilə əməkhaqqı cədvəllərinin, sosial sığorta hesabatlarının, əmək kitabçasının, bank vasitəsilə əməkhaqqı ödənişlərini təsdiq edən sənədlərin və digər sübutedici materialların təqdim olunması tələb edilmişdir. Bununla yanaşı, elektron informasiya ehtiyatları yoxlanılmış, “xxxx” MMC üzrə Fondun arxivində saxlanılan iş qovluğu əldə edilmiş, həmçinin müəssisələrin dövlət qeydiyyatı vəziyyəti barədə Dövlət Vergi Xidmətindən məlumat alınmışdır. Sığortaedənlərə edilmiş müraciətlərə baxmayaraq, fərdi şəxsi hesabın mübahisəli hissələrinin dəqiqləşdirilməsi üçün tələb olunan əlavə sübutedici sənədlər təqdim edilməmişdir. “xxxx” MMC üzrə iddiaçının əmək kitabçasında ##.##.2007-##.##.2007-ci illərdə həmin müəssisədə işləməsinə dair qeyd mövcud olsa da, MEIS-in “Sığorta” altsistemində “xxxx” MMC tərəfindən 2007-ci ilin yanvar-may ayları üzrə təqdim edilmiş sığortaolunanlar haqqında hesabatda iddiaçının məlumatları qeydə alınmamışdır. “xxxx” MMC-nin həmin dövr üzrə digər sığortaolunanları əhatə edən hesabatının mövcudluğu da iş materialları ilə təsdiq olunur. Belə olan halda müəssisə üzrə ümumi hesabat və ödəniş məlumatının mövcudluğu özlüyündə həmin məbləğlərin iddiaçıya aid edilməsinə imkan vermir. Iddiaçının həmin hesabatda olmamasını aradan qaldıra biləcək dürüstləşdirilmiş fərdi məlumatlar, əməkhaqqı cədvəlləri, bank sənədləri və ya başqa ilkin uçot sənədləri isə təqdim edilməmişdir. “xxxx” MMC üzrə fərqli faktiki vəziyyət mövcuddur. MEIS-də 2007 və 2008-ci illər üzrə Forma B1 hesabatlarına uyğun fərdiləşdirilmiş Forma B3 məlumatlarının təqdim edilmədiyi müəyyən edilmişdir. Bu hal yalnız özlüyündə müəssisə tərəfindən həmin illərdə heç bir sosial sığorta ödənişi edilmədiyini qəti şəkildə təsdiqləyən fakt kimi qiymətləndirilə bilməz. Lakin fərdi uçot baxımından əsas məsələ ümumi ödənişin mövcudluğu deyil, konkret sığortaolunan üzrə hansı ayda hansı gəlirin və sosial sığorta haqqının hesablanması və ödənilməsinin müəyyən edilə bilməsidir. Məhz bu səbəbdən cavabdeh “xxxx” MMC-yə müraciət edərək 2007 və 2008-ci illər üzrə hər bir sığortaolunanın aylıq sosial sığortaya cəlb olunan gəliri göstərilməklə əməkhaqqı cədvəlini, əmək kitabçasını, bank vasitəsilə əməkhaqqının verilməsini təsdiq edən çıxarışları və digər sübutedici sənədləri təqdim etməsini tələb etmişdir. Bu sənədlərin təqdim edilməsi 2006-2016-cı illər üzrə fərdi uçot məlumatlarının bərpası üçün tətbiq edilən düzəliş mexanizmi çərçivəsində nəzərdə tutulmuşdur. Buna baxmayaraq, tələb olunan materiallar təqdim edilməmişdir. Buna görə “xxxx” MMC üzrə iddianın təmin edilməməsinin səbəbi sadəcə elektron sistemdə B3 məlumatının olmaması deyil, həmin çatışmazlığı aradan qaldıraraq konkret sığortaolunan üzrə fərdiləşdirilmiş məlumatların dürüst şəkildə formalaşdırılmasına imkan verəcək ilkin sənədlərin də əldə edilməməsidir. “xxxx” MMC üzrə iş materialları xüsusilə əhəmiyyətlidir. Iddiaçı ilkin müraciətində 2008–2010-cu illəri də göstərmiş, lakin araşdırma nəticəsində 2008-ci ilin may–dekabr ayları üzrə iddiaçıya dair fərdiləşdirilmiş məlumatların artıq onun şəxsi hesabında olduğu müəyyən edilmişdir. Cavabdehin məktubunda da 2008-ci il üzrə məlumatların fərdi şəxsi hesabda əks olunduğu bildirilmişdir. Fərdi şəxsi hesabdan çıxarışdan görünür ki, “xxxx” MMC üzrə 2008-ci ilin maydekabr aylarında iddiaçıya hər ay 150 manat gəlir hesablanmış, həmin dövr üçün ümumilikdə 1200 manat gəlir və 300 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış, 30 manat isə ödənilmiş məbləğ kimi fərdi hesabda əks olunmuşdur. Bu hal hazırkı mübahisə baxımından onu göstərir ki, sığortaedənə və konkret sığortaolunana aid edilə bilən fərdiləşdirilmiş məlumatlar mövcud olduqda həmin məlumatlar sistemdə qeydə alınmışdır. Iddiaçının dəqiqləşdirilmiş tələbinin “xxxx” MMC üzrə ##.##.2009-cu ildən başlaması da bununla uzlaşır. Lakin 2009 və 2010-cu illər üzrə Forma B1 hesabatlarına uyğun fərdiləşdirilmiş Forma B3 məlumatlarının təqdim olunmadığı, həmin illər üzrə iddiaçıya aid məlumatların sistemdə aşkar edilmədiyi və çatışmazlığı aradan qaldıracaq əlavə ilkin sənədlərin təqdim olunmadığı müəyyən edilmişdir. 2008-ci ildə mövcud olan fərdiləşdirilmiş məlumatları heç bir ayrıca sübut olmadan sonrakı 2009 və 2010-cu illərə şamil etmək isə mümkün deyildir. “xxxx” MMC üzrə sübutların məzmunu daha fərqlidir. Nazirliyin elektron informasiya ehtiyatlarında həmin müəssisənin 2010 və 2011-ci illər üzrə məcburi dövlət sosial sığortasına dair hesabat və ödəniş məlumatları aşkar edilməmiş, bununla əlaqədar Fondun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialından müəssisənin iş qovluğu əldə edilmişdir. Iş qovluğundakı rəsmi məlumatlara görə “xxxx” MMC 2010 və 2011-ci illərdə fəaliyyət göstərmədiyini və işçilərə əməkhaqqı hesablamadığını müvafiq sosial sığorta orqanına rəsmi qaydada bildirmişdir. Dövlət Vergi Xidmətinin məlumatında “xxxx” MMC-nin ##.##.2008-ci ildə dövlət qeydiyyatına alındığı və onun ləğvinə dair məlumatın olmadığı göstərilmişdir. Lakin hüquqi şəxsin dövlət reyestrində mövcud olması ilə onun konkret dövrdə faktiki təsərrüfat fəaliyyəti həyata keçirməsi, işçilərə əməkhaqqı hesablaması və sosial sığorta ödənişləri aparması eyni faktlar deyildir. Buna görə müəssisənin hüquqi şəxs kimi qeydiyyatda olması onun 2010-2011-ci illərdə əməkhaqqı və sosial sığorta əməliyyatları həyata keçirdiyini təsdiq etmir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının əmək kitabçasındakı ##.##.2010- ##.##.2011-ci illərdə “xxxx” MMC-də işləməsi barədə qeydlə müəssisənin arxiv məlumatlarındakı həmin illərdə fəaliyyətin və əməkhaqqı hesablanmasının olmaması barədə məlumat arasında müəyyən faktiki uyğunsuzluq yaranır. Lakin hazırkı iddianın həlli üçün əmək kitabçasındakı həmin qeydin etibarsızlığı barədə qəti nəticəyə gəlməyə ehtiyac yoxdur. Hətta iddiaçının həmin dövrdə “xxxx” MMC ilə əmək münasibətlərinin mövcudluğu onun xeyrinə qəbul edilsə belə, bu fakt özlüyündə həmin müddət üzrə iddiaçıya əməkhaqqı və sosial sığorta haqqı hesablanmasını, məcburi dövlət sosial sığorta haqqının ödənilməsini və həmin ödənişin onun fərdi hesabına aid edilməsini təsdiq etmir. Əksinə, mövcud rəsmi arxiv materialları bu faktları təsdiqləyən məlumatın olmadığını göstərir. Apellyasiya şikayətinin işçinin işəgötürənin qanuni öhdəliklərini yerinə yetirməməsinin mənfi nəticələrinə məruz qalmamalı olması barədə dəlili prinsip etibarilə diqqətəlayiqdir. Həqiqətən də sosial sığorta haqlarının hesablanması, ödənilməsi və sığortaolunanlar haqqında məlumatların vaxtında və düzgün təqdim edilməsi işçinin deyil, sığortaedənin qanuni vəzifəsidir. Mövcud qanunvericilik sığortaedənə təqdim edilmiş fərdi uçot məlumatlarında səhvləri dürüstləşdirilmiş məlumatlar təqdim etməklə düzəltmək imkanı verir, sığortaçının üzərinə isə təqdim edilən məlumatların fərdi şəxsi hesaba vaxtında və düzgün daxil edilməsini təmin etmək vəzifəsi qoyur. Lakin işəgötürənin öz qanuni vəzifəsini pozması ilə dövlət sosial sığorta sistemində konkret fərdi məlumatın sübutsuz şəkildə mövcud hesab edilməsi fərqli hüquqi məsələlərdir. Məhkəmə hazırkı işdə iddiaçını sığortaedənin hərəkət və ya hərəkətsizliyinə görə təqsirləndirmir və həmin hərəkətlərin məsuliyyətini iddiaçının üzərinə keçirmir. Müəyyən edilməli olan məsələ cavabdehin üzərinə məhz hazırda tələb olunan məzmunda fərdi uçot məlumatı yaratmaq və onu iddiaçının şəxsi hesabına daxil etmək üçün yetərli faktiki və hüquqi əsasların olub-olmamasıdır. Dövlətin sosial sığorta sahəsində nəzarət funksiyasının mövcudluğu da həmin nəticəni dəyişmir. Dövlət orqanının sığortaedənlərin qanuni vəzifələrinə əməl etməsinə nəzarət etməsi onun real olaraq baş verməsi təsdiqlənməyən sosial sığorta ödənişini baş vermiş hesab etməsi və ya konkret sığortaolunana aidiyyəti müəyyən edilə bilməyən məbləği həmin şəxsin fərdi hesabına aid etməsi barədə hüquqi prezumpsiya yaratmır. Əks yanaşma fərdi uçot sisteminin əsas mahiyyəti olan məlumatların konkret şəxsə aid, dəqiq və yoxlanıla bilən olmasına zidd olardı. Eyni səbəbdən iddiaçının etimad hüququna istinadı da tələb olunan hüquqi nəticənin yaranması üçün kifayət etmir. Şəxsin əmək kitabçasında rəsmiləşdirilmiş əmək münasibətinə etimadı həmin sənədin sübut etdiyi əmək fəaliyyəti faktının qiymətləndirilməsində nəzərə alınmalıdır. Lakin etimad prinsipi əmək kitabçasında mövcud olmayan əməkhaqqı, hesablanmış və ödənilmiş sosial sığorta haqqı barədə fərdiləşdirilmiş məlumatların hüquqi prezumpsiya yolu ilə yaradılması üçün əsas təşkil etmir. Iddiaçının Konstitusiyanın 38 və 71-ci maddələrinə istinadı da başqa nəticəyə gəlmək üçün əsas yaratmır. Sosial təminat hüququnun səmərəli müdafiəsi fərdi uçot məlumatlarının düzgün, tam və şəffaf aparılmasını tələb edir. Lakin həmin hüququn müdafiəsi yalnız şəxsin xeyrinə məlumatın əlavə edilməsini deyil, eyni zamanda dövlət uçotunda əks etdirilən məlumatın faktiki və hüquqi əsasa malik olmasını tələb edir. Buna görə fərdi hesaba daxil edilməsi üçün zəruri faktiki əsasları təsdiqlənməmiş məlumatın daxil edilməsindən imtina edilməsini özlüyündə sosial təminat hüququnun pozulması kimi qiymətləndirmək mümkün deyil. Kollegiya həmçinin nəzərə alır ki, iddianın hazırda rədd edilməsi iddiaçının gələcəkdə mübahisəli dövrlərə dair dürüstləşdirilmiş fərdi uçot məlumatları, əməkhaqqı sənədləri, bank ödənişləri, sosial sığorta hesabatları və ya digər mötəbər ilkin sənədlər aşkar edildiyi və ya sığortaedənlər tərəfindən təqdim edildiyi halda qanunvericilikdə nəzərdə tutulan qaydada fərdi şəxsi hesabındakı məlumatların yenidən dəqiqləşdirilməsini tələb etmək hüququnu aradan qaldırmır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun sığortaolunana belə dəqiqləşdirməni tələb etmək, sığortaedənə isə əvvəl təqdim edilmiş məlumatlardakı səhvləri dürüstləşdirilmiş məlumatlarla aradan qaldırmaq imkanı verir. Beləliklə, apellyasiya şikayətinin əsasını təşkil edən “əmək kitabçasındakı qeyd mötəbərdirsə, həmin dövr fərdi şəxsi hesaba daxil edilməlidir” arqumenti əmək münasibətinin mövcudluğu ilə sosial sığorta sistemində fərdiləşdirilmiş uçot üçün zəruri olan faktların eyniləşdirilməsinə əsaslanır. Əmək kitabçası mübahisəli dövrlərdə əmək münasibətinə dair əhəmiyyətli sübut olmaqla yanaşı, konkret aylar üzrə əməkhaqqının, hesablanmış və ödənilmiş sosial sığorta haqqının və onun iddiaçıya aidiyyətinin müəyyən edilməsini özlüyündə təmin etmir. Iş üzrə aparılmış araşdırma nəticəsində isə mübahisəli dövrlər üzrə həmin boşluğu aradan qaldıracaq kifayət qədər fərdiləşdirilmiş məlumat və ilkin sənəd əldə edilməmişdir. Əksinə, “xxxx” MMC üzrə mövcud hesabatda iddiaçının adı göstərilməmiş, “xxxx” MMC və “xxxx” MMC üzrə mübahisəli illərin fərdiləşdirilmiş B3 məlumatları təqdim edilməmiş, “xxxx” MMC üzrə isə həm elektron hesabat və ödəniş məlumatları mövcud olmamış, həm də arxiv sənədlərində 2010-2011-ci illərdə fəaliyyət və əməkhaqqı hesablanmasının olmadığı göstərilmişdir. Bunun müqabilində “xxxx” MMC üzrə iddiaçıya aid fərdiləşdirilmiş məlumatların mövcud olduğu 2008-ci ilin may-dekabr aylarına dair məlumatların onun şəxsi hesabında faktiki olaraq əks olunması da təsdiq edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-969/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-969/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver