Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-974/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşıllıqların götürülməsinə dair rəy verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissənin dislokasiya olunduğu hərbi şəhərciyin yaxınlığında magistral yolun kənarında şəhərdaxili müntəzəm marşrutlardan istifadə etmək üçün avtobus dayanacağının quraşdırılması üçün yolun bir tərəfində səkinin yaradılması üçün 1,2 metr enində və 10 metr uzunluğunda əkilmiş yaşıl (3-4 sm hündürlüyündə olan həmişə yaşıl ot örtüyünün) otlardan ibarət zolağının götürülməsinə dair rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Ekoloji Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, çünki iddianın mahiyyəti düzgün qiymətləndirilməmiş, inzibati hərəkətsizlik faktı nəzərə alınmamış, icraatın məcburi mərhələsi məhkəmə nəzarətindən kənarda saxlanılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən iddianın mümkünsüzlüyünə dair qərardad qəbul edilmişdir. Bu qərardad qanunsuz və əsassızdır, çünki məhkəmə iddianın mahiyyətinə toxunmadan, prosessual hüququ düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iddianı guya inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə kimi qiymətləndirmişdir. Halbuki iddia rəyin məzmununun məhkəmə tərəfindən müəyyən edilməsi deyil, müraciətə qanunauyğun və əsaslandırılmış qərar verilməsi öhdəliyinin icrasına yönəlmişdir. Bu isə İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddiadır və inzibati məhkəmənin baxış predmetinə daxildir. Rəy inzibati icraatın ayrılmaz mərhələsidir və hüquqi nəticənin tərkib hissəsidir. Məhkəmə qeyd etmişdir ki, rəy müstəqil hüquqi nəticə doğurmur və bu səbəbdən mübahisənin müstəqil predmetini təşkil etmir. Lakin nəzərə alınmalıdır ki, yaşıllığın götürülməsi barədə qərarın qəbul edilməsi üçün ekoloji rəy məcburi mərhələdir, rəy olmadan yerli icra hakimiyyəti və ya bələdiyyə qərar qəbul edə bilməz, bu səbəbdən rəy inzibati icraatın zəruri və ayrılmaz tərkib hissəsidir. İnzibati icraatın məcburi mərhələsinin həyata keçirilməməsi şəxsin hüquqlarının reallaşmasına birbaşa maneə yaradır. Əgər inzibati icraatın zəruri mərhələsi məhkəmə nəzarətindən kənarda saxlanılarsa, bu halda inzibati orqan həmin mərhələni həyata keçirməməklə faktiki olaraq son qərarın qəbulunu qeyri-müəyyən müddətə bloklamaq imkanı əldə etmiş olar.Belə yanaşma hüquqi dövlət prinsipinə ziddir. İnzibati hərəkətsizlik məhkəmə nəzarətindən kənarda qala bilməz. Cavabdeh inzibati orqan müraciətlərə vaxtında və mahiyyəti üzrə cavab verməmiş, formal xarakterli imtinalarla kifayətlənmiş, son müraciətə isə ümumiyyətlə cavab verməmişdir. Bu hal inzibati hərəkətsizlikdir. İnzibati hərəkətsizlik isə müstəqil şəkildə məhkəmə nəzarətinin predmetidir. Əks yanaşma inzibati orqanların məsuliyyətsiz davranışını legitimləşdirər və inzibati məhkəmə icraatının məqsədinə zidd olar. Məhkəmə İPM-nin 13-cü maddəsinin tələblərini pozmuşdur. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə iddia tələbinin düzgün müəyyən edilməsində və zərurət olduqda onun uyğun iddia növü ilə əvəz edilməsində tərəflərə yardım etməlidir. Birinci instansiya məhkəməsi isə iddianı mümkünsüz saymış, iddia tələbinin dəqiqləşdirilməsi və ya uyğunlaşdırılması üçün heç bir prosessual yardım göstərməmişdir. Bu isə açıq prosessual pozuntudur. Mübahisənin ictimai və sosial xarakteri nəzərə alınmamışdır. Hazırkı mübahisə fərdi və şəxsi xarakter daşımır. Yaşıllığın götürülməsi ilə bağlı müraciət iddiaçının şəxsi mənafeyi üçün deyil, yüzlərlə işçinin fəaliyyət göstərdiyi müəssisənin yerləşdiyi ərazidə ictimai nəqliyyat dayanacağının yaradılması məqsədi daşıyır. Sözügedən ərazi iddiaçının fərdi yaşayış sahəsinin yaxınlığında deyil, çoxsaylı ictimai nəqliyyat vasitələrinin hərəkət etdiyi magistral xətt üzərində yerləşir, intensiv insan axını olan ərazidir. Planlaşdırılan avtobus dayanacağı ictimai təhlükəsizliyin təmin edilməsinə, nəqliyyatın nizamlama ehtiyacına, vətəndaşların təhlükəsiz minib-düşməsinə xidmət edən sosial infrastruktur elementidir. Bundan əlavə, müəssisədə yüzlərlə işçi çalışır ki, onların əhəmiyyətli hissəsini müharibə veteranları təşkil edir. Bu şəxslərin təhlükəsiz və rahat nəqliyyat infrastrukturuna çıxışının təmin edilməsi sosial dövlət prinsipinin tələbləri ilə uzlaşır və ictimai maraq elementini daha da gücləndirir. Birinci instansiya məhkəməsi mübahisəni sırf formal prosedur müstəvisində qiymətləndirmiş, lakin onun ictimai maraq və sosial zərurət xarakterini nəzərə almamışdır. Qərardad Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə ziddir. İddianın mahiyyəti araşdırılmadan, inzibati icraatın məcburi mərhələsinin məhkəmə nəzarətindən kənarda saxlanılması effektiv məhkəmə müdafiəsi hüququnun pozulmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bakı şəhərinin müxtəlif ərazilərində intensiv nəqliyyat axını olan küçə və prospektlərdə, adətən, hər 500–600 metr məsafədə ictimai nəqliyyat dayanacaqları təşkil edilmiş və əhali bu infrastrukturdan gündəlik istifadə edir. Hazırkı mübahisə üzrə isə oxşar nəqliyyat intensivliyi və insan axını olan ərazidə sosial zərurətə baxmayaraq, inzibati icraatın məcburi mərhələsi həyata keçirilməmiş və məsələ formal əsaslarla bloklanmışdır. Oxşar hüquqi və faktiki vəziyyətdə olan digər ərazilərdə ictimai nəqliyyat dayanacaqlarının təşkili mümkün olduğu halda, hazırkı halda inzibati icraatın başlanmasına və ya davam etdirilməsinə imkan verilməməsi Konstitusiyanın bərabərlik prinsipinin tətbiqi baxımından suallar yaradır. İnzibati orqanlar oxşar hallarda eyni hüquqi yanaşmanı tətbiq etməli, fərqli münasibət isə obyektiv və əsaslandırılmış səbəblərlə izah olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»: 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: 2.5.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti; 2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; 2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; 2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması. 2.6. Ərizəçidən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır. 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. 2.8. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qaydanın 2.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir. 2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.10. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 3.1. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. 3.2. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin(kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. 3.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir. Yuxarıda sadalanan normalardan müəyyən olunur ki, yaşıllığın götürülməsi üçün fiziki və ya hüquqi şəxslər qanunla nəzərdə tutulan hallarda torpaq sahəsinin mülkiyyətçisindən asılı olaraq yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət edir. Qeyd edilən ərizə üzrə ərazi dövlət torpaqlarına münasibətdə yerli icra hakimiyyəti, bələdiyyə torpaqlarına münasibətdə bələdiyyələr ərizələri qeydə alır və yaşıllığın götürülməsi ilə bağlı rəy verilməsi üçün həmin qurumlar tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunur. Yalnız bundan sonra təqdim edilmiş rəyin nəticəsindən asılı olaraq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə yaşıllığın götürülməsi haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sadalanan prosessual hərəkətlər vahid bir icraatın - yaşılıığın götürülməsi ilə bağlı icraatın tərkibinə aiddir və yaşıllığın götürülməsi barədə rəy verilməsi də müvafiq ərazi üzrə səlahiyyətli icra hakmiyyəti orqanı və ya bələdiyyənin apardığı icraat daxilindədir. Bu halda qeyd edilən rəyin verilməsi üçün yalnız müvafiq yerli ica hakimiyyəti orqanı və ya bələdiyyə cavabdeh inzibati orqana müraciət etmək səlahiyyəti oluğu halda, iddiaçı birbaşa hazırkı cavabdehə yaşıllığın götürülməsi üçün rəyin verilməsi ilə bağlı müraciət etmiş və belə bir rəyin verilməsini müstəqil tələb olaraq hazırki cavabdehə qarşı iddia qaldırmaqla tələb etmişdir. Halbuki belə rəyin verilməsi hazırki cavabdehin səlahiyyətinə aid olmaqla birbaşa hüquqi nəticəyə - yerli icra hakimiyyəti orqanı və ya bələdiyyəyə yaşıllığın götürülməsi barədə qərar qəbul etmək vəzifəsinin qoyulmasına gətirib çıxarmır. Odur ki, sözügedən əldə edilməsi tələb edilən rəy inzibati mübahisənin müstəqil predmeti təşkil etmir və bu halda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” * nömrəli, ## ##### 2015-ci il tarixli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-974/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-974/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver